“İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin tərəfindən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti üçün "İntiharın psixologiyası. İntihara cəhd hadisələri zamanı ilkin psixoloji yardımın göstərilməsi" mövzusunda tədbir keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin baş vermiş fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində, o cümlədən intihara cəhd hadisələri zamanı göstərdikləri uğurlu fəaliyyətdən danışıb və intihara cəhd zamanı zərərçəkmişə doğru şəkildə yanaşmanın vacibliyini diqqətə çatdırıb.

Baş idarənin psixoloqu Sona Məmmədova intiharın mahiyyəti, onun səbəbləri, risk faktorları, növləri, intihara cəhd zamanı ilkin psixoloji yardımın göstərilməsi barədə təqdimat və videoçarx vasitəsilə ətraflı məlumat verib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı daxili xidmət polkovnik-leytenantı Vüqar Məmmədov baş vermiş hadisələrlə bağlı təcrübələrini bölüşüb, gənc dalğıc-xilasedicilərə dəyərli məsləhətlər verib, daxili xidmət baş çavuşu Elvin Mirzəyev isə intihara cəhd hadisələrində iştirak edən xilasedicilərin vacib psixoloji keyfiyyətləri haqqında danışıb. Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin vacibliyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31