İNTİHARLAR- Cəmiyyəti müşahidəçi missiyadan çıxarmaq lazımdır

Bir neçə gündür baş verən intihar hadisələrinə artıq "son dövrlər" ifadəsini əlavə edə bilmirik. Çünki intiharlar cəmiyyətimiz üçün çıxış vasitəsinə çevrilib. Ən pisi də odur ki, biz artıq bu xəbərlərə öyrəşmişik.
İntihar edənlərin yaşları müxtəlif olduğu kimi səbəbləri də müxtəlifdir. Ancaq bizi nəticə olaraq, intihara qədər aparan yol cəmiyyətdən və əksər hallarda doğmalarımızdan keçir. O zaman cəmiyyət sayılan bizlər necə davranmalıyıq? Övladlarımızı, özümüzü bu bəladan necə sığortalayaq?

"Cəmiyyəti müşahidəçi missiyadan çıxarmaq lazımdır"- bu sözləri problemlə bağlı Olaylar.az-a açıqlamasında əməkdar  jurnalist, ekspert Mətanət Ağamirli deyib. 

-Mətanət xanım, sosial medianın intihar və bu kimi hadisələrdə rolu varmı?

-Son 6 aya olan statistikaya görə Azərbaycanda baş verən intihar halları ilk sıralarda deyil. Buna baxmayaraq, ayda 1 dəfə baş verən intihar halları belə bizim diqqətimizi çəkir. Həm cəmiyyətimiz kiçikdir, həm də biz hər zaman milli-mənəvi ruhu, ailə institutunu ön plana çıxarırıq. Kəskin dindar cəmiyyət olmasaq da, dini dəyərlər bizim üçün önəm daşıyır. Məsələn, övladı həddi -buluğa çatan kimi həyatın ağuşuna atmırıq. Özümüz onları evləndirməyə, istiqamət verməyə çalışırıq. Bu hər topluma xas olan xüsusiyyət deyil. Bu baxımdan, gənclərin intihar etməsi bizim üçün qayğı doğurur.  Düşünürəm ki, biz qloballaşmanın bir parçasıyıq, heç nədən sığortalanmamışıq, bunların qarşısını almaq mümkün deyil. Azərbaycan gənci bu gün kifayət qədər internet resurslarından istifadə edir. Gün ərzində bir gənc 10 saatını internetə ayırırsa, valideyn ona maksimum 1-2 saat zaman ayıra bilər. Bu problemləri valideynin üzərinə atmaqdan tamamilə uzağam. Bu problemlər kollektiv şəkildə həll olunmalıdır. Deyirlər ki, "ana hara baxır?" 
Bu günün reallığıdır ki, qadınların böyük çoxluğu işləyir, buna məhkumdur. Kapitalizm adlı dar, düz və dönülməz yoldayıq. Bu baxımdan analar qayğılıdır. Həmçinin ata işləməlidir, övladına baxmalıdır... Bu cəmiyyətin faciəsidir. Sadəcə bir ailənin yox.
Kollektiv mübarizə formaları təşkil olunmalıdır. Məsələn, qanunvericiliyə əsasən, müəyyən müddəalar, intihar hallarının qarşısının alınması üçün metodlar var. Bunlar cəmiyyətə dövlətin verdiyi diqqətin təzahürüdür. Ancaq cəmiyyət öz-özünü silkələməlidir. Cəmiyyət inkişaf etməsə, heç bir qanun onu xilas edə bilməyəcək. 

-İnkişafın yolları hansılardır sizcə?

-30 il öncəyə baxsaq, hansısa kənddə ata-anasını itirmiş azyaşlı varsa, kənd sakinləri həmin azyaşlıları uşaq evinə yerləşdirmirdi. Özləri sahib çıxırdı uşaqlara. Biz çox istiqanlı, humanist xalqıq. Bu gün internet resursları o qədər mənfi stereotipləri ortaya çıxarır ki, biz unuduruq bu dəyərləri. 
Azərbaycanda çox sayda qeyri-hökümət, ailə ilə bağlı layihələr həyata keçirən təşkilatlar, yerli icra orqanları fəaliyyət göstərir. Bu dəfə yeniyetmə imtahandan zəif nəticə göstərdiyi üçün intihar edibsə, bir öncəki başqa bir səbəbdən intihar etmişdi. Fərqli səbəblərdir. Fərqli formalarda da iş aparılmalıdır. 
Ən böyük məsuliyyət bağçaların, məktəblərin üzərinə düşür. Ancaq bu gün jurnalist olaraq müəllimləri qınaya bilmirəm. O zaman düşünməliyik, səbəblər nələrdir ?

-Medianın intihar probleminin  həllində   rolu necədir?

-Media bütün hallarda təbliğar vasitəsidir. Bütün evlərə nüfuz edir. Kiminsə ağlaşmasını göstərən, xəstəlikdən istifadə edib reytinq qazanan neqativ proqramlar  maarifləndirməyə yönəldilsə, həm baxış sayı çox olar,  həm də cəmiyyətə faydası olar. Bu gün bir çox tv proqramları kütlənin səviyyəsinə düşməyi sevir. Əslində KİV kütləni öz səviyyəsinə qaldırmalıdır. Media "layk", İP, populizm naminə şəxsi insanın faciəsini ortaya çıxarır. Şəxsi maraqların deyilcəmiyyətin mənafeyi naminə medianın görəcəyi işlər önə çıxarılmalıdır. Hazırda nə qədər jurnalist, media patronu, media qurumu bu istiqamətdə layihələr həyata keçirir?  Barmaqla  saymaq  qədər...

-Mətanət xanım, bizdə intiharlar sanki mövsüm  dəyişir. Hər il aprel ayından avqust ayına qədər imtahandan zəif nəticə göstərən yeniyetmə intiharı üstünlük təşkil edir. Necə edək ki, yeniyetmə onun üçün həyatın sonu olmadığını anlasın?

-Əvvəla cəmiyyətdə "diplom" sindromu var. O da diplom açığını doldurmaq üçün saxta, pullu, yalan və.s şeylərə gətirib çıxardı. Hamısı kapitalizmin tələbidir. İnsanların beyninə hopub ki, mənim uşağım universitetə qəbul olunmalıdır. Mən düşünürəm ki, övladım hansısa bir peşəyə sahibdirsə, diplomsuz da çox gözəl uğur qazana bilər. Nə qədər valideyn belə düşüncəyə sahibdir?
Və ya məktəblər il sonunda yarışmaya girir sanki. Bir-biriləri ilə rayon səviyyəsində mübarizə aparırlar. Təbii ki, hər bir direktor istəyir öz məktəbinin adı ən çox tələbə adı qazanan şagirdlə hallansın. 
Yəni, bu problem silsilə şəklindədir. Məktəbdə də uşaqlar bu stressi yaşayır. Müəllimlər "bu yaxşı oxuyur, siz ortalıqda qalacaqsız" və.s kimi ifadələr işlədirlər. Bütün bunlar uşaqda şüuraltı stress yaradır. 
Digər tərəfdən valideynlər, "pullu da olsa, girsin" prinsipi ilə yanaşırlar. Pul tapmaq üçün borc edirlər, kredit çəkirlər, təki uşaq diplom alsın.
Bu məsələlər isə ailənin maarifləndirilməsi ilə əlaqədardır. 
Ailə savadlı olmalıdır ki, uşağına yol göstərə bilsin. Ailə anlamalıdır ki, hər şey mümkündür. Buna da psixoloji dəstək məktəbdən başlayır. Cəmiyyət psixoloji baxımdan sabit olmalıdır. Bunun üçün də institutlar,  qurumlar işləməlidir. Ölkədə bir qız intihar edirsə, bu bütün Azərbaycanın faciəsidir. 
Bunu təhsildə rəhbər qurumda işləyənlər nəzərə almalıdır. Elina adlı məktəbli qız intihar etdi. Düzdür, direktor qovuldu. Ancaq bu ölüm niyə baş verdi?  Biz nə qədər müşahidəçi qismində baxacağıq bu hadisələrə?
Biz narkomanın, fahişənin, oğrunun da cəmiyyətiyik. Bunlar hamısı bizimdir. Biz bunların hamısına sahib çıxmalıyıq. Bunun üçün qurumlar əlbir işləməlidir. 

- Sevgi, sevgili uğrunda edilən intiharlara qarşı ailədə, məktəbdə hansı təbliğatlar aparılmalıdır?
-Dünyada son yarım əsrdə çoxlu cərəyanlar ortaya çıxıb. Onlardan biri də psixologiya cərəyanıdır. Azərbaycanda məktəblərdə psixoloq ştatı var. Ancaq həmin ştat fəaliyyətsizdir. Keçmiş nazir Misir Mərdanov  6 ay əvvəl "təhsil prosesi 6 aya,  1 ilə nəticə verən proses deyil" ifadəsini işlətmişdi. Mən bununla tam razıyam. Ancaq ömür gedir. 3-6 aydan bir eşidirik ki, hansısa gəncimiz intihar edib. Əgər bu proses davam edirsə, deməli, biz monoton davam edirik və sadəcə müşahidəçi qismindəyik. Cəmiyyəti müşahidəçi missiyadan çıxarmaq lazımdır. Cəmiyyət özü içindən sağalmalıdır. Gözləməməlidir. 
Düşünün, məktəbdə  2000 şagird təhsil alır. Və sadəcə 1 psixoloq fəaliyyət göstərir. Bu çox absurddur. Bu ştat 1 yox, 10 olmalıdır. Psixoloqlar vaxtaşırı dəvət almalıdır. Yaxşı psixoloqlarımız var. Siz eşitmisinizmi bu psixoloqlarla məktəbdə görüş keçirilsin? Onlar bu təklifi rədd edəcəklər. Çünki hər məktəbdə psixoloq var. Ancaq şagirdlərin əksəriyyəti onu tanımır. Bu çox ciddi məsələdir. 
Sevgi məsələsinə gəldikdə isə, bunlar ülvi hisslərdir. Məktəbdə, bağçada onlara elə öyrədilməlidir ki, istənilən situasiyada iradəli olmağı bacarsınlar. İçlərindəki mübarizə hissi daha güclü olmalıdır. Hər birinin kökündə psixologiya elmi dayanır.

"İntihar xəbərlərinin manşetə çıxarılması məqsədəuyğun hesab edilmir"- bu sözləri Olaylar.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

-Elnur bəy, 3 may tarixində intihar edən 17 yaşlı qız, imtahanda zəif nəticə göstərdiyi üçün çıxış yolunu ölümdə tapıb. Hər il imtahan ərəfəsində bu rəqəmlərdə artım müşahidə olunur. Valideynlər həmin dönəmdə hansı yolu izləməlidirlər? 

-Bu intihar hadisəsinin sırf imtahandan zəif nəticə göstərməyə görə baş verdiyini demək düzgün olmaz. Zəif nəticə intihar aktını tətikləyir.  Əks təqdirdə deyə bilmərik ki, bütün zəif nəticə göstərən abituriyentlər intihar edir. Bir çox abituriyentlər yenidən cəhd edir, hazırlaşır. Bu müddət ərzində abituriyentə baş verənlər təsir edə bilər. Məsələn, görə bilər ki, valideyn maddi, mənəvi narahatlıq keçirir. Bu cür proseslərdə ona görə biz qeyd edirik ki, valideynlər xüsusilə diqqətli olmalıdırlar. Yeniyetmədə hər hansı narahatlıq gördükləri zaman buna aydınlıq gətirməlidirlər. 
Yoxsa problem dərinləşər, intihar, zərərli vərdiş və.s gətirib çıxarar.Məsləhətimiz budur ki, abituriyentlər fənn hazırlığı ilə paralel psixoloji hazırlıqlı olmalıdırlar.

-Ümumiyyətlə, gənclər arasında son zamanlar dəngəsiz hərəkətlərə şahid oluruq. (Qatar yoluna düşüb qaçanlar, qatarda əlini pəncərədən bayıra çıxaranlar və.s). Sosial medianın intihar və bu kimi hadisələrdə rolu varmı? 
-Bəli, son zamanlar gənclər arasında  ekstrimə meyillilik var. Biz bunu sosial şəbəkədə görürük. Onlar həyatlarını təhlükəyə atır və bunu sosial şəbəkədə paylaşırlar. Ekstrimə maraq hər kəsdə var. Lakin bəzi yeniyetmələr bundan xüsusi zövq alırlar. Onlar daha çox drammatik yanaşmanı sevirlər. Normal axarında gedən bir prosesi drammatik  məcraya sürükləyirlər. Bu kimi davranışlar əvvəl lokal ərazidə baş verirdi. Ancaq indi sosial şəbəkədə paylaşılır və insanlar bunu bilərək, ya da bilməyərək dəstəkləyir. 

Sosial medianın intihar hadisələrində rolu var. Xüsusən bu tərz xəbərlərin manşetə çıxarılması məqsədəuyğun hesab edilmir. Bununla bağlı psixologiyada tədqiqatlar aparılıb. Bu barədə "Verter" sindromu mövcuddur. Gənc Verter ölərək sevdiyinə qovuşacağını düşündüyü üçün intihar edir. Kitabın çap olunduğu dövrdə sevgi uğrunda intihar edən gənclərin sayı çoxalır. ABŞ metrosunda intihar hadisəsi baş vermişdi. Həmin hadisə mediada işıqlandırılandan sonra intihar hadisəsi daha çox metrolarda baş vermişdi. Gəlinən nəticə ondan ibarətdir ki, intihar xəbərləri mediada işıqlandırılırsa, bir həftə ərzində artır və getdikcə azalır.
Gənclər və yeniyetmələr arasında zərərli vərdişlərdən asılılıq var. Narkotik, mərc oyunları, sosial media və.s

-Gənclər narkomaniyanın, sosial medianın əsirinə çevriliblər. Onları psixoloji olaraq bu vəziyyətə sürükləyən səbəblər nədir?  

-Bunun da səbəbləri müxtəlif formada izah edilir. Birincisi əlçatan olmasıdır. İstər çəkilən filmlərdə, istər platformalarda şüuraltı şəkildə təbliğ edilir. İnformasiya əsrində yaşadığımıza görə bəzən yeniyetmələr yaşadıqları boşluğu zərərli vərdişlərlə doldururlar. Bu da bir müddətdən sonra asılılığa, şəxsiyyətin parçalanmasına, iş qabiliyyətinin itirilməsinə gətirib çıxarır. Bu sahədə maariflənmə işini düzgün aparmaq lazımdır. Həssas mövzulardır. 

-Gənclər özlərində bu meyilləri hiss etdikdə, içinə qapanmağa başlayanda ilk növbədə hansı addımı atmalıdırlar? 
-Əgər gənclər bu narahatlığı görürlərsə mütləq şəkildə mütəxəssis dəstəyi almalıdırlar. Belə olan halda onların zərərli vərdişlərdən asılı olma ehtimalı çox aşağı düşəcək. Çox zaman gənclər bilməyərək düzgün istiqamət seçmirlər. Düşünürlər ki, psixolojik dəstək onlara nə verəcək. Bəzən mühitin özü də onları daha böyük bəlalara sürükləyir. Belə vəziyyətdə ən doğru addım yaxınların, doğmaların dəstəyini almaqdır.
Çıxış yolu sadəcə düzgün maarifləndirmə işini aparmaqdadır. Bu zaman özümüzü müəyyən qədər bu bəladan sığortalaya bilərik. Bu məsələdə cəmiyyət olaraq bizim həmrəy olmağımız ən mühüm məsələlərdən biridir. Çünki bu bəla bu gün ailələr dağıdır.

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31