Yeniyetmələrdə asılılıq
1 İyul 2022 12:06 SosialYaşadığımız dövrdə insanlar istəmədən də olsa bir çox zərərli vərdişlərin aludəçisi olurlar. Spirtli içkilər, narkotik maddələr, siqaret və s. buna misal ola bilər. Bəziləri bu zərərli vərdişlərə qurşanarkən hər hansı bir problemini unutmaq, bəziləri isə sadəcə həzz almaq istəyir. Başqa bir qrup insanlar isə evdə yaşca böyüklərdə, xüsusən də valideynlərdə görür və bunu təkrarlayır.
Alkoqolizm də adı az qala uşaqdan böyüyə hamıya məlum olan, ən geniş yayılmış asılılıqlardan biridir. Bəs nədir alkoqolizm və nə kimi növləri var? Ən əsas suallardan biri də, insanların bu zərərli vərdişin aludəçisi olmasının səbəbi nələrdir?
Psixoloq Səyyarə Yusubova:
![]()
"Alkoqolizm artıq bir az köhnəlmiş termindir və biz onu istifadə etmirik. İndi maddə asılılığı və spirtli içki asılılığı pozuntusu kimi terminlərdən istifadə edirik və çox hallarda da bu asılılıqlar qrupunun içərisində gedir. Maddə asılılığı - narkotik vasitələr və s. ilə birlikdə öyrənilir. Bundan başqa da ən maraqlı faktlardan biri budur ki, spirtli içkidən istifadə əslində qanunla icazə verilmiş narkotik maddədir. Çünki o da asılılıq yaradır.
Xroniki alkoqolizm dediyimiz spirtli içkidən asılı olmanın uzunmüddətli davam edən versiyasıdır. Yəni, bir insan əgər spirtli içki asılılığından uzun müddət, hardasa 5 ildən çox əziyyət çəkirsə, bu artıq xroniki sayılır. İstənilən xroniki xəstəlik kimi bu da geri dönüşü olmayan pozuntulara səbəb olur. Geri dönüşü olmayan pozuntular dedikdə isə ən çox beyinin biokimyəvi pozuntuları nəzərdə tutulur.
Alkoqol psixozu spirtli maddədən istifadə etdikdə yaranan şüur pozuntularıdır. Bunun ən məşhur hallarından biri deliriya hallarıdır. Psixotik vəziyyət dedikdə insanın məkanı, zamanı və özünü qavraya bilməməsini, anlaya bilməməsini başa düşürük və çox vaxt da spirtli içkidən istifadə edən insanlar belə vəziyyətə düşürlərsə, onlar harada, kiminlə, nə zaman olduqlarını xatırlamırlar. Bəzən halisünasiyalar görə bilirlər, məkanla bağlı qavramaları pozulur. Bundan əlavə ümumiyyətlə spirtli içkidən istifadə edən insanlarda davranış pozuntuları çox olur ki, ilk ortaya çıxan əlamətlərdən biridir.
Birincisi, belə insanların maraq dairəsi kəskin şəkildə daralır. Artıq getdikcə onların yeganə marağı, motivi həmin maddəni tapmaq və bu təlabatı təmin etmək olur. Digər bütün həyati məsələlər ikinci plana keçir və bu da şəxsiyyətin deqradasiyası adlanır.
Dopamin beyində həzz deyə adlandırdığımız halın boşalmasına səbəb olan biokimyəvi neyrotransmitterdir. Əslində isə dopamin bizi fiziki hərəkətə gətirir. Amma nəticə etibarilə dopamin hansı beyin mərkəzləri arasında əlaqəni yaradıbsa, bu artıq həmin beyin mərkəzləri arasındakı bu əlaqənin təkrar olunmasına səbəb olacaq. Çünki, bu vərdişlərin formalaşmasının əsas mexanizmidir. Beləliklə, spirtli içkidən istifadə edərkən insanın hərəkətliliyi artır. Yəgin ki fikir vermisiniz, şadlıq saraylarında spirtli içki istifadə edənlər daha gümrah rəqs edirlər və yaxud da ki, spirtli içki istifadəçisi istər istəməz hərəkət etmək istəyir. Düzdür koordinasiya, bədənin balansı pozulur. Amma içki içən adam hərəkətə gəlir və bu da dopamin ifrazı ilə bağlıdır.
Əlbəttə ki, spirtli içki biokimyəvi səviyyədə aludəçilik yaradır. Bu təkcə psixoloji deyil, həm də fiziki asılılıq deməkdir. Ona görə də bunu aradan qaldırmaq bir az çətin olur.
İnsanların spirtli içki aludəçisi olmasının müxtəlif səbəbləri var. Bunun bioloji və sosial səbəbləri var. Burda ən birinci səbəb olaraq genetikanı vurğulamalıyıq. Yəgin ki müşahidə etmisiniz, ilk dəfə spirtli içki istifadəsi zamanı bütün insanlar eyni reaksiyanı vermirlər. Bəziləri tamamilə neytral olurlar, daha gec sərxoş olurlar, digərləri isə elə birbaşa birinci qədəhdən sərxoş olurlar və yaxud da qaytarırlar. Bədənin verdiyi bu ilk reaksiya çox şeyə təsir edir ki, sonradan həmin insanlar spirtli içkidən istifadə etsinlər, ya yox. Bu tütün məhsullarında da belədir. Yəni, birinci dəfə təcrübəsi çox önəmli olur. Amma sosial faktorlar da önəmlidir. Çünki mühitin təsiri nəticəsində heç də birinci dəfədən aludəçilik əlamətləri olmayan bir insan da sonradan davamlı şəkildə istifadə edə bilər ki, onda da bu aludəçilik formalaşsın. Yəni istər bioloji meyillilik, istər sosial faktorlar buna təsir edə bilir.
Statistikaya əsasən demək olar ki, işsizlik spirtli içki aludəçisi olmağa çox təsir göstərir. İşsizliyin çox olduğu ərazilərdə alkoqolizmdən istifadə, alkoqolizmdən əziyyət çəkmə çox olur. Əlavə olaraq asudə vaxtların təşkilində boşluqlar olarkən, insanlar çox vaxt bunu istirahət ritualı kimi istifadə edirlər. Bu da sözsüz ki, aludəçiliyə gətirib çıxara bilir.
Başqa sözlə desək, spirtli içki aludəçiliyi də digər bütün davranış formaları kimi öyrəniləndir və formalaşması da vərdişlər ilə olur. Burda pis xəbər ondan ibarətdir ki, bu öyrənməni geriyə qaytarmaq çox çətin və ya bəlkə də çox hallarda mümkünsüz olur. Yəni, "öyrəşmişdim, indi də tərgidim" demək o qədər də asan deyil. Birincisi ona görə ki, bu biokimyəvi nəticələrdir, beyində geridönməz proseslər gedir. İkincisi də ona görə ki, bu bütünlüyü ilə bir "mədəniyyətdir". Çünki sağlam həyat tərzinə zidd olan bir mədəniyyətdir. Və onu geri döndürmək üçün də sosial, mədəni bir çox kateqoriyaları, yəni, insanın zehnindəki inandığı, düşündüyü məsələləri dəyişdirmək lazımdır. Bunlar da uzun illərin psixososial tədbirlərini tələb edir".
Hazırda bütün dünyanın mübarizə apardığı narkomaniya və alkoqalizm hər yaş təbəqəsi arasında yer alsa da, ən dəhşətlisi onun yeniyetmə və gənclər arasında da geniş vüsat almasıdır. Təbii ki, Azərbaycan Respublikasının qanunlarına əsasən 18 yaşı tamam olmamış yeniyetmələrə spirtli içki satışı qadağandır. Lakin indi buna bir o qədər də nəzarət olunmur və təəssüf ki, alkoqollu içki aludəçiliyi uşaqlar arasında sürətlə yayılır.
Sosioloq Lalə Mehralı deyir ki, bu halların ən böyük səbəbkarların biri, hətta başlıcası həmin uşaqların valideynləridir:
![]()
"Heç kim anadan alkoqolik doğulmur, bu zamanla qazanılan bir vərdişdir. İnsanın hər hansı mənəvi boşluğunda, ola bilsin hər hansısa problemində həll yolu tapa bilməyəndə özünü, problemlərini unutmaq üçün baş vurduğu bir yoldur. Təbii ki, yalnış yoldur, edilməməsi gərəkən hərəkətdir. Lakin alkoqollu içkilərin aludəçisi olan insanların həyatına baxsaq, görərik ki, hər hansı bir problem səbəbindən içkidə çıxış yolu tapıblar.
Ətraf mühitin, sosial çevrəsinin təsiri ilə alkoqollu içki düşkününə çevrilən insanlar da kifayət qədər çoxdur. Bizim ətrafımız, bizim şəxsiyyətimizə, mənəviyyatımıza, xarakterimizə olduqca böyük təsir göstərə bilir. Hər nə qədər ətrafdan təsirlənmədiyini deyən insanlar olsa da, hətta onların özləri də təsirlənir. Çünki bu elə bir vəziyyətdir ki, başını qaldırıb ətrafında kimi görürsənsə, o sənin həyatının iştirakçısıdır. Həyatında hər hansı bir yeri, rolu olan insanlardır. Bu sənin ailə üzvlərin, yaxın çevrən, dostun, qohumların, iş yoldaşların və s. insanlar ola bilər. Ona görə də mən hesab edirəm ki, sosial mühitin içki aludəçisi olmaqda böyük təsiri var və alkoqollu içki düşkünü olan insanların bir səbəbi də məhz çevrəsidir.
Bayaq qeyd etdiyim kimi, heç kim anadan alkoqolik, yəni, içki düşkünü doğulmur. Bu sonradan qazanılan bir vərdişdir, ya ailədə, ya sosial çevrədə. Təbii ki, uşaqların alkoqollu içkilərə meyilli böyüməsinin ən böyük səbəbkarı nə qədər acı olsa da, bu reallıqdır ki, valideynidir. Yəqin ki, siz də görmüsünüz, sosial şəbəkələrdə bəzi videolar, fotolar paylaşılır ki, valideynlər 6-7 yaşında uşaqlara spirtli içkiləri içirdirlər. Uşağın sərxoş olmağını, içib davranışını itirməyini çəkir və bundan ləzzət alırlar. O insanların düşüncə, dərrakə, zəka qıtlığı yaşadığını düşünürəm və bu insanların haqqında ölçü götürülməsinin tərəfdarıyam. Uşaqlar 18 yaşına qədər valideyninə əmanətdir. Əgər valideyn bu əmanətə sahib çıxa bilmirsə, onun sağlamlığına, psixologiyasına zərər vurursa, dövlət bu halda uşağı valideyndən almalı, öz himayəsinə götürməlidir. Əgər valideyn tərəfindən 18 yaşına çatmamış uşağa alkoqollu içki içirdilirsə, o uşağın valideyni ola bilməz. Düşünürəm ki, bir valideyn bunu edə bilməz. Ona görə də, uşaqların (burda yetkin insan yox, azyaşlı nəzərdə tutulur) içkiyə meyllənməsinin təməl səbəbkarı kimi də valideyni görürəm.
Özü spirtli içkilər düşkünü olan insan ailəsində çox problemlərin yaranmasına səbəb olur. Bu vəziyyətdə uşaqları, həyat yoldaşı ilə münasibətləri korlanır, vəziyyət boşanmağa qədər uzana bilir. Uşaqlar daim sərxoş olan valideyni görmək istəmirlər. Daim sərxoş valideyn uşaqları qorxudur, onları iyrəndirir, sosial həyatlarına çox pis təsir edir. Bu cür uşaqların dost çevrəsində də narahatlıq olur. Çünki onun haqqında danışanda atasının və ya anasının alkoqollu içki aludəçisi, daim sərxoş olması barədə də söyləntilər, söz-söhbət olur. Təbii ki, bu da uşağın sosial həyatına təsir edir. Ona görə də özün spirtli içki aludəçisi olursansa, bunun tək sənin həyatını məhv edə biləcəyini düşünmə. Bu eyni zamanda sənin ailənin də məhvi deməkdir. Uşaqlar bizim üçün qırmızı sədd, toxunulmaz varlıqlardır. Ona görə uşaqlarımızın haqqında necə hər şeyin ən yaxşısını düşünürüksə, hər şeyin ən əlasını eləməyə çalışırıqsa, bu məsələdə də uşaqlarımızı nəzərə almalıyıq. "Mən öz bədənimi zəhərləyirəm" düşüncəsi deyil. Sənin zəhərlənmiş bədənin zəhərlənmiş psixologiyan deməkdir. Zəhərlənmiş və korlanmış psixologiya isə ailə üzvlərinin hamısını əlaqədar edir. Ona görə də spirtli içkiyə düşkün olan valideyn əslində övladının da gələcəyini məhv etdiyinin fərqində olmalıdır.
Mən çox təəssüf edirəm və dəfələrlə də şahid olmuşam ki, valideynlər özləri öz istəkləri ilə uşaqlara energetik içki alıb, içirdirlər. Uşaqlar energetik içkinin dadını bilmirlər, heç vaxt içməyiblər və görməyiblərsə, onu alıb içirməmisənsə, deyə bilmərsən ki, uşağım onu istəyir. Uşaq onu istəyəndə ona tutarlı arqumentlər demək lazımdır ki, o uşaq üçün deyil, uşaq rasionu, qəbulu üçün uyğun tərkibli məhsul deyil və bunun tərkibi ilə bağlı uşağı məlumatlandırmalısan ki, sənə zərərlidir. Amma valideynlər bunu etmir. Uşaq energetik içki qəbulunu tələb edirsə, alır və dinməz-söyləməz içməsinə şərait yaradırlar. Dəfələrlə olub ki, bu cür vəziyyətlərdə iradımı bildirmişəm. Qarşılığında valideynlər "özüm bilərəm", "öz uşağımdı", "öz qərarımdı", "sən kimsən ki?", "hər şeyə qarışmağa haqqınız yoxdur" kimi cavablar verib, reaksiyalar göstəriblər. Buna baxmayaraq, mən yenə də bu vəziyyətdə olanda iradımı bildirirəm. Baxmayaraq ki, valideyn başa düşmür ki, mən niyə irad bildirirəm, amma mən yenə də vətəndaşlıq, insanlıq, valideynlik borcumu yerinə yetirərək, o uşaqların orqanizminin bu kimi məhsullarla zəhərlənməsini istəmirəm.
Övladına bu kimi energetik içkini alan valideynlərin övladına spirtli içkini içirtməyinə də təəccüblənməməliyik. Hər ikisi eyni potensialda valideyndir və hər ikisi nə desən də anlamayacaqlar. Ona görə də bu cür uşaqlar böyüyüb gələcəkdə alkoqollu içkilər düşkünü olanda valideyn deməməlidir ki, niyə belə oldu, niyə övladım bu yola düşdü. Axı zamanında bunun təməlini sən özün qoymusan, şəraiti yaratmısan və o uşağa sən ixtiyar vermisən. Ona görə sonrakı peşmançılıq fayda vermir. Əvvəldən elə addım atmaq lazımdır ki, sonra bu kimi hallarla qarşılaşmayaq".
Röyalə Xəyal