Sosial şəbəkə asılılığı və dövlət təhlükəsizliyi

İnternet imkanlarının dayanmadan inkişaf etdiyi bir dövrdə ən böyük hücum və təsirlər elə həmin vasitə ilə həyata keçirilir. Bütün dünya üçün keçərli olan bu problemin kökündən həll olunmasının tək yolu inetnet adı verdiyimiz bağlantının kökündən yox olmasıdır. Bu isə mümkünsüzdür. 
Bütün dünyanı tək düymə ilə əlimizin altına gətirən bağlantıdan gedir söhbət. Yetişkin insanlar internetdən istifadə zamanı təhlükəli ola biləcək bağlantıları digərlərindən ayırd edə bilirlər. Ancaq azyaşlılar üçün bu keçərli deyil. Nəzərə alsaq ki, telefondan istifadə yaşı olduqca azalıb, bu, ciddi məsələdir. 
Azərbaycan kimi problemli coğrafiyaya və öz çirkin siyasətində uşaqlardan belə istifadə edəcək düşmənə sahib olan ölkə üçün problem ikiyə qatlanır. Nə üçün?
İndi istənilən "onlayn" oyun şəbəkəsində erməni klanlarına rast gəlmək mümkündür. Onlar, oyunda belə Qarabağ və Azərbaycanın digər bölgələrinə olan iddialarından əl çəkmirlər. Nəzərə alsaq ki, həmin oyunlarda yaş   5-15 yaş aralığındadır, olduqca ciddi problemdir. Bizdə isə tolerant və özünü kosmopolit kimi qələmə verən bir çox vətəndaş, bu cür mübarizə üsulunun kökdən səhv olduğunu vurğulayır. Dünya bizə qarşı edilən haqsızlığa hər zaman göz yumur. Bu başqa məsələdir. Müharibə dövründə biz eyni zamanda sosial media üzərindən müharibə aparırdıq. Və qalib gəlirdik. Uşaqlarımızı necə? Bəs, onları nə üçün qurban veririk?
Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ermənilərin üstü açılan təxribatlarının ardı-arxası kəsilmir. Aralarında azyaşlı belə var. İlk başda uşaq olduğunu düşünsək də, telefon danışıqları etdiyi səhvin fərqində olduğunu göstərir. Deməli, ortada elə bir təsir gücü var ki, azyaşlı etdiyinin səhv olduğunu bildiyi halda bu yola davam edir. Azyaşlıya psixoloji təsir, təhdid, şantaj yolu ilə Azərbaycanın dövlət siyasətinə qarşı olan hərəkətləri etməyə vadar edirlər. Valideynlərin də bu mövzuda məlumatsız və öngörüşsüz olması normal haldır. Ancaq internet vasitəsi ilə həm siyasi,  həm də cinsi istismara məruz qalan azyaşlıların sayı az deyil.
Övladımız sadəcə cəbhədə yox, həm də evimizdə, smartfon vasitəsilə düşmənə rast gələ bilər. 
Məsələ ilə bağlı ekspertlərimiz fərqli fikirlər səsləndirsə də, ortaq nəticə olaraq maarifləndirmə işində təhsil həyatının önəmli olduğunu vurğuladılar.

Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, erməni diasporunun var olduğu ölkələr ciddi şəkildə narahat olmalıdır:

"Ermənistanın xüsusi xidmət orqanları Azərbaycanda, xüsusilə sosial şəbəkələr vasitəsilə "zəif bənd" axtarırlar. Şüuru tam formalaşmamış, müəyyən qədər də kosmopolitzmə meyilli, sadalamaq istəmədiyim digər istiqamətlərdə fəallığı nəzərə çarpan yeniyetmələri və gəncləri çirkin əməllərinə cəlb edirlər. Dövlət Təhlükəsizlik Xİdmətinin yaxın keçmişdə apardığı əməliyyatdan da göründüyü kimi Ermənistan xüsusi xidmət orqanları uzunmüddətli fəaliyyət həyata keçirirlər. Onlar bunu koordinasiya olunmuş, həm də ayrı-ayrı ölkələrdə yaşayan ermənilər vasitəsi ilə icra edirlər. Bu onu sübut edir ki, müxtəlif ölkələrdə yaşayan erməni diaspora nümayəndələri də, əslində Ermənistan xüsusi xidmət orqanlarının agentləridir. Belə məsələlər erməni diasporunun var olduğu ölkələri ciddi şəkildə narahat etməlidir. Çünki, Azərbaycana qarşı yönəldilən hər hansı təxribat, gələcəkdə onlara qarşı da yönələ bilər. Əgər bir ölkənin vətəndaşı etnik mənsubiyyətindən asılı olmayaraq, hər hansı bir ölkənin cinayət xarakterli maraqlarını ifadə edirsə, bu şəxslər həmin ölkələr tərəfindən araşdırılmalı, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ermənistan uzun illər boyu bu metodlardan istifadə edib.  Bundan sonra da istifadə edəcəkləri həqiqəti heç kimə sirr deyil. Nəinki Azərbaycan,  dünyadaki heç bir dövlətin imkanı yoxdur ki, hər bir insanın, xüsusi ilə də yeniyetmələrin üzərinə nəzarətçi təyin etsin. Eyni zamanda onların cinayət əməllərinə sövq edilməsinin, ölkə əleyhinə fəaliyyət göstərməsinin qarşısını almaq da olduqca çətindir. Ailələrdə və məktəblərdə bu məsələ ilə bağlı iş aparılmalıdır. Eyni zamanda müvafiq qurumlar müəyyən qədər yüngül həyata meyilli olan, yaxud sosial şəbəkələrə qapanmış insanların fəaliyyətini mümkün qədər izləməyə cəhd göstərməlidirlər.Düşünürəm ki, bu istiqamətdə hər zaman fəaliyyət var. Eyni zamanda Azərbaycan vətəndaşlarının da bu istiqamətdə fəaliyyəti olmalıdır. Vətəndaşlar sosial şəbəkələrdə ayıq-sayıq olmalıdırlar. Dostluqlarında olan və ya təsadüfən qarşılarına çıxan şəxslər haqqında araşdırma aparmalıdırlar. Bu məsələlərlə bağlı hər bir vətəndaş əslində Dövlət Təhlükəsizliyi Xidmətinin yanında olmalıdır. Bu bizim dövlətimizin təhlükəsizliyi məsələsidir. Belə hallarda dövlətə xidmət etmək vətəndaş üçün şərəfdir. Həmçinin orta təhsil müəssisələrində, hətta ən başdan-məktəbəqədər hazırlıq zamanı uşaqlara informasiya təhlükəsizliyi ilə bağlı müəyyən anlayışlar verilməlidir. Media savadlılığı bu məslədə çox böyük önəm daşıyır. Sosial şəbəkələrdə onları gözləyən təhlükə ilə bağlı hər bir ailə üçün məlumatlar hazırlanmalıdır. Belə çağırı və materialların elə sosial şəbəkələr vasitəsi ilə yayılmasına,adekvat, müvafiq cinayət hallarının araşdırılaraq, azyaşlıların və gənclərin anlayacağı dildə sənədli filmlər, roliklər hazırlanması bu məslədə yetəri qədər faydalı olacaq. Müasir dövr, müasir çağırışlar dövlətlərin informasiya təhlükəsizliyinə təhdid yaratdığı kimi, hər bir vətəndaşın da həyatı üçün təhlükə yaradır. Heç kim zəmanət verə bilməz ki, nə zamansa onun doğmaları, yaxınları oxşar hadisələrlə qarşılaşa bilməz".

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, valideyn azyaşlıya şəxsi məlumatların məhrəm və bizə məxsus olduğunu izah etməlidir: 

"Orta məktəblərdə xüsusilə öyrədilən mövzulardan biri də, internet təhlükəsizliyi-rəqəmsal savadlılıqdır. İnternet təhlükəsizliyi və rəqəmsal savadlılığı ona görə birlikdə ifadə edirəm ki, rəqəmsal savadlığı olan insanlar internetdəki təhlükələri görə bilir. Və bu təhlükələrdən uzaq durur. Amma rəqəmsal bacarıqları olmayan insanları internet vasitəsi ilə aldatmaq olduqca asandır. Şəxsi, kart məlumatlarının ötürülməsi ən asan tələlərdən biridir.  Həmin insanlar rahatlıqla virtual aləmin oğrularının qurbanına çevrilir. Ona görə də övladlarımızı internet aləmindən uzaq tutmaqla onlara fayda yox, zərər vermiş oluruq. Azyaşlıya qadağalar qoymaq yerinə, övladlarımıza interneti  daha faydalı şəkildə istifadə edə biləcəklərini öyrətməliyik. Bu məqsədlə "yutub", "quql" və.s kimi internet axtarış sistemlərində "filter" dən istifadə etməliyik. Bundan sonra azyaşlılar rahatlıqla internetdə "sörf" edə bilərlər. Eyni zamanda valideyn azyaşlıya şəxsi məlumatların məhrəm və bizə məxsus olduğunu izah etməlidir. Şübhəli hallarda ayıq-sayıq olmağı öyrətməlidir. Bu sadəcə valideynlərin işi deyil. Məlumdur ki, bəzi hallarda hətta valideynlər də məlumatsız olurlar. Orta məktəblərdə kütləvi şəkildə şagirdlərə, yaşlarına uyğun olaraq, internet  və onun təhlükələri barədə məlumat verilməlidir. İnternetdən təhlükəsiz istifadə öyrədilməli və beləcə rəqəmsal dünya haqqında məlumatı olmalıdır. Məsələnin digər tərəfləri də var.
Məsələn, valideynlər azyaşlının telefonuna nəzarət etmir. Belə olduqda uşaqlar cinsi və siyasi istismara məruz qala bilir. Yaşlarına uyğun olmayan məzmunlarla isə vaxtından əvvəl tanış olduqları üçün, hormonal disbalans və tərbiyə problemləri yaranır. Ona görə də nəzarət mütləqdir. Müəllimlər, valideynlər birgə işləməlidir. Limitsiz və nəzarətsiz internet azyaşlıların dərs nəsticələrinə, əxlaqi və psixoloji durumlarına mənfi təsir göstərir".

Sosioloq Elçin Bayramlı Olaylar.az-la mövzu haqqında fikirlərini bölüşüb:

"Bu problem bütün dünyada müşahidə olunur. Səbəb isə texnologiyanın inkişafı və əlçatan olmasıdır. Hazırda uşaq və yeniyetmələrin hər birinin smartfonu var. Bağlantısız internetə, müxtəlif saytlara, sosial şəbəkəyə sahibdirlər. Onların psixologiyasına, məlumat sferasına, şüuraltına  aldığı informasiyalar, əlaqə saxladığı şəxslərin məlumatları  təsir edir. Məsələdə məsuliyyət daşıyan əsas tərəf valideyndir. Daha sonra isə müəllimlər. Çünki, azyaşlılar bu iki məkanda tərbiyə olunur. Onları hərtərəfli məlumatlandırmaq əsasdır. "Uşaqdı" deyib, keçmək doğru deyil.  Qloballaşan dünyada dünyanın ən ucqar yerindən istənilən bir şəxs övladlarımıza təsir göstərə bilər. Psixotron terror vasitələri var. Hətta, kompüter oyunları, messenger və.s vasitəsi ilə təbliğat aparılır. Azyaşlının informasiya bazası zəif olduqda, dünya görüşü, şüur lazımi səviyyədə olmadığı üçün, təsir altına tez düşür.   Ona görə də valideynlər məlumatlandırmalıdır azyaşlını. Məlumat verməkdən daha vacibi isə internetə sərt nəzarətdir. Azyaşlı hansı resurslardan istifadə edir və kimlərlə əlaqədə olur?  Ümumiyyətlə, azyaşlıya smartfon verilməsi doğru deyil. Problem azyaşlının digər ölkələr tərəfindən siyasi oyuncağa çevrilməsi ilə bitmir. Digər səbəblər də hətta intihara qədər gətirib çıxarır. Məktəblərdə geniş şəkildə izah mütləqdir. Tez-tez Rusiya, Türkiyə mediasında da bu məsələlər müzakirə olunur. Bizdə mövzu tamamilə nəzarətsizdir. Valideyn, məktəb və əlavə olaraq müəyyən televiziya verilişləri də bu barədə məlumat verməlidir. Dövrümüzdə uşaqları daha çox internet üzərindən gələn təhlükələrdən qorumalıyıq".

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31