İlon Maskın sərvəti bir ayda 202 milyard dollar artdı
12:23 Sosialİlon Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara çatıb. "SpaceX" və "Tesla"nın səhmlərinin bahalaşması sayəsində Mask dünyanın ən varlı insanı olaraq qalır.
"Qafqazinfo" xəbər verir ki, "Forbes"in sentyabrın 1-də saat 00:00-a olan hesablamalarına əsasən, "SpaceX" və "Tesla" şirkətlərinin səhmlərinin bahalaşması İlon Maskın sərvətinin kəskin artmasına səbəb olub.
Beləliklə, Maskın sərvəti avqust ayında 202 milyard dollar artaraq 892 milyard dollara yüksəlib. Bununla da o, dünyanın ən varlı şəxsi statusunu qoruyub.
Qeyd olunur ki, iyul ayında Maskın sərvəti 363 milyard dollar azalmışdı. Avqustda isə "SpaceX" səhmləri 33 faiz, "Tesla" səhmləri isə 18 faiz bahalaşıb.
Hazırda Maskın 892 milyard dollarlıq sərvəti dünyanın ikinci ən varlı şəxsi Larri Peycin sərvətindən üç dəfədən çoxdur. Peycin sərvəti avqust ayında 15 milyard dollar azalaraq 277 milyard dollara düşüb.
"Amazon"un qurucusu Ceff Bezosun sərvəti 10 milyard dollar azalaraq 268 milyard dollar, "Google"un həmtəsisçisi Sergey Brinin sərvəti isə 13 milyard dollar azalaraq 256 milyard dollar olub. Onlar müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıblar.
İlk altılıqda avqust ayında dəyişiklik baş verməyib. Maykl Dell 241 milyard dollarla beşinci, Mark Zukerberq isə 197 milyard dollarla altıncı yerdədir.
"Oracle" səhmlərinin 15 faiz bahalaşması Larri Ellisonun sərvətini 25 milyard dollar artırıb. Nəticədə onun sərvəti 193 milyard dollara çatıb və Ellison yeddinci pilləyə yüksəlib.
"Nvidia"nın baş direktoru Censen Huanqın sərvəti 17 milyard dollar artsa da, o, 191 milyard dollarla səkkizinci sıraya geriləyib.
Bernar Arno və Uorren Baffet isə ilk 10-luqdan kənarda qalıblar. Arnonun sərvətinin azalmasına "LVMH", Baffetin sərvətinin azalmasına isə "Berkshire Hathaway" səhmlərinin ucuzlaşması təsir edib.
Onların yerini "Microsoft"un keçmiş rəhbəri Stiv Ballmer və "Inditex"in təqaüdçü rəhbəri Amansio Orteqa tutub. Ballmerin sərvəti 10 milyard dollar artaraq 155 milyard dollara yüksəlib və o, doqquzuncu olub. Orteqanın sərvəti isə 5 milyard dollar artaraq 148 milyard dollara çatıb.
Dünyanın ən varlı 10 şəxsi:
İlon Mask - 892 milyard dollar
Larri Peyc - 277 milyard dollar
Ceff Bezos - 268 milyard dollar
Sergey Brin - 256 milyard dollar
Maykl Dell - 241 milyard dollar
Mark Zukerberq - 197 milyard dollar
Larri Ellison - 193 milyard dollar
Censen Huanq - 191 milyard dollar
Stiv Ballmer - 155 milyard dollar
Amansio Orteqa - 148 milyard dollar
"Forbes"in hesablamalarına görə, dünyanın ən varlı 10 şəxsinə məxsus ümumi sərvət 2,8 trilyon dollara çatıb. İyul ayında bu göstərici 2,6 trilyon dollar təşkil edib.
Siyahının ilk 10-luğunda yer alan şəxslərdən doqquzu ABŞ vətəndaşıdır. Yeganə istisna İspaniya vətəndaşı Amansio Orteqadır. İlk 10-luqda qadın yoxdur.