Bəşəriyyətin “ağ ölüm” bəlası- necə xilas olaq?
28 Aprel 2022 12:45 SosialMilli Məclisin sonuncu iclasında Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti ləğv edilib. Belə ki, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə hansı hallarda cərimə, hansı hallarda azadlıqdan məhrumetmə cəzaları tətbiq olunacağı yenidən müəyyənləşir. Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklə isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə isə inzibati məsuliyyət müəyyənləşir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək. Qanunvericilikdə edələn dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb.
Lakin nəzərə almaq lazımdır ki, bu gün dünyanın bütün dövlətlərində narkomaniyaya düçar olmuş şəxslərin reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və narkomaniya ilə mübarizə diqqət mərkəzindədir. Narkotik vasitələrin satışının və yayılmasının qarşısının alınması bütün dünyada koordinasiya şəklində həyata keçirilir. Azərbaycanda bu sahədə dövlət qurumları müvafiq tədbirləri beynəlxalq və qeyri-hökumət təşkilatlar ilə birgə həyata keçirirlər. Düzdür, hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparırlar. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısının alınması istiqamətində lazım addımlar atılır. Lakin etiraf edilməlidir ki, ən müxtəlif vasitələrlə narkotik maddələri cəmiyyətə sırımaq istətyində olan narkobaronlarla effektli mübarizə aparmaq elə də asan məsələ deyil. Məlumdur ki, narkotacirlər ağıla gəlməyən üsullarla qanundan yayınaraq fəaliyyətlərini həyata keçirə bilirlər. Məhz bunun nəticəsidir ki, ölkədə, xüsusən də regionlarda narkotik maddələrə aludə olanların sayında arım müşahidə olunur. Baxmayaraq ki, Azərbaycanda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair Dövlət Proqramı təsdiq edilb, ancaq hələ də bu bəlanın kökünü kəsmək mümkün olmayıb.
Statistika nə deyir?
Rəsmi statistik məlumata görə, cari ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2795 cinayət faktı aşkarlanıb. Onlardan 1010-u narkotik vasitələrin qanunsuz satışı, 1748-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 16-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 21-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1732 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 32 nəfəri xarici ölkə vətəndaşıdır. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 55 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 765 kq 540,334 qr, 7286 ədəd həb müxtəlif növ narkotik vasitələr, 22 kq 399,27 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılıb. 2022-ci ilin 3 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 880 kq 474,692 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 69 milyon 778 min AZN kimi qiymətləndirilir.
Günü-gündən cavanlaşan narkomaniya
Respublikada narkomaniya və narkobiznesin yayılmasına qarşı görülən qətiyyətli tədbirlərə baxmayaraq, bu sahədə mövcud kriminogen durum hələ də mürəkkəb olaraq qalmaqdadır. Məhz bu kimi halların nəticəsidir ki, ölkədə narkomaniya cavanlaşır, hətta qadınlar və azyaşlı uşaqlar arasında yayılmaqdadır. Gənc oğlanlar, yeniyetmı qızlar, hətta məktəblilər belə asanlıqla narkomaniyaya cəlb olunurlar. Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayılıb ki, paytaxtın mərkəzi küçələrinin birində tikintisi başa çatmayan bina narkomanların mütəmasi "ziyarət" etdiyi məkana çevrilib. Belə ki, həmin binada çarpayı, yorğn-döşək, ərzaq, çoxlu sayda iynə və narkotik qəbulu və satışı üçün nəzərdə tutulan avadanlıq aşkar edilib. Məlum olur ki, sözügedən ərazi uzun illərdən bəri narkotacirlərin gəlir yeri olub, narkotik istifadəçiləri həmin əraziyə asanlıqla daxil ola biliblər.Təkcə bu fakt narkomaniyanın nə qədər geniş yayıldığını deməyə əsas verir. Hazırda necə-necə yarımtikililər, əksər kafe-barlar, istirahət və əyləncə mərkəzləri "ağ ölüm" məkanına çevrilib. Bu isə o deməkdir ki, "ağ ölüm" artıq kandarımızdadır. Belə məlum olur ki, narkomaniyaya qarşı mübarizə təkcə hüquq-mühafizə orqanların deyil, eləcə də içtimaiyyətin bir nömrəli işi olmalıdır. Axı korlanan, dağılan bizim ailələrimiz, gözümüz görə-görə məhv olan bizim övladlarımızdır. Başqa sözlə, narkotik maddələrin qanunsuz dövriyyəsinin zərərini gənclər çəkmiş olur.
Narkotik maddələr evlərdə kultivasiya edilir
O da faktdır ki, son vaxtlar yabanı halda bitən, eləcə də xüsusi qaydada qulluq göstərməklə yetişdirilən narkotik xassəli bitkilərin sayı artıb. Həyətyanı sahələrdə, bağlarda, evlərdəki dibçəklərdə və hətta meşələrdə belə narkotik plantasiyalar aşkar edilir. Xatırladaq ki, belə plantasiyaların salınması, narkotik bitkilərə xüsusi qulluğun göstərilməsi bir günün işi deyil. Belə plantasiyaların hazır vəziyyətə gətirilməsi üçün illərlə vaxt lazımdır. Cox təssüf ki, uzun müddət belə plantasiyalar hüquq-mühafizə orqanları diqqətindən kənarda qalır. Nəticədə ölkəmizdə narkotik təbiətli bitkilərin həm yabanı halda bitməsinə, mədəni halda yetişdirilməsinə, həmçinin onların müxtəlif orqanlarından narkotik maddələrin istehsalına da rast gəlinir. Narkotik xassəli bitkilərin kultivasiya olunması insan tərəfindən bilavasitə narkotik maddə istehsalı və gəlir götürülməsinə yönəldilib. Bunun üçün müxtəlif yollarla, müxtəlif şəraitdə və müasir texnologiyalarla (açıq və örtülü şəraitdə, qidalı dibçəklərdə, qapalı ev şəraitində hidroponika) tətbiq olunmaqla bu bitkilərin bilərəkdən gizli yolla narkotik məqsədlər üçün əkilməsi artıq cinayətdir. Lakin etiraf edilməlidir ki, təkcə güc strukturlarının fəaliyyəti ilə bu bəşəri bəlanın kökünü kəsmək qeyri-mümkündür. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq, həmişə, xüsusilə də son dövrlərdə insanların sosial, iqtisadi, mənəvi dəyərlərinə zərbə vuran mürəkkəb ictimai təhlükəli hadisəyə çevrilib. Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genefondunun mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək məqsədilə narkomanlığın, narkotiklərin xassəli bitkilərin yetişdirilməsinin qarşısının alınması və aşkarlanaraq məhv edilməsi ümumdövlət və ümumivətəndaş vəzifəsinə çevrilməlidir.
Narkotikticarət sosial şəbəkələrə sirayət edib
Nəzərə alsaq ki, son vaxtlar narkotik alveri daha çox internet vasitəsilə həyata keçirilir, o zaman bu şəbəkənin nə qədər böyük əhatəsinin olduğunu dərk edə bilərik. Məlumdur ki, bu şəbəkə müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarıa daha çox üstünlük verir. Araşdırmalar deməyə əsas verir ki, ölkədə narkomaniyanın geniş yayılmasında maraqlı dairələrin də olduğu var. Qaçaqmalçılıq, insan alveri qədər gəlir sahəsi hesab olunan narkoticarət bütün sərtliyi ilə üstümüzə yeriməkdədir. Etiraf edilməlidir ki, bunun üçün kifayət qədər imkan və şərait mövcuddur. Məlumata görə, hazırda İrandan mütəxəssislər gətirilərək ölkəmizdə gizli şəraitdə narkotik maddələr hazırlanır. Cəmi 5-10 manata başa gələn "patı" şübhəsiz ki, gənclər üçün cəlbedici görünür. Lakin da məlumdur ki, gəncləri özlərindən asılı vəziyyətə salmaq niyyətində olan şəbəkə hətta ilkin olaraq "pati" və "şüşəni" pulsuz təklif edirlər. Nəticədə narkotik aludəçisinə çevrilən gənclərin narkomaniyaya qarşı mübarizə, zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyanın acı fəsadları, hüquqa zidd əməllərdən qorunma yolları barədə profilaktik tədbirlər də köməyinə gəlmir.
Valideyn nəzarətinə ehtiyac var
Deməli övladlarımızın düzgün tərbiyyə olunması, narkomaniyaya və digər zərərli vərdişlərə mübtəla olmamaları üçün valideyin nəzarətinə də ehtiyac var. Mütəxəssislərin qənaətinə görə, uşaqların təhsildən yayınması və onların pis vərdişlərə yönəldilməsində valideynlər tərəfindən tərbiyənin düzgün qurulmaması böyük rol oynayır. Nəticədə uşaqlar nakomaniya kimi bəlaya meyilli olurlar. Rəsmi məlumata görə, son illərdə uşaqlar arasında nakomaniyanın yayılması halları artıb. Məlumat üçün qeyd edək ki, uşaq hüquqlarının müdafiəsi sahəsində milli qanunvericilikdə aparılan islahatlar narkomaniya ilə mübarizə sahəsinə də toxunub. Hələ 2015-ci ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsi dəyişdirilərək bu məsələdə valideynlərin məsuliyyəti artırılıb. Belə ki, yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya tüfeyliliklə məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda əlli manatdan yüz manatadək miqdarda cərimə edilir. Yeni dəyişikliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslər spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etsə valideynlər məsuliyyətə cəlb edilməlidir. Deməli, uşaq və gənclərimizi "ağ ölüm"dən xilas etməyin bir yolu da valideyn nəzarətindən keçir.
Alim