“AQSİA ilə qarşıda görəcəyimiz işlər hələ çoxdur” – Sahibkar xanım

Aynürə Hüseynova: "Qanunvericiliyə əsasən həkimlər dərman olan vasitəsinin ticari adını deyil, təsiredici maddənin adını resept blankında qeyd etməlidirlər"Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və ilkin məlumatlara əsasən onların məşğul əhalinin ümumi sayındakı çəkisi 48 faiz təşkil edir. Statistik göstəricilərə istinad etsək görərik ki, dövlət qulluğunda çalışanlar arasında qadınların nisbəti 29 faiz, sahibkarlar arasında isə 22 faizdir. Qeyd edək ki, beş il öncə sahibkarlar qadınların nisbəti 11 faiz idi.

"Biyan" aptekin təsisçisi, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü, əczaçılıq üzrə fəlsəfə doktoru Aynurə Hüseynova SOSİUM.az-a müsahibəsində ölkəmizdə qadın sahibkarlığının inkişafı, əczaçılıq sektorunun mövcud durumu və digər mövzular ətrafında danışıb.

- Eyni zamanda həm tədrislə məşğul olur, həm elmi araşdırmalar aparır, həm də sahibkarlıq fəaliyyəti göstərirsiniz. Bəlkə elə əvvəlcə bu barədə danışaq...

- Qeyd edim ki, əczaçılıq fəaliyyətinə marağım ailədən gəlir. Atam uzun illər paytaxtın mərkəzi apteklərindən olan - 27 saylı aptekin müdiri vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Tibb Universitetində əczaçılıq fakultəsinin "Latın dili" kafedrasının müdiri kimi fəaliyyət göstərib, əczaçılıq elmləri namizədi olub. Mən də Azərbaycan Dövlət Tibb Universitetini (ATU) əczaçılıq ixtisası üzrə bitirmişəm. Hazırda ATU-nin " Əczaçılıq texnologiyası və idarəçiliyi" kafedrasının müəllimiyəm, əczaçılıq üzrə fəlsəfə doktoruyam. Həmişə arzularımdan biri atamın yolunu davam etdirmək, şəxsi aptekimi açmaq olub. Şükürlər olsun ki, bu arzuma da müvəffəq olmuşam. Ötən əsrin 90-cı illərindən ölkədə ilk dəfə olaraq özəl sektorda optik vasitələrin satışı ilə ailə buznesi olaraq fəaliyyətlə məşğul olmağa başladıq. Azərbaycanın ilk və məşhur optika şəbəkələrindən olan "Anar-Optik"in həmtəsisçisiyəm. "Biyan" aptekinə gəldikdə isə, hazırda Bakıda bir aptekimiz fəaliyyət göstərir, lakin yaxın gələcəkdə ehtiyac olarsa apteklərimizin sayını artırmağı planlaşdırırıq. Bilirsiniz ki, biyan qiymətli dərman bitki xammallarından biridir. Bu bitkinin dünyada 18 növü yayılıb ki, Azərbaycanda onun 8 növünə təsadüf olunur. İmmun sisteminin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malik bir bitkidir. Bu gün kafedramızda biyan bitkisindən müxtəlif dərman formalarının hazırlanması istiqamətində ciddi araşdırmalar aparılır. Bir əczaçı alim olaraq mən də bu araşdırmalarda fəal iştirak edirəm. Cənab Prezident İlham Əliyev Ağdaşda Biyan Sənaye Parkının açılışında iştirak edib və bu bitkinin qeyri-neft sektorunun inkişafında əhəmiyyətindən bəhs edib. Optik şəbəkəyə paralel olaraq yeni aptekimizi təsis edəndə onu məhz bu səbəblərdən "Biyan" adlandırdıq. Sizin də qeyd etdiyiniz kimi, eyni zamanda həm ATU-da müəllim kimi tədrislə məşğul olur, həm də elmi tədqiqatla da məşğul oluram.

- Azərbaycanda dərmanların keyfiyyəti, həkimlərlə dərman firmaları arasında bazarlığın olması cəmiyyəti narahat edən əsas müzakirə mövzularından biridir. Doğrudanmı insanların sağlamlığı bir qrup işbaz üçün alver predmetinə çevrilib?

- Təəssüf ki, bu problem mövcuddur. Əslində inkişaf etmiş və etməkdə olan dövlətlərdə həkimlər dərman təyin edərkən yalnız təsiredici maddənin adını resept blankına qeyd edirlər. Pasiyentlər isə həmin resepti əczaçıya təqdim edir və onların tövsiyyəsi ilə dərman vasitələrini əldə edirlər. Bu zaman xəstənin maddi durumu, yanaşı xəstəlikləri, paralel olaraq digər hansı dərman vasitələrini qəbul etməsi və s. nəzərə alınır. Bizdə isə bəzi həkimlər konkret olaraq dərmanların adını yazır, pasiyenti aptekləri gəzməyə təhrik edir, eyni tərkibli dərmanları deyil, məhz qeyd etdiyi dərmanı almağı tələb edirlər. Çünki həkim bunun qarşılığında ya faiz alır, ya xarici səfərlərini həmin dərman firmasının hesabına həyata keçirir, ya da hansısa şəxsi problemini həll etməyi onların üzərinə qoyur. Nəticədə istehlakçı qurbana çevrilir.
Bu Azərbaycanda əczaçılıq sektorunun ən ağrılı problemlərindən biridir. Qanunvericilik həkimlərin konkret dərman adlarını yazmasını birmənalı şəkildə qadağan edir. Həkim pasiyentə yalnız təsiredici maddənin adını yaza və bu yolla onun müalicəsinə yardımçı ola bilər. Bir müddət öncə bununla bağlı ciddi yoxlamalar başlasa da, hazırda da bu cür neqativ hallar davam etməkdədir. Bunun qarşısını almaqda isə müvafiq qurumların, mətbuat orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür. İnzibati müdaxilələr və ictimai qınaq mühiti olmasa, bu cür acınacaqlı hallar davam edəcək. Bu da öz növbəsində xəstələrin əlavə xərclərə düşməsinə səbəb olacaq. Eyni zamanda onların sağlamlığını ciddi təhlükə altına atacaq. Çünki öz peşəsinə vicdanla yanaşmayan həkimlərin pasiyentlərinə keyfiyyətsiz və mənşəyi bilinməyən dərman vasitələrini resept olaraq yazmayacağına da heç bir təminat yoxdur.

- Koronavirus pandemiyası əczaçılıq sektoruna tələbi artırdı. Baxmayaraq ki, pandemiya əsas etibarilə başa çatıb, apteklərin sayı durmadan artır. Bu sahəyə aidiyyatı olmayan şəxslər də durmadan apteklər açırlar...

- Koronavirus pandemiyası bir daha göstərdi ki, dünya fors-major hallardan sığortalanmayıb və biz istənilən fövqəladə vəziyyətə hazır olmalıyıq. Bir neçə il öncə desəydilər ki, hansısa kütləvi virus peydə olacaq və milyonlarla insanın həyatına son qoyacaq, çox az adam buna inanardı. Bu gün də koronavirus infeksiyasının yoluxma sayının artacağı, digər ölümcül virusların meydana çıxacağı istisna deyil. Bu mənada bütün dünyada olduğu kimi, Azərbaycan səhiyyəsi də buna hazır olmalıdır. Lakin bu hazırlıq o demək deyil ki, apteklərin sayı çoxalmalıdır. Əksinə, statistik göstəricilərə nəzər salsaq görərik ki, Azərbaycanda mövcud olan apteklərin sayı normadan artıqdır. Adambaşına düşən dərman vasitələrinə olan tələbatı üstələyir. İnkişaf etmiş və etməkdə olan ölkələrdə aptek açmaq üçün müvafiq prosedurlar mövcuddur. Yəni, hər yerdə aptek açmaq olmaz. Ərazidə məskunlaşan əhalinin sayı, yaş kateqoriyası, xəstəlik nisbəti araşdırılır və yalnız bundan sonra apteklərin fəaliyyətinə icazə verilir. Azərbaycanda isə digər sahələrdə olduğu kimi, bu sahədə də ciddi boşluqlar var və bəzən elə sizin də söylədiyiniz kimi, əczaçılıq sektoruna heç bir aidiyyatı olmayan işbazlar sənədləri hansısa əczaçının adına rəsmiləşdirilməklə ölkəmizdə çoxlu apteklər açırlar. Səhiyyə Nazirliyi bu istiqamətdə səylərini artırmalı, qanunvericilik bazası təkmilləşdirilməli, bu sahədə dərin islahatlar aparılmalıdır. Çünki kifayət qədər həssas bir məsələdən danışırıq və insanların sağlamlığı müzakirə mövzusudur.

- Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvüsünüz. Bu quruma gəlişiniz barədə danışardınız. Necə düşünürsünüz, sahibkar xanımlarla bir arada olmaq, ümumiyyətlə AQSİA qadınlara nə vəd edir?

- Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) mənəvi dəstəyi ilə təsis olunub. Fəaliyyətə başlamasından beş ilə yaxın zaman ötür. Qeyd edim ki, AQSİA-nın yarandığı günlərdən sırasındayam. Açığı qurumun fəaliyyəti ilə bağlı televiziya proqramlarında, media orqanlarında verilən məlumatlar, sahibkar xanımların bir platformada birləşməsi mənə maraqlı idi. Bu baxımdan AQSİA-ya dəvəti böyük məmnuniyyətlə qəbul etdim, dəyərləndirdim. Hesab edirəm ki, fəaliyyət göstərdiyi müddət ərzində AQSİA qadın sahibkarlar arasında faydalı və qarşılıqlı əlaqələrə nail olunması, birgə fəaliyyət təşəbbüsləri, sosial aksiyalar və bir çox istiqamətlərdə uğurlu nəticələr göstərib. Ölkəmizin ən böyük iqtisad qadın platformasına çevrilməyi bacarıb. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim qadın sahibkarlara öz dəstəyini nümayiş etdirir, onlara dayaq dururlar. Düşünürəm ki, AQSİA olaraq qarşıda görəcəyimiz işlər çoxdur və biz də əlimiz yetdiyi qədər qurumun inkişafına bundan sonra da öz töhfəmizi verməyə çalışacağıq.

- Alim, pedaqoq və sahibkar kimi çalışqan bir xanım olaraq uğur formulunu nədə görürsünüz?

- Karyerada yüksəlməyi hamı istəsə də, çoxu bunun sadəcə zaman və təcrübə ilə mümkün olduğunu düşünür. Əlbəttə, bunlar əhəmiyyətli faktorlardır, lakin prosesin sürətləndirilməsinə kömək edəcək vərdişlər də var. Şübhəsiz ki, hər şey məqsəddən başlayır. Məqsəd aydın və qətidirsə, ona gedən yol nə qədər çətin olsa da, mümkündür. Getdiyin ünvan məlum deyilsə, hansı yolla getməyinin heç bir anlamı qalmır. Bu səbəbdən ilk növbədə hədəflərini müəyyən etməli, heç olmasa bir dəfə bunu sağlam beyinlə dərindən təhlil etməlisən. Bundan sonra əzmkarlıq, inadkarlıq, qətiyyətlilik və iradə səni istədiyin yerə götürəcək. Hər zaman auditoriyalarda tələbələrimə bunu aşılayıram və hesab edirəm ki, hər bir gənc öz üzərində işləmək, təcrübə və əzmkarlıq sayəsində həm özünə, həm də cəmiyyətə faydalı ola bilər.

SOSİUM.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31