Azərbaycanın kino sənəti özünəxas inkişaf yolu keçib
28 Dekabr 2022 13:02 Sosial"28 dekabr Beynəlxalq Kino Günüdür. 127 il bundan öncə Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı kiçik kafedə özlərinin çəkdiyi qısametrajlı filmlərin ödənişli nümayişini təşkil edib. Bu, bir ilk idi. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra (02.08.1898-ci ildə) Bakı Elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirib. Həmin gün Azərbaycan milli kinonsunun yaranma günü sayılır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sözklərinə görə, XX yüzilliyin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda öz bölmələrini açaraq film istehsalı ilə məşğul olub. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir bəy Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmi çəkilib: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar həyata keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk örnəklərinin paytaxt Bakıya gətirilməsinə, ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb (1923) və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Kinofabrikdə çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino", "Azərkino", "Azərfilm", "Azdövlətkinosənaye", "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyası XX yüzil Azərbaycan ədəbiyyatının ən görkəmli klassiklərindən biri Cəfər Cabbarlının adını daşıyır. Milli kinomuz ölkəmizin, xalqımızın həyatının müxtəlif əməli fəaliyyət sahələrinə aid filmlərlə seçilir. Son on illik dönəmdə dövlət büdcəsindən ayrılmış vəsait hesabına bir sıra tammetrajlı, qısametrajlı bədii, sənədli, habelə cizgi filmləri çəkilib. Özəl sektorun dəstəyi yaxud yaradıcı insanların könüllü iştirakı, öz imkanları ilə çəkilən filmlər də vardır. Sevindirici haldır ki, indi gənclərimiz dünyanın dör bir tərəfindəki nüfuzlu ali təsil ocaqlarında kino üzrə biliklərə yiyələnir, ölkəmizə yeni nəsil mütəxəssisləri kimi dönür. Ölkəmiz də öz növbəsində müxtəlif ölkələrdə keçirilən nüfuzlu film festivallarında iştirak edir. Bir sözlə, Azərbaycan kino sənəti ötən illər içində bir çox əlamətdar hadisə ilə zənginləşərək, özünəxas inkişaf yolu keçib və xalqımızın mədəni-mənəvi həyatında önəmli rol oynayıb. "Azərbaycanfilm"də indiyədək iki mindən çox (müxtəlif növ və janrda) film istehsal edilib. Onların bir bölümü Dövlət mükafatlarına, beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. 2018-ci ildə Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilib. Haqq dünyasında olan sənətçilərimizi, korifey kino xadimlərimizi 28 dekabr Beynəlxalq Kino Günündə bir daha rəhmətlə anırıq. Bu əlamətdar gün münasibəti ilə bütün kino işçilərimizi, bu sahə ilə bağlantısı olan hər kəsi təbrik edir, yeni sənət uğurları diləyirəm!"