"Marşrut avtobusları sosial layihədir, biznes layihəsi deyil"

Tıxaclar şəhəri Bakı...
Yay aylarında Bakının yerli sakini olmaq vətəndaşlar üçün sözün əsl mənasında işgəncədir. Səhər saatlarında işə çata bilmək üçün insanlar mübarizə aparırlar. Kondisioneri olmayan avtobuslar, qatarlar, sıxlıq və tıxac. Avtobuslar arasında intervallar o qədər uzundur ki, 2 dayanacaqdan sonra avtobus ağzına qədər dolmuş vəziyyətdə olur. Bununla bağlı isə məsuliyyət daşıyan şirkətlərin, ən başda da Bakı Nəqliyyat Agentliyinin xüsusi bir planı yoxdur. Çünki, hər il vəziyyət getdikcə pisləşir. Əgər komfortlu və zamana qənaət edərək mənzil başına çatmaq istəyiriksə, mütləq əlimizi cibimizə  atmalıyıq. İctimai nəqliyyatda isə hər ikisini eyni vaxtda tapa bilmək xəyal olub, vətəndaşlar üçün. Bakıda artıq günün istənilən saatında tıxacda qalmaq mümkün hal alıb. Deməli,  problem daha genişdir və mərhələli şəkildə öz həllini tapmalıdır. Vətəndaşların üzündə narazılığı görmək üçün gün ərzində 1 dəfə ictimai nəqliyyatdan istifadə etmək  kifayət edir. Təkcə şəhərdən kənarda yox, şəhərdaxili avtobuslar arasında da kondisioner sistemi olmayanlar var. BNA bu problemlərdən xəbərdar deyil?
Bəzən insanlar Bakıdan Şamaxıyav Qubaya gedə biləcəyi qədər zamanı şəhəriçi nəqliyyatda sərf edirlər. Problem sadəcə bunlarla da bitmir. Eyni məntəqədən yola düşən iki fərqli nömrəli avtobus eyni məntəqəyə fərqli gediş haqqları tətbiq edir. Bizə xırda görünsə də, nəqliyyat, daşınma sistemində sayıla bilməyəcək qədər problemlər mövcuddur.
İsti havalarda tıxacda qalan avtobusların içərisi saunadan fərqlənmir. İnsanlar çox zaman getdikləri yerdən bir neçə dayanacaq əvvəl enib, yollarına davam edirlər. Aqresiya, şikayət artıq hər yerdə özünü göstərir.
Sərnişinlərin  komfortlu daşınması hansı tənzimləmə ilə həyata keçirilir? 
Tıxacı yaradan səbəblər və həll yolları hansılardır?
Suallarımıza cavab tapmaq üçün mütəxəssislərlə həmsöhbət olduq:

Sosioloq Elçin Bayramlının Olaylar-a verdiyi açıqlamaya görə:

"Bakının sərnişin-nəqliyyat sistemində çox ciddi problemlər var. Uzun illərdir bu problem həllini tapmır. Son illərdə yüzlərlə yeni avtobus alınsa da, problem gündən- günə kəskinləşir. Çünki, tramvay və trolleybus olmayan şəhərlərdə yerüstü daşınma sadəcə avtobusların üzərinə düşür. Avtobusların hərəkətinin idarə olunması da bərbad vəziyyətdədir. "Nəqliyyatın idarə olunması sistemi" yaradılsa da, faydalı olmadı. Dövlətin yüz milyondan artıq pulu batdı. İndi də marşrut xəttlərinin sayı kəskin şəkildə azaldılıb. Bir çox marşrut xəttləri ləğv edilib. Vətəndaşlar şəhərin bir yerindən  başqa bir yerinə getmək üçün 2-3 müxtəlif avtobusdan istifadə etmək məcburiyyətində qalırlar. Bəzi istiqamətlərdə avtobusların intervalı çox azdır. Xəttə buraxılan avtobuslar da azdır. Ona görə, sərnişinlər tam şəkildə dolan avtobuslarda səyahət edirlər. Hətta virusa görə riskli olan dönəmdə də belə bir vəziyyət müşahidə edilirdi. Məqsəd budur ki, sərnişindaşıma şirkətləri Bakı Nəqliyyat Agentliyi rəhbərliyi altında mümkün qədər çox gəlir əldə etsinlər. Məsələn, 100 şərti sərnişini 2 avtobusla daşımaq yerinə, 1 avtobusla daşımaq, yanacağa qənaət etmək, xəttə daha az avtobus çıxarmaq daha çox gəlir deməkdir. Yeganə prinsip budur. Onların istəyi sərnişinlərin rahatlığı, şəhər nəqliyyatının normallaşması deyil. Bunlar yetməzmiş kimi, qiymətlərin qaldırılması haqqında da təkliflər irəli sürürlər. İndiki şəraitdə hətta qiymətlər yüksəkdir. Çünki xidmət 0 vəziyyətindədir. Bir neçə marşrutu çıxmaq şərti ilə ilə yük həm də taksilərin üzərinə düşür. İnsanlar bezir bir neçə marşrut dəyişərək saatlarla şəhərdə hərəkət etməkdən. Ona görə onlar taksiyə üstünlük verirlər. "Manatlıq" taksilər, özəl şirkət taksiləri həm vətəndaşların xərclərini artırır, həm də şəhərdə avtomobil sayını artırır. Nəticədə tıxac yaranır. Yəni, tıxacların yaranmasında əsas səbəb bir avtobusla gedə biləcək 50 nəfərin 20-30 nəfərinin avtomobildən istifadə etməsidir. Dünyanın bütün şəhərlərində yerüstü nəqliyyatın müxtəlif formaları var. Tramvay, trolleybus, metrobus, şəhərətrafı elektirik qatarları var. Bizdə isə demək olar ki, yoxdur. Bu məsələlər həllini tapmalıdır. Marşrut avtobusları sosial layihədir. Biznes layihəsi deyil. Məqsəd gəlir əldə etmək olmamalıdır. Şəhər həyatının, iqtisasiyyatının canı, arteriyası şəhərin sərnişin nəqliyyatıdır. Marşrut xəttlərinin sayı artırılmalıdır. Məsələn, Sahil metrosundan  Amay ticarət mərkəzinə getmək üçün 2 marşrut dəyişmək lazım gəlir. Halbuki, cəmi 2 kilometr uzaqlıqda yerləşir. Bu problemlərdə əsas günahkar BNA-dır. Çünki, Bakı Nəqliyyat Agentliyinə böyük vəsaitlər ayrılır, şərait yaradılır. BNA illərdir şəhərin nəqliyyat sistemini tənzimləyə bilmir. Yaxşı, ki metro var. Metro şəhərin yükünü azaldır. BNA yenidən qurulmalıdır. Prinsiplər aydınlaşdırılmalıdır ki, məqsəd pul qazanmaqdır, yoxsa sərnişin-nəqliyyat sistemini təşkil etməkdir. Mən təklif edirəm ki, sərnişindaşıma tamamilə dövləti  balansına keçsin. Özəl şirkətlər bu sistemdən uzaqlaşdırlmalıdır. Bütün bu problemlər "bazar" yanaşmasından və BNA-nın qeyri-peşəkarlığı səbəbindən əmələ gəlir.
Yeni gətirilən müasir avtobuslar olsa da, şəhərdənkənar ərazilərin böyük əksəriyyətində yeni avtobuslar yoxdur. Bu da isti keçən havalarda sağlamlığı yerində olmayan insanlar üçün narahatlıq yaradır. İndiki zamanda, belə bir sıxlıqda kondisionersiz avtobusların olması yolverilməzdir".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəisi Mais Ağayevin sözlərinə görə:

"Müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervalların ləngiməsi əsasən yollardakı nəqliyyat sıxlığı ilə bağlıdır. Biz gündəlik olaraq xüsusən də səhər və axşam pik saatlarında avtobusların intervalındakı gecikmələrlə bağlı məlumatları paylaşırıq. Bu məlumatlar da təsdiq edirik ki, avtobuslar yollarda sıxlıqda qalaraq gecikmə ilə hərəkət edirlər. Vəziyyətdən çıxış üçün əsas həll yolu isə avtobus zolaqlarının əhatəsini genişləndirmək və onun tələbinə riayət olunmasına nəzarəti gücləndirməkdir. Aparılan təhlillər də onu deməyə əsas verir ki, avtobuslar üçünayrıca zolaqlar olarsa və digər sürücülər bu zolağın tələbinə məl edərsə o zaman avtobuslarla səyahət müddəti əhəmiyyətli dərəcədə azalmış olur".

Nəqliyyat eksperti Eldəniz Cəfərov tənzimləmələr haqqında Olaylara danışıb:

"15 iyundan etibarən Bakı şəhərində ictimai nəqliyyatların hər birində kondisioner sistemi işə salınmalıdır.
Təəssüf ki, ictimai nəqliyyatın hər birində kondisioner sistemi işlək vəziyyətdə deyil. 2 il bundan əvvəl ictimai nəqliyyatın bağlı olduğu özəl şirkətlərə bildirilmişdi ki, onlar avtobuslarını kondisioner sistemi ilə təmin etsinlər. Kondisionersiz avtobuslar marşrut xəttinə buraxılmayacaqdı. Buna baxmayaraq, biz yenə də sınıq-salxaq, yararsız avtobusların hərəkətini müşahidə edirik. Dəfələrlə vətəndaşların şikayətlərinin şahidi olmuşam. Bu, çox acınacaqlı haldır.
Tıxac məsələsinə gəldikdə isə, bunun bir neçə səbəbi var. 
Tıxacların əsas səbəblərindən biri oldur ki, gündən-günə yararsız avtomobillərin sayı artır. Vətəndaşlar yeni avtomobil ala bilməməsi və ictimai nəqliyyatın bərbad vəziyyətdə olması səbəbindən taksilərdən istifadə etməyə məcbur olurlar. İctimai nəqliyyatda daşınma komfortlu olmadığı üçün insanlar banklara müraciət edir, kredit çəkirlər, ucuz avtomobillər alırlar. Vətəndaş bir məntəqədən digərinə rahat gedə bilmir, "Bakıkart" balansını artırmaq problemlidir. Avtobuslar arasındaki intervallar qısadır. Avtobusların hərəkətini göstərən interaktiv xəritələr yoxdur.  Daha sonra yol infrastrukturu yoxdur. Müasir tələblərə cavab verən yollar çox azdır. Asfalt qatı olar bilər ki, yaxşıdır, ancaq yol infrastrukturu tam qurulmayıb. Buna biz müasir anlamda yol deyə bilmərik. Yol dedikdə yolun xətlənməsi, işıqlandırılması, yol nişanlarının qoyulması və.s. Yolda nasazlıq yarandığı zaman ən qısa zamanda problem həll edilməlidir. Yolların daraldılması tez-tez Bakı şəhərində avtomobil qəzasının baş verməsinin səbəblərindəndir. Sürücülərin avtomobili istədiyi yerdə "parking" etməsi tıxaca səbəb olur. "Parking" üçün yerlər mövcud olmadığına görə baş verir bu hallar. Yollarda kimin tərəfindən aparıldığı bəlli olmayan tikinti işləri də tıxac yaradır. Bu problemlərin həlli mümkündür. Sadəcə həll etmək üçün dövlətin qəbul erdiyi proqramlara nəzər yetirmək lazımdır. 2019-2023-cü illəri əhatə edən, dövlət proqramı var. Cənab prezident də 2018-ci bu proqramı təsdiq edib. Sadəcə dövlət proqramını yol xəritəsi kimi ortaya qoyub, əməl etmək lazımdır. Bunlara əməl edilsə, paytaxtda nəqliyyat, avtomobil, tıxac, parking problemi olmayacaq. Dövlət proqramı qalıb kənarda. Lazımi dövlət qurumları, vəzifəli şəxslər buna əməl etmirlər".

Əfsanə  Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31