“Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolunun artırılması” layihəsinə yekun vuruldu
6 May 2022 16:24 SosialQayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keşirdiyi "Xocalı soyqırımının tanıdılmasında tələbələrin rolunun artırılması" layihəsinə yekun vurdu.
Fevral ayının əvvəlindən may ayının əvvəlinə kimi davam edən layihənin Bakı Slavyan Universitetində, Azərbaycan Texniki Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Azərbaycan Dillər Universitetində və Bakı Dövlət Universitetində icrası həyata keşirilmişdir.
Layihə çərçivəsində birbaşa 270 nəfər tələbə layihənin işinə cəlb olunmuş, 5000 nəfərdən artıq tələbənin isə dolayı yolla layihədən bəhrələnməsi təmin edilmişdir.
Keçirilən bütün seminar və konfranslarda layihənin proqramına uyğun olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, ekspertlər tərəfindən 20-ci əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının baş vermə səbəbləri: Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışmaqla 20 %-dən artıq torpaqlarımızı işğal etmələri, 1 milyondan artıq soydaşlarımızın silah gücünə öz dədə-baba torpaqlarından didərgin salınmasını, terroru və təcavüzü özlərinin dövlət siyasətinin tərkib hissəsi kimi qəbul etməklə separatizmi həyata keçirmələri və s. tələbələrlə müzakirə edilmiş, Xocalı soyqırımının böyüməkdə olan gənc nəslə aşılanmasında, beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasında tələbələrin xüsusi rola malik olmaları izah edilmişdir.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən-qeyd-şərtsiz çıxarılmaları ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 Qətnamənin icra edilməməsi, bu münaqişənin həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupunun Ermənistana heç bir təzyiq göstərməməsi, işğal olunmuş əraziləri azad edilməsi üçün beynəlxalq hüququn təmin olunmasında heç bir əməli addımların atılmaması, cəzasızlıqdan azğınlaşan Ermənistana işğalı rəsmiləşdirmək üçün bütün dəstəyin və güzəştlərin edilməsi 30 ilə yaxın müddət ərzində ermənistanın təcavüzkar siyasətini davam etdirilməsinə rəvac vermişdir.
Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, işğal olunmuş ərazilərimizdə tarix və mədəniyət abidələri daxil olmaqla Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsi, dövlətin və insanların bütün mülkiyyətinin vandalizmə məruz qalmaları və s. mövzularda ekspertlərin müfəssəl məlumatları tələbələr tərəfindən müsbət qarşılanmışdır.
2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10-dək davam edən Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanı darmadağın edərək 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızı azad etməklə soydaşlarımızın Vətən həsrətinə son qoyması və beynəlxalq hüququn Azərbaycan Silahlı Qüvvələri tərəfindən təmin edilməsi keçirilən bütün seminarların əsas mövzularından biri kimi tələbələrlə müzakirə edilmişdir.
İşğal olunmuş torpaqlarımızı azad etməklə -"Ata vəsiyyətini yerinə yetirdim" , "dəmir yumruqla düşmənin başının əzilməsini, şəhidlərimizin və Xocalı soyqırımının qisasının alındığını" deyən Prezident İlham Əliyevin şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına dövlət qayğısının təmin olunmasında verdiyi Fərman və Sərəncamların Azərbaycan tarixində silinməz izlər buraxdığını tələbələrə izah edən ekspertlər öz məkrli və təcavüzkar niyyətlərindən əl çəkməyən Ermənistanın işğalçı niyyətlərinə son verilməsi üçün əsas hədəflərdən birinin də məhz Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanıdılmasından asılı olduğunu bildirdilər.
Tədbirlərdə çıxış edən tələbələr istər Xocalı soyqırımının, istərsə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında sosial şəbəkələr, beynəlxalq konfranslar və şəxsi əlaqələr vasitəsi ilə əməli fəaliyyət göstərəcəklərini, işğaldan azad olunmuş torpaqlarımıza qayıdış və dirçəliş prosesində Dövlətimizin apardığı siyasətin dəstəklənməsində prinsipiallıqla fəaliyyət göstərəcəklərini bəyan etdilər.
Layihə çərçivəsində iştirakçılara marifləndirici materiallar: bukletlər, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Gənclər Təşkilatının loqoları və layihənin adı yazılan maykalar və digər vəsaitlər paylanılmışdır.
![]()