İmtahanda dörd səhv bir düzü aparırsa, ixtisas seçimindəki bir səhv gələcək 30-40 ili aparır

Universitetə qəbul olmaq, tələbə adını qazanmaq hər bir abituriyentin arzusudur. Universitetə qəbul olmaq və gələcək peşə həyatını formalaşdırmaq üçün düzgün ixtisas seçimi isə  ən vacib mərhələlərdən biridir. Bugünki ixtisas seçimi gələcək həyatımıza təsir etdiyindən bu mərhələdə bir sıra vacib nüanslara diqqət yetirmək lazımdır. Bəzən abituriyentlər bu seçimə səthi yanaşır və topladığı bal hara uyğundursa heç araşdırma etmədən, o ixtisasa uyğun olub-olmadığını düşünmədən, sırf tələbə adını qazanmaq üçün seçim edirlər. Bəzən isə tam əksinə hadisələr baş verir. Abituriyent yüksək bal toplamasına rəğmən universitetə qəbul ola bilmir. Buna səbəb isə ixtisas seçiminin düzgün edilməməsidir.

Bu gün abituriyentlər ixtisas seçimi edərkən, əsasən valideynlərin istəklərinə uyğunlaşmağa çalışırlar. Bu isə hər zaman yaxşı nəticə vermir. Bəs ixtisas seçimi edərkən nələrə diqqət edilməlidir? Populyar sahələrə qaçmaq nə dərəcədə doğrudur? Populyar ixtisas sahələri ilə yanaşı, hansı müasir ixtisaslarda tələbələrə ehtiyac var?

"Yaxın 30 ildə mövcud ixtisasların 50%-i artıq olmayacaq. Ona görə də  artıq yeni ixtisaslar, yeni istiqamətlər seçilməlidir"

Bakı Mühəndislik Universitetinin prorektoru, təhsil eksperti Elçin Süleymanovun sözlərinə görə, abituriyentlər ixtisas seçərkən öz qabiliyyətlərinə, topladıqları bala, eyni zamanda, gələcəkdə 25-30 il işləyəcəkləri peşəyə, ixtisasa baxaraq qərar verməlidirlər:
"Doğrudur, burada valideynlər daha çox abituriyentlərin ixtisas seçimi ilə maraqlanırlar. Amma mən burda abituriyentlərin söz haqqının olmasının daha düzgün olacağını düşünürəm. İxtisas seçimi onların qabiliyyəti əsasında olmalıdır. Çünki kənardan baxanda bir maliyyəçi ilə bir mühasib eyni ixtisas kimi görünür, amma o qədər bir-birindən fərqli xüsusiyyətləri var ki... Mühasib rəqəmlər, ayrıntılar ilə məşğul olur, maliyyəçi isə iqtisadi risklər və s. ilə. Dolayısıyla onun psixoloji testi edilərək, daha səbrli, daha uzun müddət rəqəmlə işləyə bilən ilə daha çılğın, daha emosional birinin ixtisas seçməsində mütləq fərdi keyfiyyətləri diqqətə alınmalıdır. Ona görə təbii ki, birinci topladığı bal əsas olmalıdır ki, o bala ekvivalent ixtisas seçməlidir. Amma mən bu şəkildə tövsiyyə edərdim ki, birinci abituriyentlər hansı ixtisasda oxumaq istəyirlərsə, onu müəyyənləşdirməlidir. Daha sonra o ixtisası ən yaxşı harda oxuyacaqsa, onu müəyyənləşdirməlidir. Yəni, yığdığı bala ekvivalentliyini, o ixtisası oxuyacağı universiteti seçəndə daha düzgün olur. Məsələn, abituriyent düşünür ki, o kompüter mühəndisi olmaq istəyir, bu zaman kompüter mühəndisliyini ən yaxşı harda oxuya bilər, bunu qərarlaşdırmalıdır.

Azərbaycanda 51 universitet var və müəyyən sahələr var ki, müəyyən universitetlər həmin sahələr üzrə ixtisaslaşıb. Universitet adı çəkmək istəmirəm, amma deyək ki, ənənəsi, illərlə tədris təcrübəsi olan bir universitetdə bir ixtisası öyrənmək, yeni açılan və ya tədris keyfiyyəti, pedaqoji heyəti yeni formalaşan bir universitetdə oxumaqdan daha fərqlidir. Ona görə o ixtisası ən yaxşı harda oxumalı buna qərar verməlidir.

Düşünürəm ki, gənclər sosial şəbəkələrdə, müxtəlif təhsil forumlarında və universitet səhifələrində universitetlər, onların məzunlarının uğurları haqqında məlumatları izləməlidir və düşünməlidir ki, 4-5 il sonra mən də məzun olacam və bu universitet məzununun iş tapmaqda və xaricdə təhsil almaqda hansı uğurları var.

Eyni zamanda, abituriyentlər populyar, müəyyən qədər yaxşı səslənən ixtisaslardan uzaq qaçmalıdır. Çünki 4 il sonra həmin ixtisasda özü çalışacaq. Yəni, doğrudur, bu tendensiya getdikcə azalır. Amma 15-20 il əvvəl abituriyentlər üçün ən populyar ixtisaslar hüquq, beynəlxalq münasibətlər və s. idi. Sonradan abituriyentlər düşündü ki, məsələn, Azərbaycanın neçə ölkədə səfirlikləri var, yəni, təxminən nə qədər diplomata ehtiyac var və s. Bir az daha real düşünməli olurlar və eyni zamanda, ixtisaslarla əlaqəli gələcək tendensiyaları da diqqətə almalıdırlar. Elə ixtisaslar var ki, artıq texnika, süni intellekt onları əvəz edir. Oxford Universitetinin keçən illərdə bir tədqiqatı var idi ki, yaxın 30 ildə mövcud ixtisasların 50%-i artıq olmayacaq. Ona görə də, artıq yeni ixtisaslar, yeni istiqamətlər seçilməlidir. Bu istiqamətlər arasında kompüter texnologiyaları, tibbi-biologiya, gen mühəndisliyi, aqrar mühəndisliyi, maliyyə mühəndisliyi, kiber təhlükəsizlik, data elminin müxtəlif istiqamətləri, data analitikası və s. kimi müasir ixtisaslar, proqramlanma istiqamətləri, tibbi-biologiya istiqaməti, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və onlayn ticarəti və s. kimi istiqamətlər gələcəkdə daha populyar ola bilər.

Bir də onu qeyd edim ki, abituriyentlər ixtisas seçimi ilə yaxın 30-40 ilini şəkilləndirəcək. Məsələn, imtahanda dörd səhv bir düzü aparırsa, ixtisas seçimindəki bir səhv gələcək 30-40 ili aparır. Ona görə çox diqqətli olmaq lazımdır. Əgər abituriyentin sevdiyi ixtisas topladığı bala ekvivalent deyilsə, istəmədiyi yerdə dörd il oxuyub, istəmədiyi peşədə 30 il çalışmaqdansa, bir il daha yaxşı çalışaraq, hazırlaşaraq, istədiyi ixtisasda oxuması daha məqsədəuyğundur.

Burda qeyd etdiyim kimi, artıq gənclər üçün alternativlər də çoxdur. Yerli ali təhsil müəssisələri, xaricdə təhsil proqramları, dövlət xətti ilə müxtəlif alternativlər var. Mən abituriyentlərin bakalavr təhsilini Azərbaycanda almalarının tərəfdarıyam. Magistr təhsili üçün isə xaricə gedə bilər, imkanlardan istifadə edə bilərlər. Amma qeyd etdiyim kimi, Azərbaycanda təhsil almaları üçün hansı universitetlərdə ciddi texniki baza varsa, onlara baxılmalıdır. Eyni zamanda, abituriyentlər ödənişli təhsildən qaçır. Düzdür, onları, ailələrinin vəziyyətini başa düşmək lazımdır. Amma artıq təhsil alanların yarısı dövlət sifarişi əsasında oxuyur və ödənişli əsaslarla təhsil almaq istəyənlər üçün isə Tələbə Təhsil Krediti Fondu var. Abituriyentlər bundan da istifadə edə bilər. Yəni krediti alıb, təhsil haqqını ödəyib, daha sonra yaxşı oxuduğu zaman bunun müəyyən bir hissəsi bağışlanır, yerdə qalan hissəsini isə gələcəkdə 10-15-20 il sonra geri qaytarırlar. Ona görə, ödənişsiz, istəmədiyi ixtisasda oxuyub, sonra da işsiz qalmaqdansa, ödənişli bir ixtisası Tələbə Təhsil Krediti Fondunun köməyi ilə oxuyub, daha sonra da yaxşı iş tapıb, əmək haqqı ilə bu krediti geri qaytarması həm də valideyninə yük düşürməz, özü öz qazancı ilə təhsil haqqını ödəyər. Ona görə də buna da etməlidirlər. Yəni, sırf dövlət sifarişi  əsasında oxumaq üçün istəmədiyi ixtisası oxumaqdansa, gələcəkdə perspektivi olan bir ixtisası ödənişli oxumaq olar. Çünki təhsilə qoyulan investisiya ən çox geri dönüşü olan investisiyalardan biridir".

"Azərbaycanda insanların 80%-i öz oxuduqları ixtisas üzrə deyil, fərqli-fərqli sahələrdə işləyir"

Təhsil eksperti Ramal Şəmşədlinin sözlərinə görə, düzgün ixtisas seçimi üçün ən başından düzgün qrupu müəyyənləşdirmək lazımdır:

"Abituriyentlər ixtisas seçimi edərkən əsasən qrup seçiminə diqqət etmir. Ona görə də bu il imtahan nəticələri çox aşağıdır. Səbəb ondan ibarətdir ki, məsələn, abituriyent I, II, III, IV qrupa hazırlaşır, amma nəyə görə həmin qrupa hazırlaşdığını bilmir. Bilirik ki, I qrupda mühəndislik fakültəsi əsas rol oynayır. Şagirdə baxırıq ki, riyaziyyatı demək olar ki, sıfırdır, riyaziyyata heç marağı, anlayışı yoxdur. Amma I qrupa hazırlaşır, nəticə etibarilə çox aşağı bal toplayır. Və yaxud da ki, humanitar fənlər ilə arası olmayan şagirdlərimiz olur, yönəlirlər III qrupa. Yəni, birinci növbədə şagird bilməlidir ki, hansı ixtisasa daha çox marağı, meyli var, o ixtisas üzrə qrupunu müəyyənləşdirməlidir ki, aşağı bal toplamasın.

İkinci növbədə, şagirdlər sırf universitetə qəbul olmaq üçün ixtisas seçməməlidirlər. Məsələn, şagird istəyir kompüter mühəndisliyini oxusun, amma balı çatmır. Bu zaman sırf tələbə adını qazanmaq üçün daha aşağı ixtisasları seçir. Buna valideynlər də diqqət etməlidir. Çünki tələbə sevmədiyi bir ixtisas üzrə oxuduğu zaman bu həm özü üçün yararsız olur, həm də peşəkar ola bilmir. Bitirdikdən sonra da fərqli sahələrdə işləyirlər.

Azərbaycanda araşdırma aparsanız görərsiniz ki, insanların 80%-i öz oxuduqları ixtisas üzrə deyil, fərqli-fərqli sahələrdə işləyir. Bunun səbəbləri tələbənin valideynin istəyi ilə təhsil alması, səhvən o sahəni seçməsi və s.-dir. İndi elə ixtisaslar var ki, çox mənasız və vaxt aparandır.

Şagirdlərimiz indi özləri də ixtisas seçiminə qərar verə bilmirlər, bu bizim ən böyük problemimizdir. Hamısı fikirləşir ki, mən bu ixtisası oxusam, nə işləyəcəm? Bu ixtisası oxusam nə işləyəcəm yox, hansı işləri qura bilərəm, onu fikirləşmək lazımdır. Bunun üçün düzgün ixtisas seçimi məktəbdə aşağı siniflərdən başlayır. Heç olmazsa, 8-9-cu siniflərdə şagirdlər düzgün qrup və ixtisaslarını müəyyənləşdirməlidirlər. Mən bunu hər zaman demişəm, bunun üçün mütləq şəkildə məktəblərdə ixtisas seçimi ilə bağlı potensial müəyyənləşdirmə, dəyərləndirmə testləri, psixoloji testlər tətbiq olunmalıdır. Testdən keçəndən sonra məktəb onu müəyyənləşdirməlidir ki, bu uşaqlar hansı istiqamət üzrə təhsil ala bilər. 11 il az bir zaman deyil. 11 ərzində valideynlər də, şagirdlər də çox böyük əziyyət çəkirlər və nəticə etibarilə şagird gedib imtahan verir. Necə ola bilər ki, 11 il oxuyan bir şagird gedib 30-40 bal toplasın? İnanın ki, bunların hamısının başında düzgün ixtisas seçməmək, valideyn basqısı və s. var. Həm də bizdə məcburiyyət məsələsi var. Valideyn fikirləşir ki, mənim övladım 100/100 universitet oxumalıdır. Ola bilər ki, şagirdin oxumağa marağı yoxdur, amma çox gözəl əl qabiliyyəti var. Belə şəraitdə mütləq istədiyi sahəyə yönləndirilməli və arxasında durulmalıdır ki, bu sahədə özlərini inkişaf etdirə bilsinlər.

Mən deyərəm ki, pis ixtisas yoxdur, bütün sahələr yaxşı və lazımlıdır. Sadəcə bizim gənclərimiz fikirləşməməlidir ki, mən bu ixtisası bitirən kimi çox yaxşı bir yerdə işləyəcəm. Hər şey özümüzdən, özümüzü inkişaf etdirməyimizdən asılıdır. Doğrudur, son zamanlarda baxırıq ki, ziraat, aqronom sahələrinə dövlətimizin də böyük dəstəyi var, çox önəmli sahələrdən biridir. Bu gün bu sahələrdə olan mütəxəssislərin çoxu xaricdən gəlir. Son 2-3 ildə bu sahəyə daha çox maraq və təlabat artıb. İqtisadiyyat, hüquq, mühəndislik və s. çox yaxşı sahələrdir. Yəni, oxuyan üçün hər ixtisas çox gözəldir. Birinci növbədə abituriyent peşəni, sahəni sevməlidir. Araşdırma aparmalıdır ki, mənim bu sahə üzrə hansı iş imkanlarım var və s. Mütləq şəkildə təbliğatlar, maarifləndirmələrə aparılmalıdır ki, şagirdlərin özünü harda gördükləri ortaya çıxsın.

Bəzən ola bilir ki, uşağın topladığı bal ixtisasa uyğun deyil. Amma valideyn həmin ixtisası dövlət sifarişi əsasında yazır və uşaq qəbul ola bilmir. Bunlara ciddi mənada diqqət olunmalıdır. Bu ilki məzunlarımız artıq ixtisas seçimlərini ediblər. Amma mütləqdir ki, 9-10-cu sinif şagirləri ixtisas seçimi üçün araşdırma aparsınlar. Hətta məktəblərdə psixoloji testlər aparılmırsa, psixologiya mərkəzlərindən yardım alsınlar.

Sahənin heç bir fərqi yoxdur. Hər şey bizim özümüzü yetişdirməyimizdən asılıdır. Bunun üçün də sahəni sevmək lazımdır ki, getdiyimiz ixtisas üzrə peşəkar ola bilək".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31