“Ağ ölüm”ün qurbanına çevrilmiş gənclər

Narkomaniya təhlükəsi QAPIMIZIN    bir addımlığındadır

Narkomaniya təhlükəsi və ondan qorunmaqla bağlı məsələlər əsrlər boyu ağıllı beyinləri həmişə narahat etmişdir. Narkoasılılığın mexanizmlərinə, onun köklərinin və mənbələrinin axtarışına, təbiəti və mahiyyətinin açılmasına çoxsaylı tədbirlər həyata keçirilsə də bu problemin sirlərini tam açmaq hələ də mümkün olmamışdır. Məhz bu səbəbdən narkotika cəmiyyətlərin və dövlətlərin formalaşmasında dağıdıcı rol oynayır. Çünki, qanunsuz narkoticarət milyonlarla insanı əhatə etməklə ən gəlirli biznesə çevrilib. Hazırda dünyada narkopartlayış yeni gücə malikdir və ona qarşı mübarizə əksər inkişaf etmiş dövlətlərin milli təhlükəsizlik doktrinalarında və praktiki siyasi fəaliyyətlərində öz əksini tapıb. Dünyanın bütün dövlətlərində mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın yayılması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri ilə əlaqədar qanunlar qəbul edilmiş, ölkə rəhbərliyi tərəfindən fərmanlar verilmiş, dövlətimiz beynəlxalq miqyasda qəbul olunmuş Konvensiya və sazişlərə qoşulmuşdur. Son zamanlar bütün ölkələri narahat edən əsas məsələlərdən biri narkomaniyanın yayılmasıdır. Azərbaycanı da məhz həmin ölkələrin siyahısına əlavə etmək olar. Narkotiklərin qeyri-qanuni dövriyyəsi və istifadə miqyasının genişlənməsi əhalinin sağlamlığına, millətin genefonduna, sosial-siyasi və iqtisadi stabilliyinə, dövlətin təhlükəsizliyinə və ictimai asayişə ciddi təhlükə yaradan amilə çevrilir. Bir çox insanlar narkomaniyanın əslində nə olduğunu anlamırlar və ya anlamaq istəmirlər. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefonduna ağır zərbə vuran narkomaniya, QİÇS, alkoqollu içkilər, siqaret çəkməyə qarşı mübarizə Azərbaycan dövlətinin ümumi siyasətinin əsas tərkib hissəsinə çevrilib. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının icrası olaraq ölkədə narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqət artırılmış, yeniyetmə və gənclərin pis vərdişlərdən çəkindirilməsi üçün onların təlim-tərbiyəsinə, asudə vaxtlarının səmərəli təşkilinə, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalarına şəraitin yaradılması, həmçinin təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsi istiqamətində müvafiq müsbət işlər həyata keçirilmişdir. Lakin bütün görülən tədbirlərə baxmayaraq hələ də bu bəlanın yayılmasının qarşısını almaq mümkün olmayıb. Əksinə, ölkədə, xüsusən də regionlarda narkotik maddələrə aludə olanların sayında arım müşahidə olunur.

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb. 2021-ci ilin yekunlarına əsasən, Azərbaycanda ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan narkomaniya və toksikomaniya ilə xəstələnənlərin sayı 2,1 dəfə artaraq 5 964 nəfərə yüksəlib. 2020-ci ildə ilk dəfə xəstələnənlərin sayı 2 845 idi. Ötən bir il ərzində ilk dəfə xəstələnənlərin sayı 3 119 nəfər artıb. Müqayisə üçün bildirək ki, bu göstərici 2005-ci ildə 1 500 nəfər, 2015-ci ildə 2 030 nəfər idi.  Son illərdə ölkəmizdə  əhalinin narkomaniya və toksikomaniya ilə xəstələnməsi göstəricilərində pisləşmə müşahidə edilir. İlk dəfə qoyulan diaqnoz üzrə hər 100 000 nəfərə düşən narkomanların sayı 2005-ci ildə 15,5 olduğu halda, ötən il 59,5 nəfərə yüksəlib. Nakomanların sayının artması müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin ümumi sayının artmasına da səbəb olub. Müalicə alan narkomanların sayı 2005-ci ildə 17 838 nəfər olduğu halda, 2021-ci ildə 35 232 nəfərə çatıb. Cari ildə də narkotiklərlə mübarizə sahəsində Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən xeyli sayda fakt aşkar edilib.

Qətiyyətlə demək olar ki, hazırda nəinki respublikanın iri şəhər və rayonlarında, eləcə də ucqar bölgələrdə narkotik vasitələrin satışı və istifadəsilə məşğul olan gənclərin sayı yetərincədər. Daha dəhşətlisi ondan ibarətdir ki, azyaşlı uşaqlar və qızlar narkotik aludəçisinə çevriliblər. Narkotiklərlə bağlı qanunsuz əməllərin gizli şəraitdə törədilməsi, onlara adekvat nəzarət mexanizminin mövcud olmaması və müvafiq faktların get-gedə artması narkomaniya probleminin aktuallığını və ona qarşı mübarizənin əhəmiyyətini yüksəldir. Narkotizmə qarşı ardıcıl mübarizə bu sahədə davamlı, hərtərəfli və məqsədyönlü fəaliyyətin reallaşdırılmasını tələb edir. Ekspertlərin qənaətinə görə, gənc nəslin mümayəndələri arasında "ağ ölüm"ə meyili şərtləndirən başlıca amillərdən biri onlarda narkotik vasitələrə aludəçiliyin doğurduğu mənfi nəticələr haqqında yetərli informasiyanın olmamasından irəli gəlir. Bir sıra hallarda əlverişsiz sosial çevrə narkomaniyaya meyili stimullaşdırır. Nəticədə narkotik asılılığının əsirinə çevrilən gənclər bu fəlakətli vərdişin dağıdıcı təsirindən xilas ola bilmirlər. Narkomaniyaya qurşanan gənclər öz potensialını cəmiyyətin inkişafına yönəltmək imkanından məhrum olurlar.

Düzdür, narkotik aludəçiliyinə və digər zərərli vərdişlərə qarşı ardıcıl mübarizə, sağlam gənc nəslin formalaşdırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Ancaq nəzərə almaq lazımdır ki, gənclərin məşğulluq problemı qaldıqca bu məsələnin köklü həlli qeyri-mümkün olur. Burada söhbət təkcə gənclərin işlə təmin olunmasından deyil, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilindən gedir. Çox təəssüf ki, hazırda respublikanın ayrı-ayrı rayonlarında tikilib istifadəyə verilmiş olimpiya və idman mərkəzlərini qapısı məlum səbəblərdən bağlı qalıb. Heç bir yerdə işləməyən, real gəlir əldə etməyən gənclər hansı vəsaitlə həmin idman mərkəzlərində sağlam həyat tərzi keçirə bilərlər? Deməli, sağlam həyat tərzinin gənclər arasında təbliği daha təsirli metodlar vasitəsilə həyata keçirilməlidir ki, səmərəlilik əmsalı yüksək olsun.  

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31