“Psixoloq seanslarının baha olması peşəkarlıqla ölçülmür”

Müasir dövrdə əsəb, stress, gərginlik, depressiya və s. kimi səbəblərdən dolayı psixoloq xidmətlərinə tələbat xeyli artıb. Bu gün təkcə böyüklərin deyil, məktəblilərin, azyaşlıların da psixoloq xidmətinə ehtiyacı var. Lakin təəssüflər olsun ki, illər öncə ilə müqayisədə bu gün ölkədə "psixoloq" adı ilə fəaliyyət göstərən şəxslər həddindən artıq çoxdur.

Əksəriyyətinin bu sahənin bilik və bacarıqlarına yiyələnmədən özünə "psixoloq" adını verdiyini düşünsək, müasir dövrdə maddiyyatı da önəm tutaraq düzgün psixoloq seçimi etmək çox çətindir.

Bəs necə edək ki, psixoloq seçimində yanılmayaq? Əksər sosial media sayəsində tanınmış psixoloqların seans qiymətlərinin daha az tanınan peşəkar psixoloqların seans qiymətindən qat-qat yüksək olmasının səbəbi nədir?

Sosioloq Lalə Mehralı deyir ki, elə bir dönəmdən keçdik ki, psixologiyası tam sağlam olan insanlar belə istər-istəməz psixoloji problemlər yaşadı, dəstəyə ehtiyacı oldu. Lakin psixoloq qiymətlərini görən şəxs psixoloqa müraciət etmək fikrindən vaz keçir:

"Psixoloq qiymətləri 50-70 arasındadır. Bölgələrdə nisbətən aşağıdır, 20-30-40 manat aralığında. Amma təbii ki, bu rəqəm bölgə əhalisinin gəlirinə adekvat deyil. Bilmirəm, psixoloq yardımı hazırda ayrıca həkim xidməti kimi İcbari Tibbi Sığortaya daxil edilibmi?  Bildiyimə görə sığorta ilə əməliyyat olunan və yaxud da müalicəsi sığorta hesabına aparılan bəzi xəstəliklərin bərpa müddətində psixoloq yardımı sığortaya daxil edilir. Yəni, tutaq ki, eşitmək və görmək ilə bağlı hər hansı problemi olmuş insanın sığorta çərçivəsində problemi aradan qaldırılır və onun yenidən adaptasiyası üçün psixoloq yardımı paket çərçivəsində təqdim olunur. Lakin psixoloq, psixiatr yardımına ehtiyacı olan insanların sığorta çərçivəsində sərbəst istifadəsinin mövcudluğu haqqında hər hansı bir informasiyaya rast gəlməmişəm. Amma çox lazımlı olardı ki, sığorta paketinə psixoloq və psixiatr yardımı da daxil edilsin. Çünki elə bir əsrdə yaşayırıq ki, problemli insanların sayı həddindən artıq çoxdur.

Bəşəriyyət elə bir çətin vaxtdan keçdi ki, əsəbləri, psixologiyası tam sağlam olan insanlar belə istər-istəməz gərginlik, psixoloji problemlər yaşadı. Buna görə də əksər insanın dəstəyə ehtiyacı oldu. Lakin psixoloqların mövcud qiymətlərini görən, duyan, bilən, müraciət etmək fikrinə düşən şəxs fikrindən vaz keçməli olur. Çünki büdcəsinə uyğun deyil. Təxminən 10 seans alsa, minimum 500 manat edir. Bu da təbii ki, büdcəyə uyğun deyil, hər ailə büdcəsi bunu qarşılamaq iqtidarında deyil. Ona görə insanlara pulsuz psixoloji yardımla bağlı dəstək vermək lazımdır. Bu qeyd etdiyim kimi, sığorta tərkibində də ola bilər, dövlət təşkilatlarının, qurumların təşəbbüsü ilə onlarım nəzdindəki peşəkarların dəstəyi ilə həyata keçirilən bir kompaniya ola bilər, bölgə-bölgə, rayon-rayon bunu edə bilərlər. İnsanlara motivasiya vermək, əhval-ruhiyyələrini düzəltmək, depressiyadan çıxartmaq üçün seminarlar, kurslar, hər hansı təlimlər təşkil etmək olar. Yəni sadə xalqa dəstək vermək vacibdir. Çünki mövcud gəlirlər ilə o yükün altından heç kim çıxa bilməz. Əgər problemi varsa da, elə problem olaraq da qalır. Çünki həll eləmək üçün mövcud vəziyyətində onun vəsaiti yetmir.

Bir də çalışıb insanlara efirlərdən müsbət enerji ötürmək lazımdır. Mətbuatın,  ümumiyyətlə kütləvi informasiya vasitələrinin gücü bu məsələdə böyükdür. Hər gün sosial problemlərlə yüklənmiş, sosial tərkibli proqramlara baxan insanlarda təbii ki, nə psixoloji sabitlik, nə əhval yüksəkliyi qalar.

Mən keçən dəfə bir yerdə oldum, məcburi həmin mühitdə 5 dəqiqə gözləməli idim. Həmin olduğum mühitdə 5 dəqiqə ərzində sosial yönümlü proqramlardan birini dinləmək məcburiyyətində qaldım. İnanın ki, mənim günlərlə əhvalım düzəlmədi. O proqrama 5 dəqiqə qulaq asdım deyə çiynimə o qədər böyük yük oturdu, o qədər pessimizm, mənfi enerji, mənfi emosiyalar ilə yükləndim ki. Görün insanlar özü-özünə nə qədər böyük pislik edir ki, o proqramları hər gün serial formasında izləyir. Yəni bundan sonra insanlarda nə psixoloji sabitlik qalar, nə də möhkəm psixoloji dözüm. Ona görə də efirdə də bu cür verilişlərə yer az ayırmaq lazımdır. İnsanlara müsbət yüklü, müsbət enerjili məlumatlar, materiallar ötürmək lazımdır".

Psixoloq Mələk Kərimovanın sözlərinə görə, insanlar sosial şəbəkələrdə izləyicisi çox olduğu üçün tanınan və seans qiymətlərini yüksək edən "psixoloqların" peşəkar olduqlarını düşünüb, onlara müraciət edirlər:

"Ümumiyyətlə son dönəmlərdə ölkəmizdə bu sahədə çox böyük bir bazar var və eyni zamanda, təəssüf ki, burada yalnış aparılan işlər də var. Belə ki, qeyri-ixtisasdan olan, yaxşı nitq qabiliyyətinə sahib olan, amma peşəkar olmayan, ixtisası bitirməyən müxtəlif ixtisaslardan gələn, sadəcə mərkəzlərdə 3-6 aylıq kurslara gedərək sertifikat alıb özünü psixoloq elan edənlərin sayı kifayət qədərdir. Çox təəssüf ki, belə insanların əgər dediyim kimi də bir az reputasiyasını artırmaq üçün yaxşı nitqi varsa, Instagram-da videolar paylaşırsa, ətrafına bir kütləni yığa bilirsə, o zaman istər-istəməz izləyici sayı artır və psixoloq axtaran şəxs də izləyici sayı çox olan psixoloqun yaxşı psixoloq olduğunu düşünməyə başlayır. Halbuki, bunun izləyici sayı ilə heç bir əlaqəsi yoxdur, media bəzən bizi yanılda bilir. Ona görə də psixoloq seçərkən əslində peşəkar şəxs bir başqa "psixoloq"ları dinləyərkən onun sahədən olub, olmadığını nitqindən, istifadə etdiyi terminlərdən, yanaşma tərzindən anlaya bilir. Çox zaman psixologiyada həyatla əlaqəli situasiyalar çox olduğu üçün burada elə bil öz məişət təcrübəsini psixologiya elmi kimi təqdim edənlər də olur. Yenə deyirəm, sahədə kifayət qədər qeyri-ixtisasdan olan, amma özünü psixoloq kimi hiss edən insanlar var və xalq da aldana bilir. Ona görə də psixoloqa müraciət edən şəxs mütləq ən azından yaxşı bir araşdırma aparmalıdır ki, bu şəxsin, getdiyi psixoloqun iş təcrübəsi nədir, haranı bitirib, hansı təlimlərdən keçib. Yəni, sertifikatları, kurslarının sayı onun peşəkarlığını göstərməyəcək. Çünki seansların keçirilməsində də müxtəlif yanaşmalar var və o yanaşmalar istiqamətində də psixoloqlar ixtisaslaşır. Məsələn, adi söhbətin aparılma qaydasının belə neçə illik təlimləri var. Hansı nəzəriyyə ilə yanaşılacaqsa, onun təlimləri var. Məsələn, pozitiv terapiyanı keçmək üçün psixoloq olaraq pasiyentin ilə məşğul olacaqsansa, kifayət qədər saat var və 2-3 illik dövrü əhatə etməlisən ki, sən o sahə üzrə, o nəzəriyyəyə əsasən seanslarını aparırsan. Eləcə də digər nəzəriyyələrə uyğun seansların aparılma qaydaları var ki, orda da yenə kifayət qədər vaxt lazımdır ki, sən universiteti bitirdikdən sonra o sahədə müəyyən maddiyyat sərf edərək və o sahədə öz sözünü demiş insanlardan, ya da dərnəklərdən, məsələn, son illərdə psixoloqlarımız bu təlimləri Türkiyədən alır, təlimlər alaraq, öz üzərində işləyəsən. Diplomuna baxılmalıdır. Təbii ki, diplom şərtdir, amma baxmaq lazımdır ki, diplomu aldıqdan sonra o bacarıqlara nə qədər yiyələnib, nə qədər sahibdir. Bu insan öz üzərində nə qədər işləyir? Hədsiz məişət söhbətləri aparırsa və yaxud kütləsi çoxdur, amma baxdığınız zaman xalqa xitab edən, xalqın istədiyi cümlələri istifadə edir, sanki, psixologiya elmi kimi. Bu çox yalnış yanaşmadır. Yəni, belə seçimlər etmək məsləhət deyil. Amma çox təəssüf ki, burda cəmiyyət olaraq hamının üzərinə bir öhdəlik düşür. Bu öhdəlik nədən ibarətdir? Təəssüf ki, televiziya kanallarına psixoloqu dəvət edəndə heç orda da soruşmurlar, ordakı jurnalistlər də inanır ki, məsələn, tanınmış psixoloqdur, gəlir çıxış edir. Amma sahədən olan insanlardan olaraq mən bilirəm ki, o tanınmış psixoloq hüququ bitirib, amma özünü psixoloq elan edib. Təbii ki, jurnalist onu çağıranda onun psixoloq olduğuna həqiqətən inanıb çağırır və belələri artıq mediada çıxış etdikcə repertuarı daha da artır, daha da tanınır və nəticədə seans qiymətlərini də qaldırırlar.

Hətta burda bir şeyi də qeyd edim ki, bəzən mən özüm də müəyyən verlişlərə çıxmışam və orada bu sahədə dosent olduğu elan edilən, ya da dərəcəsi olan insanların nə qədər sahədən uzaq olduqlarının da şahidi olmuşam. Çünki, müəyyən dönəm səhv eləmirəmsə,  məktəblərdə psixoloq ehtiyacını qarşılamaq üçün müəllimlik ixtisasına 6 aylıq kurslar keçdilər və onlar oldular psixoloq. Yəni, Azərbaycanda o boşluğu doldurmaq üçün belə bir rəsmi prosedur oldu. Bundan sonra da əslində məsələn, rus dili-ədəbiyyat müəllimidir, amma gəlib olub psixoloq. 6 aylıq kurs ilə ən az 100 illik tarixi olan bir sahənin öyrənilməsi nə qədər doğru olar? Yəni belə şeylər də oldu ki, o da mane oldu. Məsələn, məktəbdə işləyən psixoloqlar nə qədər profesionaldır? Son dönəmlər gələnlərə bir şey demirəm. Amma daha öncə o ştatlarda işləyənlərin çoxu qeyri-ixtisasdandır və uşaqlara yanaşmanı, necə davranacaqlarını və s. bilmirlər.

Burda ödəniş məsələsinə gəldiyimiz zaman, bu müxtəlif şirkətlərdə, müxtəlif qurumlarda işləyən mütəxəssislərin ödənişi qurumun siyasəti olur. Yəgin ki, orda bir çox faktorlar nəzərə alınır və bunlar nəzərə alınaraq müəyyən bir məbləğ təklif olunur. Həmin ödəniş məbləğindən də psixoloqun məvacibi təyin olunur. Amma burada fərdi üslubda işləyən psixoloqlar da var. Dediyim kimi, bəzən çox yanıldıcı bir faktor olur, qiymətin yuxarı olması peşəkarlıqla  ölçülmür. Düzdür, ola bilər ki, peşəkardır və ödəniş məbləği yüksəkdir. Amma bir çoxuna baxdığımız zaman qiyməti yüksək qoyub, özünün peşəkar olduğunu deyir, imicini yaratmağa çalışır. Amma təbii ki, burda əsas söhbət verdiyi xidmətdən və bu xidmətdən pasiyentin nə qədər məmnun qalmasından gedir. Onsuz da bir seans müəyyən məbləğ ödəyib gedən pasiyent faydalanmırsa, ikinci, üçüncü seansa getmir və beləliklə qarşı tərəf qazanmış olur, amma pasiyent itirmiş olur. Bu mənada da psixoloq seçimində çox diqqətli olmaq lazımdır. Yenə deyirəm, harda, necə təhsil alıb, öz üzərində nə qədər işləyir, pasiyentlər ondan nə qədər məmnundur və s. Onsuz da kifayət qədər təhsili, dünya görüşü olan insan psixoloq seçimini də çox yaxşı aparır və bəzən bu araşdırma nəticəsində doğru qənaətə gəlir. Hətta bəzən olur, tələb edir ki, siz mənə diplomunuzu göndərə bilərsiniz, haranı bitirmisiniz və s. Bu işə kifayət qədər həssaslıqla yanaşan insanlarımız da var. Amma çox təəssüf ki, böyük bir kütlə xüsusilə mediada populyar olan, müəyyən məişət söhbətləri çərçivəsində mövzularda danışan insanlara inanırlar. Son zamanlar bu bir tendensiya olub və sahədə kifayət qədər ixtisasdan olmayan, sadəcə bir az kurs keçib, özünü psixoloq elan edənlər, mərkəz açanlar, masaj salonlarında, kosmetoloq yanında psixoloq kimi fəaliyyət göstərən və s. şəxslər kifayət qədər çoxdur. Ona görə də xalqın daha diqqətli olmasını arzulayıram və çox yaxşı araşdırma aparıb seçməlidirlər. Yeni gələn, yeni məzun olan, amma kifayət qədər yaxşı təhsil almış gənclər də var. Ümid edirəm ki, yaxşılar ortaya çıxdıqca, digərləri ələnəcək".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31