"Hər birimiz meşələrimizi öz əmlakımız kimi qorumalıyıq"
15 İyul 2022 14:04 SosialMeşələr Yer Kürəsinin əsas hissəsini təşkil edir. Meşələr insanın yaşamının vacib hissəsi hesab olunur. Təəssüf ki, planetimizin "ağ ciyər" ərazisi durmadan azalır. Dünyanın digər yerlərində olduğu kimi Azərbaycanda da tarix boyu meşə ərazisi müxtəlif səbəblərə görə azalmışdır. Azərbaycanda meşə sahəsinin azalmasının əsas səbəbləri əkin sahələrinin genişləndirilməsi, müxtəlif dövrlərdə işğalçılara qarşı aparılan mübarizədir. Tarixi dəlillər sübut edir ki, 2 əsr öncəyə qədər Azərbaycan ərazisinin 35%-i meşəlik olub.
Azərbaycan regionda ekoloji terrora məruz qalan tək ölkədir. Buna görə də meşə ehtiyatlarımız qonşu dövlətlərə nisbətən olduqca azdır.
Artıq bir neçə ildir ki, yay aylarında dəhşətli meşə yanğınlarına şahid oluruq. Dünya üzərində baş verən bu yanğınların əsasını insan amili təşkil edir. Bütün bunları terror adlandırmamaq mümkün deyil.
Bölgələrdə nəzarətsiz səyahət edən marşrutlar da meşə yanğınları üçün böyük təhlükədir. Avtobuslarda insanlar tullantılar barədə xəbərdar edilmir. Sərnişinlər istənilən maddəni özləri ilə istirahət ərazisinə daşıya bilirlər. Tullantıya görə həmin ərazidə yanğın baş vermə ehtimalından başqa ətraf mühitin çirklənməsi halı da əsas problemlərdən biridir.
Bütün bunlara görə əraziyə aparılan insanlar tur bələdçisi tərəfindən xəbərdar edilməlidir.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnsitutunun ekocoğrafi şöbəsinin müdiri Ənvər Əliyev fikirlərini Olaylar.az-a danışıb.

Ənvər bəy, meşə yanğınlarının səbəbləri nələrdir?
-Meşə yanğınlarının əsasında iki səbəb dayanır.
1)Təbii
2) Antropogen
Müharibə zamanı düşmən tərəfindən xeyli meşə ərazisi tələf edildi.
Ümumilikdə isə meşə yanğınlarının kökündə yuxarıda sadaladığım səbəblər dayanır. İldırım düşməsi, meşələrə insanlar tərəfindən atılan şüşə tullantılar belə yanğına səbəb ola bilər. Dünyanın müxtəlif ölkələrində vulkanlar da şiddətli meşə yanğınları əmələ gətirir. Bütün meşələrdə olduğu kimi, Azərbaycanda da meşələrdə çox böyük meşə "töküntüsü" əmələ gəlir. Meşədəki yarpaqlardan və qırıntılardan əmələ gələn bu töküntü yaş ağaclara və yarpaqlara nisbətən çox tez alovlanır.
Təbii şəraitdə yanğınların yaranmasının səbəbi budur.
Antropogen mənbələr nəticəsində yaranan meşə yanğınlarının böyük hissəsi məlumatsız və məsuliyyətsiz yanaşmadan əmələ gəlir. Bəzən insanlar bilməyərəkdən təbiətə böyük zərər vururlar. Belə ki, onlar səyahət üçün əlverişli və gözəl təbiəti olan yerlərə üz tutduğu üçün yanğınlar da adətən belə yerlərdə baş verir.
Uzun illər ərzində respublikamızın bu cür dağlıq ərazilərində apardığımız tədqiqatlar nəticəsində məlum olub ki, bəzi ərazilərdə insanlar bilərəkdən meşələri qırmalı olurlar. İqtisadi təlabat səbəbindən məsələn, kömür istehsal etmək üçün, meyvə ağacları sahəsi əldə etmək və.s başqa səbəblərə görə meşə sahələrini qırıb, "təmizləyirlər". Qəsdən yandırma halları da bu səbəbdən baş verir.
Yanacaqla təmin olunmayan bəzi dağlıq ərazilərdə kömür istehsalı üçün ağaclar tələb edilir.
-Azərbaycanda ən çox hansı ərazilərdə meşə yanğınları baş verir?
-Azərbaycan ərazisində ən böyük meşə massivi Böyük Qafqazın cənub yamacı payına düşür. İşğaldan azad olunan əraziləri nəzərə almasaq, son onillikdə ən böyük yanğınlar bu ərazilərdə baş verib.
Ərazinin meşə yanğınlarında çox böyük rolu var. Cənub yamacları daha çox günəş enerjisi aldığına görə yanğın hadisələri ən çox burada baş verir. Digər ərazilərdə isə nisbətən az. Böyük Qafqazın cənub yamacları ən çox meşə ehtiyatları olan Balakəndən Girdiman çayına qədər olan ərazilərdir .Bura Şamaxı-Xızı ərazisini də əlavə etsək, ən çox antropogen təsirə məruz qalan ərazi hesab etmək olar. Bu çox böyük ərazidir. İnsanlar istirahət üçün də ən çox bu ərazilərə üz tutur. Böyük Qafqazın Şimal yamacları Quba-Xaçmaz ərazisinin payına düşür.
Şimal yamaclar daha rütubətli olduğundan, təbii yolla yanğın əmələ gəlməsi hadisəsi az-az hallarda baş verir.
Nəticə olaraq, cənub yamacları daha çox istilik düşməsi ilə bərabər, turizm marşrutları, ictimai iaşə obyektlərinin çox olması, həmin ərazidə insan amili ilə yaranan meşə yanğınlarını da artırır.
-Türkiyə kimi güclü bir ölkə belə meşə yanğını ilə mübarizə aparmaq çətinlik çəkdi. Bu problemin böyüklüyündən irəli gəlir, yoxsa tədbirsizlikdən?
-Bildiyimiz kimi, son dövrlərdə ən böyük meşə yanğınları qardaş Türkiyə ərazisində baş verdi. Verilmiş məlumata əsasən, ərazilərdə yanğın bilərəkdən törədilib. Bu, ekoloji terrorun səbəbi qonşu ölkələrin cəsusları və ya öz daxili satqınları da ola bilər. Həmin hadisələr nəticəsində sübut olundu ki, hər hansı bir ölkə təkbaşına belə irimiqyaslı yanğınlarla mübarizə apara bilmir.
Ölkəmizdən və digər ölkələrdən qardaş Türkiyəyə olan yardımlar nəticəsində belə nəhəng meşə yanğınları tez bir zamanda söndürüldü. Həmin meşə yanğınları dünyanın ən gözəl və tarixi olan hissəsində baş verdi. Adətən meşələri bütün dünyanın ağ ciyərləri hesab edirlər. Ona görə də meşələri qorumaq ümumbəşəri borcdur.
-İnsan faktoru olan meşə yanğınlarından mübarizə üsulu nələrdir və maarifləndirmə işi necə aparılmalıdır ?
-Qürurverici haldır ki, meşələrin yanğından mühafizəsi ilə məşğul olan Fövqaladə Hallar Nazirliyinin, yanğından mühafizə dəstəsi yetəri qədər operativdir. Onların maddi-texniki təchizat da lazımi səviyyədədir. Azərbaycanda hələ öhdəsindən gələ bilmədiyimiz meşə yanğınları baş verməyib. Bununla bərabər qabaqlayıcı tədbirlərin görülməsi əsas şərtlərdəndir.
Bir neçə il bundan öncə Ağsu "aşırımında" baş verən yanğın sübut etdi ki, meşə əraziləri qalın ot örtüyündən tamamilə təmizlənməlidir. Xüsusilə, yolkənarı hissələr. Həmin ərazilərdə ot örtüyü vaxtında biçilməlidir ki, ora atılan yandırıcı maddələr alovlanmaya səbəb olmasın. Yaxşı olardı ki, yanğın riski olan ərazilərdə su anbarı tikilsin, su doldurulsun. Həmin anbarlar hündür ərazidə tikilmədilir. Yanğın zamanı yaxınlıqdaki su anbarları nəticəsində alovu dərhal söndürmək mümkün olacaq.
Bu problemin həllində güclü maarifləndirmə işinin aparılması vacib şərtdir. Televiziyada, orta məktəbdə əhaliyə meşələrin mahiyyəti haqqında geniş məlumat verilməlidir. Gələcək nəsillər üçün əsas oksigen mənbəyi olan meşələrin salınması vacibdir. Uşaqlar hələ az yaşlarından bilməlidir ki, meşələrin yanmasına səbəb olan amillərlə ciddi mübarizə aparmaq lazımdır. Pərakəndə turizm marşrutları, ictimai iaşə obyektləri üçün mütləq bu maarifləndirmə işi xüsusi qaydada aparılmalıdır. Marşrut boyunca insanlara bu barədə məlumat vermək və mövcud cərimələr haqqından qabaqcadan məlumat vermək lazımdır. . Yol boyunca avtonəqliyyat vasitələrindən kənara atılan maddələr barədə cərimənin tətbiq edilməsi vacib şərtlərdəndir. Hər birimiz meşələrimizi öz əmlakımız kimi qorumalıyıq. Bu qaydaları bəşəriyyət və öz şəxsi həyatımız naminə yerinə yetirmək vətəndaşlıq borcumuzdur.
Əfsanə Kamal