Qız Qalası qırmızı rənglə işıqlandırılacaq

Martın 24-də saat​ 19:00-dan 22:00-dək Bakının bir neçə məşhur tikililəri, o cümlədən​ Bakının​ ən möhtəşəm və sirli​ tarixi-memarlıq abidəsi​ olan Qız Qalası qırmızı rənglə işıqlandırılacaq.​Bunu Olaylar -a Vərəm Əleyhinə QHT Koalisiyasının sədri Pərvanə Vəliyeva bildirib. Məqsəd diqqəti vərəmlə mübarizəyə yönəltməkdir.​ Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların "qırmızı rəngə" boyanması aksiyası​ keçirilir.​

Ötən il olduğu kimi, bu il də​ Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və "Sağlamlığa Xidmət" İctimai birliyi"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin​ dəstəyi ilə​ bu aksiyanın ölkəmizdə keçirilməsinə təşəbbüs göstərmişdir. Bununla da, vərəmdən əziyyət çəkən insanların ağrı və çətinliklərinə diqqət çəkiləcək və onlarla həmrəylik nümayiş olunacaqdır.

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günü kimi qeyd edilir. 1882-ci ildə alman mikrobioloqu Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.
1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. Hər il dünyada 10 milyondan çox insan vərəmə yoluxur və 1.5 milyon insan vərəmdən dünyasını dəyişir. Dünyada hər 1 dəqiqədə 3 insan vərəm səbəbiylə həyatını itirir. ÜST dünya dövlətlərini investisiyanı artırmaqla vərəmə son qoymağa çağırır.​

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31