Dissertasiya müzakirələri, yoxsa bayağı şoular?
28 Aprel 2022 14:06 SosialBu gün elmimizin vəziyyəti reanimasiyada olan xəstəyə bənzəyir. Dissertasiya müzakirələri və müdafiələri isə həvəskar və istedadsız senaristlərin yazdığı bayağı tamaşalara çevrilib... Azərbaycanda elmin düşdüyü bataqlıqdan xilas yolu gərəksiz sənədlərin sayının artmasında deyil, proseslərin gedişinin doğru təşkilində ola bilər. Ən acınacaqlı hallardan biri də odur ki, dissertantın işi özünün yazmadığını və mövzuya bələdliyinin sıfır həddə olduğunu, işi yazanın da ya elmi rəhbər, ya da rəyçisinin olduğunu bilə-bilə səs verməyə məcbur qalırsan. Çünki səsvermə açıq keçirilir. Heç kəs "pis kişi" olmaq istəmir, azərbaycanlı mentaliteti, sovet dövrü zehniyyəti imkan vermir...
Türkiyə və yaxud Avropa dövlətlərinin standartlarına keçmədikcə, elmə kolxoz düşüncəsinin tətbiqindən xilas ola bilməyəcəyik.
Elm sahəsi seçilmişlərin məşğul olduğu sahə olmalı, arxalı qurdbasanların oylağı olmamalıdır. Buna son vermədikcə, kadr seçimi düzgün edilmədikcə, heç bir inkişafdan söz belə gedə bilməz...
İstər-istəməz belə bir sual ortaya çıxır ki, bunun qarşısını necə almaq olar? Əslində bu bir qərar və yaxud bir sərəncam verilməsi ilə, yaxud hər hansı bir kosmetik düzəlişlə aradan qaldırılacaq fəsad deyildir. Kökü, hər zaman dediyim kimi, daha dərinlərdədir. Təhsilin yeni sistemə natamam keçidi, dərsliklərin yazılması və nəşrindəki şəbəkələşmə, nəticədə hər buraxılışda düzgün imla ilə yaza bilən şagird və tələbələrin sayca azlığına gətirib çıxarıb. Tələbələrin çoxu sessiya imtahanlarında imla xətaları ilə yazır. Müəllim göz yummağa məcbur qalır. Çünki bu, daha çox təhsil sisteminin yetərsizliyindən irəli gələn xətadır. Həmin tələbələrin içərisindən istedadlı olanları zamanın nəbzini tutaraq qazanclı peşələr ardınca gedir. Buna görə də onları qınamaq olmur. Ortabab savadlı, rəvan nitqli tələbələri magistrlər arasında görəndə sevinirik... Həmin magistratura tələbəsini iki ildə yetişdirmək vicdanlı müəllimdən böyük səbr və fədakarlıq tələb edir, onunla həmmüəllifi kimi işləmək zərurəti yaradır. Amma bu hər zaman təsadüf olunan hal da deyildir. Yardımla müdafiə edən bu magistr doktorant olunca da yenə elmi rəhbər və yaxud qeyri-rəsmi müraciət etdiyi məsləhətçinin asılılığında olur. Həmin şəxslər də bu çəkdiyi zəhmət, sərf etdiyi vaxt müqabilində maaş almadığı üçün artıq qeyri-rəsmi ödənişlə yardıma razı olur. Tilsimli dairə davam edir... Həmin ortabab doktorant müdafiədə də müstəqil olmur, növbəti mərhələyə keçidləri də qeyri-rəsmi ödəmələr, rüşvət və s. ilə həll etməyə üstünlük verir... Və nəzərə alsaq ki, doktorantların da hamısı müstəqil iş qabiliyyətinə və elmi təfəkkürə malik olmayıb elmi ad almanı karyerasında sadəcə məcburi bir tramplin sayır, onda elmin "gəncləşməsinin" ümumi mənzərəsi aydın olar... Çox təəssüf ki, bu uzun illər ərzində elmi fəaliyyət yolunu seçənlər içərisində istedadı və zəhmətkeşliyi ilə seçilənləri az gördüm...
Elmə kütləvi müraciət əslində dəllalların artmasına, dissertasiya yazan gizli "sex"lər və şəbəkələşmiş rəyçilər, "müdafiə etdirənlər" qruplarının yaranmasına gətirir...
Elmdə ciddi və köklü, beynəlxalq elmi standartlara uyğun dəyişiklik və irəliləyişə nail olmaq istəyiriksə, ilk olaraq elm və təhsili sovet dövrünün bərabərləşdirmə meyarlarından xilas etməliyik. Hər kəsə əməyi və faydalılıq əmsalına görə dəyər verilməlidir. Müəllimin təhsilə can yandırıb savadlı tələbə yetirməsi üçün onu istismar olunan sinfə deyil, işinin qarşılığında maddi təminat qayğısı az zümrəyə çevirmək lazımdır. Çünki elmin bünövrəsi əvvəl orta məktəblərdə, daha sonra ali məktəblərdə qoyulur. Savadlı şagird sonralar savadlı tələbəyə, əgər elm yolunu seçərsə, sonunda savadlı magistr və doktoranta çevrilir. Elm sahəsində maaşın azlığı, maddi təminatın yetərsizliyi, elmi mövzuların bəzən külli miqdarda məbləğ müqabilində verilməsi çox zaman istedadlı gənclərin elmə gəlişinin qarşısında ciddi əngələ çevrilir... Nəticədə mahnıda deyilən kimi, "cibləri dolu, başı boşlar"ın elmə axını sürətlənir, elm sahəsində alaq otları kimi qol-qanad açıb hər yeri basan "alim-işbazlar", "alim-dəllal"lar, onların psevdoprofessor və psevdoakademik kimi himayədarları Azərbaycan elminin simasına çevrilir. Nəticə isə göz qabağındadır və yazının başında yazdığım durumu meydana gətirir: elmi müdafiə görüntülü bayağı şoular...
Səadət Şıxıyeva,
filologiya üzrə fəlsəfə doktoru