İntihar BƏLASI

İntihar müasir bəşəriyyətin heç vaxt köhnəlməyən, həlli tapılmayan qlobal problemlərindən biridir. Təəssüf ki, bu gün demək olar ki, yaşından asılı olmayaraq sosial-psixoloji problemlər yaşayan şəxs çıxış yolunu ölümdə görür və intihara əl atır. Bəs neçə-neçə insan ömrünün  sonunu gətirən bu "soyuq ölüm"ün səbəbləri nələrdir?

Klinik psixoloq Səyyarə Yusubovanın sözlərinə görə, intihar halları cəmiyyətin müxtəlif dövrlərində müxtəlif səbəblərdən yaranır:

"İntihar hallarının artması ilə bağlı cəmiyyətdə bəzi tendensiyalar, dövrlər olur ki, o dövrlərdə intihar halları çoxalır. Buna aid faktorlardan biri post-müharibə dövrünün olmasıdır. Ümumiyyətlə müharibə, post-müharibə dövründə, ondan öncə pandemiya və post-pandemiya dövründə yaxınlarını itirmiş və ağır psixi travmalar almış çox insanlar var. İstər müharibə iştirakçıları, istər müharibə iştirakçılarının yaxınları, istərsə də yaxın insanlarını itirmiş insanlar intihara cəhd edə bilər.

Cəmiyyətdə intihar hallarının artmasına səbəb olan digər faktorlar isə sosial-iqtisadi problemlər, işsizlik, kəskin şəkildə həyat dəyişiklikləri, köçkünlük və s. olur".

İntihar dedikdə ağıla ilk gələn yaş dövrü əsasən yeniyetməlik və gənclik dövrüdür. Psixoloqun sözlərinə görə, intihar hallarının yeniyetmələrdə daha çox rast gəlinməsinin səbəbi onların orqanizmində baş verən fizioloji və bioloji dəyişikliklərdir:

"Yeniyetmələr və gənclər üçün intihar mövzusu çox önəmli və vacibdir. Çünki aparılan araşdırmalara görə 15-25 yaş aralığında ölüm səbəblərinin ikinci yerində intihar durur. Gənclik və yeniyetməlik dövrü üçün bu mövzu çox aktualdır. Burda biopsixoloji, biososial məsələlər var. Yeniyetmənin bədənində, beynində özünəməxsus fizioloji dəyişikliklər gedir və yeniyetmələr dünyaya yeni bir gözlə baxmağa başlayırlar. Onların cinsi yetişkənliyi, silsilədəki beynin məntiqlə, insanın öz davranışlarına və başqalarının davranışlarına tənqidi yanaşan hissələri ilə bağlı çox kəskin inkişaf gedir və bu inkişaf o yeniyetmənin həyatına çox təsir edir. Sanki onlar dünyaya yenidən uyğunlaşmağa başlayırlar və bir çox məsələlərə çox kəskin şəkildə nəzər yetirirlər. Bu da maksimalizmə səbəb olur. Yəni biz psixologiyada buna dexotomik (ağ-qara) düşüncə deyirik. Hər şey onların gözündə ya ideal, çox yaxşı, doğru görünür, ya da çox pis, yalnış görünür. Ən çox sevdikləri insanlara qarşı  çox tənqidi olurlar, xüsusən də valideynlərinə qarşı. Bunlar yeniyetmələrdə kəskin qərarlara səbəb ola bilir. Onlardan biri də intihardır.

Burda intihar haqqında düşüncələr və intihar cəhdlərini, davranışlarını fərqləndirmək lazımdır. Belə ki, bütün insanlar, yeniyetmələr əgər ölümün yaxşı bir yol olduğunu, bunun onların vəziyyətdən çıxış yolu olduğunu düşünürlərsə, bu intihar haqqında düşüncələrdir. Artıq təhlükəli nələrsə etməyə başlayırlarsa, silah gəzdirirlərsə, özlərinə zərər vermək davranışları göstərirlərsə və bununla bağlı sözlər söyləyirlər və ya dostlarına kimlərisə danışırlarsa, bu artıq SOS siqnalıdır. Yəni daha çox bu mərhələlərdən keçirlər və intihar cəhdləri etmiş yeniyetmələr və gənclər risk qrupuna daxildirlər.

Risk qrupuna daxil olan digər şəxslər asılılıqdan əziyyət çəkən uşaqlar və gənclərdir. Buraya maddə asılılığı, alkoqollu içki asılılığı aiddir. Həmçinin, dağılmış, natamam ailələrdə və konfliktlərdə, zorakılıq şəraitində böyüyən uşaqlar, yeniyetmələr və gənclər risk qruplarına aiddir. Bununla yanaşı, işsizlikdən əziyyət çəkən, ağır xroniki xəstəliklərdən əziyyət çəkən insanlar da aiddir".

İntihar düşüncəsində olan, intihar davranışları sərgiləyən insanlara necə yardım göstərmək lazımdır ki, onlar bu fikirdən daşınsınlar?

"Bu sahədə ən yaxşı praktikalardan biri "etimad telefonları"dır. Məncə, bu mütəmadi davam edən bir proyektdir və Azərbaycanda olmalıdır, öncəki illərdə var idi. Dünyada bu praktika çox zəngindir. Yeniyetmələr və gənclər, tək yaşayan insanlar, yaşlılar və s. üçün fəaliyyət göstərir.

Digər məsələ maarifləndirmə ilə bağlıdır. Hər il intiharı önləmə günü olur və bu gündə insanlar bununla bağlı danışırlar. Risk qruplarından biri ailə hekayəsində artıq intihar etmiş insanlardır. Hansı ki, kimlərisə intihar edib. Bu ədəbiyyatda öncələr baş vermiş intihar hesab olunurdu və yaxud da ki, tam intihar kimi sözlər istifadə olunurdu. Amma biz artıq bu sözlərdən vaz keçmişik. Çünki bu sözlər sanki intiharın bir fəaliyyət kimi sonlanılan bir şey olduğunu göstərirdi. Ona görə biz bu ifadələr əvəzinə daha çox tamamlanmış intihar və ya baş vermiş intihar deyirik. Demək istədiyim  ondan ibarətdir ki, intihar haqqında intihar edən insanların hekayələri, onların ailələri haqqında işıqlandırılmalar aparılarsa, görünər ki, intihar heç də çıxış yolu deyil. Bəlkə də bu mesajları verən hekayələr daha yaxşılarıdır, nəinki əksinə, intihar etmiş insanlara dair bədii əsərlər. Bilirsiniz yəgin, verter effekti deyə bir şey var. Verter effekti Hötenin məşhur əsəri olan "Gənc Verterin iztirabları" əsərindən götürülüb. Bu əsəri oxuduqdan sonra insanlar daha çox intihar etməyə başladılar və buna verter effekti deyildi. Çünki orda baş qəhrəman intihar etmişdi.

Beləcə ötürülən mesajlar, bəzən mediada intihar xəbərlərinin çox yayılmağı, bu barədə çox danışılması, məşhur insanların intihar etməsi və s. bəzən verter effektinə səbəb ola bilir. Biz onlara kömək etmək üçün ictimai səviyyədə  maarifləndirmələr apararaq, psixi sağlamlıq ilə bağlı və davamlı stressin insanlarda yaratdığı çətinliklər ilə bağlı danışa bilərik və bunun necə təsir etdiyini, ya da əksinə, yaxşı, sağlam həyat şəraitinin, düşüncədə dəyişilmələr etməyin, həyata daha adaptiv olmağın yolları haqqında danışarsaq, psixoloji görüşlər, insanı həyata bağlayan incəsənət, əmək, oyun kimi fəaliyyətlərlə bağlı maarifləndirmələr faydalı olacaqdır. İnsanların asudə vaxtının təşkili ilə bağlı çox sərfəli mühitlər olarsa, bu onlara çox kömək edər, nəinki sağlam olmayan mühitlər. Bundan başqa, yəgin ki, cəmiyyətin sosial-iqtisadi problemləri də önəmlidir.

O ki qaldı psixoloqların öhdəliklərinə, yəgin ki, psixoloqlarla  görüşlər də çox faydaları ola bilər. Mən düşünürəm ki, əgər ölümün çıxış yolu olacağını düşünürüksə, bu bizim ağlımızdan keçirsə və ya çox ağır bir dönəmdən keçiriksə, nələrsə bizə çətin gəlirsə, xroniki stress keçiririksə, davranışlarımızın dəyişikliyini müşahidə edirik, yaxın ətrafımızdakı insanlar bizim əvvəlkindən daha qəmgin, özünə qapalı və ya əvvəlkindən daha hansısa mövzularda çətinlik çəkdiyimizi bizə deyirlərsə, ya da biz özümüz bunu hiss ediriksə, mütəxəssis yardımı almaq faydalı ola bilər".

İntihar edən insanların əksəriyyətinin depressiyadan əziyyət çəkməsi qaçınılmaz haldır. Depressiya ilə intihar bir-biri ilə nə qədər əlaqəlidir? Depressiyanın sonda intiharla nəticələnməməsi üçün nə etmək lazımdır?

"Depressiya haqqında ətraflı danışmaq lazımdır. Depressiyanın növləri var ki, onlardan biri endogen depressiyadır və biz ona major depressiya deyirik. Bu depressiya beyində gedən kimyəvi dəyişikliklərin nəticəsində baş verir. Yəni insanın həyatında heç bir şey olmadan belə baş verə bilir. Burda artıq həkim yardımı, dərman müalicəsi lazımdır və çox böyük ehtimalla xəstənin bir müddət xəstəxana şəraitində müalicə olunması faydalı olar. Ondan sonrakı mərhələlərdə isə artıq dərman vasitələri ilə bərabər psixoterapiya yardımı almaq lazımdır. Digər növ qeyd olunması çox vacib olan bir depressiya növüdür - postpartum depressiya növüdür. Yəni, qadınlarda doğumdan sonrakı depressiyadır. Orqanizmdə gedən hormonal dəyişikliklər və qadının həyatındakı rol keçidi, ana olmaq hadisəsi və çox güman ki onun həyatında baş verən başqa psixoloji səbəblərdən yaranan kompleks mürəkkəb bir vəziyyətdir. Burda da artıq həm həkim, həm psixoterapiya yardımı almaq lazımdır.

Depressiyanın profilaktikasına və sonu intiharla bitən depressiyaya qaldıqda isə, onu deyim ki, sonu intiharla bitən bir növ yoxdur. Depressiyanın çoxunda intihara səbəb olma baş verir. Bu necə baş verir?

Birincisi, bu qeyd etdiyim kliniki depressiya hallarında olur, ikincisi isə, insanlar bəzən depressiyanı o qədər ağır keçirir və öhtəsindən gələ bilmirlər ki, ölümün çıxış yolu olacağını düşünürlər və bununla bağlı artıq davranışlar sərgiləməyə başlayırlar. Bunun da sonu intiharla bitir. Başqa sözlə desək, həm bioloji, həm psixoloji səbəblərdən ola bilir, bəzən isə ikisi birlikdə baş verir. Dediyim kimi depressiya beyin xəstəliyidir. Amma bundan öncə də qeyd etdiyim kimi önləmək üçün ağırlaşmadan mütəxəssis yardımı almaq lazımdır. Bəzi depressiya testləri var. Hansı ki, bizə çox qısa bir zamanda kömək edə bilər ki, vəziyyətimizi yoxlayaq. Məsələn, son 2 həftə ərzində sizin iştahanızda, yuxunuzda kəskin dəyişikliklər olubsa, həyatın yaşanılması çətin bir yer olduğunu düşünürsünüzsə, ölümün daha yaxşı çıxış yolu olacağını düşünürsünüzsə, öncədən zövq verən şeylər artıq sizə zövq vermirsə, enerjinizi heç cür bərpa edə bilmirsinizsə və əhval-ruhiyyəniz də əksər hallarda kəskin şəkildə aşağıdırsa, bu artıq sizin hər hansısa səviyyədə depressiyadan əziyyət çəkdiyinizi göstərir. Buna görə də mütəxəssis yardımı almağınız məsləhətdir.

Bunu önləmək üçün sağlam həyat tərzi, düşüncələrin işlənilməsi lazımdır. Bəzi düşüncələr var ki, bizim həyatımıza birbaşa təsir edir və əhval-ruhiyyəmizi aşağı salır. Bəzən biz həyatımızda uğursuzluğa düçar oluruq, yaxınlarımızı və ya işimizi itiririk, bəzən həyatımızda baş verən rol keçidlərinə uyğunlaşa bilmirik və s. bunların nəticəsində çox güclü sarsıntılar keçirmiş, fəlakətlərə məruz qalmış ola bilərik. Yaxşı hadisələr də sarsılmağımıza səbəb ola bilər və beləcə biz bunları müzakirə edə bilərik. Bizim ətrafımızda daxili və xarici resurslarımız olur ki, daxili bizim xarakterimizdəki resurslarımızdır, nələrəsə inanmağımızdır (bu din də ola bilər, başqa şeylər də) fəaliyyətimiz, məşğuliyyətimiz, asudə vaxtımızın təşkili, istirahət etmə bacarığımız, yaxın ətrafımızla münasibətlər sistemində yaranan problemlərin aradan qaldırıla bilməsi ilə bağlı məsələlərdir. Bu mövzularda olan məsələlərdə yaxşılaşdırmalar edə bilərik və bir çox bacarıqlar, xüsusilə də ünsiyyət bacarıqlarını qazanaraq, inkişaf etdirə bilərik".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31