Dövlət büdcəsini göyə sovuranlar

35 il zəmanət verilmiş yol niyə 3 ilə dağılır?

Azərbaycan hökuməti ölkədə infrastrukturun yaradılması, təmir-bərpa işlərini daim diqqətdə saxlayır və bu sahəyə dövlət büdcəsindən kifayət qədər vəsait ayırır. Xüsusən, yol infrastrukturunun bərpası, yeni yolların salınması dövlətin diqqət mərkəzindədir. Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində bölgələrdə salınan yollar keyfiyyətinə görə heç də paytaxt yollarından geri qalmır. Demək olar ki, magistral yollarla yanaşı, məhəllədaxili yollar da yenidən qurulmaqdadır. Vaxtilə keçilməz hesab olunan yollar indi abadlaşdırılıb, ən ucqar dağ kəndlərinə belə rahat şəkildə getmək mümkündür. Xatırladaq ki, yol mədəniyyətdir, yol ölkəyə gələn qonaqlarda Azərbaycan barədə ilkin təəssürat yaradır. Elə bu səbəbdən də regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası nəticəsində bölgələrdə yol infrastrukturu tamamilə yenidən qurulmaqdadır. Etiraf edilməlidir ki, sözügedən proqram çərçivəsində artıq bir sıra rayonların yolları əsaslı təmir edilib. Hətta xeyli sayda məhəllədaxili yollar yenilənib, küçə və xiyabanlar abadlaşdırılıb. Hazırda da regional proqramlar çərçivəsində rayonlarımıza yeni yolların çəkilişi davam etməkdədir. Çox təəssüf ki, bəzi dövlət idarələri, həmin qurumlara rəhbərlik edən şəxslərin məsuliyyətsizliyi ucbatından yol infrastrukturu üçün ayrılan vəsait havaya sovrulur. Başqa sözlə, dövlət büdcəsindən ayrılan vəsait hesabına salınan yollar tez bir zamanda sıradan çıxaraq bərbad hala düşür. Artıq ölkədə kifayət qədər belə hallara rast gəlmək mümkündür. Xüsusən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliynin (AAYDA) bu sahədə yarıtmaz fəaliyyəti  ciddi narazılığa səbəb olub. Qurum tərəfindən  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işləri həyata keçirilsə də həmin yolun tez bir zamanda sıradan çıxmasını əks etdirən görünrtülər yayılıb. Belə ki, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olur. Maraqlıdır, beynəlxalq əhəmiyyətli hesab olunan yolun tez bir zamanda dağılmasına görə məsuliyyəti kim daşımalıdır? Halbuki AAYDA yolun təmiri zamanı məlumat yaymışdı ki, aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra isə yararlı qrunt tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılır. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənir.

Məlumat üçün qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan "M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi" işlərinə 2018-ci ilin mart ayında başlanılıb. 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3,75m, ayırıcı zolağın eni 5 m olmaqla yolun torpaq yatağının eni 27,5 metr təşkil edir.Yolda eyni səviyyədə kəsişmələrin qarşısını almaq məqsədilə körpü və yolötürücülərin, tunellərin, yeraltı keçidlərin, suötürücü boruların, heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulur.Yeni magistral yolun keçdiyi ərazi Xəzər dənizinin sahili boyunca Samur-Dəvəçi ovalığında yerləşir. Tikilən yol əsasən yaşayış məntəqələrindən, sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistral yola giriş-çıxış yolları çəkilib.

Mütəxəssislər hesab edirdilər ki, yeni avtomobil yolunun tikilməsi ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına təkan verəcək, habelə, bölgədə turizmin inkişafına əlavə şərait yaradacaq. Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına da gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək. Lakin əlahəzrət fakt ondan ibarətdir ki, bir müddət əvvəl tikilən və tikintisinə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılan Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolu qısa zaman ərzində sıradan çıxıb. Acınacaqlı haldır ki, zamanında dövlət büdcəsindən 641 milyon manata yaxın vəsait xərclənmiş yol çox bərbad vəziyyətdədir. Məlumata görə, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidənqurulması layihəsində Azərbaycan tərəfinin payının (182 km hissə) maliyyələşdirilməsinə 2005-2010-cu illərdə 625,7 milyon manat xərclənib. Bundan başqa, 15 milyon manatdan çox vəsait isə həmin yolla bağlı digər xərclərə (yol qovşaqlarının, körpülərin tikintisi) yönəldilib. Ümumilikdə 641 milyon manata yaxın vəsait edir. Bunlar hələ Azərbaycanın ödədiyi puldur. Layihə Dünya Bankının Azərbaycan hökuməti ilə birgə layihəsidir. Üstündən qısa müddət keçdikdən sonra sözügedən yol dağıdılıb. Belə çıxır ki, milyonların xərcləndiyi yol heç nə olmamış kimi dağıdılır və növbəti milyonlar hesabına yenidən qurulur. Daha doğrusu, hər  kilometrinə  milyonlarla manat pul xərclənən  və 35 il zəmanət verilmiş Bakı-Quba yolu istifadəyə veriləndən 3-4 il sonra dağılmağa başlayıb. Bakı-Quba yolunda ötən müddətdə dəfələrlə təmir-bərpa işləri aparılıb. İndi yol tamamilə yararsız hala düşdüyü üçün sökülür və yenidən qurulur. Hazırda vətəndaşların Bakı-Quba istiqamətində hərəkət etməsi çətinləşib. Yolun bir tərəfi tamamilə bağlanıb, digər zolaqda ikitərəfli hərəkət səbəbindən sürücülər qəza risqi altında hərəkət edir. Düşündürücü məqam ondan ibarətdir ki, Bakı-Quba yolunda 641 milyon manatı göyə sovurmuş şirkətin rəhbərliyi hələ də məsuliyyətə cəlb edilməyib. Başqa heç kim də məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil. Ortada isə dövlət büdcəsi talanır, insanların rahatlığı əlindən alınır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31