"Mən yaşamaq istəyirəm, ana"

Hər bir qadın dünyaya sağlam körpə gətirməyi özünün müqəddəs borcu   hesab edir. Amma çox təəssüf ki, bir çox qadınlar birinci və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti hamiləliyini arzuolunmaz hesab etdiyindən süni yolla (abort etdirməklə) pozdurur.

Bunun üçün müxtəlif səbəb və bəhanələr gətirirlər. Maddi problemlər, evsizlik, işsizlik isə göstərilən səbəblər içərisində prioritet təşkil edir. Ailələrin bir çoxu illərlə övlad həsrəti çəkdiyi halda, digərləri yaşamağa  öz övladlarının qatilinə çevrilirlər...

Bəs abort nədir, hansı hallarda edilir, hansı hallarda edilməsi vacibdir? Abortdan sonra nələrə diqqət edilməlidir? Abortun sağlamlığa nə kimi fəsadları var?

Mama-ginekoloq Vüsalə Tağıyevanın sözlərinə görə, hamiləliyi sonlandırmaq üçün 2 əsas ciddi göstəriş olmalıdır:

"Abort hamiləliyin 22-ci həftəsinə qədər olduğu müddətdə hamiləliyin sonlanmasıdır. Bu ya spontan (öz başına düşük), ya da süni abort şəklində ola bilir. Süni abort dedikdə isə medikamentoz (dərmanla) və cərrahi abort nəzərdə tutulur. Yəni, süni abortun iki növü var: dərman və cərrahi üsulla. 
Cərrahi abort əməliyyatxana şəraitində, steril mühitdə mütəxəssis tərəfindən icra olunur. Medikamentoz (dərmanla)  abort isə yalnız həkim nəzarəti altında müvafiq sxemlə icra edilə bilər. Bunu da mütləq vurğulamaq istəyirəm ki, özbaşına, həkim nəzarəti olmadan qəbul edilən bu cür preparatlar həyat üçün son dərəcədə təhlükəlidir.
İlk öncə onu qeyd etməliyəm ki, qadın hamiləliyini 12 həftəsinə qədər öz istəyi sonlandıra bilər. 12-ci həftədən böyük olan hamiləliklərdə isə hamiləliyi sonlandırmaq üçün mütləq şəkildə ciddi bir göstəriş olmalıdır. Bu göstərişlərə aiddir: 1) tibbi göstərişlər, 2) sosial göstərişlər.
Tibbi göstərişlərə aiddir: ana tərəfindən və döl (uşaq) tərəfindən olan göstərişlər.
Ana tərəfindən olan göstərişlər çoxdur, mən bir neçəsini qeyd etmək istəyirəm. Məsələn, anada anadangəlmə ağır ürək qüsurları, ürək çatışmamazlığı,  bədxassəli xəstəliklər, vərəmin aktiv forması, siflis, ağır psixoloji xəstəliklər, şizofreniya, həyati vacib orqanların ağır xəstəlikləri və s. aiddir.
Döl (uşaq) tərəfindən olan göstərişlərə isə inkişafdan qalmış hamiləlik, ağır bətndaxili inkişaf qüsurları və xromosom anomaliyaları, yəni, genetik anomaliyalar aiddir. Bu göstərişlər tibbidir.
Bir də sosial göstərişlər var. Sosial göstərişlərə isə aiddir: hamiləlik dövründə həyat yoldaşının ölməsi, nigahdan kənar hamiləlik, hamiləlik dövründə nigahın pozulması, çoxuşaqlılıq (beş və daha çox uşağın olması), fiziki qüsurlu uşağın olması, valideynlik hüququndan məhrum edilmə halları və s.
İlk öncə onu qeyd edim ki, cərrahi abort özü bir invaziv prosesdir. Hər bir invaziv proses orqanizm üçün bir travmadır və küretaj sonrası da uşaqlığın daxili qatının zədələnməsi, iltihablaşması kimi hallar təkrar hamiləliyə mane ola bilər. Lakin müasir dövrdə steril şəraitdə və təkmilləşmiş xəstəxanalarda mütəxəssis tərəfindən icra edilən küretaj zamanı bu risklər çox aşağıdır. 
Abort sonrası xüsusən ilk yeddi gün ərzində yüngül ağrılar və ləkələnmə kimi qanamalar müşahidə oluna bilər. Bu müddət ərzində cinsi əlaqə, hovuz və ya dənizə girmək məsləhət görülmür. Əgər kəskin ağrılar, artmış qanama, yüksək hərarət müşahidə olunarsa, bu zaman həkiminizə müraciət etməniz məsləhətdir.
Abortun bir neçə fəsadları ola bilər. Bunlardan ən önəmlisi uşaqlığın perforasiyası (deşilməsi), bağırsaqların, sidik kisəsinin zədələnməsi və infeksiyalaşma riskidir. Bunlar abortun ən böyük fəsadlarına daxildir. 
Buna görə də, mən bir mama-ginekoloq kimi mütləq şəkildə məsləhət görürəm ki, cütlüklər ailə planlaşdırılmalarını düzgün etsinlər. Yəni, istənməyən, arzu olunmayan hamiləliklərin qarşısı alınmalıdır və bu da abortların sayının azalmasına gətirib çıxaracaq. Planlaşdırılmış ailə eyni zamanda qadın sağlamlığını da qoruyur. Buna görə də hər bir qadın həkimi tərəfindən ona məsləhət bilinən qorunma metodu ilə hamiləlikdən qorunmalıdır".

Psixoloq Mələk Kərimova da qadınların abort etdirməsinin bir neçə səbəblərini açıqladı:
"Ümumiyyətlə bir qadının dünyaya uşaq gətirmək istəyi və yaxud planı müqəddəs qərardır.  Planlaşdırmadan uşaq dünyaya gətirən qadınlar olduğu kimi, uşağın dünyaya gəlməsini planlaşdıran ailələr də mövcuddur. Ona görə də, burada iki kateqoriyanı ayırmamızda fayda vardır.
Uşağın dünyaya gəlməsi həm qadının, həm həyat yoldaşının birgə qərarıdır və ona görə də, abort etdirmək fikri də yenə hər iki tərəfin situasiyaya bağlı olaraq birgə qərarı kimi dəyərləndirilməlidir. Bu prosesi dayandırmaq isə  tərəflərin   fərdi və psixoloji məsələləri ilə əlaqədardır. 
Adətən müxtəlif səbəblər qadının uşaqdan azad olunması ilə müşahidə edilə bilir. Burada bəzən qadının təsadüfi yolla hamilə qalması və uşaq dünyaya gətirməsinə hazır olmaması faktı ola bilər. Bəzən qadın qətiyyən özünü bir ana rolunda görmür, özünü bu uşağa baxa biləcək mental sağlamlıqda görmür, psixoloji cəhətdən özünü bu situasiyaya hazır hiss etmir və uşağı dünyaya gətirmək istəmir.
İkinci situasiyada qadının ailəsində  uşağın sağlamlığı ilə bağlı şübhələr və qorxular ola bilər. Bəzən bu daha daimi düşünülən "uşağım xəstə doğula bilər" fikri kimi qarşımıza çıxa bilir. Bu fikrə hədsiz fokuslanan qadın düşünür ki, uşağımı dünyaya gətirsəm, o mütləq xəstə doğulacaq və ona baxa bilməyəcəyəm. Bu fikirlər, ya da kənarda gördüyü buna oxşar məsələlər   onu uşaqdan azad olma fikrinə gətirib çıxara bilir. 
Üçüncü kateqoriyada olanlar isə həqiqətən genetik problemləri olan və böyük ehtimalla  həkimlərin problemli uşaq dünyaya gətirəcəyi proqnozları, məsləhəti ilə təxmin edən, könüllü şəkildə hamiləliyi sonlandırmaq istəyən qadınlardır
Yəni burda faktorlar çoxdur. Məsələn, dördüncü qrupa baxdığımız zaman bu qrupda da sosial, ekonomik vəziyyətin uyğun olmaması və yaxud bəzi uyğun olmayan şərtlərin olması, bəzən nigahdan kənar uşağın olması və s. kimi faktorlardır. Bunlar qadını bu prosesə yönləndirir.
Amma bunun yanı sıra,  planlaşdırılmayan hamiləliyi olan və uşağı dünyaya gətirməklə bağlı tərəddüd yaşayan qadınlar bəzən psixoloqa müraciət edirlər. "Mən bu uşağı dünyaya gətirib, gətirməmək mövzusunda çox qərarsızam", "bu uşağı planlaşdırmamışdım, amma artıq hamiləyəm və nə edim?" kimi fikirlərlə müraciət edən xanımlar da olur. Burada da təbii ki, məcburiyyətlə yox, xanımın öz istəyi ilə psixoloqa müraciətini müşahidə edirik. Təbii ki, belə bir situasiyada artıq onun qərarsızlığı ilə əlaqədar psixoloqla  birlikdə müzakirələr aparılır və orda qorxular və s. psixoloji narahatlıqlarının nə olduğu araşdırılır və onlara dəstək olunur. Amma bu dəstək o anlama gəlməməlidir ki, psixoloq bu prosesin ya qarşısını alır, ya da dəstəkləyir. Təbii ki, ana olub olmama qərarını  vermək şəxsin öz fikri istiqamətində olacaqdır. 
O ki qaldı abortun psixoloji və fizioloji təsirlərinə, bu da başqa bir mövzu kimi qarşımıza çıxır. Bəzən uşaqdan azad olduqdan sonra qadınlarda hədsiz bir şəkildə günahkarlıq, peşmançılıq və s. kimi hisslərin olduğu müşahidə olunur. Bəzən də xanımlarda  rahatlama və daha sakitlik müşahidə olunur. Yəni, bu da yenə qarşıdakı insanın prosesə necə baxması, sosial vəziyyətinin nə olması və bir çox başqa şərtlərlə anlaşıla bilir. Bu qərarında hansı reaksiyaları verəcəyi bir çox faktordan anlaşıla bilir. Analıq bir işdir, məsuliyyətdir və analığa sevərək başlamaq da sağlam uşaq böyütmədə ilk addımdır. Ancaq qadının istənilən qərarında fiziki və psixi sağlamlığına diqqət etməsi öncəliyi olmalıdır".

Sosioloq Lalə Mehralı isə bildirir ki, bir qadının övladını bətnində qətl etdirməsinin heç bir açıqlaması ola bilməz:

"Əgər dölün qadın bədəninə həyati təhlükəsi yoxdursa, heç bir halda abortun tərəfdarı deyiləm. Yalnız və yalnız həkim göstərişi ilə həyati risk daşıyarsa, edəcək bir şey yoxdur və hamiləliyin sonlandırılması vacibdirsə, dəstəkləmək olar.
Selektiv abortun ölkəmizdə bu qədər çox yayılmasına, ümumiyyətlə bu sahədə statistikanın günü-gündən yüksəlməsinə qadınlarımızın "töhfəsi" insanı həqiqətən narahat edir. Bir qadın övladını ana bətnində qətl edirsə, bunun heç bir açıqlayıcı, bəraət qazandırılacaq tərəfi ola bilməz. Bu açıq sözlə desək, övladını qətlə yetirməkdir. Bunun başqa səbəbi, açıqlaması ola bilməz və bu hərəkətə başqa don geyindirmək olmaz.
Bəzən iddia edilir ki, qadın heç də öz istəyi aborta getmir. Bir neçə belə hal ola bilər ki, yoldaşı, ailəsi məcbur edib. Lakin bu məcburiyyət ilə gedib öz övladının canına qıyan bir insan sonra o ailədə necə yaşayır, o həyat yoldaşı ilə bir yastığa baş qoyur, orası naməlumdur. Bəzən iddia edirlər ki, qadın əlacsızdır, qadının heç bir yerdən köməyi, dəstəyi yoxdur, iqtisadi asılılığı var, sosial gücü yoxdur və s. Bütün bunların hamısı aşılacaq problemlərdir. Heç bir şey insan həyatından, bir qadının öz övladının həyatına verdiyi dəyərdən daha önəmli ola bilməz. Əgər qadın özü istəyərək, bilərək, fərqində olaraq şüurlu şəkildə gedib övladının canına qıyırsa, mən orda heç bir bəraət, üzrlü səbəb görə bilmirəm və bunu heç bir qadına yaraşdıra bilmərəm. Tutaq ki, biz öz bətnində olmadığına görə hardasa kişiləri "daş ürəkli", qaynananı hikkəli, dar düşüncəli hesab edə bilərik. Amma qadının bu hərəkətinin heç bir şəkildə açıqlanacaq bir bəhanəsi olmur. Mən razıyam, kişilər həyat yoldaşını abort stoluna çıxmağa məcbur edir. Bu halda kişinin öz həyat yoldaşına qarşı hansı məhəbbətindən və mərhəmətindən söz gedə bilər? Əgər öz övladına qarşı bunu edirsə, demək həyat yoldaşı da onun gözündə o qədər də dəyərli deyil və qadınlar əslində bunun fərqinə varmalıdırlar ki, öz övladına qıyan, sabah seçim qarşısında qalanda mənə də qıyacaq.
Qız övladlarını abort etdirmək bu günlərdə açıqlanan statistikaya gətirib çıxarır. Azərbaycanda hər 100 qıza 100 oğlan düşür. Biz illərdir bundan yaza-yaza, selektiv abort cinayətini qabarda-qabarda bunun nəticəsinin belə olacağını proqnozlaşdırmışdıq. Lakin diqqətə alan olmadı. Əslində aldılar, selektiv abortun qarşısının alınması məqsədilə 3 aya qədər uşağın cinsiyyətinin deyilməməsi tədbiri görüldü. Lakin elə 3-cü ayda cinsiyyət bəlli olur. 13-cü həftədən sonra gedib övladını qətlə yetirənlər kifayət qədər çoxdur. 13 həftəlik uşağın ölçüləri kiçik ola bilər. Lakin onun əli, ayağı, başı, orqanları, damarları, sinirləri, artıq hər şeyi yerindədir. Siz təsəvvür edin ki, o bütün halı ilə insandır, sadəcə miniatür bir insandır. Miniatür bir insanı öldürmək, doğulmuş bir insanı öldürmək qədər günahdır. Yəni yaxşı olar ki, bu tədbiri 5 ayına, ya da ümumiyyətlə doğulana qədər uzatsınlar, cinsiyyət deyilməsin. Valideyn cinsinə görə övladına fərq qoyursa, elə valideyn olmasa yaxşıdır.
Mən təklif edirəm ki, abort edilməsi qadağan olunan həftəsinə qədər uşaqların cinsiyyətinin ultrasəs müayinəsi vasitəsilə deyilməsinə qadağa qoyulsun. Hansı ayda ki artıq abort etdirməyi həkimlər doğru hesab etmir, o ayda uşağın cinsiyyətini demək olar. Lakin 6 aylıq uşağı süni doğuşla dünyaya gətirib öldürən varlıqlar da elə həkimlərdir. Çoxluğa aid etmirəm, sadəcə həkimlər özləri də bilir ki, onların sıralarında bu cür "həkimlər" var. Bu həkimlər barədə də ölçü götürmək gərəkdiyini düşünürəm".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31