İmic, yoxsa təhsil?- Jurnalistika üçün hansı daha vacibdir?
18 Noyabr 2022 10:35 SosialMedia sahəsində fikir ayrılıqları hər zaman mövcud olub. Bir çoxları jurnalist peşəsinə yiyələnməyin bu sahədə uğurlu olmağın əsas şərtlərindən olduğu qənaətindədir. Eyni zamanda bir çox peşəkarlar bunun əksini iddia edir.
Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli mövzu ilə bağlı fikirlərini Olaylar.az-la bölüşüb:
.png)
-Qulu müəllim, jurnalistikada imic, yoxsa təhsil daha önəmlidir?
-Jurnalistikada imic yoxsa təhsil önəmlidir sualında bir çox mətləblər var. Jurnalistika üçün təhsil önəmlidir. İxtisas təhsili olması daha yaxşı haldır. İstedad olmağı isə vacibdir. Jurnalistika insan ruhunun, əxlaqının vəziyyətidir. Həmin istedadın, bacarığın, təhsilin sayəsində imicin, təmiz adın qazanılması çox önəmlidir. Mən hesab edirəm ki, jurnalistika üçün əsas şeylər çeviklik, istedad və ortaya çıxan jurnalist imicidir. Jurnalistin obrazının tamamlanması üçün hər biri lazımlıdır. İcraçı, təşəbbüskar olmaq olar, lakin, jurnalistika ruhun diriliyini, əxlaqı, bacarığı, dürüstlüyü tələb edir. Belə ola halda jurnalistin müsbət imici yaranır. Əks halda təbii ki, ümumi axına daxil olur.
-Qeyri-ixtisas sahibləri reket jurnalistlərin çoxalmasına səbəb olurmu?
-Məsələni bu şəkildə qoymazdım. Reketlik bütün sahələrdə mövcuddur. Təhlükəsizlik, səhiyyə sistemində belə var. Həmin sahələrin adlarından istifadə edib, reketliklə məşğul olanlar var. Bu bir cinayət növüdür. Bir vaxtlar Mətbuat Şurası reket jurnalistikası anlayışını az qala gündəmə çevirmişdi. Biz buna etiraz edirdik ki, belə şey olmaz. Sonradan aydın oldu ki, reket jurnalistikası ilə məşğul olanlar jurnalistikaya vasitə kimi baxırlar. Mətbuatdan başqalarına təsir üçün istifadə edir, öz şəxsi maraqlarına görə böhtan atırlar. Şantaj edib, pul alırlar. Bütün bunlar cinayət əməli olduğu üçün problemlə jurnalist təşkilatları yox, hüquq-mühafizə orqanları məşğul olmalıdır və olurlar. Bir çoxlarını bu yoldan çəkindirmək üçün addımlar atırlar. Proses davam edir. Bu cür təzyiqlər mütləq olmalıdır. Reketlik edənlər arasında ixtisası jurnalist olanlar da, qeyri-ixtisas sahibləri də var. Yəni,bu, əxlaq, mənəviyyat məsələsidir. İxtisasa görə dəyişmir. Bizim leksikamızdan reket jurnalist anlayışı çıxmalıdır. Onlarla polis, təhlükəsizlik xidməti məşğul olur. Həmin şəxslər hər zaman ifşa edilməlidir.
-Ümumiyyətlə, vətəndaş jurnalistikasına münasibətiniz necədir?
-Mən istərdim ki, biz vətəndaş jurnalistikasından yox, vətəndaş mediasından danışaq. Çünki, internetin media profilləri, sosial şəbəkələr hər biri media vasitəsidir. Demək olmaz ki, onlar jurnalistika sahəsinə aiddir. Elə saytlar var ki, jurnalistika ilə əlaqəsi yoxdur. Ancaq, bir vətəndaş özünü ifadə etmək üçün həmin vasitələrdən istifadə edir. Sağlamlıq verilişi açan da var, öz həyatı haqqında danışan da. Özünü ifadə vasitəsi kimi istifadə edildiyinə görə onlara vətəndaş jurnalistikası demək olmaz, platforma demək lazımdır. Hesab edin ki, siz mineral su şüşəsi götürmüsünüz, içərisinə müxtəlif meyvə şirələri, alkoqol içkiləri, ətir belə doldura bilərsiniz. Yəni, həmin şüşə daşıyıcıdır. İçərisinə doldurulan şeylər isə məzmundur. Şüşənin-vətəndaş mediası dediyimiz şeyin içərisində müxtəlif yollar, marşrutlar var. Onlara jurnalistika demək mümkün deyil. Məsələn, biz xalq səhiyyəsi demirik. Qolu sınan şəxsin qoluna yumurta vurmaq, sarımaq səhiyyə hesab edilə bilməz. Bu kimi məsələlərdə terminləri dəqiqləşdirməliyik. Vətəndaş mediası adını verməliyik. Vətəndaş mediası böyük şəbəkədir. Jurnalistika ictimai, sosial institutdur. Jurnalistikanın öz etik qaydaları, prinsipləri, məqsədi, vəzifəsi var. Vətəndaş mediası dediyimiz sahədə isə heç bir qayda yoxdur. Çərçivəsi yoxdur. Buna görə də vətəndaş mediasından cəmiyyətə xeyri olan vasitə kimi istifadə etməliyik.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev

-İndiki şəraitdə jurnalistika ilə məşğul olan şəxsin ixtisasca jurnalist olmasının məcburi normaya çevrilməsinə ehtiyac yoxdur. Ola bilər ki, müəyyən dövrdən sonra jurnalist fəaliyyəti göstərən şəxslərin mütləq şəkildə təhsilinə önəm verilsin. İndiki vəziyyətdə bunu etmək düzgün olmazdı. Hazırda jurnalistika fəaliyyəti zəhmətkeşlik, əməksevərlik tələbləri üzərində qurulsa da, yaradıclıq və istedadla birbaşa bağlıdır. İstedad tələb olunduğu üçün də sadəcə təhsilin ön plana çəkilməsi doğru deyil. Konkret desək, sadəcə jurnalist təhsili alan şəxslərdə yox, qeyri-ixtisas sahiblərinin də yaradıcılıq istedadı ola bilər. Bu gün Azərbaycanda peşəkar jurnalistika ilə məşğul olan şəxslər arasında xeyli sayda qeyri-ixtisas sahibləri var. Onlar, həmin sahədə heç də digərlərindən geridə qalmayan nəticələr göstərirlər. Jurnalist üçün mütləq jurnalist peşəsinə sahib olmağın məcburi norma olması vacib deyil.
Hər bir jurnalistin şəxsi imici, xarizması olmalıdır. Çünki, jurnalistin gücü onun dediyi sözün hörmətindən və nüfuzundan asılıdır. Əgər jurnalistin imici, nüfuzu lazımı səviyyədə olarsa, dediyi sözün gücü və qüdrəti olacaq. Jurnalist üçün şəxsi reytinq çox önəmlidir. Ola bilər ki, çox əhəmiyyətli bir məlumatı jurnalist kimi tanınmayan biri desə və ya tanınma nişanı olan başqa bir jurnalist desə aralarında ictimai rəyə təsir effekti baxımından böyük fərq olacaq. Cəmiyyət arasında müsbət imic çox önəmlidir. Hər bir jurnalist üçün həmin imici formalaşdırmaq çətin prosesdir. Bunun üçün jurnalist "iştah" dişini çox şeylərdən çəkməli, sənətinə və peşəsinə təmənnasız şəkildə bağlı olduğunu göstərməlidir. Yüksək və hərtərəfli savadı, analitik düşüncəsi olmalıdır ki, imici formalaşa bilsin. İmic jurnalistin yaradıcılığını artıran effektiv göstəricidir.
-Vətəndaş jurnalistlərə münasibətiniz necədir?
-Vətəndaş jurnalistikası o qədər geniş sahədir ki, təhsilindən asılı olmayaraq, hər bir vətəndaş sosial şəbəkələrdə yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı var. Vətəndaş jurnalistikasını peşəkar jurnalistikadan fərqləndirmək lazımdır. Vətəndaş jurnalistikası daha çox xəbər daşıyıcılığına söykəndiyi halda, peşəkar jurnalistika qanun və qaydalara söykənir. Vətəndaş jurnalistikası və peşəkar jurnalistikanı bir-birinə qarşı qoyulmadan, həm də bir-birinə qarışdırılmadan fəaliyyət göstərməsi çox yaxşı olardı. Vətəndaş jurnalistikası gələcəkdə peşəkar jurnalistika üçün kadr bazası rolunu oyanaya bilir. Sosial şəbəkələrdə vətəndaş jurnalistikası ilə məşğul olan şəxslərin gələcəkdə peşəkar jurnalistlərə çevriləcəyini heç kim istisna edə bilməz.
Əfsanə Səlimi