Alqı-satqı zamanı niyə şifahi razılaşmaya üstünlük veririk?

Son vaxtlar insanların dövlət və özəl qurumlar, eləcə də sadə vətəndaşlar tərəfindən aldadılması məsələsi xeyli aktuallaşıb. Ən xırda görülən işdən tutmuş bank əməliyyatları, mənzil və avtomobil alqı-satqısına qədər vətəndaşların aldaılmasının şahidi oluruq. Hələ bazar-dükanlarda baş verən özbaşnalıq bir yana, haqlı olduğunu sübut edənə qədər səninki sənə gəlir. Qiymətlər piştaxtalarda bir, kassalarda başqa cür əks olunur. Etiraz bildirəndə isə sadəcə olaraq "səhv düşüb" deməklə vəziyyətdən çıxırlar. Nəticə etibarilə isə tərəflər arasındakı münasibətlərin qanunvericiliklə tənzimlənməsinə baxmayaraq bir çox hallarda sadə vətəndaşların etibarından sui-istifadə hallarına yol verilir. Daha dəqiq, görülən işlər və xidmətlərə görə imzalanan müqavilələr əksər hallarda vətəndaşların maraqlarına ziddir. Vətəndaşlar isə alqı-satqı zamanı oxumadan, şərtlərlə tanış olmadan müqaviləyə imza atrılar. Məlumat üçün qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, görülən işlər və göstərilən xidmətlər tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilməlidir. Əgər qanunvericiliklə təsdiq olunmuş forma yoxdursa, müqavilə şərtləri tərəflərin razılığı ilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri isə bir sıra  tələblərə cavab verməlidir. Bu tələblər aşağıdakılardan ibarətdir: Tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; öhdəliklərin ardıcıl olaraq fasiləsiz, təhlükəsiz və keyfiyyətlə yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; öhdəliyini yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Çox təəssüf ki, əksər hallarda ölkədə görülən işlər və göstərilən xidmətlər yalnız şifahi müqavilə əsasında həyata keçirilir. Bağlanılan müqavilələrdə isə ikitərəfli razılaşma deyil, xidmət və iş sahibinin maraqları təmin olunur. Əksər müqavilələrdə sifarişçi tərəfin hüquqları deyil, yalnız öhdəlik və məsuliyyətləri əksini tapmış olur. Nətcədə  göstərilən keyfittəsiz xidmətə görə maddi təzminat tələb etmək müşkül məsələyə çevrilir. Belə hallar adi məişət avadanlıqlarının alınmasından tutmuş, borc və kredit müqavilələrinə qədər baş verməkdədir. Hazırda banklarla müştərilər arasında yaranan anlaşılmazlıqlar da məhz müqavilələrin ikitərəfli razılaşma olmadan bağlanması hesabına yaranır.  Məlumat üşün qeyd edək ki,  Mülki Məcəlləyə edilən dəyişikliyə əsasən ölkədə üç min manatdan yuxarı məbləğdə bağlanan borc müqaviləsi yazılı formada olmalıdır. Əvvəllər qüvvədə olan qanunvericiliyə əsasən, borc müqaviləsi şifahi bağlanırdı, tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilərdi. Təəssüf ki, bu yenilik yalnız borc müqaviləsini tənzimlədiyindən digər sahələrə şamil edilmir. Belə halda, vətəndaş müqavilə bağlayarkən hansı hallara diqqət yetirməlidir?  Məlumat üçün qeyd edək ki, müqaviləyə imza atanadək istehlakçı onun şərtlərini bənd-bənd oxuyub araşdırmalı və şərtlərin ona tam aydın olduğuna əmin olmalıdır. Alqı-satqı müqaviləsi imzalanarkən, orada yazılan bütün şərtlər mütləq oxunmalıdır. Əks təqdirdə, istehlakçının imzaladığı müqavilədəki şərtlər onun ziyanına ola bilər. Aydın olmayan hər hansı ifadə, yaxud şərtlə rastlaşdıqda bu sahə üzrə mütəxəssislə məsləhətləşmək olar. Müqavilə ilə tanışlıq zamanı kiçik şriftlərlə yazılmış informasiyalara diqqət yetirmək lazımdır. Əsasən müqavilə imzalayan istehlakçılar bu mətnlərə diqqət yetirmir və nəticədə özünə sərfəli olmayan şərtlərlə müqavilə bağlamağa gətirib çıxarır. Müqavilə alqı-satqı, xidmət göstərilməsi zamanı malın (işin, xidmətin) təqdim edilmə müddəti, qiyməti və digər şərtləri barədə istehlakçı ilə satıcı arasında şifahi yaxud yazılı razılaşmadır. Yazılı müqavilə kassa çeki, qəbz və digər sənədlərlə rəsmiləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1. maddəsinə əsasən, "Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi, yaxud xitamı haqqında iki və daha artıq şəxsin razılaşması müqavilə sayılır". Quruluşuna görə müqavilə preambula, əsas və son hissədən ibarət olur. Mülki dövriyyədə iştirakçılar arasındakı münasibətlər bir qayda olaraq çoxsaylı müqavilələrlə nizama salınır. Hər bir müqavilə hüquqi məqsəd güdür. İstehlakçılara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi forması pərakəndə alqı-satqı, sifariş, daşıma və s. müqavilələridir. Müqavilədə onun məzmunu, tərəflərin hüquqları, öhdəlikləriləri, müddəti, mübahisələrin həlli qaydası, fors-major, yekun müddəalar, tərəflərin hüquqi ünvanları, rekvizitləri və s. əksini tapmalıdır. Müqavilədə həmçinin malın (işin, xidmətin) qiyməti, keyfiyyəti, ödəniş forması, malın təhvili, qəbulu, qablaşdırma, nişanlanma, tərəflərin məsuliyyəti və başqa şərtlər göstərilə bilər. İcraçı tərəfindən öhdəliklərin icra edilmədiyi, yaxud lazımınca icra edilmədiyi hallarda, və qüsurlar aradan qaldırılmadıqda və digər problemlər yarandıqda istehlakçı öz hüquqlarını yalnız bağlanmış müqavilə ilə müdafiə edə bilər. İstehlakçılar bilməlidir ki, müqavilə imzalayarkən yol verilmiş diqqətsizlik, səhv, anlaşılmazlıq onun iradəsinin sərbəst ifadəsi kimi başa düşülə bilər. Nəzərə almaq lazımdır ki, dövlət orqanları, vəzifəli şəxslər və məhkəmələr tərəfindən bu və ya digər problem araşdırılarkən, mübahisələr həll edilərkən tərəflərin öz iradəsini müqavilədə necə əks etdirdiyi əsas götürülür. Ona görə də istehlakçılar birinci növbədə iş görülməsi və xidmət göstərilməsi zamanı müqavilə bağlamalı və bu işdə çox diqqətli olmalıdır. Mal alarkən, işi sifariş edərkən diqqətsizliyə yol vermək, tələskənlik, müqavilənin şərtləri ilə yaxından tanış olmamaq çox böyük maddi zərərə, mənəvi sarsıntılara və zaman itkisinə səbəb ola bilir. Odur ki, vətəndaşlar alqı-satqı edərkən və yaxud xidmət göstərilən zaman şifahi razılaşmaya deyil, yazılı müqaviləyə üstünlük verməlidir. Yalnız bu halda hüquqların etibarlı müdafiəsini təmin etmək mümkün olur.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31