İstirahət hüququmuzdan niyə yararlana bilmirik?

Ölkədə işçilərin əmək hüquqları ilə bağlı bır sıra neqativ hallar müşahidə olunmaqdadır. Bunlar arasında ən çox təsadüf ediləni isə işçilərin məzuniyyət hüquqları ilə bağlıdır. Baxmayaraq ki, Konstitusiya ilə hər kəsin istirahət hüququ var, lakin bir sıra hallarda işəgötürənlər bu hüququn təmin olunmasında süni maneəçilik yaradırlar. Ölkə Konstitusiyasına görə, əmək müqaviləsi ilə işləyən işçilərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Təəssüf ki, əsasən özəl sektorda bu hüququn təmin olunmasına elə də əhəmiyyət verilmir.  Birmənalı şəkildə qeyd edilməlidir ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda, əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Mövcud qanunvericiliyə görə, işçilərin qanunla müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Çünki, məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları qanunla müəyyən edilir. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və qanunda nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Bundan başqa, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Hansı məzuniyyət növləri  mövcuddur?

Məlumat üçün qeyd edək ki, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; sosial məzuniyyət; təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti və ödənişsiz məzuniyyət. Bundan başqa, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. Qeyd edək ki, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. Lakin qanunvericilik bir sıra sahələrdə çalışan işçilər üçün 30 təqvim günü müddətində də məzuniyyət nəzərdə tutur. Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilir: kənd təsərrüfatı məhsullarının istehsalında çalışan işçilərə; məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə; xüsusi rejimli tədris müəssisələri istisna olmaqla, tədris müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə; tədris müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə; elmi dərəcəsi olmayan elmi işçilərə; həkimlərə, orta tibb işçilərinə və əczaçılara. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Əlavə məzuniyyət hansı hallarda müəyyən edilir?

Qanunvericilikdə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri də müəyyən edilib. Belə ki, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı əlavə məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Onu da qeyd edək ki, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Uşaqlarını təkbaşına böyüdən ataların, həmçinin uşaqları övladlığa götürmüş şəxslərin bu maddənin birinci hissəsində nəzərdə tutulan əlavə məzuniyyət hüququ vardır. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır. Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərə isə əmək məzuniyyəti 56 təqvim günü müddətində, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara isə 42 təqvim günü müddətində əmək məzuniyyəti verilməlidir.

Məzuniyyət hüququnu pozanlar hansı məsuliyyəti daşıyırlar?

Xatıladaq ki, qanunvericilikdə məzuniyyət hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Konkret olaraq işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. Göründüyü kimi cərimələr kifayət qədər böyükdür. Cərimələr Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxslərinin qanuna müvafiq qaydada yoxlamaları zamanı nöqsanlar üzə çıxdıqda tətbiq olunur. Eyni zamanda işçinin şikayəti əsasında qanuna müvafiq qaydada Müfəttişlik araşdırmalar apara bilər və belə pozuntular olarsa, cərimələr tətbiq edə bilər. Misal üçün, əgər işçiyə 30 gün əmək məzuniyyəti düşürsə, 21 gün əmək məzuniyyəti verilmişsə, inzibati cərimə tətbiq olunacaq. Eyni zamanda, işçiyə iş ilinə görə əmək məzuniyyəti düşürsə və işəgötürənlə işçi arasında əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə əlavə razılaşma yoxdursa, işəgötürən işçini əmək məzuniyyəti ilə təmin etmirsə, yenə inzibati cərimə tədbiq olunur. Həmçinin işçiyə əlavə məzuniyyət verilmirsə, bu da məzuniyyət hüququnun pozulmasıdır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31