Dünyanın heç bir ölkəsində belə biabırçı mərasimə rast gəlmək mümkün deyil...

Toy Azərbaycanın ən qədim və gözəl adət-ənənələrindən biridir. Bəs hazırki dövrdə toylar necə təşkil olunur? Adət-ənənələrimiz davam etdirilirmi?

Sosioloq Sahib Altay  bildirib ki,  Azərbaycanda toylar çoxsaylı insanların iştirakı, dəbdəbəli yemək masalarının müşayiətilə təşkil olunur:" Toy azərbaycanlının ictimai-sosial statusunun zəmanət talonudur. Azərbaycanlı  məhz yasa, toya getməyinə görə eldən bir status alır- "Xeyir - şər adamı".

Toy yeni qurulan ailəni görüntüləyib, camaata təqdim etmək məqsədi daşıyır. Toy "türk sözüdür, mənası "yığıncaq" deməkdir. Bu anlayış daha çox insanların oba bəylərinin çadırında toplaşıb, qərar qəbul etmək üçün yığışdığı yığıncağı simvolizə edirdi. Bununla  paralel olaraq, iki insanın ailə qurması üçün təşkil olunan tədbir də yığıncaq olduğu üçün toy adlanır. Toyda ailə quran tərəflərin arzu etdiyi və onların bu gününü arzu edən adamlar iştirak etməlidir.

Toylar bu gün biznes və görüntü məqsədi daşıyır. Öz təyinatından uzaqlaşıb. İsrafçılıq baş alıb gedir. Əslində isə arzulanan şəxslərin iştirakı ilə kiçik kampaniyalar şəklində təşkil olunmalı və süfrə zənginliyi ortadan qaldırılmalıdır".

Sahib Altayın fikrincə toy ümumilkdə özü bir mental dəyərdir: "Ayrı-ayrı elementlərin fonunda nəzərə alırıqsa, bəli, mental dəyərlərə hazırda əməl olunur. Bəzi dəyərlər dövrün sərhədsiz informasiya dövründə deqredasiyaya uğramaqadadır, ancaq bir çox mental ənənələr hələ də saxlanılır".

Sahib Altay deyir ki, keçmiş dövrün toylarını indikilərlə  fərqləndirən müxtəlif səbəblər var. Əvvəlki dövrün toylarında qayda belə idi. Bir kənddə mağar toyu olurdu və yeməklə, əyləncə arasında məsafə var idi. Əsasən yemək günorta saatlarında təqdim olunur, günortadan sonra isə əyləncə mərhələsi başlayırdı. O kəndin bütün sakinləri toy mağarına yığışar, növbəylə rəqs edər, böyük çoxluq da bunu izləyərdi. Təbii idi. Əvvəllər istehsalat sənayesi bu qədər inkişaf etməmişdi, satış bazarında növ çeşidliyi yox idi. İndi bazar da zəngindir, toyun süfrəsi də. İsrafçılıq baş alıb, gedir. Uyğunsuz adamlar iştirak edir. Ağız deyəni qulaq eşitmir. Bugünkü toylar heç də yeni qurulan ailənin elan edilməsinə deyil, övladına toy edən valideynlərin ictimaiyyət arasında sosial kimliklərini təsdiq etməyə xidmət edir.

Sahib Altay hər şeyin təyinatı üzrə mövcudluğunun tərəfindədir:"Ümumiyyətlə insanımızın alt şüurundan xeyir-şər ənənəsi qalxıb, ictimai şüur daha çox ictimai məsələlərə köklənməlidir:

İstəyərdim ki, toylardakı dəbdəbə görüntüsü, yemək israfçılığı, cehiz və zinət əşyası öhdəliyi, toy ifaçılığındakı bayağılıq ortadan qaldırılsın. Ümumilikdə toy ictimai kimliyin təsdiqini təşkil edən amil olmağa xidmət etməsin. Bu, bu günümüz üçün də, gələcəyimiz üçün də çox təhlükəlidir".

Sosioloq  Elçin Bayramlının fikrincə

son dövrlər Azərbaycan toyları öz ənənəvi formasından tamamilə çıxıb: "Artıq  bunu toy adlandırmaq olmaz. Bu hay-küylü, göstərişli, dəbdəbəli, restoran qonaqlığıdır. Təəssüf ki, biz minillərdir gələn ənənələrimizi son 20 ildə itirdik. Restoran toyları dəbə düşdükdən, müasir formaya düşdükdən sonra bütün  ənənəvi qaydalar itdi. Xüsusən də şəhərlərdə. Yenə kəndlərdə  bəzi köhnə ənənələr əsasında  belə toylar təşkil olunurdu. Amma kənd və şəhər toylarında da, toyun mahiyyəti kənarda qalır, ancaq zəngin yeyib-içmək süfrəsi, hay-küylü musiqilər, bezdirici, yorucu bir mərasim formasına gəlib çıxır. Halbuki toyun mahiyyəti tamamilə başqadır.  Burada bir ailə qurulmasından söhbət gedir, insanlar həmin məclisə təbrik etmək, xoş günündə yanında olmaq, sevinmək üçün  gəlir. Amma bunlar arxa planda qalır, ön planda isə  çoxlu yeyib-içmək , yeməklərin çeşidləri, qiymətləri, flankəs filan şeyi geymişdi və s. kimi əhəmiyyətsiz maddi məsələlər  görünür.  Bu artıq  toyun öz mahiyyətini müasirlik adı altında itirməsi deməkdir. Bu müasirlik də deyil, çünki müasir dünyada görürük ki, sivil ölkələrdə  toylar necə sakit, səliqəli və rahat keçir. Bizim  hazırki toyların dünyada  analoqu yoxdur. Yəni dünyanın heç bir ölkəsində belə bir biabırçı mərasimə rast gəlmək mümkün deyil. Onu tək  biz yox, xaricdən gəlib bizim toylarımızda iştirak edən  əcnəbilər də deyirlər. Təəssüf ki, biz bu məsələdə öz milli  ənənələrimizdən, ən böyük şənliklərdən biri olan toy mərasimini  belə bir bərbad vəziyyətə salmışıq".

E.Bayramlı bildirib ki, toylarda  adət-ənənələrimizin çoxu itib gedib: "Əvəzində, müasir, qondarma, kimlərinsə quraşdırdığı, ancaq biznes, nümayiş xarakterli, özünü göstərmək yerini tutub. Bu nə milli, nə bəşəri, nə müasirlikdir. Bunu ifadə edəcək bir termin yoxdur. Toyların artıq psixologiyası, toy mühiti dəyişib. Artıq toyda insanlar süni iştirak edirlər. Çünki səs-küylü bir məclisdə qohumlar, dostlar  bir-biri ilə söhbət də edə bilmirlər. Çalışırlar ki, müxtəlif hoqqabazlıqlar etsinlər. Hətta toylarımızda milli mahnılarımıza da az rast gəlinir. Daha çox xarici, Avropa musiqilərinə, tamamilə bizim olmayan,  xalq mahnıları olmayan repertuara üstünlük verilir. Çalışırlar ki, 5-10 min  verib tanınmış müğənniləri öz toylarına dəvət etsinlər. Amma həmin o, 5-10 minlə ailə öz zəruri xərclərini qarşılaya bilərdi. Bu toylardan qazanan yalnız biznes sahibləri, müğənnilər, toyun təminatını yerinə yetirən şəxslər və obyektlərdir. Bir çox hallarda yeni ailə quranlar zərərə düşür. Çoxlu borc və kredit altında qalır. Ona görə də, bunu heç cür nə milli, nə mənəvi dəyərlərə aid bir mərasim hesab etmək olmaz."

E.Bayramlı keçmiş toylarla indiki toyları da müqayisə edib: "Demək olar ki, hər şey fərqlidir, elə bir şey yoxdur ki, fərq olmasın: "Tamamilə bir-birinə zidd, biri-birindən fərqli  bir mərasimdir. Keçmişdə insanlar toyda sadə bir məclis qururdu, musiqi qrupu gəlirdi, insanlar sevinir, təbrik edir, oynayırdılar.  Süfrədə də bir neçə cür  yemək-içmək olardı. Rahat bir şəkildə  mərasim yola verilirdi və toydan  yığılan pul, yeni qurulmuş ailəyə qalırdı. Yeni qurulmuş ailə həmin pulla  öz problemlərini həll edirdi. İndi isə  ən azı 95% halda heç bir fayda qalmır, biz toyda iştirak edərək verdiyimiz pul, ailəyə yox, biznes quldurlarına çatır".

-Bəs toyların təşkilində restoran qiymətlərinin rolu varmı?

E.Bayramlı bu suala belə cavab verib: "Restoran qiymətləri həqiqətən də çox böyükdür. Bu gənclərin evlənmək maraqlarını azaldır.  Bu xərcləri ödəyə bilməyəcəklərini görərək, bir çox ailələr, gənclər özləri toyu təxirə salmağa çalışır ki,  pul qazanıb, yaxşı toy edərəm. Sadə toy etməyə çalışmırlar. Çünki  bəhsəbəsdir. Sanki hər kəs bir-birinə özlərini göstərməli, toyun daha yaxşı keçdiyini, filankəslər iştrak etdi kimi yanaşmalarla yanaşmalıdır.  50-100 manatlıq qiymətində süfrələr qurulur. Adambaşına  hesablanır. Halbuki biz ora əlli cür yeməyi mədəmizə doldurmağa getmirik, gedirik ki, yeni ailə quran insanı təbrik edək, sevincinə şərik olaq, xatirə şəkli çəkdirək, oynayaq, bir tikə də yemək yeyib  mübarəkdi deyib gələ bilək. Amma  hazırki toylarda süfrənin üstündə 3 mərtəbə boşqablar sığışmır, 50-60 cür yeməklər, salatlar, içəcəklər qoyulur. Bu sadəcə biabırçılıq, israfçılıq, görməmişlikdir.

İndiki toylardan hər şeyi yığışdırmaq lazımdır. Yəni sivil dünyaya  və keçmişə baxmaq lazımdır ki, toyu necə edirlər, toy nə deməkdi, mahiyyəti, məqsədi nədir. Formal prosesləri kənara qoymaq lazımdır. Hər kəs istəyir ki, toyunda 300, 400, 500 adam olsun, desinlər ki,  filankəsin toyuna filan qədər adam gəlib , bu gülünc bir söhbətdir. Dünyanın  heç bir yerində  belə bir şey yoxdur. Maksimum 50-100 nəfərlə toy olunur. Toy ən yaxın adamların, qonşuların, dostların  iştirak etdiyi bir mərasimdir. Burada ən yaxın adamlar isə maksimum 100 nəfər ola bilər. Az  qonaqla sadə bir toy təşkil etmək olar, imkan olduqca açıq havada. Cəmi iki-üç saat kifayətdir. Burada min manatlıq gəlin maşını, 5 min manatlıq gəlin donu və bu kimi söhbətlər gülüncdü. Ümumiyyətlə bu mənasız bir şeydir.  Yalnız eqoistlik, özünü göstərmək və.s. Bunun ailəyə heç bir xeyri yoxdur. Bu məsələlər yığışdırılmalıdır. Sadə bir məclis təşkil olunur, az insanlarla, cəmi 1-2 saat çəkir, nikah kəsilir, hamı təbrik edir, oxuyub, oynayır. Yaxşı olardı ki, yeməklər tamamilə yığışdırılsın, əvəzində isə şirniyyat və yüngül içkilər verilsin. Spirtsiz içkilər daha yaxşı olar. Çünki biz yemək üçün getmirik toya, təbrik etmək üçün gedirik. Hədiyyə ala bilər və yaxud pul formasında təqdim edə bilər. Ona qayğısını, diqqətini göstərər. Toyda iştirakçılarla normal söhbət edər, ev yiyəsi sahibləri ilə dərdləşər, yəni buna indiki toylarda imkan belə yoxdur.  Var gücünlə qışqırsan belə, yanındakı insan heç nə eşitmir. Hamı gəlir maket kimi oturur, stolun üzərində barmaq toxundurmağa yer yoxdur, bəziləri də çalışır ki, 50 növ yemək verilibsə 50-dən də mütləq şəkildə dadsın. Sonra da formal olaraq şəkil çəkdirəcək, pulunu yazdırıb çıxıb gedəcək. Bu normal deyil və heç vaxt normal olmayıb, nə tariximizdə, nə bugünki dünyamızda  belə biabırçılıqlar yoxdur. Problemlər çoxdur, danışmaqla bitmir. Bunun inzibati yollarla tənzimlənməsi mümküm deyil. Tək bir yolu var, cəmiyyətin aparıcı avanqard qüvvələri nümunə göstərməlidir. Məsələn bizim alimlərimiz, yazıçılarımız, məmurlar, imkanlı biznesmenlər, cəmiyyətin  yuxarı təbəqəsi bunu etsə kütlə də görər ki, bu qəbul olunur və normaldır. Amma bizdə imkanı olmayan da kreditə, borca girir ki, varlı, imkanlı insanlar kimi toy etsin ki, birdən kimsə deyər ki, filankəs ondan zəif toy etdi, ayıbdı. Bu yanaşma psixoloji xəstəlikdir. Normal insan düşüncəsinə sığacaq bir şey deyil. Bunu təbliğ etmək üçün maariflənmə aparılmalıdır və cəmiyyətin əsas, avanqard qüvvələri bunu nümunə kimi göstərməlidir. Biz onu görmürük. Əvəzində daha da qızışdırılmasını görürük.  Toy təşkil edən şirkətlər, restoran sahibləri daha da dəbdəbəli, zəngin üsullar çıxarırlar ki, insanlar olan-qalan pullarını da bura xərcləsinlər, sonra da yeni ailə qurmuş gənclər 10-15 il bu kreditin altında boğulsun. Bu yeni qurulan ailəyə zərər vurmaqdır.  Bəri başdan ailəni maddi-sosial sıxıntıya salıb məhv etməkdir.

                                                                        Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31