Sürücünü hazırlayan sistem təkmilləşdirilməlidir
17 İyun 2022 10:26 SosialSon zamanlar istər Bakıda, istərsə də regionlarda ağır yol - nəqliyyat hadisələrinin sayı artıb. Səbəbləri nədir? Sürücü məsuliyyətsizliyi,yoxsa təmirsiz yol...Vəziyyətdən necə çıxmaq, problemi necə həll etmək olar?
.png)
Elməddin Muradlı -nəqliyyat eksperti
- Həqiqətən də son günlər baş verən yol-nəqliyyat hadisələrinin sayında artım var. Çox təəssüflər olsun ki, bu hadisələr nəticəsində ölüm halları da baş verir və ölüm hallarının da sayı artıb. Təsəvvür edin, ötən gün bir qəzada 7 nəfəri itirmişik, əvvəlki yol -nəqliyyat hadisəsində xəsarət almış nişanlı cütlüyün biri də dünyasını dəyişib. Bu gün yenə səhəri qəza xəbərləri ilə açmışıq. Dünən də hadisələr olub. Bu gün qatarla avtomobil toqquşub. Gecə yenə ölümlə nəticələnən ağır yol hadisəsi baş verib. Bakı-Quba yolunda baş verən hadisədə iki xanım həlak olub. Hansı ki, təmir gedən zonada ötmə əməliyyatı aparıblar və qarşı-qarşıya toqquşma nəticəsində iki nəfər ölüb. Çox ağır hadisələrdi. Təəssüflər olsun ki, ötən gün biz yol-nəqliyyat hadisəsində 4 nəfəri itirdik. Bu çox dəhşətli bir göstəricidir. Dərs ili başa çatdı, insanlar artıq bölgələrə istirahət üçün axın edirlər. Öz kəndlərinə, rayonlarına gedənlərin sayı çoxalır. Amma nədənsə istirahətə gedirlər, lakin tələsə-tələsə gedirlər. Yolda təmir var, mütləq kimsə özünü ağıllı hesab edib ötmə əməliyyatı aparmaq istəyir, iki maşın önə keçmək istəyir, inanın, bunların heç bir faydası yoxdur. Qəzadan başqa heç bir fayda vermir. Lap 20 maşın önə keç, səni mənzil başına maksimum 1 dəqiqə qabağa atacaq. Ondan böyük nə uğur qazana biləcəksiz? O da həyatın bahasına başa gələcəksə. Sadəcə insanlarda bir psixoloji gərginlik yaranıb. Hamı bir-birini ötməyə, keçməyə çalışır. Heç kim, heç kimə yol vermək istəmir. Aqressiya ən pis həddə gəlib çatıb. Sürücüləri yenidən imtahan etməyə ehtiyac yoxdur. Sadəcə yollara daha ciddi nəzarət lazımdır. Mən belə başa düşürəm ki, 100 metrdən bir kamera quraşdırmaq lazımdır. Mütəmadi olaraq polis növbətçiləri ərazidə xidmət aparmalıdır. Hələ bu qədər xidmətin qarşılığında görün bu hadisələr necə baş verir. Baxırıq nəqliyyat hadisələrinin şəraitinə, ancaq qayda pozuntusu, qarşı-qarşıya toqquşmalar və yüksək sürətli yollarda toqquşmalar. Biz onların bir çoxlarının videolarını sosiallasdırırıq, sosial şəbəkələrdə paylaşırıq, ictimai qınağa çalışırıq. Bir də görürsünüz ki, içindən bir ağıllı çıxır ki, "əcəb edib", "bacarırsan səndə elə", "filankəs qırmızıdan keçib, zor edib", "qəşəy" və s. kimi ifadələr işlədir. Bunu yazan insanlar normal ola bilməz. Bir adam qayda pozuntusuna haqq qazandırırsa, deməli o insan normal insan deyil. Ailə qədri bilən deyil, cəmiyyətə hörmətlə yanaşan insan deyil. Onun ağlı bura qədər inkişaf edib. Belə insanların əhatəsində yaşayırıqsa deməli bizə ciddi nəzarət lazımdır. Bəzi insanlar var deyir ki, "postlar bizim nəyimizə lazımdır?" Postlar var deyə bu hadisələrin qarşısı qismən alınır. Görün postlar olmasa yollarımızda nə baş verər? Ona görə də mən düşünürəm ki, bu hadisələrin qarşısının alınması üçün ilk növbədə təbliğat , ikinci növbədə nəzarət mexanizmi daha da gücləndirilməli və sərtləşdirilməlidir.
Ərşad Hüseynov -nəqliyyat eksperti
.png)
-Ümumiyyətlə yol hərəkəti təhlükəsizliyi idarə olunmalı bir sistemdir. Dünyanın qabaqcıl ölkələrində bizim indi baş sındırdığımız, səbəblərini araşdırdığımız məsələləri çoxdan həll ediblər və hazır sxemləri, düsturları, həll yolları var. Hətta BMT-nin bu sahədə qətnamələri, direktivləri, proqramları var ki, dünyada yol hərəkəti təhlükəsizliyini necə idarə etmək, ölümün və qəzaların sayını necə azaltmaq olar. Dünya ölkələrində buna uyğun milli proqramlar qəbul ediblər. İsveç bu sahədə ən qabaqcıl ölkələrdən biri sayılır. Hətta 1990-cı illərdə yol hərəkəti təhlükəsizliyinə dair dövlət proqramı icra ediblər və gözəl də nəticələri var. Nəticə nədən ibarətdir? Məsələn Avropa ölkələrində tutaq ki, 1970-80-ci illərdə bir il ərzində hər yüz min nəfər əhaliyə düşən ölüm sayı 20-dən artıq olurdu. Amma bu gün baxmayaraq ki, ölkələrdə avtomobillərin sayı artır, hər yüz min nəfərə düşən illik yol -nəqliyyat hadisələrində ölüm sayı 2-3% təşkil edir. Biz də həmin sxem üzrə getməliyik. Getmək üçün isə cəhd olunub. Bizdə yol hərəkəti təhlükəsizliyinə dair 2018-ci ilin dekabrında qəbul olunmuş beşillik dövlət proqramı var. Bu da 2019-2023-cü illəri əhatə edir. Proqram isə kağız üzərində qalıb. Həmin proqramda yol- nəqliyyat hadisələrinin sayının niyə artması, səbəbləri, hansi səbəblərdən baş verməsi və bunların aradan qaldırılması üçün qəzaları, ölümü azaltmaq üçün nə etmək lazımdır- hər bir şey yazılıb. Burada sürücülər yalnız bir amildir. Burada piyadalar da var, onların məsuliyyətsizliyi də var. Təkcə yol hərəkəti iştirakçılarının üzərinə hər şeyi yükləmək düzgün deyil. Bu tamam yalnış bir şeydir. Elə buna görə də, bizim nəticəmiz yoxdur. Biz sadəlövhcəsinə düşünürük ki, bütün günahlar sürücülərdə və piyadalardadır. Əslində belə deyil. Birincisi sürücünü hazırlayan sistem təkmilləşdirilməlidir. Müasir şəraitə uyğun təhlükəsiz sürücü yetişdirilməlidir. Daha sonra məsuliyyətli piyadalar formalaşdırılmalıdır. Piyada kimi insanın məlumatı olmalıdır. Yol nədir, yolda necə hərəkət etmək, özünü necə qorumaq olar. Yollarımızda da müəyyən problemlər var. Diqqət etsəniz görərsiniz ki, o yollarda çoxlu hadisələr baş verir ki, orada qüsurlar da var. Məsələn Bakı -Quba yolu kimi . Yol pis vəziyyətdə idi, sürücülər manevrlər edirlər. Üz-üzə toqquşurlar və.s . Məsələn elə yollarımız var ki,çoxlu döngələr var. Sürücüləri döngələrdən düzgün istifadə etmək üçün öyrətmək lazımdır. O döngələri elə işarələmək lazımdır ki, hər kəs gecə -gündüz onu görsün. Problemlərimizdən digəri odur ki, belə hadisələr gecə saatlarında şəhərlərdə olur. Küçələr qaranlıqdır, işıqlandırılmır. Qaranlıq küçədə sürücü piyadanı görmür. Daha sonra avtomobil parkımız köhnədir. Avtomobilərin vəziyyəti ilə bağlı çox ciddi problemlər var. Bu istiqamətlərdə hər hansı bir dəyişiklik olsa, irəliləyiş ola bilər.
Ceyhun Məmmədov- millət vəkili
.png)
-Hesab edirəm ki, burada bütün tərəflər məsuliyyət daşıyır. Hər kəsin üzərində məsuliyyət var. Bu məsələnin qarşısını almaq üçün mütləq şəkildə sürücülük mədəniyyətini artırmalıyıq . Eyni zamanda sürücülük məsuliyyəti artırılmalıdır. Hər bir vətəndaş anlamalıdır ki, onun sürücülük mədəniyyəti, yol hərəkəti qaydalarına əməl etmək mədəniyyəti olmalıdır. Müvafiq qurumlar bu prosesə nəzarət etməyə çalışırlar. Qayda pozuntusunun qarşısını almaq üçün də addımlar atılır. Sadəcə vətəndaş daha məsuliyyətli və diqqətli olmalıdır.
Son vaxtlar avtomobillərin tez-tez nasazlıq səbəbindən yolda qaldığını görürük. Vətəndaş davamlı olaraq öz avtomobilini yoxlamalıdır. Onun saz vəziyyətdə olmağını bilməlidir. Yolda digər insanlara qarşı hörmət etməli olduğunu bilməlidir. Onun hüquqları olduğu kimi qarşı tərəfin də hüquqlarının olduğunu bilməlidir. Və eyni zamanda da qayda pozuntularına qarşı müvafiq qurumlar çox sərt reaksiya verməli və konkret sərt qərarlar qəbul etməli , addımlar atmalıdır ki, biz belə hallardan, vəziyyətdən özümüzü sığortalaya bilək. Burada birmənalı olaraq insan faktoru kifayət qədər rol oynayır. Hesab edirəm ki, hər bir vətəndaşımız hər bir sürücü mədəni davranmalı, qarşısındakı insanlara diqqətlə və həssaslıqla yanaşmalıdır. Hər birimiz çalışmalıyıq ki, daha düzgün, daha qətiyyətli, daha mədəniyyətli, daha əxlaqlı davranaq. Davamlı olaraq avtomobillər yoxlanılmalı, onlara baxılmalı , avtomobil istifadə edən şəxs onun haqqında kifayət qədər biliklərə malik olmalıdır. Eyni zamanda sürücülük vəsiqələrinin verilməsi prosesi də kifayət qədər diqqətdə saxlanılmalıdır. Bu kursu keçən, kifayət qədər biliyi avtomobil sürməyi bacaran insanlara verilməlidir. Bu məsələ xüsusi nəzarətdə saxlanılmalıdır.
Mehriban Xəlilli