Yerli qurumların yadından çıxan «Qurd dərəsi»
12 May 2022 10:56 SosialSumqayıtın "Qurd dərəsi" adlanan yaşayış massivi sosial problemlər girdabında boğulur. Şəhər ətrafındakı məişət şəraiti əlverişsiz olan, infrastrukturu demək olar ki, olmayan bu ərazi müəyyən mənada Afrikada gecəqondunu xatırladır. Bunu redaksiyamıza müraciət edən yerli sakinlər bildirir.
Baxmayaraq ki, adıçəkilən yaşayış ərazisi Sumayıtın cəmi 2-3 kilometrliyində yerləşir (şəhərin 18-ci mikrorayonundan "Qurd dərəsi"nin girişinə-Saray körpüsünə qədər məsafə 2 km, ən uzaq yerinə isə 6 km-dir), bura sanki şəhər rəhbərliyi tərəfindən yaddan çıxıb. Daha doğrusu dövlət qurumları tərəfindən burda sakinlərdən hər bir rüsum, torpaq pulu, kommunal xidmətlər hər ay qəpiyinə qədər alınır, verilməyəndə su, qaz, işıq kəsilir, ərazidə icazə almadan daşı daş üstündə belə qoymaq olmaz. Yəni pul almaq baxımdan nəzarət güclüdür, amma problemlərin həllinə rəsmilər tərəfindən yaxın durulmur.
Sakinlət bildirir ki, "Qurd dərəsi" bağları, Saray bağlar massivi, Sumqayıt bağları və ya sadəcə "bağlar" da adlanan, amma daha çox "Qurd dərəsi" kimi tanınan və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan "Qurd dərəsi"ndə Sumqayıt bələdiyyəsinin, Sumqayıt icra hakimiyyətinin fəaliyyəti ümumiyyətlə bilinmir. Onların fəaliyyəti yalnız vətəndaşlardan tələb olunan pul yığımında , torpaq satışında, sənəd işində, sakinlər tərəfindən vəsait ödənişində özünü göstərir.
Sumqayıtın mərkəzi bazarından bura və əks istiqamətə təxminən yarım saatdan bir (günlərə görə vaxt dəyişir) 17, 17a (bir-birinə əks istiqamətinə, dairəvi işləyirlər) 27 nömrəli marşrut avtobusları işləyir. Bağ avtobusları köhnə PAZ-lardan ibarətdir və gediş haqqı 30 qəpikdir. Sakinlərin bildirdiyinə görə, avtobusların hələ də bu ərazidə istifadə olunmasına səbəb yolların çox bərbad olmasıdır. Sürücülər isə deyir ki, ki, burda təzə avtobuslar tez sıradan çıxır və "Qurd dərəsi"nin yollarına ancaq bu sovet avtobusu tab gətirir.
Heç bir komfortu olmayan bu marşrut avtobusu 5-6 kilometrlik yolu 5-10 dəqiqəyə çatmaq əvəzinə çox ləng , 50 dəqiqəyə-1 saata çatır. Halbuki, "Qurd dərəsi"nə normal yol çəkilsə, minlərlə sakin hər gün köhnə "PAZ"larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər. Sakinlər deyir ki, 27 nömrəli marşrutun yolundan heç danışılası deyil.
Dairəvi yolun yarısı 3-cü dayanacaqdan ,"Türkün evi" deyilən məşhur möhtəşəm boş evdən 100 metr aralıdan 6-cı dayanaca qədər asfaltlanıb , amma o da keyfiyyətsiz edildiyindən artıq sıradan çıxır.
Qalan yol isə qrunt yoludur və illərdir sakinlərin öz vəsaiti hesabına daş, çınqıl, doğranmış şlank tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür "təmir" də çox çəkmir, bir müddətdən sonra yenə xərc çəkib yolun müəyyən hissəini yenə "yalandan"düzəltmək lazımdır ki, heç olmasa gediş-gəliş mümkün olsun. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən keçilməz olur. Həm əsas yolun, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.
Burada yalnız xırda market olduğundan əhali alış-verişi əsasən Sumqayıtdan edir ki, bu da əlavə çətinliklər yaradır.
"Qurd dərəsi"ndə aptek belə yoxdur. Rabitə xətti, yəni telefon da həmçinin. "Azərsu" burada yalnız su pulu yığır. Suyu sakinlər öz vəsaitləri hesabına böyük xərc hesabına (bəzən 1000 manat) plastik borularla əldə edir.
Qazı, işığı da sakinlər çətinliklə evlərinə çəkilməsinə nail olur. Bundan başqa yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problem var.
Sakinlər iddia edir ki, torpaqların sənədi olsa da sakinlər qeydiyyata düşə bilmir, çoxları "havada", başqa ünvanlarda qeydiyyatdadır. "Qurd dərəsi"ndə elementar zibilxana belə yoxdur. Əhali burda öz vəsaitləri hesabına ayda bir dəfə gələn maşınla zibillərini yığıb atırlar
Məktəb binası xaric burada dövlət idarələrindən yalnız, keçən il istifadəyə verilən polis idarəsi binası mövcuddur. Burada ünvanlar dayacanaqla və avtobus yolları ilə adlanır. 7-ci dayanacaq, 9-cu dayanacaq, 27-nin yolun, 17-nin yolu və s.
Ərazidə işıqlandırma da sıfır səviyyəsindədir. Küçələrdə işıq dirəkləri yoxdur. Yalnız bəzi yerlərdə insanlar öz vəsaitləri hesabına küçəni işıqlandırır. Bu səbəbdən gecələr "Qurd dərəsi" zülmət qaranlığa qərq olduğundan vahiməli yerə çevrilir. Sanki burda 10 minlərlə adam yaşamır.
Yol, işıqdan əlavə buranın əsas köklü problemi də massivdə kanalizasiyanın yerli-dibli olmamasıdır. Sakinlər bildirir ki, dəfələrlə buranın sosial problemlərindən , əsasən də kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də, heç bir tədbir görülmür.
Qeyd edək ki, sovet dövrü bura dövlət tərəfindən işçilərə verilən pay torpaqlarından, bağ sahələrindən ibarət olub. və burada az sayda 200-300 adam yaşayıb.
Son illərdə ərazi böyüyüb, sakinlərinin sayı artsa da, lakin "Qurd dərəsi" böyüdükcə problemləri də artıb. Ərazidə kanalizasiya sisteminin olmaması ekoloji problemlər də yaradır. Nəticədə, torpaqların bitki örtüyü, münbit torpaq layı məhv olur.
Elşən