Gecə klubu, yoxsa “şeytan yuvası”?
28 Aprel 2022 12:41 SosialAzərbaycanda turizmin inkişafında vacib amillərdən sayılan, dünyanın ən böyük otel şəbəkələrinə daxil olan beşulduzlu mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərir. Yalnız dünyanın ən inkişaf etmiş ölkələrində rast gəlinən bu cür obyektlər iş adamları, turistlər və qonaqlar üçün maksimum xidmətlər təklif edir. Həmçinin, paytaxt Bakı da təkcə Azərbaycanın paytaxtı və turizmin inkişaf mərkəzi deyil, eyni zamanda ölkənin əsas əyləncə və istirahət məkanlarından bir olan gecə klublarının da mərkəzidir.
Qanunlarımıza görə hər bir vətəndaşın istirahət, əyləncə haqqı var və hər kəsin də seçimi azaddır. Kimsə parkda gəzir, kimsə kafe-restorana, gecə klubuna gedir. Lakin bu yaxınlarda şəhərin mərkəzində yerləşən gecə klublarının birində partlayışın baş verməsi əhalinin sərt tənqidinə səbəb oldu. Klubda yaralanan, həyatını itirən gənclərə, yetkinlik yaşına çatmayanlara sərt sözlər yağdırıldı və əksəriyyətinə "əxlaqsız" damğası vuruldu.
Bəs həqiqətənmi gecə klubları cəmiyyətimizə sarsılmaz zərbə vurur?
Təbii ki, gecə həyatının da özünəməxsus mənfi və müsbət tərəfləri var. İnsanlar ordan müxtəlif məqsədlər üçün istifadə edə bilər. Bu əyləncə də ola bilər, qeyri-qanuni, əxlaqsız hərəkətlər də. Bu səbəbdən müxtəlif aspektlərdən gecə klublarına münasibət də müxtəlifdir.
Sosioloq Əhməd Qəşəmoğlu da bildirir ki, bu gecə klublarının necə fəaliyyət göstərməsindən daha çox asılıdır:
![]()
"Əgər gecə klubları sadəcə hansısa bir musiqini dinləmək, əylənmək, ümumən istirahət etmək məqsədi daşıyırsa, ziyanı yoxdur, əksinə, faydalıdır. Elə adam var gecə yata bilmir və ya şəhərə yeni gəlib, kiminləsə söhbət etmək istəyir. Belə şəxslər gecə klublarına gedib, istirahət edə bilərlər, bu zaman problem yoxdur. Amma biz bilirik ki, Bakıdakı gecə klublarının əksəriyyətinin fəaliyyətinin əsasını gənc qızları, oğlanları ora cəlb etmək, qanuna zidd hərəkətlərə yol vermək təşkil edir. Bu zaman təbii ki, gecə klubları problemlər yaradır. O şeylər ki, əhalinin mənəvi dəyərlərinə ziyan verir, onlar yolverilmədir. Cəmiyyətdə belə hallar çoxaldıqda, bu ümumiyyətlə ölkəyə, xalqa təsir edir və onun ziyanına yol açır. Ona görə, hər şey gecə klublarının fəaliyyətinin xarakterindən asılıdır. Amma yenə təkrar edirəm ki, müasir dövrdəki gecə klublarının fəaliyyətinin xarakteri xeyli xoşagəlməz xüsusiyyətləri ilə tanınır. Onların fəaliyyəti daha çox ziyanlıdır, nəinki faydalı".
Yetkinlik yaşına çatmayan şəxslərin gecə klublarına buraxılması məsələsi tənqid olunan başlıca mövzu olsa da, hüquqşünas Hüseyn İsmayılov bildirir ki, bu haqda qanunvericilikdə heç bir məsuliyyət yoxdur, bütün məsuliyyət sadəcə sahibkara aiddir:
![]()
"Qanunvericilikdə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun var. Həmin qanuna əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə tütün məmulatlarını almaq,vermək, onların tütün məmulatlarına cəlb edilməsi, tütün istifadəsinin təklif edilməsi qadağandır. Satışı həyata keçirən şəxs tərəfindən hər hansı bir şübhə varsa ki, bu şəxs yetkinlik yaşına çatmayan şəxsdir, ondan şəxsiyyət vəsiqəsi tələb edilə, şəxsin yaşı müəyyənləşdirilə və yaşı 18 yaşdan aşağıdırsa, ona tütün məmulatını satılmaya bilər. Yəni, yetkinlik yaşına çatmayan şəxslərə tütünün və eyni zamanda alkoqollu məhsulların satışı qadağandır. Bu qadağanı da İnzibati Cəzalar Məcəlləsi müəyyən edir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən, etil spirti, alkoqollu və enerji içkilərinin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə 100 AZN məbləğində cərimə edilir.
Dolayısıyla, yetkinlik yaşına çatmayanların obyektlərə - gecə klubları, diskoteka və s. daxil olması sahibkarlardan asılı bir vəziyyətdir. Yəni, onların ora daxil olması, əylənməsi, qanunla qadağan deyil. Onlara içəridə alkoqollu və ya enerji içkilərinin və ya tütün məmulatlarının satışı qadağandır. Sadəcə bunun üçün məsuliyyət var. Yetkinlik yaşına çatmayan şəxslərin gecə klublarına getməsinə heç bir məsuliyyət yoxdur, tamamilə sahibkarın mülahizəsindən asılıdır.
Lakin bəzi yerlərdə bəzi klublar var ki, orda bəzi qaydalar tətbiq olunur. Məsələn, olub ki, gecə klublarının birində yeni il tədbirlərində iştirak etmişik və ora 21 yaşdan aşağı şəxlərin daxil olması qadağan olunmuşdu. Əvvəlcədən məlumat verilmişdi, hər kəs şəxsiyyət vəsiqəsini yoxladıb içəri daxil olurdu. Yəni, buna məhəl qoyan sahibkarlar da var, qoymayanlar da, qanunvericilikdə heç bir məsuliyyət müəyyən olunmayıb. Sadəcə içki və tütün məmulatları ilə bağlı məsuliyyət yarana bilər.
Hesab edirəm ki, burada vətəndaş məsuliyyəti olmalıdır. Məsələn, o klubda biz də varıq və orda azyaşlı görünümlü şəxslərin olduğunu görürüksə, bununla bağlı obyektin sahibinə və ya hansısa bir dövlət qurumuna, polisə məlumat verə bilərik ki, qarşısı alınsın.
Bundan əlavə, Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının qanunu var ki, həmin qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanları gənclər arasında alkoqolizm, narkomaniya və s. kimi xəstəliklərin azaldılması, aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər ki, bununla Gənclər İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi kimi qurumlar məşğul olur. Amma bu daha çox informativ və təbliğat xarakterli tədbirlərdir ki, hesab edirəm bu sahədə nəzarət mexanizmi yaratmaq və nəzarət mexanizmini gücləndirmək lazım olacaq".
Hüquqşünas əlavə ediB ki, gecə klublarında qeyri-qanuni hadisələrin qarşısının alınması məqsədilə təhlükəsizlik tədbirlərinin aparılması, kluba daxil olan şəxslərin üzərinin yoxlanılması da qanunvericiliklə tənzimlənmir:
"Təəssüf ki, bu qanunvericilik ilə tənzimlənmir, tənzimlənə də bilməz. Dövlət tərəfindən xüsusi strateji əhəmiyyətli obyektlərin, binaların, müəssisələrin qorunması həyata keçirilir. Məsələn, hava limanları, dəmiryol nəqliyyatı, enerji istehsalı müəssisələri, bəzi dövlət orqanlarının binaları, Bakı Metropoliteni və s. Digər obyektlərdə - ictimai iaşə və xidmət obyektlərində isə bu yenə sahibkarın mülahizəsindən asılı olan bir şeydir. Məsələn, Bakı şəhərində böyük ticarət mərkəzləri - Park Bulvar, 28 Mall və s. var ki, onlar mühafizə olunur. Hətta vətəndaş daxil olanda x-ray aparatından keçirilir, üzərindəki metal əşyalar yoxlanılır. Amma digər ictimai iaşə obyektlərində isə bunlar tətbiq oluna bilməz. Bilirsiniz, gecə klubları, diskoteka və barlar bir növ restoranlardır. Sadəcə sutkanın qaranlıq zamanı fəaliyyət göstərirlər. Təsəvvür edin, biz hər dəfə McDonalds-a girəndə üzərimiz yoxlanıılmalıdırmı? Bu obyektiv fəaliyyət baxımından o qədər də effektiv yoxlama olmayacaq. Gecə klublarında da mühafizə xidmətləri olur. Lakin, onlar daha çox dava-dalaşın, səs-küyün, oğurluq kimi halların qarşısını almaq üçün xidmət göstərirlər. Amma hər kəsin üzərini yoxlamaq, yoxlayaraq obyektə daxil etmək bir qədər praktikada çətinlik yaradacaq.
Hansısa bayram və ya tədbirlərdə bir müğənninin çıxışı zamanı əgər izdiham varsa, mühafizə də gücləndirilir, adamların üzəri də yoxlanılır. Amma gündəlik fəaliyyət zamanı yoxlanılma praktiki olaraq mümkün olmur, həm də qanunvericilik ilə tənzimlənmir, hər hansı bir məsuliyyət tələb etmir".
Gecə klublarının cəmiyyətə mənfi və müsbət təsirlərinə ən önəmli məqamlardan biri kimi dini aspektdən baxmaq üçün ilahiyyatçı İbrahim Məmmədovun da fikirlərini öyrəndik:
![]()
"İlk öncə bildirmək istərdim ki,ömür insana verilmiş ən böyük sərmayədir. İnsan gərək həyatını səmərəli istifadə etsin. İnsanın həyatı yeyib-içmək, əylənmək və s. ibarət olmamalıdır. İnsan gərək həyatını elimi işlərə,cəmiyyətin ondan faydalanması üçün böyük nailiyyətlərə imza ataraq, böyük uğurlar əldə etmək üçün çalışmalı, ömürünü qiymətli və bərəkətli etməlidir.
Amma təəssüflər olsun ki, cəmiyyətimizin bir qismi gəncliyini boşa verərək, əzəmətli olan insanlığını etdiyi günahlarla məhv edir. Dinimiz insan əylənməməli, hər şeydən özünü məhrum etməlidir demir. İnsana əyləncə də lazımdır, amma əyləncələrdə aldığınız zövq və həzzi, günah işlərlə deyil, Allahın razı olduğu işlərdə yerinə yetirilməlidir. Məsələn, ölkəmizdə gənclərmizi günaha mürtəkib edən, fəsad yaradan amillərdəndə biri gecə kulublarıdır. Dinimizə görə ən böyük günahlardan biridir, şeytanın yuvasi olaraq adlandırılır.
Yadınızdadırsa, müqəddəs Ramazan ayı daxil olduğu gecə gecə klublarının birində dəhşətli partlayıış baş verdi. Əlbəttə, biz demirik Allahdan bəla gəldi, nə də sevinmirik ki, hansısa bir insanın həyatına son qoyuldu və ya yaralandı. Sadəcə deyə bilərik ki, bu edilən günahların fəsadıdır.
Qurani Kərimdə də vurğulanır: "Hər kəs öz əməllərinin girovudur". Başınıza hər nə müsibət, bəla gəlirsə, törətdiyiniz günahlara görədir.
Bizlər də istəmərik gəncliyimizi bu gecə kulublarda, kazinolarda məhv edib, Allahın qəzəbinə tuş gələcək əməllərə göz yumaq. Əksinə istəyimiz budur ki, gənclərimiz öz gəncliyini günaha deyil də, Allah bəyənən işlərə xərcləsin. Bu zaman gələcək nəsillərə sağlam gənclik bəxş etmiş olarıq."
Röyalə Xəyal