DİQQƏT! Fastfood TƏHLÜKƏSİ!
8 İyul 2022 11:30 SosialUşaq orqanizminin hərtərəfli inkişafı və sağlamlığı üçün düzgün qidalanma ən vacib şərtlərdən biridir. Qeyri-düzgün və nizamsız qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır, eləcə də çəki problemləri ilə qarşılaşırlar ki, bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Xüsusən də zərərli qidalanma vərdişləri, süni qidalardan istifadə uşaqlarda piylənmənin inkişaf etməsində əsas rol oynayır. Bəs uşaqların düzgün qidalanmasında hansı qaydalara əməl etmək lazımdır?
.png)
"Südü olan analar övladlarına süd vermir"
Pediatr Vaqif Qarayev bildirir ki, bu mövzuda əskər vaxtlarda həkimlər qınanılır. Amma həkimlər qədər ən az valideynlər də günahkardır:
"Burda ilk növbədə südəmər uşaqlardan başlamaq lazımdır. Uşaq anadan olandan sonra nə yeməlidir? Altından qırmızı xətt çəkərək deyirəm: yalnız ana südü. Çünki ana südünün tərkibindəki inqrediyentlər uşağın həm fiziki, həm də psixi inkişafına lazım olduğu qədər müsbət təsir göstərir. İmmunitetin möhkəmləndirilməsində, xəstəliklərə qarşı müqavimətin artmasında və. s iştirak edir. Ən azından 6 ay uşaq ana südü ilə qidalanmalıdır, bu mütləqdir. Çox təəssüf ki, həmişə həkimləri qınayırlar ki, doğum evlərində uşaq anadan olan kimi süni qida verirlər və s. Bunlar var, amma mən deməzdim ki, sistematik, yəni, kütləvi şəkildədir. Xüsusilə özəl klinikalarda dünyaya gəlmiş uşaqlara demək olar ki, süni qida verilmir. Yəni, inkar etmirəm, həkimlərdə də günah var. Amma günahın ancaq həkimlərdə olduğunu deməzdim. Bir az qeyri-ciddi səslənsə də, südü olan analar da övladlarına süd vermir və çox tez-tez zəng vururlar ki, uşağım 1-2 həftədir anadan olub, hansı süni qidanı verə bilərəm? Soruşursan ki, ana südü var? Deyir, var. Bəs niyə vermirsən? Deyir, heç kim vermir, mən də vermirəm. Yəni, bu qəbulolunmazdır.
Təkrar qeyd edim ki, ən az 6 aya qədər uşaq ana südü ilə qidalanmalıdır. 6 aydan sonra artıq əlavə qidalar verilir və bunu ancaq həkim təyin edir. Ona görə ayda bir dəfə bir yaşına qədər uşaqlar mütləq həkim qəbulunda olmalıdırlar ki, qidalanma ilə bağlı həkim onlara düzgün məlumat versin".
Günümüzün ən zərərli qidalanma üsulundan olan fastfood ölkəmizdə xüsusilə uşaqlar və gənclər arasında sürətlə yayılmaqdadır. Bu qidaların tərkibində orqanizm üçün təhlükə yarada biləcək hansı inqrediyentlər var?
.png)
"Una insan saçı və donuz tükündən əldə edilən qatqı maddəsi əlavə edilir"
Qida eksperti Ağa Salamovun sözlərinə görə, yerli məhsullardan əldə edilən fastfoodlar və ölkəyə idxal olunan burger çörəyi, ət məhsulları və s. ilə əldə edilmiş fastfoodlar arasında fərqlər var:
"Bunlar ikisi də fərqli-fərqli anlayışlardır, yəni, ayrı-ayrı qida dəyərinə malikdir.
Belə deyək, məsələn, xaricdən idxal olunan ət məhsullarında çox güman ki, bəzən ətdən başqa hər şey olur, tozdan əldə edilmiş ətdir. Yəni, heyvanın sümükləri ilə birlikdə üyüdülüb, ət halına salınmış halının satışıdır. Orda da müəyyən qatqı maddələrindən istifadə olunur ki, həm ətin oksigenlə təmasda qaralmaması üçün rəngini qoruyur, həm də süni dadlandırır. Məsələn, rəng vurulur, bu süni qatqı boyasıdır, vurulur ki, onun rəngi dəyişməsin, yəni, oksidləşməməsi üçün. Bildiyiniz kimi, ət otaq temperaturunda qalanda rəngini dəyişir. Amma o ətlər rəngini dəyişmir. Çünki artıq orda süni qida boyasından istifadə olunub.
"Monosodium glutamate" (MSG) isə bildiyimiz şirin, duzlu, acı və turş dadlardan beşinci dadı verir ki, o dada umami deyilir. Mənası "beşinci dad hissi" deməkdir. Həmin beşinci dad hissi də şüuraltı olaraq o əti yeyən insanlarda asılılıq yaradır, ac olduğu zaman fastfood yadına düşür və onu istehlak edir.
Ətlərdən əlavə çörəklərdən danışmaq lazımdır. Əgər çörəklər ölkəyə idxal olunursa, təbii ki, burda çörəyin tərkibinə müəyyən qatqı maddələri vurulur. Onlardan biri də L-Sisteindir. L-Sistein də insan saçı və donuz tükündən əldə edilən qatqı maddəsidir. Unu nəmişlikdən, qurdlanmaqdan qoruyur və axarlığını, yumşaqlığını qoruyub saxlayır. L-Sisteindən istifadə edilməsi isə təbii ki, insan orqanizmi üçün zərərlidir və həmçinin islam aləmi üçün də halal sayılmır. Çünki tərkibində donuz tükündən əldə edilmiş qatqı maddələri var.
Yerli məhsullardan əldə olunan fastfoodlarda, məsələn, mənşəyi məlum olan bir yerdən ət alınırsa, düzgün şərtlər altında emal olunursa, bişirilirsə, saxlanılma şəraiti düzgündürsə, o zaman onlara üstünlük vermək olar. Eyni şəkildə yerli burger çörəkləri də. Çünki dediyimiz kimi, xaricdən gələn burger çörəklərində də qatqı maddələri olur. Amma bizim öz dəyirmanımızda üyüdülmüş bir undursa və həmin un təbii ki, tərkibində qatqı maddəsi saxlamır və təbii sayılır.
Düşünürəm ki, gedib xaricdən idxal olunan bəzi fastfood yerlərində yemək yeməkdənsə, ən yaxşısı yerli fastfoodlara üstünlük verilsin. Amma fri kartoflara gəlincə, bilirsiniz ki, onlar dərin yağlarda bişirilir, uşaqlar və ümumiyyətlə insanlar üçün çox zərərlidir. Çünki bişirildiyi yağ trans yağ olduğuna və hidrogen ilə doydurulduğuna görə insan orqanizmində mənimsənilmir. O zaman obezitə, mədə xərçəngi və yaxud qaraciyər piylənməsi, mədəaltı vəzə yük düşür və s. Yəni, müəyyən fəsadlar ortaya çıxardır. Ayda bir dəfə yeməklə heç nə olmaz. Amma bunu mütəmadi olaraq istifadə etmək olmaz. Ən çox uşaq və yaşlılar".
.png)
"Fastfoodların tərkibində insanı ondan asılı edən xüsusi maddələrdən istifadə olunur"
Sosioloq Lalə Mehralı deyir ki, uşaqların süni qidalara meylli olmasının əsas səbəbkarı valideynlərlə yanaşı, həm də uşaq həkimləridir:
"Əslində insanın fiziki və ruhi sağlamlığı qidalanmadan keçir. "İnsan nə yeyirsə, odur" misalı boşuna deyilməyib. Ona görə insan öz qidasına, xüsusilə də övladının qidasına böyük həssaslıqla yanaşmalıdır.
Bu səbəbdən övladının qidalanmasına xüsusi diqqət ayırmaq hər bir valideynin borcudur. Əgər övladını dünyaya gətirmisənsə, onu sağlam yetişdirməyə borclusan. Bu sənin öhdəliyin və vəzifəndir, uşağın qidalanma mərhələsində onu sağlam qidalarla təmin etmək məcburiyyətindəsən. Əgər sən hər şeyin asanına qaçırsansa, dad və görünüş faktoru sənin üçün əhəmiyyətlidirsə, bunu uşağına da aşılayırsan və uşaq zamanla fastfood asılısı olur. Çünki fastfoodların tərkibində insanı ondan asılı edən xüsusi maddələrdən istifadə olunur. Bu qida şəklində də ola bilər, ədviyyat şəklində də və yaxud hansısa preparat şəklində. Biz onun hazırlanma qaydası və prosesində iştirak etmirik.
Niyə övladlarımız çöldə, hansısa fastfood məkanlarında olan tez-bazar qidanı daha sevərək yeyir, eynisini biz evdə ev üsulları ilə hazırlayanda ona meyli az olur? İnsanlar var ki, məsələn, övladı üçün hər hansı bir meyvənin püresini hazırlamaq əziyyətinə qatlanmır. 6-7-ci ay körpənin artıq meyvə ilə tanışlıq ərəfəsidir. Ana südündən əlavə olaraq həkimlər meyvə püresini məsləhət görür. Şəxsən insanlar tanıyıram ki, həmin meyvə püresini gedib marketlərdə konservləşdirilmiş formada alır. Tutaq ki, üzərinə istehsal və son istifadə tarixi yazılıb. Biz necə əmin ola bilirik ki, üzərində yazılmış qablaşdırma tarixi dəqiqdir? İstehsal müddətinin keçməsinə görə olduqca çox zəhərlənmə halları baş verir. Odur ki, zəhmətə qatlaşmadan hazır qida almaqla özümüz övladımızın həyatını təhlükə altına atmış oluruq. Bir alma püresini hazırlamaq nə qədər əldən yavaş insan olsan da, maksimum 10 dəqiqə tələb edir. Əgər övladın üçün 10 dəqiqəni ayırıb, o püreni hazırlayıb, ona vermək istəmirsənsə, onu dünyaya gətirmək zəhmətinə belə qatlaşma. Əgər övladını fastfoodlarla qidalandırıb, orqanizmini zəhərləndirəcəksənsə, ömür boyu fastfoodlardan asılı vəziyyətə salacaqsansa, övladı dünyaya gətirmə, əzəldən valideyn olmaq haqqına sahib olma.
Həkimlərin valideynlərin üzərinə məsuliyyət atarkən, əvvəlcə öz məsuliyyətlərini də dərk etməlidirlər. Bu məsələdə valideynlər nə qədər günahkardırsa, həkimlər də bir o qədər günahkardır. Çünki valideynləri o yola itələyən məhz elə həkimlərin özləri olur çox vaxt. Özünün ana südü olan qadına körpəsinə süd verməyi qadağan edib, süni qida ilə qidalandırmağa tələb edən həkimlərimiz olduqca çoxdur. Hətta ana südünün tərəfdarı olan həkimlər bu gün Azərbaycanda barmaqla sayılacaq qədər azdır. Amma olduqca çox ana südü düşməni həkimlər var. O uşaqları süni qidaya meyilləndirəndə bu nəticənin olacağını guya bilmirdilər? Əlbəttə bilirdilər. Sadəcə onlar üçün uşaqların sağlamlığı yox, süni qidaların satış faizindən əldə etdikləri gəlir maraqlıdır. Ona görə valideynləri günahlandıranda bir də özlərini günahlandırsınlar. Çünki valideynləri o yola itələyən məhz həkimlərin özləri olur. Əgər uşaq dünyaya gələndən israrla valideyndə ana südünün vacibliyini aşılasalar, o valideyn də ilk təməl qidanın ana südü olduğunu dərk eləsə və bundan sonra əlavə qidaların əslində təbii qidalar olduğunu anlamış, başa düşmüş olar. Əgər həkim valideynə ana südünü qadağan edirsə ki, uşağa vermə, süni qida ver, o valideyn təbii ki, süni qidalara meyllənəcək.
Bütün hallarda nə valideyn, nə həkimlər günahsız deyil. Bu məsələdə hər birinin özünəməxsus payı var, əlbirliyi ilə birləşib uşaqların orqanizmini zəhərləmək ilə məşğuldurlar. Fərqində olan təbii qidalanmanın keyfiyyətlərini, üstünlüklərini bilən valideynlər də çox azdır. Əksəriyyət övladını sevdiyini, bəyəndiyini bəhanə edərək hazır qidalanmaya üstünlük verir. Əgər övladımız fastfoodun dadını bilməsə, onu sevdiyini necə iddia edə bilərik? İnsan yemədiyi bir şeyi necə sevə bilər? Dadını bilmədiyi bir şeydən ötrü necə tələbkar ola bilər? Ona görə bu məsələdə hər kəs özündəki günahın fərqində olmalıdır. Birləşib uşaqları zəhərləmək, dolayısıyla gələcək nəslin xəstəhal, problemli yetişməsində rol oynamaq bütün insanlığın günahıdır".
"Həkimin borcu ziyanlı tərəfləri deməkdir, geri qalan məsuliyyət isə valideynin üzərinədir"
Pediatr Vüqar Qarayev bildirir ki, indi əksər valideynlər övladları kök olduğu üçün onların sağlam olduğunu düşünür, fastfoodlara qarşı çıxmırlar. Lakin bu tamamilə yalnışdır:
"Fastfood dövrümüzün bəlasıdır. İndi bir çox Avropa ölkələrində fastfood yeməkləri, şəbəkələr ümumiyyətlə qadağan olunub. Bizdə əksinə, hər tində bir fastfood məntəqəsi var. Niyə olmaz? Çünki bu yeməklər tez hazırlanır, tez hazırlandığına görə bir vaxtlar dünyada trend idi. Bu yeməklərin tərkibindəki inqrediyentlər, yağlar, karbohidratlar və s. uşaq orqanizminə ciddi ziyan vurur. Ümumiyyətlə şirniyyat bu saat dünyada bir nömrəli problem hesab olunur, az qala bütün xəstəliklərin səbəbində axtarılır. Fastfood yeməkləri uşaqların mədə-bağırsaq sistemini pozur, xüsusilə mədəaltı vəzində ciddi problemlər yaradır, insanı şişirdir. Biz azərbaycanlı olaraq istəyirik ki, uşaqların yanaqları qırmızı, toppuş olsun. Amma bu ziyandır. Əslində nə arıqlıq, nə köklük sağlamlıq göstəricisi deyil. Elə kök uşaq var hər gün xəstədir, elə arıq uşaq var ildə bir dəfə xəstələnmir. Kökdürsə, sağlamdır fikri kökündən yanlışdır.
Fastfood şəkər xəstəliyinə mütləq meyllik yaradır. Keyfiyyətsiz yağların uşaqların psixi inkişafına da ciddi təsir göstərir. Məsələn, uşaqlara kartof fri verirlər. Elə bir insan yoxdur ki, evində kartof qızarda bilməsin. Nə fərqi var, sən onu evdə yeyirsən, ya da fri sözünü əlavə edib fastfood yeməkxanasında yeyirsən?
Bu barədə çox yazılır. Açığı mən də yazırdım, amma artıq usanmışam. Çünki yazan kimi valideyn öz uşağının qırmızı yanaqlı, kök şəklini atır, "siz də hər şeydən problem yaradırsız, baxın, mənim uşağım yeyir, necə inkişaf edir" və s. kimi sözlər deyir, bəzən təhqir də edirdilər. Həkimin borcu ziyanlı tərəfləri deməkdir, geri qalan məsuliyyət isə valideynin üzərinədir.
Ümumiyyətlə son vaxtlar uşaqlarda mədə-bağırsaq problemləri çoxalıb. Bunun mütləq tibbi səbəbləri var və ola bilməz ki, uşaqların hamısında tibbi səbəblər olsun. Yoxlanılır, heç nə tapılmırsa, deməli uşaq düzgün qidalanmır. Bir düzgün qidalanma var, bir də keyfiyyətsiz. Bunlar fərqli şeylərdir. Keyfiyyətsiz qida məhsulları çoxdur, o baxımdan valideynləri günahlandırmaq düzgün deyil. Amma çalışmaq lazımdır ki, uşaq daha çox keyfiyyətli qida yesin. Məsələn, şirniyyatlar, marketlərdə satılan cipslər, rəngli içkilər və s. Bunlardan mütləq çəkinmək lazımdır. Anlayıram, uşaq bəzən görür, istəyir. Amma sözlə anladanda artıq istəmir. Bu baxımdan valideynlər gərək o qida məhsullarından imtina etsinlər".
Röyalə Xəyal