Boşanma zamanı əmlak bölgüsü necə aparılmalıdır?

Boşanma zamanı bir çox hallarda tərəflər mülkiyyət məsələsində razılığa gələ bilmirlər və sonda onlar yaranmış mübahisənin həlli üçün məhkəmələrə üz tutmaq məcburiyyətində qalırlar.
Ər-arvad arasında əmlak bölgüsü ailə hüququnda ən aktual və mürəkkəb məsələlərdən biridir. Ər-arvadın əmlakı nikahdan əvvəlki əmlaka, yəni ər-arvaddan birinin nikahdan əvvəl əldə etdiyi əmlaka və nikah zamanı əldə etdiyi əmlaka bölünür. Ailə həyatının gedişatında ər-arvad, adətən, birgə əldə etdikləri müəyyən miqdarda əmlak toplayırlar. Əmlakın bu kateqoriyasına ər-arvadın evlilik həyatı dövründə əldə edilmiş bütün maddi sərvətlər daxil edilməlidir.
Bəs görəsən ər və arvadın birgə mülkiyyəti dedikdə nə başa düşülür və boşanma zamanı həmin mülkiyyət tərəflər arasında necə bölünməlidir?
Mütəxəssislər bildirir ki, ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikasının qanunvericiliyi qadınların, xüsusilə də evdar qadınların hüquqlarının təminatı üzrə əsaslı qarantiyalar nəzərdə tutur. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqlara malikdir. Ailə Məcəlləsinin 34-cü maddəsinə müvafiq olaraq, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur".

"Ev mütləq kişinindir və qadın çıxmalıdır. Qızıllar yalnız qadınındır, kişiyə heç nə düşməməlidir"

Sosioloq Sənubər Heydərovanın sözlərinə görə bu problemin həlli üçün mediasiya prosesi vacibdir:
"Boşanmalar zamanı tez-tez rast gəlirik ki, əmlak və əşyaların bölgüsü çox problem olur. Bu da həm də onunla bağlıdır ki, adətən boşanmaya cəhd göstərən tərəf ilk evdən çıxır və qalan əşyalar isə ikinci tərəfə qalmış olur. Daha sonra geri almaq, yaxud da yarı bölmək kifayət qədər böyük problemlərə səbəb olur.
Bir də ona görə olur ki, bəzən ailələr bir-birini incitmək üçün, qarşı tərəfə acıqlı olduqları üçün bunu bir vasitə kimi istifadə edirlər və bunun nəticəsində də xeyli anlaşılmazlıqlar olur. Əslində mediasiya prosesi belə şeylər üçün lazımdır ki, tərəflər bütün detalları boşanmadan əvvəl mediasiya prosesində qiymətləndirsinlər, hər iki tərəf lazım olan istədikləri ambisiyanı səsləndirsinlər, qarşı tərəfdən cavab alsınlar və bu uzun məhkəmə prosesləri hesabına başa gəlməsin. Çünki məhkəmənin işi hüquqi proseduru yerinə yetirmək, yəni boşamaqdır. Qalan detalları həll etmir. Mediasiyanın əhəmiyyəti əslində bu idi. Amma təəssüf ki, Azərbaycanda mediasiya istədiyimiz formada həyata keçirilmir. Ona görə də, bu məqamlar hələ də problem olmaqda davam edir.
Xüsusən bizim işlədiyimiz zorakılığa məruz qalmış qadınların çətinliyi ondan ibarətdir ki, onlar adətən demək olar ki, evdən qaçırlar. Qaçanda ya sığınacağa qaçırlar, ya hansısa ailə üzvlərinə sığınırlar və ya aktivistlər onları hansısa mərkəzlərə yerləşdirir. Bu zaman onların evdən nəsə götürmək imkanları olmur. Bu cür zorakılıqdan qaçmış insanlar üçün daha çətin olur. Çünki ailələri onların ən adi əşyalarına, sənədlərinə qədər verməkdən imtina edirlər. Boşanma zamanı da eyni şeylər təkrar olunur ki, geyimləri, şəxsiyyət vəsiqələri, sənədləri, diplomları, isti paltarları adətən evdə qalmış olur. Çünki onları toplamaq üçün kifayət qədər vaxt lazımdır və arxayın yer lazımdır ki, onları hara apara biləsən. Amma xüsusən zorakılıq görmüş insanlar evdən çıxanda onların evi və zamanı olmur. Ona görə də ilk fürsətdə evdən qaçırlar və daimi yaşayacaqları yerlər olmadığına görə də bu problem yaranır.
Əlbəttə ki, hər kəsin özünün əşyasının üzərində istifadə hüququ var. Heç kimin ixtiyarı yoxdur ki, onu əşyaları ilə şantaj etsin və yaxud da ki, onu əşyaları ilə bağlı manipulyasiya etsin. Amma nə hüquq mühafizə orqanları, nə də məhkəmə bu işlə məşğul olmadığına görə, bu adətən ciddi problem olur. Hətta sonradan polisə müraciət edən şəxslər var ki, əşyalarını götürsünlər, bu zaman imtina edir ki, bu bizim işimiz deyil və ciddi problem yaşanır.

Bilirsiniz ki, evlilikdən sonra alınmış hə rşey ortaq əmlak sayılır və evlilik prosesində əsas manipulasiya olunan şeylərdən biri qızıllar və cehizlərdir. Əlbəttə ki, bunun mahiyyətinə varanda deyək ki, bu ənənəvi olaraq belə olub.  Amma ənənəvi olaraq götürsək, dindən gəlir və yaxud da ki, adət-ənənədən gəlir ki, əgər qadına başlıq parası verilirsə, bu onun üçündür ki, onun gələcək həyatı qarantiya altına alınsın. Ənənəyə görə, o, tamamilə qadına məxsus olan əşyalardır. Amma biz hüquqi dövlətdə yaşayırıq. Yəni, hüquqi dövlət bu cür detallara baxmır. Hüquqi dövlətə görə evlilik zamanı nə isə alınıbsa, fərqi yoxdur bu mənzildir, xırda əşyalardır, onlar tamamilə yarıya bölünməlidir və əlbəttə ki, evdə bir masa var, onu yarı böləsi deyillər. Yaxşı olar ki, insanlar ümumi razılığa gəlsinlər. Məsələn, deyək ki, kimsə evi götürürsə, kimsə əşyaları götürsün və yaxud da ki, uşaqlarla kim yaşayacaqsa, o daha çox əşyaya sahib olsun.

Belə deyək ki, ədalət üçün hər kəsin subyektiv ölçüsü var. Kimin üçünsə, mənim üçün ədalətli, olan həmin şəxs üçün ədalətli olmaya bilər. Buna görə də, hüququn köməyi lazmdır. Məhz bu yerdə danışıqlar prosesi işə düşür. Yəni bunun konkret qaydası yox idi. Amma əlbəttə ki, yaxşı olardı ki, hüquqi olaraq dövlət zorakılığa məruz qalmış vətandaşın arxasında dayansın, zorakılığa məruz qoyan şəxsi heç olmasa bu cür cəzalandırsın. Amma hazırda biz bu cür cəzaların şahidi olmuruq. Təəssüf ki, buna görə də kifayyət qədər böyük skandallar, davalar, xərclər çıxır. Məsələn mənim indi məşğul olduğum belə benefisiarlardan biri o evdən heç cür əşyalarını götürə bilmir və məcburdur ki, sənədlərini yenidən rüsumu ödəyib çıxartdırsın və yaxud da ki, yeni geyimlər alsın. Bütün detallar burda işlənir. Çünki illərlə ev düzəldirlər, deyək ki, mən birbaşa qadınlarla işləyirəm deyə qadınlarən tərəfindən olan misalları verəcəm, illərlə ev düzəldirsən, onun detallarını alırsan, məsələn, deyək ki, fincanları seçirsən, su qablarını ayrı seçirsən, mürəbbə qaşıqlarını ayrı seçirsən, daha sonra birdən-birə o evdın çıxırsan. Heç nəyin yoxdur, sıfırdan təzədən başlamalısan. Bu dəfə heç bir sosial dəstəyin yoxdur. Əlbəttə ki, bu cür baxanda çox ədalətsiz görünür insana. Yaxşı olardı ki, bu bölgü belə olmasın. Ev mütləq kişinindir və qadın çıxmalıdır. Qızıllar yalnız qadınındır, kişiyə heç nə düşməməlidir. Bu əgər bir yerdə alınıbsa, bir yerdə xərc, əmək qoyulubsa, əlbəttə ki, yaxşı olardı ki, dəyərinə görə qiymətləndirilsin əşyalar və yaxud da ki, müxtəlif xırda şeylər, zinət əşyaları da yarıya bölünsün. Ən ideal variant belə olardı".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31