Azərbaycanda gender bərabərliyi təmin olunub
15 İyul 2022 14:20 Sosialİstiqamət: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Azərbaycanın ailə modeli millətimiz və xalqımızın əvəzsiz sərvətlərindən hesab olunur. Dövlətlə ailə bir-birlərilə sıx bağlı məsələ olduğundan ölkəmizdə güclü ailə siyasəti yürüdülməkdədir.Tarixən ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət-ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür. Bu da ölkədə ailəyə verilən qiymətin bariz ifadəsidir. Ailə, cəmiyyətin kiçik sosial birlik forması olduğundan cəmiyyətdə baş verən sosial-iqtisadi, sosial-mədəni və siyasi dəyişikliklər ailənin də xarakterinə təsir göstərir. Lakin ailə konservativ sosial varlıq olduğundan cəmiyyətdən daha gec dəyişikliklərə, inteqrasiyaya məruz qalır. Məhz bu kimi amillər nəzərə alınaraq dövlətin ailə siyasətinin əsas istiqamətləri respublikada ailə institutunun mövcud problemlərinin nəzərə alınması, gənc ailənin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilib. Bu istiqamətlərə gənclərin uşaqlıqdan başlayaraq nikaha qədərki ailə həyatına hazırlanması, gənc ailənin reproduktiv sağlamlığının qorunması, ailə mənəviyyatının möhkəmləndirilməsi, ailədə valideyn məsuliyyətinin artması, uşaqların tərbiyəsi, ailənin sosial müdafiəsi, gənclərin vətənpərvərlik ruhda tərbiyə olunması kimi istiqamətlər aiddir. Bu gün 17-18 yaşdan yuxarı nikah müqaviləsinə və yumşaq patriarxal ənənəyə əsaslanan ailə modeli, Azərbaycanın milli ailə modelidir. Ailənin əsas məqsədi-özünü qorumaq, ailə üzvlərinin əsas tələbatlarını ödəyə bilmək və nəslin davamını təmin etməkdir. Qadın kişinin nəslini artırırsa, kişi də onun və övladlarının maddi-mənəvi təminatını öz üzərinə götürür. Bu sosial müqavilə ailə institutunun əsasında dayanır. Lakin buna baxmayaraq ölkədə qeydə alınan erkən nikahlar, boşanmalar, zorakılıq halları narahatçılıq yaratmaqdadır. Azərbaycanda boşanmaların əsasən 20-35 arasında artan dinamika ilə inkişaf etdiyi və evlənmələrin sayının tədricən azaldığı müşahidə olunur. Düzdür, bu amil, böyük göstərici olmasa da airı-ayrı epizodlar var.
Respublikamızda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması, nikahdan əvvəl gənclərin məcburi tibbi müayinədən keçməsi ailə üzvlərinin sağlamlığına, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsinə, həmçinin gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsində yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə", "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına" dair və bir sıra digər məsələlərlə bağlı dövlət proqramları təsdiq edilib. Uşaqların təhsildən yayınması, məcburi əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri qəbul edilib.
Azərbaycan ailəsinin formalaşmasında həm də İslam, milli-mənəvi dəyərlərin, adət-ənənələrin üstünlük təşkil etməsi, ailədə uşaqların tərbiyəsində bu amillərə diqqət yetirilməsi ciddi faktordur. Nəzərə almaq lazımdır ki, Azərbaycan ailəsində ana, qadın faktoru da çox güclüdür. Elə bu səbəbdən də ölkə qanunvericiliyində gender bərabərliyi tam şəkildə təmin olunub. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.
Konstitusiyanın qəbulundan sonra respublikamızda kişi və qadın bərarbərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmini ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən edir. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Ölkədə gender siyasətinin tələblərinə uyğun olaraq qadınlarla kişilərin hüquq bərabərliyi təmin olunub. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Bütün dövlət strukturlarında qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılıb. Gender bərabərliyi və qadın hüquqlarının təbliği, o cümlədən erkən nikahların qarşısının alınması məqsədilə gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" , "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası qanunları qəbul olunub. Ölkə başçısının sərəncamları ilə təsdiq edilən "Gələcəyə Baxış İnkişaf Konsepsiyası" və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən, eləcə də Strateji Yol Xəritəsindən irəli gələrək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, bütün sahələrdə qadınların və qızların, uşaqların hüquqlarının müdafiəsi üçün geniş imkanlar yaranıb.
Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət tərəfindən mütəmadi zəruri tədbirlər həyata keçirilir. Dövlətin ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq istiqamətində atdığı addımların əsas hissəsini sosial tədbirlər təşkil edir. Xüsusilə, aztəminatlı ailələrin, sosial cəhətdən həssas əhali qrupuna aid olan şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Təsadüfi deyil ki, bu kimi sosial tədbirlər ölkədə demoqrafik göstəricilərin müsbətə doğru dinamikasını təmin edir. Elə demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi də demoqrafik proseslərdə yaranmış neqativ meylləri aradan qaldırmaqla ölkənin uzunmüddətli inkişaf strategiyasına uyğun gələn əhalinin kəmiyyət-keyfiyyәt artımını təmin etməkdən ibarətdir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir