Övladına cinsi tərbiyə vermək valideynin vəzifəsidir

Cəmiyyət üçün sağlam fərd yetişdirməyin yolu tərbiyədən keçir. Azyaşlının tərbiyəsində əsas olan amillərdən biri də cinsi tərbiyədir. Azyaşlıya erkən yaşda cinsi tərbiyə vermək mütləqdir. Bir çox valideynlərin əhəmiyyət vermədiyi ən cüzi detallar belə, mühüm əhəmiyyət kəsb edə bilər. Azyaşlıya hər zaman bədəninin ona aid olduğunu, icazəsiz kiminsə toxunma haqqının olmadığını göstərmək əsasdır. Valideyn 5 yaşından etibarən övladına özünün yuyunmağı, duş almağı bacaracağını aşılamalıdır. Yadda saxlamaq lazımdır ki, hər bir uşaqda təbii utancaqlıq hissi olur. Bu, təbii özünüqoruma mexanizmidir. Bu haqda kifayət qədər məlumatı olmayan bəzi valideynlər özləri də bilmədən ehtiyatsızlıq edərək bu mexanizmi pozurlar. Uşağın normal, təbii utanc hissini qorumaq və dəstəkləmək lazımdır. Çünki məhz bu hiss yeniyetmə dövründə onu bir çox ağılsız hərəkətlərdən qorumuş olur.

İnsan psixologiyasına görə şəxs nədən çəkindirilsə ona daha çox maraq göstərir. Öyrənmək çağında olan azyaşlılara bir çox şeydən çəkindirərkən bu nüanslara diqqət yetirməliyik. Psixoloqların fikrinə görə 2-3 yaşlarında uşaqlar öz cinsiyyət üzvlərinə maraq göstərməyə başlayırlar. Bu, uşağın öz burnuna, qulaqlarına, göbəyinə və s. orqanlarına ola bilən marağından başqa bir şey deyildir. Bu, sadəcə, uşağın özünü dərk etməsi prosesidir. 

Həddən artıq maraq göstərdiyi təqdirdə isə həkimlə məsləhətləşmək uyğun sayılır. Azyaşlılar böyüklərə aid cinsəl suallar yönləndirdiyi zaman onlara fantastik cavablar vermək də doğru qəbul edilmir. Əksinə, marağını daha da artırır.

Yeniyetmə dönəmi cinsi tərbiyə üçün mürəkkəb dönəm hesab olunur. Bu zaman valideyn övladının cinsi aktivliyini başqa şeylərlə əvəzləməsi üçün çalışmalıdır. Onları cinsi həyatdan iyrəndirmək, qorxutmaq gələcəkdə ailə həyatı qurduqları zaman olduqca böyük problemlər yaradır.

Gələcəkdə baş verə biləcək bir çox gözlənilməz hallardan qorunmaq üçün uşağa cinsi münasibət barədə məlumat verərkən, onun insan həyatının təbii bir prosesi olmasını aşılamaq ən doğrusudur.

Qeyri-adi görünən proseslər gələcəkdə həmin hadisə ilə kimisə şantaj etmə, hədə-qorxu gəlmə kimi hadisələrin baş verməsi sayını artırır. Yeniyetmə bunun təbii proses olduğunu anlamadığı zaman gördüyü şeyləri gizlədir, qınaq obyektinə çevirir.

Cinsi tərbiyə qız, oğlan ayırd etmədən hər iki cinsə aşılanmalıdır. Oğul böyüdən valideynlər onlara öz cinsi oriyentasiyasından istifadə edərək kimlərisə əzməməsini, bunların həm öz həyatı, həm də qarşı tərəf üçün təhlükəli olduğunu öyrətməlidir. Pedofiliyanın yayıldığı bir zamanda həm azyaşlıya "yox" deməyi öyrətmək mütləqdir. Zorakılığa məruz qaldığı halda, bunun onun ayıbı yox, edən şəxsi ayıbı olduğunu, hüquqlarını müdafiə etməyin əsas olduğu aşılanmalıdır. İndiyə qədər üstü açılmayan minlərlə zorakılıq hadisəsi baş verib, verəcək. Həmin hadisələrdən travma alan yeniyetmələr həyatlarına çətinliklə davam edə bilir. 

Uşaqlıq dövründə sağlıqlı keçirilən cinsi tərbiyə yeniyetməlik və yetişkənlik dövründə sağlam cinsi həyatın təməlini qoyur.

Valideynlər üçün bu seçim yox, valideyn vəzifəsidir.

Psixoloq Fidan Canbabazadə suallarımıza aydınlıq gətirdi:

-Uşaqların cinsi tərbiyəsində valideynlərin rolu (gördükdə və ya anladıqda necə davranmalıdırlar?)

-Cinsi tərbiyə insanın yaşına, zəkasına uyğun olaraq həyatı boyu davam edən prosesdir. Cinsi tərbiyəni intim həyatla qarışdırmaq doğru deyil. Oxşar olsa da, fərqli anlayışlardır. Cinsi tərbiyə azyaşlının fiziki, emosional inkişafını dəstəkləyən amildir. Bu zaman azyaşlı öz cinsini qavrayır, ətrafdakı insanların cinsi marağına hörmət göstərir.

Azyaşlıda hansısa halın şahidi oluruqsa,deməli, oturub danışmaq vaxtıdır. Qızlarla ananın, oğlanla atanın məşğul olması fikri yanlışdır. Azyaşlı özünü kimə yaxın hiss edirsə, sualı kimə yönləndiribsə, həmin şəxs cavablandırmalıdır. Təbii ki, belə olan halda verilən cavablarda uşağın yaşı, zəkası nəzərə alınmalıdır. Valideyn çalışmalıdır ki, məsələ həmin nöqtəyə qədər gəlib çıxmasın.

-Əxlaq və ailə normalarının gözlənmədiyi ailələrdə böyümək gələcək həyatda hansı fəsadları yarada bilər?

-Əgər, evdə valideyn övladının qarşısında çılpaq gəzirsə, həmin azyaşlıdan çılpaq gəzməməsini gözləyə bilmərik. Uşaqlar qulaqları ilə deyil, gözləri ilə tərbiyə olunurlar. Ailədə qeyri-etik ifadələrdən və davranışlardan istifadə edilirsə, azyaşlıya təsir edir. İnsanın ilk sosial mühiti onun ailəsidir. Əslində bunlar tam olaraq gələcəkdə cinsi problemlərə deyil, qarşı cinsə qarşı olan münasibətdə əsas rol oyanır. Ailədə valideynlərin bir-birinə qarşı olan münasibəti azyaşlıda qarşı cinsə qarşı fikir formalaşdırır.  İstisna hallar da mütləq olur. Bəzən valideynlər bizə necə valideyn olmaqla yanağı necə valideyn olmamağı da öyrədir. Ona görə azyaşlının tərbiyədən nələri göstürəcəyi biraz da özündən asılıdır.

Valideynlərin sadəcə dialoq şəklində yox, hərəkətləri ilə də azyaşlıya  cinsi tərbiyə aşılaması mümkündür. 

Nə üçün önəmlidir? Uşaq heç nə soruşmasa belə, valideynin cinsi tərbiyə verməyi onun vəzifəsidir. Əgər biz bunu etməsək, beynində olan həmin boşluğu mütləq başqa şeylərlə dolduracaq. Və bizim bunu çərçivələməyimiz mümkün deyil. Həmin azyaşlıda sonradan məhrəmət anlayışı da formalaşmır.  Bu problem əxlaq normalarını gözləməyən ailələrdə  böyüyən yeniyetmələr üçün də keçərlidir.

-Cinsiyyət ayrımlığı etmək, daimi şəkildə qarşı cinslə oynama, gülmə, dost olma demək doğrudurmu?

-Cinsi ayrımçılıq etmək düzgün hesab edilmir. Məsələn, qızları vurmaq olmaz yox, heç bir azyaşlının vurmaq olmaz. Nə qıza nə də oğlana qarşı zorakılıq qəbul edilməzdir. Nə qədər qarşı gəlsək də, cəmiyyətə bağlı olaraq, ayrımçılıqla qarşılaşırıq. Fərqli şəkildə də ola bilir. Erkən yaşda valideynlər bunu anlamır. Oğlanla oynama, gülmə, dost olma və.s ifadələr işlədilir. Belə olduğu halda biz övladımızda dostluq anlayışını məhv etmiş oluruq. Nəticədə uğursuz münasibətlər sonra uğursuz evliliklə nəticələnir. Övladımızda dostluğun sırf cinsiyyətlə yox, insanlıqla əlaqəli olduğunu aşılasaq,  daha yaxşı olar. Çünki, öz həmcinsi belə azyaşlıya zərər verə bilər. Valideynləri bu yolla övladlarını qoruduqlarını düşünürlər. Azyaşlıda qarşı cinslə dost yox, sadəcə sevgili ola bilərəm fikri formalaşdığı üçün gələcəkdə hisslərini qarışdıra bilər. Dostu kimi gördüyü şəxsi sevdiyini hesab edə bilər. Onlar ilk dostluq münasibətində sevgi bağı qurmağa çalışır. Qarşılıqsız olduqda isə qəlbləri qırılır.

Uşaqlar yeniyetmə yaşına çatmadan valideyni tərəfindən maarifləndirilməlidir. Çünki, 21-ci əsrdə hər şeyi öyrənmək çox asandır. Biz erkən yaşda övladımızda yaranan kiçik suallara onu qane edəcək, geniş olmayan cavablar verməliyik.

-Məktəb psixoloqları və müəllimlər nələrə diqqət etməlidir?

Cinsi tərbiyə mövzusundan danışarkən şiddəti də vurğulamaq lazımdır. Cinsiyyət ayrı-seçkiliyinə görə şiddət görən azyaşlılar, qadınlar var. Daha sonra düzgün verilməyən cinsi tərbiyə intim həyata təsir göstərir. Ən əsası da təcavüzə yol açır. Bu hadisələrin bir çoxu üstüörtülü qalır. Müəllimlər şagirdlərini yaxşı tanısalar da, bir çox hallarda mütəxəssislə danışmaq mütləqdir. Ailə ilə uşaq arasında münasibət yoxdursa, aralarındaki münasibət olduqca sərhədlidirsə, bu halda məktəb psixoloqu məsələni ələ almalıdır. Bu cür ailələrdə xırda problemləri belə dilə gətirmək mümkünsüz olur. Azyaşlı buna görə başına gələn xoşagəlməz halları ailəsindən gizlədir. Bəzən şiddət bibaşa ailədən qaynaqlanır. Fiziki şiddətlə yanaşı sözlü şiddət də fərdin yetişməsinə əngəl yaradır. Müəllim və valideyn bunu anlamaya bilər, ancaq  məktəb psixoloqu bu mövzuda məsuliyyət daşıyır. Onlar  daimi şəkildə şagirdlərlə konsultasiya aparmalı, testlər etməlidir. Şübhəli vəziyyəti bir müddət sonra ailə ilə bölüşməlidir.  

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31