Hansı bağçadan məktəbə....

0-6 yaşları əhatə edən erkən uşaqlıq, ən sürətli inkişaf dövrüdür. Buna görə məktəbəqədər təhsil uşaq üçün həyati əhəmiyyətə malikdir. Bu məhsuldar dövrü ən yaxşı şəkildə keçirtməyin asan yolu isə uşaq bağçalarıdır. Lakin digər sahələrdə olduğu kimi valideynlərin övladlarının gələcəyini əmanət etdikləri məktəbəqədər müəssisələri də problemsiz deyil. 


Təhsil eksperti Kamran Əsədov bu problemlərə aydınlıq gətirdi: 
"İlk öncə qeyd edim ki, hazırda ölkədə 1693 uşaq bağçası var və burada 123000 uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Bildiyiniz kimi, 2011-ci ildə ölkə Prezidentinin sərəncamına əsasən uşaq bağçaları Təhsil Nazirliyindən alınaraq icra hakimiyyətlərinə verildi və burda əsas məqsəd idarəetmədə mobilliyin təmin edilməsi, keyfiyyətin artırılması idi. Amma biz 10 il ərzində - 2011-ci ildən 2021-ci ilə qədərki proseslərə baxanda görürük ki, qarşıya qoyulan məqsədlərə nail olunmadı. Baxmayaraq ki, Heydər Əliyev fondu tərəfindən, xüsusən Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən uşaq bağçalarının tikintisi, təmiri, müasir standartlara cavab verməsi istiqamətində böyük addımlar atılıb. Son 10 il ərzində 1000-dən çox uşaq bağçası tamamilə yenidən qurulub və şagirdlərin istifadəsinə verilib. Bütün bunların fonunda isə icra hakimiyyətləri keyfiyyətli təlim-tərbiyə prosesini uşaq bağçalarında təşkil edə bilməyiblər və əsasən biz 10 il ərzində 3 ciddi problemin mövcudluğunu görürük. Bunların biri uşaq bağçalarına qəbul zamanı əsassız tələblərin olması və bu prosesin elektron qaydada həyata keçirilməməsidir. Belə ki, valideynlər övladlarını uşaq bağçalarına qoymaq istəyəndə əsassız olaraq onlara məlumat verilirdi ki, uşaq bağçalarında pul yoxdur, yalnız pul və ya digər maddi maraq qarşılığında uşaqların bağçaya qəbulu həyata keçirilirdi. 
İkinci ciddi problem uşaq bağçalarının idarə edilməsi və təlim-tərbiyə prosesi ilə bağlı işə qəbul prosesi idi. Belə ki, 10 il ərzində uşaq bağçaları və körpələr evinə bir qəbul belə mərkəzləşmiş müsahibə və ya müsabiqə yolu ilə olmayıb. İcra Hakimiyyətləri kimi istəyirdisə, savadına, təhsil göstəricilərindən asılı olmayaraq işə qəbul edirdilər. Baxmayaraq ki, 2017-ci ildən qəbul edilmiş məktəbəqədər təhsil haqqında qanunun tələblərinə görə uşaq bağçaları və körpələr evində işləmək üçün bu sahə üzrə mütləq ali və orta ixtisas təhsili tələb olunur. Bunun nəticəsidir ki, uşaq bağçalarında və körpələr evində təhsil alan uşaqların bilik və bacarıqlara  yiyələnməsində ciddi nöqsanlar və problemlər var idi. Belə ki, bu gün bizim uşaq bağçalarında təhsil alan uşaqlarımızın zəruri biliklərin əldə edilməsində ciddi qüsurlar var. Görürük ki, dövlət uşaq bağçalarına cəlb edilmiş uşaqların bilik əldə etməsində ciddi nöqsanlar var, amma özəl uşaq bağçalarında isə kifayət qədər uşaqlar həm bilikli, həm bacarıqlı, eyni zamanda, müasir dünyagörüşünə malik uşaqlardır. 
Digər ciddi problem isə təbii ki, qidalanma ilə bağlı idi. Belə ki, uşaq bağçalarında və körpələr evində uşaqlara dövlət tərəfindən verilən qida menyusu tam və vaxtında çatdırılmırdı. Bu istiqamətdə bizim ciddi problemimiz var idi. Yəni, uşaq bağçalarında təlim-tərbiyəyə cəlb edilmiş şəxslər uşaq bağçalarındakı qidanın böyük əksəriyyətini oğurlayırdılar və bu da uşaqların düzgün qidalanmasına çox ciddi və mənfi təsir göstərir. Bu gün görürük ki, dövlət tərəfindən verilən qida menyusu tam şəkildə uşaqların fiziki inkişafına yönəlsə də, uşaq bağçalarında buna ciddi şəkildə riayət edilmir və uşaqlar üçün müəyyənləşdirilmiş qida menyusu tam olaraq çatmır uşaqlara. Onların böyük əksəriyyəti yeyintiyə məruz qalır. Hesab edirəm ki, əsasən 2021-ci ilin dekabrında ölkə Prezidenti yenidən uşaq bağçalarını İcra Hakimiyyətlərindən alaraq Təhsil Nazirliyinə verdi və biz gözləyirik ki, qeyd edilən problemlər aradan qalxmalıdır. Yəni uşaqların bağçalara qəbulu elektron qaydada olmalıdır, eyni zamanda burda işə qəbul mərkəzləşdirilmiş müsahibə və müsabiqə yolu ilə olmalıdır. Bütün bunlarla yanaşı qidanın tam və vaxtında çatdırılması təmin edilməlidir, uşaq bağçaları müasir kurrikulumlar ilə təchiz edilməlidir. Bunlar zəruri tələblərdir və mən inanıram ki, bundan sonra mövcud bu tipli problemlər aradan qalxacaqdır".
Təəssüf ki, problemlər sadəcə bunlarla da kifayətlənmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisədə əsas məsələ təkcə peşəkarlığın çatışmaması deyil, eyni zamanda bu sektorda uşaqlarla necə davranmağın lazımlığının bilinməməsidir. Dəfələrlə orta təhsil müəssisələrində, eləcə də uşaq bağçalarında şagirdlərin müəllimlər tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması hallarının şahidi olmuşuq. Olaylar ictimailəşdikdən sonra əlaqədar qurumlar tərəfindən reaksiya da verilib, problemin həll yollarının tapılmasına da çalışılıb. Amma görünür, bu tip problemləri köklü həll etmək hələ tam mümkün deyil. 
Kamran Əsədovun sözlərinə görə, dövlət uşaq bağçalarında otaqlara təhlükəsizlik kameralarının quraşdırılması bu problemin qarşısını almağa kömək edəcəkdir:
"Biz baxırıq ki, bəzi hallarda, xüsusən, dövlət uşaqlar bağçalarında uşaqlara qarşı fiziki zorakılıq halları müşahidə edilir. Bunun qarşısını almaq üçün işə qəbul prosesində mütləq işə qəbul edilmiş şəxslər psixoloji olaraq yoxlanmalıdır. Eyni zamanda, dövlət uşaq bağçalarında otaqların hər birində təhlükəsizlik üçün kameralar quraşdırılmalıdır və valideynlər proqramlar vasitəsilə həmin otaqları izləməlidirlər ki, hansı hadisələr, hərəkətlər və yaxud hərəkətsizlik baş verirsə, onu izləyə bilsinlər".


Məsələ ilə bağlı Olayar.az-a danışan klinik psixoloq Nuriyyə Quliyeva bildirir ki, indi uşaq bağçalarında şiddət halları əvvəlkinə nisbətən daha azdır. Səbəbi isə valideynlərin uşaqlarının psixoloji vəziyyətinin daha sağlam olmasını istəmələridir:
"Təəssüf ki, hələ də bu hallarla rastlaşırıq. Uşaqlara istər fiziki, istər psixoloji şiddət göstərilir. Təbii ki, əvvəllər fiziki şiddətin göstərilməsi daha çox idi. Amma indi belə halların get-gedə azaldığını müşahidə edirik. Yəgin ki, səbəbi daha çox nəzarət, valideynlərin maraqlanması və öz haqq-hüquqlarını qoruya bilməsidir. Müəllim yalnız təhsil verən deyil. Məsələn, əvvəllər valideyn qəbul edirdi ki, eybi yoxdur, uşağım bağçaya, məktəbə gedəndə nə olur olsun sakit otursun, nəsə öyrənsin, müəllim onu vura da bilər, döyə də bilər, əsas odur, təlim alsın. Bu cür ifadələrlə bir növ müəllimləri dəstəkləyirdilər. Amma indiki valideynlər demək olar ki, uşaqlarının psixoloji vəziyyətinin daha sağlam olmasını istəyirlər və bunun fərqindədirlər ki, bağçada, məktəbdə aldıqları psixoloji təzyiq, travma heç də həmin yaş dövründə qalmır, onunla birlikdə travma da böyüməyə başlayır. Əslində, ən həssas dövr uşaqlıq dövrüdür və bizim aldığımız bütün travmaların demək olar ki, təməli uşaqlıqda aldığımız travmalardan qidalanır. Uşaqlıqda alınan travmalar daha qalıcıdır və daha çox izlər buraxır. Burda da təbii ki, birinci növbədə ailə gəlir, ikinci növbədə bağça, daha sonra məktəb. Yəni, burda sadəcə ailənin rolu olmur. Artıq uşaq bağçaya getdikdən sonra bir növ sosiallaşdığı üçün cəmiyyətə addım atmış olur və orda da öz ailəsindən kənar tanıdığı insanlar içərisinə müəllimlər daxil olur. Əslində biz müəllim obrazını uşaqlara necə öyrədirik? İkinci ana kimi öyrədirik, övladımızı bağçada müəllimə əmanət edirik. İndiyə kimi onun bütün təlabatlarını - istər bioloji, istər ünsiyyət təlabatını biz ödəyirdik, onun qayğısına biz qalırdıq. Amma eyni vəzifələri eyni zamanda müəllimi dəyərli bilib, ona həvalə edirik. Amma gəl gör ki, əksinə, elə hadisələr baş verir ki, müəllimlər nəinki mənəvi ana rolunu oynaya bilirlər, hətta uşaqları bir növ qurbana çevirə bilirlər. Mən elə düşünürəm ki, birmənalı olaraq hər insan müəllim ola bilməz. Müəllim o şəxslər olmalıdır ki, onlar səbrli olsun, onlarda analıq duyğusu, nəvaziş olsun, qayğı göstərə bilən, həssas insanlar olsunlar. Müəllim səbrli olmalıdır. Xüsusən də bağçadakı uşaqların hər biri fərqli ailədən gəlir, fərqli olur. Onlar elə hər şeyi - adaptasiyanı da, başqa insanları, ünsiyyəti, dost qazanmağı, nəyisə öyrənməyi də bağçada öyrənəcəklər. Bütün proseslər hamısı bağçadan başlayır. Müəllim uşaqda elə izlər buraxmalıdır ki, onun həyatına müsbət toxumlar əkə bilsin, xoşbəxtlik toxumları cücərməyə başlasın.
Müəllimlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərməsi qətiyyən qəbul olunmadır. Müəllim həm də bir psixoloq olmalıdır. Onlara universitetlərdə, təhsil aldıqları dönəmlərdə hər il psixoloji təlim keçirilir. Yəni, pedaqoq ən azından psixologiyanı bilməlidir, uşağa yanaşma tərzini, anlatmağı, necə öyrətməlidir, öyrənmirsə necə yanaşmalıdır, ağlayırsa, bağçaya gəlmək istəmirsə, valideynindən ayrılmaq istəmirsə, nələri necə dəyişməlidir, bütün bunları bilmək müəllimin vəzifəsidir və bunları təmkinli olub, səbrlə etməlidir. Onlar körpələr ilə çalışırlar, əlbəttə bu çətin peşədir. Ona görə bu peşəni yalnız bunu bacaran, layiq olan insanlar icra etməlidir.
Müəllimin hər hansı bir uşağa göstərdiyi psixoloji təzyiq, alçaldıcı sözlər, ifadələr istifadə etməsi, təhqir etməsi həm də ona görə qəbul edilməzdir ki, bu zaman o, uşağın bağçaya olan münasibətini mənfi yönə dəyişmiş olur. Bundan başqa uşaqda özgüvənsizlik yaratmış olur. Çünki onu alçaldır və uşaq digər uşaqların yanında özünü alçalmış, əskik hesab edir və bu da onun özgüvəninə mənfi təsir göstərir, özünü qiymətləndirməsini aşağı də salır. Həmçinin, belə hallarda digər uşaqlarda da qorxular, kəkələmə, aqressiv davranışlar və bir çox psixoloji problemlər, davranış pozuntusu və s. yarana bilər. Çox şahid olmuşam ki, uşaq gəlir, getmək istəmir bağçaya. Hətta məktəbli uşaqlarda da belə hallarla rastlaşmışıq. Uşaqdan soruşuruq ki, nə baş verib, bunu bizimlə bölüşə bilərsən. Uşaq müəllimin ona deyil də, sinif yoldaşına və ya bağçadakı yoldaşına qışqırmasından, danlamasından, küncə qoymasından, cəza verməsindən təsirləndiyini bildirir. Yəni, psixoloji şiddət məhz ona deyil, yoldaşına edilsə belə uşaqda bir gün ona da edilər düşüncəsiylə qorxular yaradır. Hətta elə müəllim olub, valideynə deyib ki, narahat olmayın, mən sizin uşağınıza onu deməmişəm, digər yoldaşı səs salırdı, ona demişəm. Amma fərq eləmir. Uşaq artıq müəllim obrazını qorxulu, şiddət göstərə bilən, hər an qəzəblənib hər şey edə bilən biri kimi qəbul edir".
Psixoloq qeyd edir ki, valideynlər övladlarının düzgün tərbiyələnəcəyini düşünüb şiddətə göz yummamalıdır:
"Valideynlər əlbəttə ki, hüquqlarını bilməlidirlər və az öncə də vurğuladığım kimi təlim alsın, tərbiyəli olsun, düz otursun və s. deyib, uşağımda disiplin formalaşır düşünüb, kənarda durmasınlar. Nəvazişlə də, sevgi ilə də, xüsusi yanaşma metodları ilə də müəllim uşağa elə yanaşa bilər ki, bütün bu sadaladıqlarımıza müvəffəqiyyətlə nail olar. Yəni, uşağa heç bir travma yaratmadan buna nail ola bilər". 

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31