Tacikistan: "Əfqanıstandakı vəziyyət yeni iş metodları tələb edir"- ÖZƏL
11:12 DünyaTacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) sədri Saymumin Yatimov bildirib ki, MDB sərhədlərində, xüsusən də Əfqanıstanda müşahidə olunan gərginlik, əməliyyat fəaliyyətində yeni bacarıqların və metodların tətbiqini zəruri edir. Olaylar.az xəbər verir ki, o, bu fikirləri Düşənbədə keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərlərinin 56-cı iclasında səsləndirib.
Yatimov beynəlxalq terrorizmi MDB üçün əsas təhdidlərdən biri kimi qiymətləndirib:
"Bu dağıdıcı təhdidin transmilli xarakter daşıması və MDB sərhədlərində, xüsusilə də Əfqanıstanda gərginlik ocaqlarının yaranması bizim birgə səylərimizi, vaxtında informasiya mübadiləsini və əməliyyat bacarıqlarımızın daim yenilənməsini tələb edir," - deyə o qeyd edib. Yatimovun fikrincə, beynəlxalq terrorizm xarici xüsusi xidmət orqanlarının dağıdıcı fəaliyyətinin tərkib hissəsidir.
Qeyd edək ki, MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 56-cı iclası Tacikistanın sədrliyi ilə keçirilir. 2025-ci il yanvarın 1-dən etibarən MDB-də sədrliyi Rusiya Federasiyasından Tacikistana keçib. Rusiya və Türkmənistan isə bu il təşkilatda həmsədrlik edirlər.
MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası 28 mart 1997-ci ildə MDB Dövlət Başçıları Şurasının qərarı ilə yaradılıb. Şuranın əsas məqsədi beynəlxalq xarakterli təşkilatlanmış cinayətkarlıqla mübarizə sahəsində və digər razılaşdırılmış fəaliyyət istiqamətlərində xüsusi xidmət orqanlarının qarşılıqlı əməkdaşlığını və fəaliyyətlərinin əlaqələndirilməsini təmin etməkdir.