Qayıdacaq,söz verib,mütləq qayıdacaq... Aytən Hüseynova YAZIR
19 May 2022 10:46 SosialAytən Hüseynova
Qəribələşir bəzən həyat gözündə ...Yeknəsək həyat davam etdikcə kecmişə boylanırsan ....Nağıllara dönüşmüş ömürlər canlanır yaşlanmış, paslanmış yaddaşında.Sanki gözünü zillədiyin ağacın yaşıl yarpaqları bir qadın əli kimi səliqə - səhman yaradır beynində və sən soyuq otağın balaca pəncərəsindən isti xatirələrə boylanırsan...Bu xatirələr əlindən tutaraq səni uşaqlığına, köhnə məhəllənə və tənhalığa bürünüb susqunluğunda gizlənmiş heç kimin səni tanımadığı sənə aparar. ..
Elə bu an hər şey yenidən başlar..
O zaman 12-13 yaşım olardı .İnsanları müşahidə etməyi sevərdim.Son vaxtlarda isə bütün diqqətim qoca bir qarıya yönəlmişdi.
Məhəllədə küçəyə baxan yeganə açıq eyvan Xanımana xalagilin eyvanı idi. Qalan qonşuların ancaq şüşəbəndlərinin pəncərələri küçəyə baxardı.Xanımanagilin eyvanında ilin dörd fəsli sübhdən günbatana kimi qoca bir qadın ya oturar, ya da əli çənəsində sütuna söykənib uzaqlara -yalnız bir nöqtəyə baxardı.
Məhəllənin " qarı" dediyi bu qoca qadının kimsə adını çəkməzdi. Zahiri görünüşü, yaşlanmasına baxmayaraq, zamanında çox gözəl bir qadın olduğundan xəbər verirdi. Bir zamanlar zərif vücudlu, ağ üzlü, iri ala gözlü, qəşəng ağızlı-burunlu bir qadın olduğu indiki halından belə bəlli idi.Hələ uzun ağ hörükləri başqa bir aləm idi.Heç vaxt səsini eşitməzdik,salamımızı da astadan alardı.Bəzən axşamlar nənəmə qoşulub Xanımana xalagilə gedərdim, o zaman diqqətim də bu qocada olardı.Sanki diqqətimi hiss edib ara-sıra üzümə gülümsəyərdi. Gözlərindəki kədər və səssizliyinin, dalğın təbəssümünün belə mənə nəsə anlatdığını hiss edirdim.
Lakin hiss edirdim , hec nə bilmirdim..
Gecələri nənəmlə qalardım, amma çox sual verməyə,söz soruşmağa qorxardım, çünki səhəri nənəm atamgilə mənim "hər şeylə maraqlanan"biri olduğumu deyər və məni atamın-anamın qəzəbinə tuş gətirərdi.
Amma"Qarı"nənəni bilmək,öyrənmək istəyim susmurdu.
-Nənəli..
-De görək..
--Qarı, Xanımana xalanın anasıdır?
--Yox e...
--Qaynanası?
---Yox,ay çoxbilmiş...
---Bə nəyi olur?
--Dərinə getsək, hec nəyi, uzaqdan qohumu. Xanımana dünyaya gələndə anası ölüb,atası da müharibədən qayıtmayıb,qarı götürüb saxlayıb,böyüdüb,ərə verib,bu oturduğu ev-eşik də qarınındır, hər nəyi var verib Xanımanaya,onun balalarına ....
Maraqdan içimi də çəkmədən dinləyirdim,qəfildən nənəm başladığı kimi də söhbəti kəsdi:
-Yat day,çox bilsən,tez qocalarsan..
O gündən qarı nənəyə marağım daha da artmışdı,mənim üçün sirli bir müəmmaya cevrilmişdi qoca....
Günün günorta vaxtlarında, məhəllədə inli-cinlinin yox olduğu, hər kəs evinə çəkildiyi saatlarda qapının ağzında oturub sakitliyi dinləməyi sevərdim.
Yenə boş küçə ilə baş-başa qaldığım günlərdən idi.Bir də baxdım ki, qarı küçə qapılarında yerə baxa-baxa gəzinir.Qəribə bir hisslə yanına getdim:
-Nəsə itib?
Gözlərindəki təlaşı gizlədərək gülümsünüb:
-İnanc itmədikcə o da itməz,-dedi
-Necə ki?
-Tapdım,-dedi və yerdən mis teldən düzəldilmiş bir üzüyü götürdü, əlindəki dəsmala büküb köynəyinin yaxasında gizlətdi.(Biz tərəfin qadınları,pulu və ya dəyərli əşyalarını dəsmala büküb,ya yaxalıqlarında,ya da corablarında gizlədərdilər)
Məni gülmək tutdu,çox vaxt məhəllə qızları rəngli mis tellərdən zinət əşyaları düzəldib taxardılar,amma mənim marağım olmazdı belə şeylərə..İndi də qarının gizlətdiyi üzük təxmini həmin əşyalara bənzəyirdi.
Qarının mis teldən hazırlanmış üzüyü taparkən üzündəki sevinç ona olan marağımı birə- beş artırdı.Beynim sualla dolu ikən:
-Darıxıram mənim yanımda oturarsan?
-Bəli..
-Sonra evdən danlarlar səni..
-Yox e,uzaqda deyiləm ki,qapıdan baxsalar,görəcəklərdəəə..
-Çay olsa,içirsən?
-Sağ olun,istəmirəm
-Onda konfet ye..Cibindəki rəngli kağıza bükülü konfetlərdən birini cıxarıb mənə.uzatdı..
-Al..
Konfeti alıb əlimdə saxladım.
Sonra kətilin üstündə əyləşdi,gözlərini yumdu,diqqətlə ona baxırdım,qırışla dolu üzü zamanı kecmiş möcüzəli bir gözəllikdən xəbər verirdi.
Qəfil asta-asta danışmağa başladı:
-Müharibə etdi,hər şeyi müharibə etdi,amma bilirəm qayıdaçaq, mütləq qayıdaçaq,söz vermişdi gedərkən, o üzüyün əslini alıb qayıdaçağına söz vermişdi....Ona :"Gülləbatmaz ,odda yanmaz ",-deyərdilər.O, faşist gülləsi ilə ölə bilməz,qayıdaçaq,mütləq qayıdaçaq..
Qəfil danışmağa başladığı kimi qəfil də susdu və daha hec nə demədi..
Birdən atamın məni çağırmasını eşidib evə qaçdım.Lakin fikrim-zikrim qarıda qaldı.
Hər axşam nənəmin yumşaq damarına düşməyə calışırdım,arvad elə bil daşa dönmüşdü,nə dinirdi,nə danışırdı.
Axır bir gün üzünün gülən vaxtını gördüm,həm də hiss etdim ki,söhbət etmək,danışmaq istəyir.Tez dedim:
-Qarı haqqında başqa nə bilirsən?
-Ay səni çoxbilmiş,nə bilmək istəyirsən?
-O gün özü-özünə qəribə sözlər danışırdı..
Nənəm imalı-imalı üzümə baxdı:
-Mən əslən buralardan deyiləm,amma baban qarı haqqında çox maraqlı əhvalat danışıb mənə..
-Nə danışıb?
-Səhər evlərimi silib,həyətimi süpürərsənsə,danışım..
-Can,nənəli,nə desən,edəçəm,danış,nə olar...
--Qarının əsli adı Gövhərdir,çox gözəl bir qız imiş,bütün məhəllə oğlanları,o yandan-bu yandan gələn cayıllar dərdindən ölərmişlər,amma onun könlü Seyid Rzanın oğlu MirHəsəndə imiş.Bir-birlərinin dərdindən sinov gedirlərmiş,Kürün qrağı oylaqları imiş.Hər kəs bunları adaxlı sayırmış.Bir gün müharibə başlamış , hər cayıl kimi Mirhəsən də döyüşə- müharibəyə yola düşmüş,gedərkən də dönəcəyinə söz vermiş,amma nə öldüsündən,nə qaldısından xəbər gəlməmiş.
Hər kəs əlini üzmüş,bircə Gövhərdən başqa..Sonralar çox elçiləri gəlmiş,ata-anası yalvar-yaxar etmiş,amma kimsəyə yar olmamış..
Zavallı ata-anası da bu dünyadan köc edəndən sonra bu yetim qalmış Xanımanaya analıq etməklə həyata bağlanıb,uşaqlarına nənəlik edib,zamanla qocalıb eləcə dönüb hamı üçün indiki qarı olub....
Nənəm yatdığımı zənn edib susdu.
Lakin mən yatmamışdım,gözüm pəncərəyə düşən ayda idi.Sanki Ayda Gövhər adlı gözəl bir qızı görürdüm,inanmla əlindəki adi teldən hazırlanmış üzüklə sevgilisini gözləyən qoşa hörüklü,ala gözlü,incə ,zərif vücudlu dünya gözəli bir qızı...
Qız aya baxıb pıcıldayırdı:
-Qayıdacaq,söz verib,mütləq qayıdacaq...