“Kəkələmə ikidillilik nəticəsində yaranır”- Nərmin Daşdəmirbəyli
19 May 2022 15:54 SosialMüasir dövrdə uşaqlarda daha çox rast gəlinən xəstəliklərdən biri də nitq-inkişaf ləngiməsidir. Bəzən genetik, bəzən isə ailədaxili faktorlar uşaqlarda nitq inkafında ləngimələr, kəkələmə və digər problemlərə gətirib çıxarır. Bəs bunun əsas səbəbləri nədir? Uşaqlarda nitq geriləməsi nəyə görə yaranır? Valideynlər belə vəziyyətdə nə etməlidirlər?
Suallarımıza cavab tapmaq üçün loqoped, deffektoloq Nərmin Daşdəmirbəyli ilə həmsöhbət olduq.
![]()
-Nərmin xanım, uşaq dili nəyə yatımlıdır? Ana dilinə, yoxsa xarici dilə?
-İlk öncə qeyd edim ki, bu hər bir uşağa aid deyil. Çünki hər bir uşaq fərdidir və onların özünəməxsus özəllikləri var. Bir uşaq anadan olduğu gündən dil açdığı müddətdə üç dili birdən qavrayıb, özünəməxsus şəkildə, normal tərzdə öyrənə bilər. Amma digər uşaq isə sinir sistemi çox zəif olduğu üçün, ikinci dili qavraya bilmir, qavradığı zaman da çox çətinlik çəkir. Sonradan bu öz fəsadlarını göstərir. Hansı ki, uşaqda kəkələmə və digər nitq qüsurları yarana bilir. Bunun üçün də hər bir övlada fərdi şəkildə yanaşmalı və ən əsası uşağın potensialına görə onu dəyərləndirməliyik. Valideynlərin çox zaman etdikləri səhv- uşaq anadan olur, Azərbaycan dilini öyrənir, anası 6-cı sinifdən məktəbəqədər hazırlığına və ya bağçaya rus bölməsinə qoyur. Amma sinir sistemi çox zəif olduğu üçün uşaqda ləngimə, geriləmə və ən əsası kəkələmə kimi nitq qüsurları yarana bilir. Valideynlərə məsləhətimiz budur ki,övladınızın ilkin olaraq potensialina baxıb onu dəyərləndirin, daha sonra digər dilləri öyrədin. Doğru olan odur ki, uşaq 5 yaşına kimi artıq Azərbaycan dilini tamamən qavramalı, anlamalı, 5 yaşından sonra isə istənilən ikinci bir dili öyrənmə imkanı qazana bilər.
-Son dövrlərdə uşağın gec dil açmasına səbəb nədir? Burada genetik faktorların və ya valideynlərin rolu varmı?
- Əsasən burda genetik faktorlarla yanaşı, valideynlərin də rolu böyükdür, uşağın ümumi inkişafında, ləngiməsində. İlkin olaraq nəzər yetirsək, ananın hamiləlik dövründə keçirdiyi infeksion xəstəliklər, ya digər psixoloji travmalar və ya hamiləlik dövrü çox uğurlu keçməyinə baxmayaraq uşağın doğuş zamanı aldığı baş- beyin travması, sarılıq ilə doğulması, həkim məsuliyyətsizliyi ucbatından uşağın döldə çox qalması, beyninin oksigen ilə təmin olunmaması uşağın hansısa patalogiya ilə doğulmasına və ya sonradan hər hansı inkişaf geriləməsinə gətirib çıxara bilir. Təbii ki, ilk olaraq valideynlər buna çox da diqqət etmir, ancaq sonradan uşağın inkişaf dönəmi zamanı özünü göstərə bilir. Bu dönəm 1-3 yaş aralığı özünü daha yaxşı göstərə bilir.
Hansı ki, bu dönəm çox riskli və önəmli bir dönəmdir. Burada valideynlər ilk olaraq uşağını daha diqqətlə izləməli və uşaqları ilə daha yaxından vaxt keçirib, onların hər sualını aydınca izah etməlidirlər. Bununla yanaşı funkisonal səbəblərə nəzər yetirsək, burada ananın uşağı ilə emosional bağ qurmaması, onunla daha yaxından məşğul olmaması, uşağı ətraf aləmlə daha yaxından tanış etməməsi, evdə iki dilliliyin olması, uşağın bağçaya getməməsi, öz yaşıdları ilə oynaya biləcək bir ortamın olmaması, uşağın daima telefon və televizorla vaxt keçirməsi, uşaqda ümumi inkişaf ləngiməsinə gətirib çıxara bilir.
-Nərmin xanım, bilirsiniz ki, hazırki dövrdə uşaqlar texnalogiyaya daha çox bağlıdır, valideynlərə bu barədə nələri məsləhət verərdiniz?
-Əziz valideynlər bizə su və qida necə vacibdirsə, hazırki dönəmdə dünyaya gələn uşaqlarda texnogiya bu qədər vacibdir. Bu onların ən təbii ehtiyaclarından biridir.
Biz onları bu ehtiyaclardan məhrum edə bilmərik. Təbii ki, bu o demək deyil ki, uşaq səhərdən axşama kimi telefon- televizor qarşısında otursun. Xeyr. Ən doğru olanı budur ki, gün ərzində ən azı 2 dəfə olmaqla yarım saat müddətində uşağa telefona, televizora baxmaqa icazə verilməlidir. Bu zaman valideynlərdən "axı vermir telefonu, ağlayır" dediklərini eşidirəm. Bunun üçün əziz valideynlər,siz övladınıza telefon, televizor verdiyiniz zaman "bunu sənə oynamağın üçün verirəm, ancaq yarım saatdan sonra gəlib götürəcəm" deyirsiniz və vaxtı tamam olduğu zaman gedib telefonu götürürsünüz. Təbii ki, ilk başda ağlayıb davranış göstərəcək, bu zaman siz tam soyuqqanlı şəkildə telefonu alıb yan otaqda işinizi görürsünüz, o da maksimum 15 dəqiqə ağlayıb artıq sizin ona fikir vermədiyinizi görüb oyuncaqları ilə oynayacaq. Bunlar çox önəmli faktorlardır, əziz valideynlər.
-Uşaqların ünsiyyətcil, sosial, nitqinin səlis olması üçün valideynlərin bilmədikləri metodlar hansılardır?
- Əsasən valideynlərin çox zaman etdikləri yanlışlardan biri də uşaqlarının sosiallaşmaması üçün yetərincə şərait yaratmamaları, məsələn bağcaya qoymamalarıdır çox zaman valideynlərdən bu sualın qarşılığında aldığım cavab "bağcaya qoyuram, ancaq xəstələnir gəlir və ya uşaqlarla oynamağı bacarmır, dalaşır və onu vururlar" kimi olur. Əziz valideynlər, bunun da səbəbkarı sizsiziniz. Çünkü övladınızı çərçivə içində saxlamağınız, qorumanız, yanınızdan ayırmamanız, yaşı böyüdükcə özünü müdafi ə edə bilməməsinə, özünü qoruya bilməməsinə, öz yaşıdları ilə necə ünsiyyət qurmalıdır onlarla necə davranmalıdır anlayışını öyərnməməyə və böyüdükcə öz qərarlarını özü verməyi bacarmamasına, öz sözünü deməyi bacarmamasına gətirib çıxaracaq. Bunun üçün də bacardığınız qədər övladınızı, qız və ya oğlan, heç fərq etmir, hər ikisini yetərincə azad buraxmaq, özünü qorumasını öyrənməsinə kömək olmaq və ən əsası mərhəmətli olmağı öyrətmək çox önəmlidir.
-Nərmin xanım, uşaqların inkişafı ilə bağlı valideynlərə nələri məsləhət verə bilərsiniz?
-İlkin olaraq övladlarını sıxmamaq, ən əsası övladlarını çərçivə içərsində saxlamamaq, onlara yetərincə azadlıq vermək, onlara hər zaman qarşı durmaq əvəzinə onları dəstəkləmək, ən əsası övladlarını dinləməyi bacarmaq və onlar gün ərzində nə qədər sual verirsə- versin, səbrlə həmin sualların vergül, nöqtəsinə kimi aydın şəkildə izah etmək, övladlarını bacardıqları qədər texnalogiyadan uzaq saxlamaq, ən əsası texnalogiyadan hər hansısa bir oyun üçün, söhbət üçün yox, yeni məlumatlar öyrənmək adına istifadə olunduğunu uşaqlara aşılamaq, ataların hər bir şeyi ananın üstünə atmaq yox, daha çox özləri də övladlarının tərbiyəsində yaxından iştirak etmək və bunun üçün əlindən gələn hər bir seyi etmək çox vacibdir.
- Kəkələmənin səbəbi nədir və tam olaraq korreksiya olunurmu?
- Burda artıq qeyd etdiyimiz kimi kəkələmənin yaranması üçün bir çox səbəblər var. Bunlardan ən başlıcası sinir sisteminin zəifliyidir. Sinir sisteminin zəif olması genetik faktorlara dayanır, yəni uşağın anasının və ya atasının sinir sistemi zəifdirsə bu genetik olaraq uşağa keçir və ya hamiləlik dövründə ana çox aqressiv, psixoloji bir nece travma alarsa buda uşağında sinir sistemi zəifliyinin yaranmasına gətirib çıxarır ki buda uşaqda istənilən yaş dövründə kəkələmənin yaranması deməkdir. Əsasən kəkələmə iki dillilik nəticəsindədə yaranır hansı ki valideynlərin təkidi ilə uşaq rus bölməsinə bağçaya gedir və dili qavramaqda çətinlik çəkir evde ayrı dil bağçada ayrı dil artıq uşaqda bir müddət sonra kəkələmə kimi nitq qüsurlarının yaranmasına gətirib çıxarır. Hər uşaq fərqli olduğu üçün hər uşaq anadan olduqdan sonra hər iki dili eyni səviyyətə qavrayıb anlayacaq deyə bir şey yoxdur. Burda səhv valideynlərin uşaqlarını öz potensialına görə dəyərləndirməməsidir. Kəkələmə yarandığı zaman onunla birlikdə uşaqda loqofobiya, özgüvən əksikliyi kimi psixoloji travmalarda özünü göstərir. Və kəkələmə tək uşaqlarda yox, istənilən yaş dövründə böyüklərdə də yarana bilir. Uşaqlarda əsasən sinir sistemi zəifliyi və ikidillilik, yamsılama nəticəsində yaranırsa böyüklərdə daha çox qorxulardan, travmalardan yarana bilir. Hətta bəzən informasiyanın çoxluğu və həyəcanın həddindən artıq çox olması emosional kəkələmənin yaranması üçün başlıca səbəblərdən biridir.
Korreksiyasına gəldikdə isə bəli tamamən korreksiya etmək mümkündür, hansı ki 50 günlük proqram sayəsində tamamən arada qaldıra bilir. Ancaq bu yenidən qayıda bilir, çünkü kəkələmə nitq qüsurları içində ən nankör nitq qüsurlarından biridir ki, korreksiya olunmasına baxmayaraq hər hansl bir qorxu, travma nəticəsində anidən qayıda bilir. Bunun üçündə ilk olaraq nevropatoloq nevtoloji mualicə yazır, psixoloq loqofobiyanı, və s digər psixoloji travmaları aradan qaldırır, loqoped isə 50 gün boyunca nitqi ilə çalışıb korreksiya edir. Ancaq 50 gündən sonra 8 ay müddətində hər 2 həftədən bir uşaq konsultasiya olunmalı müalicəsi, otları, pəhrizləri davam etməlidir. Əgər 8 ay müddətində qayıtmırsa ondan sonrakı zamanda da qayıtma ehtimalı azalır.
- Valideynlər uşaqlarını nə zaman loqopedə aparmalıdırlar?
-Valideynlər uşaqlarını loqopedə aparmaq üçün, hər hansısa bir yaşın tamam olmasını gözləmək, onlar üçün çox böyük bir vaxt itkisi olar. Normal uşaq 6 ayından sonra qığıldamağa başladığı üçün, artıq 1 yaşına doğru və 1 yaşından sonra sadə sifətlərdən, feillərdən, əmrlərdən, komandalardan rahat bir şəkildə yerinə yetirib cümlə şəklində qurmağa hazırlaşmalıdır. Əgər uşaq bunu etmirsə və uşağın ümumi inkişafında hər hansısa bir ləngimə və ya geriləmə müşahidə edirsinizsə, tez bir zamanda, ağır bir forma almadan mütəxəssisə müraciət etməyiniz daha məsləhətlidir. Unutmayın ki, 2 yaşında olan bir ləngimə diaqnozunda olan uşaq, o vəziyyətdən çıxarmaq bizim 1 ilimizi alırsa 4 yaşında nitq-inkişaf geriləməsi diaqnozunda olan bir uşağı həmin diaqnozdan çıxartmaq bizim 1 ilimizi yox, 2-3 ilimizi ala bilər. Ona görə də, bu uşaqlar və bizim üçün vaxt çox önəmlidir. Nə qədər ki gec deyil, övladınız öz yaşıdlarına uyğun inkişaf etmirsə, nitqi yaxşı səviyyədə deyilsə, artıq burda hər hansısa bir problemin olması qaçılmazdır. Bunun üçün də, tez bir zamanda loqopedə müraciət etməyiniz və tez bir zamanda uşağın nitqini açmasına kömək etməyiniz çox, amma çox vacibdir.
Mehriban Xəlilli