“Meymunçiçəyi” haqqında bilmədikləriniz - ARAŞDIRMA

COVİD-19 pandemiyasından sonra dünyanın müxtəlif yerlərində narahatlıq yaratmağa başlayan viral xəstəliklərdən biri də son zamanlarda ortaya çıxan meymunçiçəyi virusudur. Əvvəlki illərdə məlum olan və daha çox Afrika qitəsinin qərb və mərkəzi hissələrində müşahidə olunan virus, son zamanlar müxtəlif insan populyasiyalarına müxtəlif şəkildə təsir etməyə başlayıb. Gəmiricilərdə və vəhşi heyvanların bədənlərində görülən meymunçiçəyi virusu xəstə heyvanlardan insanlara keçərək yayılır.

Son zamanlar virusun müşahidə olunduğu Afrika qitəsi ilə əlaqəsi olmayan ondan çox ölkədə insanlarda ağır simptomlarla yoluxma hallarının baş verməsi bu virusla bağlı araşdırmaların intensivləşməsinə səbəb olub.

Meymunçiçəyi virusu nədir?

Meymunçiçəyi, Poxviridae virus ailəsinə və Orthopoxvirus cinsinə aid olan Monkeypox virusunun yaratdığı xəstəlikdir. Poxviridae ailəsindəki digər viruslardan olan Variola virusu çiçək xəstəliyinə, Cowpox virusu dana çiçəyi xəstəliyinə səbəb olur. Vaccinia virusu isə çiçək xəstəliyinə qarşı peyvəndin istehsalında istifadə olunur. Xəstəliyin adı meymun çiçəyi olsa da, əslində virus gəmiricilərdən əmələ gəlir. 1958-ci ildə araşdırma üçün saxlanılan meymun koloniyalarında çiçək xəstəliyinə bənzər əlamətləri olan iki fərqli epidemiya nəticəsində aşkarlanan virusa bu səbəbdən meymun çiçəyi adı verilmişdir. İnsanlarda meymun çiçəyi virusuna yoluxma ilk dəfə 1970-ci ildə müşahidə edilmişdir. Həmin ildən bu günə qədər Afrika qitəsində meymun çiçəyi müntəzəm olaraq sporadik bildirilən hallar kimi görülmüşdür. Tropik yağış meşələrinin bol olduğu Qərbi və Mərkəzi Afrikada uzun illərdir müşahidə edilən meymun çiçəyi, bölgədən ixrac edilən heyvanların səbəb olduğu çirklənmə ilə nadir hallarda dünyanın müxtəlif bölgələrinə çata bilirdi. Lakin son zamanlar bu xəstəlik keçmişə nisbətən daha geniş yayılıb və müxtəlif bölgələrdən olan insanlarda diaqnoz qoyulub. Covid-19 pandemiyasının dünya səviyyəsində dağıdıcı təsirləri səbəbiylə yeni bir virusun yayılma ehtimalı olaraq görülən meymun çiçəyi, bu mərhələdə hələ yayılmasa da, təfərrüatı ilə araşdırılmağa başlanılıb.

Meymunçiçəyi virusunun simptomları nələrdir?

Meymun çiçəyi insanlara virusa yoluxmuş heyvandan və ya meymun çiçəyi ilə yoluxmuş başqa bir insandan keçə bilər. Hər bir virusda olduğu kimi, meymun xəstəliyində də yoluxucu canlı ilə təmasdan sonra inkubasiya dövrü var.

İnfeksionist Aqil Kəməndli deyir ki, meymun çiçəyinin simptomları bildiyimiz su çiçəyi xəstəliyinə bənzəsə də, bir az fərqlidir:

"Meymunçiçəyi ilə xəstələnmə zamanı ilk simptomların ortaya çıxması 5-21 gün arasındadır. Əlamətlər bildiyimiz su çiçəyi xəstəliyinə bənzəsə də bir az fərqli şəkildə keçir. Yüksək temperatur, baş-boyun, əzələ ağrısı, limfa düyünlərində böyümə (su çiçəyindən fərqli), yorğunluq, dəridə suluq formasında qabarcıqlar xəstəliyin əlamətləridir. Bu qabarcıqlar xəstəliyin ilk əlamətindən 1-5 gün sonra çox vaxt üz bölgəsinə, daha sonra bədənin bütün yerlərinə yayılır. Bəzən genital bölgə və gözlərdə də rast gəlinir. Bu qabarcıqlar daha sonra partlayır, sağalma mərhələsinə keçir və təqribən 2-4 həftəyə yox olur. Meymunçiçəyi  xəstəliyinə yoluxan insanların ölüm faizi 3-6% qədər aşağıdır".

Meymun çiçəyi virusu yoluxucudurmu?

Meymunçiçəyi virusundan qaynaqlanan infeksiya yoluxucudur. Xəstəlik adətən siçan və dələ kimi gəmiricilərdən yayılır. Həmçinin, vəhşi heyvanlar virusun insanlara ötürülməsinin ən mühüm vasitəsi kimi görülür. Virusa yoluxmuş bir heyvanın dişləməsi, bu heyvanların bədən mayelərinə, dərisinə və ya xəstəlikdən qaynaqlanan səpkilərə toxunmaq, xəstə heyvanın az bişmiş ətinin yeyilməsi, kürkündən istifadə edilməsi kimi bir çox hallar yoluxma səbəbi kimi sayıla bilər. Bu yollarla insanlara keçən meymun çiçəyi virusu yayılaraq epidemiyaya çevrilmə riski yaradır. Xəstə fərdin bədənindəki səpgilər və bu qabarcıqlardakı mayelər xəstəlik faktorunu ehtiva edir. Odur ki, xəstə adamın səpgilərinə toxunmaq, bu səpgilərlə bulaşmış paltar, çarşaf, dəsmal və bu kimi əşyaları istifadə etmək asanlıqla xəstəliyin ötürülməsinə səbəb ola bilər. Bundan əlavə, xəstənin öskürməsi və ya asqırması ilə yayılan damcı yolu ilə xəstəliyin ötürülməsi mümkündür. Bu səbəbdən meymun çiçəyinə bənzər dəri zədəsi olan insanlar gigiyenik tədbirlərə diqqət edilərək dərhal səhiyyə müəssisələrinə aparılmalıdır. Xəstəlik diaqnozu qoyulmuş şəxslərlə təmas minimuma endirilməli, imkan daxilində karantin şərtləri tətbiq edilməlidir.

Meymun çiçəyi virusundan necə qorunmaq lazımdır?

Meymunçiçəyi olduqca nadir bir xəstəlikdir. Ona görə də bu gün ölkəmizdə bu xəstəliyə yoluxma ehtimalı çox aşağıdır. Lakin son vaxtlar qeydə alınan halların sayının artdığını və gözlənilməz ölkələrdə, insanlarda xəstəliyin ortaya çıxmasını nəzərə alsaq, virusa qarşı gigiyena qaydalarına diqqət yetirməkdə fayda var. Bütün xəstəliklərdən qorunmağa kömək edən gigiyena qaydalarına diqqət yetirmək qorunmanın ən vacib mərhələsidir. Bunun üçün əllər mütəmadi olaraq sabun və su ilə yuyulmalı, çirkli səthlərə toxunduqdan sonra əl ilə təmizlənənə qədər heç vaxt üzə və tənəffüs orqanlarına toxunulmamalıdır. Heyvan əti ən başlıca yoluxma vasitəsi olduğundan, yalnız yaxşı bişmiş ət yemək məqsədəuyğundur.

Bundan başqa təbiət qoynunda vaxt keçirən insanlar da diqqətli olmalıdırlar. Sahibsiz və vəhşi heyvanlara, o cümlədən ölü heyvanlara yaxınlaşmaq olmaz. Sağlam görünməyən heyvanlara heç vaxt toxunulmamalıdır. Gəmiricilər xəstəliyin əhəmiyyətli ötürülmə yolu olduğundan, siçan kimi heyvanların aşkar edildiyi ərazilər varsa, bu ərazilər ətraflı şəkildə təmizlənməli və dezinfeksiya edilməlidir. Belə yerlərdə saxlanılan ərzaq məhsulları varsa, onlar da məhv edilməlidir.

Dərisində suçiçəyinə bənzər qabarcıqları olan və qızdırma, üşütmə kimi infeksiya əlamətləri olan şəxslər mütləq səhiyyə müəssisələrinə müraciət edərək müayinədən keçməlidirlər. Bu şəxslərin istifadə etdiyi paltarlar, dəsmallar və çarpayılar kimi məhsullara toxunulmamalı, ümumi istifadə varsa dərhal dayandırılmalıdır.

Qeyd edək ki, bu günə qədər ölkəmizdə hələ ki meymun çiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. Bununla belə, virus indiyədək məhdud sayda insanda müşahidə olunub və heç bir yayılma yaratmayıb. Lakin qısa müddətdə müxtəlif ölkələrdə gözləniləndən çox yoluxma halları bildirildiyi üçün virusa qarşı diqqətli olmaqda fayda var. Hazırda xəstəliyin epidemiyaya çevrilmək riskinin az olduğu bildirilir, həmçinin peyvəndi də var.

Həkim-infeksionist Aqil Kəməndli bildirib ki, çiçək virusuna qarşı olan vaksin gənəl olaraq 80-85% meymun çiçəyinə yoluxmağa da qoruyur:

"2019-cu ildə Ankarada xüsusi vaksin çıxarılımşdır. Lakin çiçək virusuna qarşı aparılan vaksin yetərli olduğundan çox da istifadə olunmur".

Mütəxəssislər bildirir ki, əgər sizdə su çiçəyi xəstəliyinə bənzər dəri səpgiləri varsa və hər hansı infeksiya əlaməti müşahidə edirsinizsə, səhiyyə müəssisəsinə müraciət edərək həkim nəzarətindən keçməyiniz məsləhətdir. Bununla, mümkün xəstəliklərinizin yaxınlarınıza sirayət etmədən erkən aşkarlanmasını və müalicə olunmasını təmin edə bilərsiniz.

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31