«Mən xoşbəxt bir kəpənəyəm, yaşasam da, ölsəm də…»

Dilarə  Adilgil

Salam olsun ölümü gözəl olanlara...

Və ya ölümün gözəlini seçənlərə!

Qəhrolsun səfil əsarət! Yaşasın şanlı və gözəl ölüm!                         

(İmam Şamil)

("Ovod")

Heç vaxt ölüm bu qədər müqəddəsləşdirilib zirvəyə yüksəldilməyib. Yoxsa, "vəfat etdi, həlak oldu" deyərdilər, niyə "Şəhid oldu" deyirlər ki? Bu bir titul, Allahın fəxri adı. "Dirilər ölülərə həsəd aparacaq..." Mən bilmirəm bu qanadlı ifadənin orijinalı kimə məxsusdur... İnkişaf etdirilib Karamzindən, Vanqadan tutmuş, Stivensona, Nikita Xruşşova, Bibliyaya  qədər şamil edirlər. Məntiqi də yerinə görə dəyişir, tam fərqli mənalarda işlənilir. Baxdığın dərinliyə bağlı... Şəhidlərimizi elə bu cümlə ilə də anıram...

Cəbhədə çəkilmiş həvəskar videolara baxıram,Vətən daş-kəsəyinə balış kimi söykənən oğullarımızın oxuduqları mahnılara qulaq asıram... Tək Xudayarın yox, elə hamısının necə gözəl səsi, zəngulələri var... Necə "dadlı" oxuyurlar! Sanki Qarabağ ruhlarından səslərinə çöküb... Qarabağlılar bir ayrı kastadır! "Təpinsən uşağa Qarabağda sən, muğamat üstündə ağlar deyiblər!" Ya da, "Şuşanın uşaqları  "Segah" üstündə ağlayıb, "Şahnaz" üstündə gülərlər". Qarabağın bizim olduğunun bundan sadə isbatı ola bilməz! Təbiət - sərf edəndə aldadılmağı "sevən" Fransa selebritisi deyil ki, istədiyini elətdirəsən. Qurbanolduğum genefondlarına bərəkət verməyib qısır etdiyi kimi (ona görə artmırlar, əksinə hər siyahıyaalmada azalırlar), "siz burada sadəcə arxa qapıdan soxulan kirayənəşinsiniz", - deyib səsdən, istedaddan da onları məhrum edib. Hərəsinin də  öz şəhidlik dastanı var... Və hər birinin ayrılıqda, eləcə də, hamısının bir yerdə öz şəhidlik zirvəsi! Heç vaxt düşməyəcəkləri, həmin o sıldırım və Azərbaycan qalana qədər qalacaqları, "nə qədər yüksəyə qalxarsan, o qədər pis dəyərsən", - deyiminin həndəvərlərinə belə keçə bilməyəcəyi zirvə! İnsan ayağı dəyməyən yüksəklikləri kəşf və fəth edib layiq bildiyimiz adlarla əbədiləşdirmək bizdə çoxdan xeyirxah ənənə halını alıb. Və əlbət ki, Böyük Qafqaz dağ silsiləsi Qızıl Qaya massivinin 2783 metr hündürlüyündə yerləşən adsız yüksəkliyini Şəhidlərimizin şərəfinə adlandırmaqdan gözəl nə ola bilərdi? Bu addım alpinistlərimizdən gələn ilk təşəbbüsdür. Ardı gələcək əlbəttə...  Bu 30 ildə Qarabağın adlı yüksəklikləri uğrunda neçə və necə oğullarımız şəhid olub. 92-ci ildə eyni gündə  yanıb gedən 2 qardaş: Alov və Atəş... Bayaq "Qarabağ səslərinə çöküb" yazmışdım, həm də, demə adlarına yazılıb! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Üz qaramızı yudular. Qarabağın ilk qurbanları - Əli və Bəxtiyardan başlamış, Milli Qəhrəmanlarımız - Allahverdi Bağırov, Əlif Hacıyev, Təbriz, Çingiz, Mübariz İbrahimov, Polad Həşimov başda olmaqla, şəhidlik zirvəsi qazanan təzə zəvvarların - Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışova, nə qədər yaralını təhlükəli döyüş zonasından çıxaran, ermənilər tərəfindən əsir götürülüb vəhçicəsinə qətlə yetirilən ambulans sürücüsü Fəxrəddin Yaqubov, (Vətən müharibəsində 9 həkim olmaqla, 42 nəfər tibb işçisi vəzifə başında şəhid olmuşdur) bir evdən gedən iki qardaş - Əli və İslam, körpə üzlü, cüssəsi kiçik, hünəri böyük ən gənc şəhidimiz Vüsal İsmayılzadə, Tərtərdə, Gəncədə, Bərdədə mərmi yağışı, raket zərbəsi nəticəsində yatdıqları yerdə həyatlarını itirən dinc sakinlərin, hələ adlarını bilmədiyimiz, lakin hamısını bircə-bircə tanıyacağımız, heç kəsi sərf-nəzər etməyəcəyimiz  oğullarımızın, bu gün cənnətdə izdiham yaradan 2783 igidimizin hər birinin məqamı cənnətdir, İnşaallah!

Niyə axı hamınız yığışıb birdən getdiniz?

Buna dözmək olmur. Hamınızın yeri görünür. Döyüşdən qayıtmayanlar...  Şəhadəti səadət bilənlər.

Ölümündən sonra var olmaq, məşhurlaşmaq... Belə bir aforizm var... Mən şəxsən müasirim olmuş, lakin sağlığında bu və ya digər səbəbdən, üzürlü ya üzürsüz məlumatsız olduğum bir neçə publik insanı (lap elə sıraviləri də) tanıyandan sonra başqalarından qat-qat artıq sevmişəm, haqqında oxumuşam, video görüntülərinə baxmışam, araşdırmışam, təbliğ etmişəm. Və gec tanıdığım üçün utanmışam, heyfslənmişəm. Ölümdən sonrakı həyat da demək olar, həyatdan sonrakı həyat da. Bir başqa həyat! Bu ömür əbədidir, bitmir, sona çatmır, xatırlandıqca yaşanır, seçilmişlərə qismət olur.  Gismi sönür, ruhu göylərə çəkilir, atom hissəciklərinə çevrilib işıq kimi Yerə tökülür... Havada uçuşur, yanımıza qayıdır. Xatirəsi isə qəlblərdə həmişəlik kök salır. Düşünəndə ki, hamı öləcək, "xoş hallarına" demək keçir ürəyimdən! Kimsə əbədi bu dünyada qalmayacaq, amma... Əməl qalacaq! Belə olacağından şübhəm yoxdur. Mövlanə deyir: "Öldükdən sonra yaşamaq istəyirsinizsə, ya oxumağa dəyər şeylər yazın, ya da yazılmağa dəyər bir həyat yaşayın". Cavan canlarına görə həm də təskinliyimizdir... Şanlı Vətən müharibəmiz heç kəsin tanımadığı, bu gün isə bütün Azərbaycanın səcdə etdiyi yüzlərlə yeni tariximizin qəhrəmanlarını üzə çıxartdı. Onlar dünənə kimi hər gün bayır-bacaqda qarşılaşdığımız, öz gündəlik həyatlarını yaşayan, işə, dərsə, sevgilisi ilə görüşə tələsən, heç nə ilə yaşıdlarından fərqlənməyən adi oğlanlardan idilər. Heç qəhrəmana, "ov ovlayan, quş quşlayan" igidə də bənzəmirdilər. Lakin müharibə başlayanda birinci oldular... Hardan idi onlarda bu qədər vətən sevgisi... Gözlərini qirpmadan od-alovun içində böyümüşlər kimi döyüşə atıldılar. Vətən üçün "çinar kimi ayaqda öləbilmək"  bayram!

Məktəbdə Brest qalasının müdafiəçilərindən inşa yazırdıq... İşğal dövrünü kitablardan oxuyacaq, bizlərdən eşidəcək bu günün məktəbliləri  Şuşa qalasından, onun müdafiəçilərindən yazacaq!

Hər kiçik şəhid ömrü bir hekayədir...

Onlar olmayanda onlardan qalanlar... 

"Aprel döyüşləri" 4 gün çəksə də, hərb tariximizdə qanlı olduğu qədər şərəfli izini qoydu. "Aprelçilər" yol açdılar. Sağlığında "Murov qartalı" kimi ad çıxarmış polkovnik-leytenant Raquf Orucov "Dördgünlük müharibə"də Şəhidliyə yüksəlib "könüllərin qəhrəmanı" oldu. 2020-nin iyulunda başlamış şiddətli "Tovuz döyüşləri" estafeti almaqla bizi hədəfə lap yaxınlaşdırdı. Rəşadətli ordumuz bu döyüşlərdə  həlak olan qəhrəmanların ayaq izlərini tuta-tuta 9 noyabra yetişdi, düşməni məğlubiyyəti qəbul etməyə məcbur etdi.

Mayor Rahib Babayev peşəkar hərbçi kimi səngərdə yetişmişdi. Bizə nə deyirdilər? "Gedin semiçkanızı satın". Murov və "Canavar" postu istiqamətində döyüşən və sentyabrın 30-u qəhrəmanlıqla həlak olan Rahib Babayev Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmiş, ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı və başqa mükafatlarla təltif edilmişdir. "Canavar" postu Vətən müharibəsi başlayandan düşməndən alınan ilk və strateji əhəmiyyətli yüksəklik idi. Rahib Babayevin rəhbərlik etdiyi tabor 40 dəqiqə ərzində 27 il əsirlikdə olan postu düşməndən azad etmişdi. Şəhidin 3 övladı Vətənə əmanət qalmışdır.

"Qələbəyə saatlar qalmış şəhid olan, ad gününə şəhidliyini hədiyyə edən" əbədi 22 yaşda qalacaq Nicat Tariverdiyev, bu gün tək anasının yox, bütün Azərbaycanın qəhrəmanıdır. "Qarabağı biz alacağıq, mən alacam" deyirmiş həmişə. Sözünün üstündə duran, cəmi dörd ayın əsgəri olub şəhidliyə ucalan Nicat  qəbr evində Milli Qəhrəmanımızla - ll Qarabağ müharibəsi şəhidlərinin sərdarı general Polad Həşimovla qonşudur. Heç nəyə baxmayaraq, Polad Paşa xoşbəxt ulduz altında doğulmuşdu. "Polad Həşimovu tanıyandan sonra xalq özünü sevməyə başladı"... Biz müharibəni ona görə udduq ki, generallarımız da əsgərlərlə bir yerdə döyüşürdü. Hələ bəzən daha öndə! Nümunə göstərmək asandır, nümunə olmaq çətin. Bu dünyadan bir GENERAl keçib getdi...

Cəbhədə də bir yerdə, panteonda da.

23 yaşını sonradan hər biri Şəhid olacaq döyüşçü dostları - əfsanəvi "yaşmaçılarla" (XTQ) qeyd edib qalan doğum günlərini cənnətdə keçirməyə vəsiqə alan Beyrək Feyzullayev "canavar kimi yox, elə canavarın özü idi".

Ermənilərin qənimi, "Balta" ləqəbli Vətən Müharibəsi Qəhrəmanı Nihad Babayev peşəkar snayperçi idi, dağadırmanma üzrə xüsusi kurs keçmişdi, kəşfiyyatçı kimi erməni, ingilis, rus dillərini bilirdi. Qızğın döyüş zamanı yaralansa da, fərqinə varmadan nərilti ilə hücuma keçərək rəhbərlik etdiyi qrupdan xeyli irəlidə təkbaşına vuruşub, qəhrəmanlıqla həlak olub.

Əslən Laçından olan poikovnik-leytenant Qərib Baxşəliyev ağır döyüş zamanı düşmən mühasirəsinə düşərək  son gülləsinə qədər vuruşmuş, ölümü şərəfsizlərə əsir düşməkdən üstün tutmuşdur. (Eynən əfsanəsi ilə böyüdüyümüz Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə kimi. Hələ yaralı vəziyyətdə 5 saat döyüşən, Şuşada şəhidlik qazanan Mehdi Şıxaliyev də var, uşaqlıqdan "Mixaylo" çağırırmışlar. Mixaylonun yolu ilə gedib bu qədər şəhid verdik. Bir ölüb min dirildik. Hamısının şəhidliyi mübarək!)

Üzərində Azərbaycan bayrağı sancılmış Ağdam Xramort kəndindəki kilsədə 5 gün ac-susuz düşmənə tək dayanan, 22 Azərbaycan əsirinə özünü dəyişən Natiq Qasımov... Erməni tərəf indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və  beynəlxalq təşkilatlardan gizlətməkdə davam edir.

Vətən müharibəmizdə belə hallar çox olmuşdur... "VAXT öz qəhrəmanlarını görməzdən gəlir, onları gələcəyə həvalə edir" kəlamını xatırlayıram. Yəni...  zaman keçdikcə qiyməti daha çox bilinir. Sənət əsərləri kimi. Qismən razıyam. Lakin düşünürəm ki, biz öz cəsur oğlanlarımızın qiymətini bu gün də lazımınca verməliyik və veririk də! Hamısını bir-bir tanımalıyıq, adbaad tanıtmalıyıq! Necə ki, Böyük Vətən müharibəsi dediyimizin özümüzdən olmayan qəhrəmanlarını əzbər tanıyırdıq. İndi əsl Vətən müharibəmizin qəhrəmanlarının haqqını verək... Üz qaramızı qanları ilə təmizləyənlərin!

Deyirlər, qəhrəman kimi doğulmurlar, qəhrəman kimi yetişirlər.  Bəlkə, əksinə? Elə qəhrəman olmaq üçün doğulurlar? Eyni gündə doğulub, eyni gündə şəhid olan əkiz qardaşlar: Nazir və Tacir Allahverdiyevlər kimi! Qəhrəman - sinəsi orden-medallı olmaq deyil... Kiçik çinlərdən də böyük qəhrəmanlar çıxır! Əsgərliyə yararsız olduğunu bilə-bilə dövlət müavinətindən imtina edib hərbi komissarlıqdan əl çəkməyən İzzət Həmidov, nəhayət Ağcabədinin Haramı düzündə hərbi xidmətə başlayır, ordumuzun əks-hücum əməliyyatı zamanı isə inersiya ilə Füzuliyə keçir. "Şəhadəti izzət bilib, sonda o izzətə çatan" İzzət adi pizza ustası idi.  20 yaşlı igidinin nəşini geri alan doğma Sumqayıt şəhəri ona ayaq üstə hərbi salam verdi. Əsgər İzzət Həmidov göstərdiyi igidliklərə görə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları, "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur.

Vətən müharibəsində cəmi bir gün iştirak edib Şəhid olan, "nəşi fəxri xiyabanda, xatirəsi bütün Azərbaycanın yaddaşında əbədiləşən" 19 yaşlı Cəbrayıl Dövlətzadə belə qəhrəmanlardandır. Təkbaşına 11 düşmən zabitini məhv edərək, generalını da əlləri ilə boğub öldürmüş, mənfur düşməndən öz qisas payını alıb əbədiyyətə qovuşmuşdur.

Asəf Şuşa təzə alınanda ilk videolardan birində görünmüşdü. Əsgərlər Gövhər-ağa məscidini təmizləyirdilər, o da çəkirdi. Sonra kameranı buraxıb süpürgəni götürdü: "Verin, o şərəf mənə də qismət olsun!" Şuşaya girən ilk hərbçilərimizdən biri - 1993-cü il təvəllüdlü leytenant Ağayev Asəf  Xocavənd istiqamətində minaya düşərək şəhid oldu. Döyüş yoldaşları arasında "boz canavar" ləqəbi ilə tanınan Asəf Şuşaya ilk qədəm basan oğullarımızdan idi. Bəlkə də, arzusu elə Şuşanı alıb ölmək olub. Nə bilmək olar? Canavarın arzusu da elə canavaryana olar. 

Azərbaycan fəzasının ulduzları şəhidlərdir. Onları paylaşmaqdan yorulmuruq, fəxr etməkdən doymuruq. Onları tanıtmaq bizə şərəfdir. Əsgər şəkli görəndə tez mətnin sonuna baxıram, görəndə ki, sağ-salamatdır, təltif olunub, sevinclə başdan oxuyuram. Asəf 10 dekabr Qələbə paradında da iştirak etmişdi... "Müharibə sonrası verdiyimiz bu şəhid paradı haraya qədər uzanacaq?" - deyə öz-özümdən xəbər alıram. Nə qədər hərbçimiz, mülki vətəndaşımız azad olmuş torpaqlarımızın sevinci ilə mina çölündə şəhid oldu. Sərkərdə A.Suvorov deyirdi ki, müharibə sonuncu şəhid dəfn ediləndə qurtarır.

Özümüzün və nahaq dünyanın gözünün qabağında torpaqlarımıza ölüm toxumu səpdilər. Hər mina azı bir candır... Hələ onu zərərsizləşdirmək... Qarda, gecə vaxtı... Deyir, minaaxtaranlar sıyığın içindəki düyünləri də yemirlər, ehtiyatla kənara çəkirlər... Biz onların daha pis gününü xalq olaraq hələ görməliyik!

Hərdən balacalar maraqlanır ki, niyə əsgərlər öz toy-nişanlarında da hərbi geyimdə olurlar? Deyirəm  fəxr edirlər ki, bu torpağın müdafiəçiləridirlər, onu qoruyublar, azad ediblər. Bu hər kişiyə qismət olmur. Hərəsi bir sülalə əvəzi! Ən bahalı kostyum da əski parçasıdır, 30 il həsrət qaldığımız Qarabağdan keçib gəlmiş bu əsgər paltarının yanında. Müqayisənin yerli-dibli yeri yoxdur. Bəzən gəlin də həmrəylik göstərib ağ gəlinliyini xaki rənglə əvəz edir. Əlbəttə, belə igidi sevən qız ondan da "dəli" olmalıdır. 44 günlük müharibədə, qospitalların dolub daşdığı vaxtlarda deyirdik ki, kaş bizim qızlar "şikəst" deyib keçməsinlər... Bu igidlər ən böyük xoşbəxtliyə layiqdirlər! Millətimizin qədrini bilək! Elə eşidirsən, görürsən... qazi evlənir, yanında da bir dünya gözəli, dünya ağıllısı!

Ər oğullar tufan kimi qalxacaq,

Carranacaq murdarlanmış hər ocaq!

Gic hay ki var, çaqqal kimi qaçacaq,

Düşmən deyil, yol azandı, əyləşib!

(Dəmir Gədəbəyli)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31