Mediada intihar xəbərlərinin çəkisi azaldılmalıdır
22 İyul 2022 10:23 Sosial"Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, intihar mövzusunun bu dərəcədə qabardılması cəmiyyətdə antifikirlər yaradır, intihar hallarının daha da artmasına səbəb olur:
"21-ci əsrdə medianın cəmiyyətlərin və fərdlərin üzərindəki təsiri görünməmiş dərəcədə artıb. Media cəmiyyəti bilgiləndirməklə yanaşı, həm də cəmiyyətin ayrı-ayrı məsələlərə yanaşmasının formalaşmasında çox təsirli vasitəyə çevrilib. İntihar məsələsində də medianın hansı dildən istifadə etməsi, necə xəbərləməsi fərdlərin yanaşmasına təsir göstərir.
Zaman-zaman intihar hadisələrinin sayında dəyişim müşahidə olunur. İntiharın metodu və yerini göstərmək, intihar məktubunun məzmununu paylaşmaq digər insanların da düşüncəsində intihar fikirləri formalaşdırır və onları intihar etməyə sövq edir. Daha çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbi də onların mətbuatda işıqlandırılması, qabarıq şəkildə təqdim edilməsidir. Hesab edirəm ki, bu yolverilməzdir. Bu, intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər, ona görə də media məsələyə daha həssas və məsuliyyətli yanaşmalıdır.
Mütəxəssislər hesablayıblar ki, yalnız intihar xəbərləri oxuyan şəxslərin başqa xəbərlər oxuması da mütləqdir. Araşdırmalar göstərir ki, daim intiharla bağlı xəbər əldə edən insanların digərlərindən fərqi olur. Həyata baxışında, onların özlərini kollektivdə, cəmiyyətdə aparmasında fərqlər görünür. Buna görə, intiharla bağlı xəbərlər mətbuata az getsə cəmiyyət üçün daha faydalı olar."
.png)
"İntihar xəbərlərinin, ümumilikdə götürdükdə, kriminal hadisələr barədə xəbərlərin işıqlandırılmasının özünün standartları var. Bu standartlar media qanunvericiliyində, eyni zamanda, etik kodeksdə əksini tapıb".
Bu sözləri Olaylar.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib:
"Prinsip bundan ibarətdir ki, intihar, terror xəbərləri, ümumilikdə kriminal xəbərlər elə hazırlanmalıdır ki, bu təşviqedici amilə, başqaları üçün nümunə ola biləcək xəbərə çevrilməsin. Əksinə, həmin məsələ barədə cəmiyyətdə qınaq yaratsın və bu halın təkrarlanmaması üçün şərait yaratmış olsun.
Təəssüf ki, son vaxtlar Azərbaycanda media, KİV subyektlərində, eyni zamanda, sosial media hesablarında paylaşılan xəbərlərdə bunun tam əksini görürük. Son vaxtlar baş verən intihar hadisələri ilə bağlı xəbərləri oxuyanda insanda belə təəssürat yaranır ki, sanki intiharı törədən şəxsin bundan başqa çıxış yolu olmayıb və bir növ bu cür yanaşma ilə intihara haqq qazandırmış olurlar ki, bu da dediyimiz kimi həm etik kodeksə, həm də qanunvericiliyə ziddir.
Əlavə olaraq jurnalistlər həmin intihar hadisəsini özlərinin subyektiv fikirləri və intihar hekayəsi ilə bəzəmiş olurlar. Bu isə əlavə olaraq orda bir cəlbedicilik yaradır və başqaları üçün təşviqedici amilə çevrilir.
Bizim etik standartların qoyduğu tələblərdən biri də budur ki, intihar, kriminal, terror, sui-qəsd hadisəsinin detalları açıqlanmamalıdır. Yəni, onun təsvirləri verilməməlidir. İntihar hansı hallarda törədilir? Burada hansı üsullardan, vasitələrdən istifadə edilir? Bunun detalları açıqlanmamalıdır ki, sabah intihar fikrinə düşən başqa şəxslər də həmin üsullardan istifadə etməsinlər. Çox təəssüf ki, son vaxtlar yayılan xəbərlərdə bu prinsip də pozulur. Yəni intihar hadisələrinin konkret detalları verilir, formaları, təsvir göstərilir ki, bu da başqaları üçün artıq təşviqedici amilə çevrilmiş olur.
Üçüncü ən ciddi narahatçılıq doğuran məsələlərdən biri, intihar xəbərlərinin müəyyən siyasi məqsədlər üçün və dırnaqarası desək, "like" toplamaq üçün istifadə olunmasıdır. Məsələ ondadır ki, Azərbaycanda intihar xəbərlərinin kökünün daha çox guya ki, sosial problemlərlə bağlanılmasına cəhd edilir ki, bu da kökündən yalnış olan bir məsələdir. Çünki dünyanın analitik mərkəzlərinin dərc etdikləri hesabatlarda görürük ki, dünyanın sosial, rifah halı baxımdan kifayət qədər inkişaf etmiş ölkələrində də intiharlar yüksək səviyyədədir. Məsələn, ABŞ intiharların çoxluğuna görə dünyada 23-cü, Belçika 17-ci, Fransa 37-ci yerdədir. Gördüyünüz kimi bunlar kifayət qədər inkişaf etmiş, sosial baxımdan təmin edilmiş ölkələrdir. Amma intiharların da sayı çoxdur. Deməli burda məsələ təkcə sosial məsələlərin üzərində fokuslaşmaq, onu hansısa öz versiyası ilə əsaslandırmaq olmaz.
İnsan çətinliyə düşəndə müxtəlif çıxış yolları axtarır. Əslində baxanda çətinlik insanı mətinləşdirmək üçündür, bir mübarizə vasitəsidir. Biz məsələnin bu tərəfini qabartmalıyıq, bunu təbliğ etməliyik ki, insan çətinlikdən qorxmamalıdır, onun üzərinə getməlidir və burada intihar kimi addımlara əl atmamalıdır.
Çox təəssüf ki, Azərbaycan mediasında dediyimiz kimi bu prinsiplər son vaxtlar kifayət qədər pozulur və haqlı olaraq ictimai qınaq yaradır. Biz media ictimaiyyəti olaraq çağırış edirik ki, bu yersiz, yöndəmsiz, standartdan kənar xəbərlərin yayılması dayandırılsın. Yaxşı haldır ki, ölkənin mühüm qurumları, o cümlədən, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Media Agentliyi, Azərbaycan QHT Agentliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər nüfuzlu qurumlar açıqlamalar yayaraq bu cür halların yığışdırılmasına çağırış edirlər".
.png)
"Cümhuriyət" qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri Rəfail Becanovun sözlərinə görə, intiharların mediada xəbərə çevrilməsinə iki yanaşma var:
"Birincisi, medianın intiharı xəbərə çevirməməsi, ikincisi isə çevirməsi. İlk növbədə ona baxmalıyıq ki, intiharların xəbər yükü nə qədərdir. O yanaşmanı aydınlaşdırandan sonra mediada intihar xəbərlərinin paylaşılıb-paylaşılmamasını ciddi müzakirə etməliyik. Təbii ki, nəyin və necə baş verməsindən asılı olmayaraq, hər bir hadisəyə xəbər kimi yanaşsaq, intihar da özü-özlüyündə bir xəbər predmetidir. Media intihara da məhz bu aspektdən yanaşır. Bəzən isə aşırı şişirdilir. Buna yol vermək olmaz. Amma tamamilə imtina etmək mümkün deyil. Bir anlıq düşünək ki, media baş verən hər hansı intihar hadisəsini işqılandırmır və ya onu görməzdən gəlir. Bu zaman sosial şəbəkələr daha çevik, sürətli və yönləndirilmiş formada dövrəyə girəcək. Sosial şəbəkələrdə aqressiyanın təsiri ilə baş verən istənilən hadisə daha böyük auditoriyanı əhatə edəcək. Eyni zamanda hadisə, hadisənin baş vermə halı, səbəbi və s. kimi elementlər konteksdən çıxarılacaq və məqsədli şəkildə yönləndiriləcək.
Hesab edirəm ki, medianın intiharlara yanaşması birmənalı olaraq, xəbər predmeti kimi olmamalıdır. Bu məsələdə bir sıra məqamlar, xüsusən insanların, əsas da yeniyetmələrin və gənclərin yönləndirilməsi kimi məsələlər medianın diqqətindən qaçmamalıdır. Ona görə də baş verən hadisələrə obyektiv araşdırma yanaşması təmin edilməlidir. İlk sual "hadisə niyə baş verib" olmalıdır. Hadisəni törədən psixoloji problemlər, yaxud səhlənkarlıq olması kimi detallar öyrənilməlidir. Yəni təqribi sxem qurulmalıdır: baş verən hadisə, onu doğuran səbəblər, cavabdehlər. Cavabdehlərə həm də yönləndirənlər, qızışdırıcı fikirlərlə necə deyərlər, "odun üzərinə su yox, benzin tökənlər", onların məqsədi və s. kimi istiqamətlər araşdırılmalıdır. O zaman bu xəbər olacaq, problemi yaradan səbəb aradan qaldırılacaq, eyni zamanda sosial şəbəkələrdə məqsədli yönləndirmənin qarşısı alınacaq.
Bu məsələdə medianın üzərinə düşən əsas vəzifələrdən biri maarifləndirici yazıların intihara meyilli olan həssas təbəqəyə yönləndirilməsi, çatdırılmasıdır. İntiharın çıxış yolu olmaması, hətta dinimizə görə böyük günah sayılması kimi məsələlərlə bağlı ekspert yazıları, psixoloqların açıqlaması, din alimlərinin yanaşması mövzularına diqqət yetirmək lazımdır".
.png)
Azərbaycan Respublikasının əməkdar jurnalisti, filologiya elmləri doktoru Qulu Məhərrəmli bildirir ki, mətbuatımızda, xüsusən saytlarda kriminal xəbərlərin sayı həddindən artıq çoxalıb:
"Məişət hadisələri, ailə münaqişələri, yol-nəqliyyat hadisələri, oğurluq, ölüm halları və s. Bunların sırasında təbii ki, intihar daha çox yer tutur. Sual yaranır ki, bu qədər kriminal xəbərlərin və o cümlədən intiharların mediada bu cür bər-bəzəkli şəkildə təqdimatına ehtiyac varmı? Əlbəttə, yoxdur. Nəyə görə biz bu kriminal hadisələrini bu qədər işıqlandırırıq? Nəyə görə intihar hadisələri bütün saytlarda əsas aparıcı mövzulardan birinə çevrilib?
Ümumiyyətlə, bunun bir tərəfi cəmiyyətin ümumi mənzərəsi ilə bağlıdır ki, təəssüf ki, bizdə bu cür hallar getdikcə artır və mən demirəm ki, bu intiharların sayının artması onun mediada işıqlandırılması ilə bağlıdır. Fərqli səbəblər var. Sosial səbəblər, ailə-məişət problemləri, fərdi psixoloji problemlər var ki, təəssüf ki, bunların bir çoxu bəzən intihara aparıb çıxarır. Amma bütövlükdə əlbəttə ki, intihar hadisələrinin bu şəkildə cazibədar işıqlandırılması intihara meyilli insanlarda müəyyən bir stimul yarada bilir. Ona görə də bizim mediamız, xüsusən də televiziya ağıla, şüura, hislərə təsir edən hər bir vasitədə intihar hadisələrinin işıqlandırılmasına çox həssas yanaşılmalıdır.
Ümumiyyətlə, kriminal hadisələrin, o cümlədən, intiharın işıqlandırılmasında bəlli standartlar var, biz onları tək-tək gözləməliyik. Bunun birincisi odur ki, bu intihar xəbərləri ümumən xəbərlərə verilən tələblər, onun parametrləri çərçivəsində nə qədər uyğun gəlir. Məsələn, fərdi motivlər, şəxsi zəmində olan hadisələr, psixoloji pozğunluqlar nəticəsində ortaya çıxan intihar hallarının işıqlandırılması istiqamətində heç bir əsası yoxdur. Azyaşlılar arasında intiharın baş verməsinin çox ciddi standartları var və bunu işıqlandırarkən çox həssas olmalıyıq. Üçüncüsü, fərdi-subyektiv amillər olur ki, bəzən onlar intihara gətirib çıxarır. Onları işıqlandırarkən, diqqətli olmaq lazımdır.
Bütün hallarda, bütün növ kriminal xəbərləri, o cümlədən, intihar hadisələrini işıqlandırarkən, sayt rəhbərləri, adminlər, televiziya prodüsseri, radio rəhbərləri çox diqqətli olmalıdırlar ki, əvvəla onun cazibədarlığı olmasın, ikinci, onu yaradan səbəblər dəqiq göstərilsin, üçüncüsü, bunu ilk növbədə sosial baxımdan pisləmək, ikincisi isə dini baxımdan qəbulolunmaz hal kimi təqdim olunmalıdır. Yoxsa intihar xəbərlərini elə yazırlar ki, insanlarda intihara həvəs yaranır. Ona görə çox ciddi peşəkarlıq tələb olunur. Bu hadisələrin işıqlandırılması üçün ciddi intuisiya lazımdır və bütün hallarda bu xəbərlərin çəkisi mediada azaldılmalıdır".
Röyalə Xəyal
