Dəyişən ailə sütunları, artan cinayətlər, dağılan ailələr...

Son dövrlər qadınlara qarşı cinayət hadisələrində artım müşahidə olunur. Yazını yazmağa hazırlaşdığım zaman Tovuzda ərin  arvadının boğazını kəsərək qətlə yetirdiyi xəbəri  yayıldı.  Cinayət hadisələrinin  daha çox ailə-məişət zəminində  baş verməsi  vəziyyəti daha da acınacaqlı edir.  Problem ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.

Vəkil Hüseyn İsmayılov


-Hüseyn bəy, ailə,qadın, uşaq hüquqları hansı qanunla tənzimlənir?
-Ailə Məcəlləsi Konstitusiyamızda nəzərdə tutulan əsas insan və vətəndaş hüquq və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının, möhkəmlənməsinin, xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini və digər məsələləri tənzimləyir.

Məcəlləyə əsasaən Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.

-Ailədaxili münaqişə zəminində yoldaşını qətlə yetirən şəxs, hansı hallarda cəzadan endirim əldə edə bilir?
-Qanunvericilikdə kimin və hansı formada, hansı şəraitdə qətlə yetirilməsindən asılı olaraq və olmayaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar vardır. 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. 
Bunlara cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə törədilməsi, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi kimi hallar daxildir. Eyni zamanda Cinayət Məcəlləsi cəza təyin edilərkən məcəllədə göstərilməmiş başqa halların da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına biləcəyini qeyd edir.
Odur ki, hər bir baş vermiş cinayət hadisəsinin istintaqı aparılarkən bu və ya digər hallar kompleks halda nəzərə alınır. Hər bir halda cəzanın yüngülləşdirilməsi, cəzadan azadetmə məsələləri məhkəmə tərəfindən müəyyən olunur. 

-Sizcə, qətl hadisəsi törədən şəxsin bir neçə ildən sonra azadlığa çıxması doğrudurmu?
-Cinayət Məcəlləsinin 4-cü bölməsi cinayət məsuliyyətindən və cəzadan azad etmə məsələlərini tənzimləyir. Bəhs etdiyimiz mövzu üzrə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, xəstəliyə görə cəzanı çəkməkdən azad etmə, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə, amnistiya və əfvetmə kimi maddələr əsasında və ya digər əsaslarla şəxs cəza çəkməkdən vaxtından əvvəl azad edilə bilər. 
Qaldı ki bu hal düzgündürmü, yoxsa yox. Bu məsələ çox subyektiv yanaşma tələb etdiyi üçün ümumi olaraq düzgündür və ya düzgün deyil olaraq qiymətləndirmək doğru deyil. Hər bir halda, hər bir individual iş üzrə, şəxsə münasibətdə, törətdiyi əmələ münasibətdə fərqli yanaşma olmalıdır. Unutmayaq ki, cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 

-Valideynlərindən biri digərini qətlə yetirən azyaşlılar kimin öhdəliyinə verilir?
-Ailə Məcəlləsinə əsasən valideynlik hüquqlarından məhrum etmənin əsaslarından biri də uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayətin törədilməsidir.
Belə hal baş verdikdə valideynlik hüquqlarından məhrumetmə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən məhkəmə qaydasında həll edilir.
Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının himayəsinə verilə bilər. 
Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər.
Hər bir halda uşaqların qorunması əvvəlcə onun ailə üzvlərinin, sonra isə dövlətin vəzifəsidir.

Psixoloq Elnur Rüstəmov

-Elnur bəy, cəmiyyətdə qadınlara qarşı cinayət hallarının artmasının psixoloji səbəbləri və həll yolları nələrdir?
-Qadınlara qarşı zorakılıq halları var və bu danılmaz haldır. Zorakılıq halları d aha çox ailədaxili konflikt fonunda baş verir.Keçən əsrin sonlarından başlayaraq bu mənzərəni daha rahat görə bilərik.Dünyada baş verən proseslər istər gender bərabərliyi ,istər ailədaxili münasibətlər  ,istər dəyərlərə yenidən yanaşma baxımından  bir sıra dəyişikliklər baş verdi.  Bu dəyişiklik bu gün də davam edir. Bizim ənənəvi ailə modelimiz var idi. Öncələr kişinin ailədə funksiyası , qadının ailədə görəvi, bunlar dəqiq şəkildə bölünmüşdü. Yəni kişi çalışırdı , işləyirdi.  Qadının işi isə uşaqlara baxmaq, evin qayğıları ilə məşuq olmaq idi. Ancaq biz  müasir dünyada işləyən, təhsilli xanımların günü-gündən artdığını görürük. Şübhəsiz ki, bunların da həyata münasibəti, ailəyə münasibəti tamamilə dəyişib . Bu gün qadının həm ana olaraq,həm iş  xanımı olaraq  vəzifələri artıb. Şübhəsiz ki,ona adekvat bir münasibət olmalıdır. Biz bəzən bunu tam şəkildə cəmiyyətdə görə bilmirik. O ailədə ki, konfliktlər yaranır,o ailədə ki, zorakılıq halları baş verir deməli,  tərəflər daha çox öz zamanları ilə müqayisə edirlər. Məsələn, mənim anam başqa cür idi atama qarşı, mənim atam başqa cür idi anama qarşı və s. Müqayisə edəndə və ortada böyük bir fərq olanda biz görürük ki, tərəflər münasibəti düzgün bir formada idarə etməkdə çətinlik çəkirlər. Bir şeyi nəzərə almaq lazımdır ki, ailə ortamı insan emosiyasına ən çox hərəkətdə olduğu bir ortamdır. Ailədə konflikt olursa o zamanında həll olunmursa zamanında dəstək göstərilmirsə zaman keçdikcə bu ailədə həm tərəflərin həm də o ailədə böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərir. İkinci bir məqam boşanma ilə bağlıdır.  Bizdə  boşanma mədəniyyətinin tam şəkildə formalaşmaması  bir sıra problemlər yaradır. Bir qismi boşanmanı faicə kimi qəbul etdiyi üçün boşanmır. Ancaq ailədə şiddət və zorakılıq halları davam edir. Bu gün zərərli vərdişlərdən asılı olan insanlarımız çoxdur. Bura narkotiki də daxil etmək istəyirəm. Mərc oyunları alkoqol və digər psixoaktiv maddələrdən əziyyət çəkən insanlar evdə ailə üzvlərinə qarşı daha çox aqressiya  göstərirlər. Bu da ailədə münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır. Bu gün bizim edəcəyimiz iş əsasən maarifləndirmə işidir. Psixo prafilaktik işləri aparmaq , problemli ailələrin müəyyən edilməsi vacibdir. Sosioal işçilərin rolu artmalıdır. Problemli ailələrin zamanında aşkar edilməsi və onlara həmin  sosial psixoloji dəstəyin göstərilməsi vacib bir məqamdır. Nə qədər çox maariflənmə, profilaktik işlər aparılarsa bir o qədər də bu cür qətl bədbəxt hadisələrin qarşısını almış olacağıq. Evlənmədən öncə yaxşı olardı ki,tərəflər həm tibbi həm də psixoloji müayinədən keçsinlər. Boşanma ilə bağlı müraciət edən ailələrə də psixoloji baxımdan dəstək göstərilsin.Bu istiqamətdə maarifləndirmə profilaktik işlər görülərdə mən düşünürəm ki, ailədaxili konfliktlər zorakılıq halları azalacaq".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31