“Dünyanı yaxşı insanlar xilas edəcək...”
17 Mart 2022 16:33 SosialEhtiyacı olan şəxslərə yardım edən gözəl qəlbli insanlar çoxdur. Hətta onlar qrup, təşkilat şəklində fəaliyyət göstərərək kasıb, maddi imkanı yaxşı olmayan, xəstəlikdən əziyyət çəkən, ehtiyac sahibi insanlara kömək edir. Bu təşkilatlardan biri də "Gənclər Yardım Birliyi"dir.
Olaylar.az-a öz təşkilatları barəsində məlumat verən xeyriyyəçi Gülnarə Xudaverdiyeva bildirib ki, "Gənclər Yardım Birliyi" təşkilatı 2015-ci ildə "Yardım əlini uzat" adı ilə yarandı. Daha sonra müəyyən səbəblərdən təşkilatın adı dəyişdi. 2018-ci ildə "Gənclər Yardım Birliyi" oldu. O zamanlar özümüz dost çevrəsində yardımlar edirdik. Üzvlərimizi artırmaq üçün whatsapp qrupu açmaq qərarına gəldik. Hər həftə öz büdcəmizdən, kimin nəyə imkanı çatırsa, toplayıb yardımlar edirdik. Daha sonra qərara gəldik ki, bunu insanlar görsün və daha çox, əgər həftədə iki ailəyə yardım edə bilirdiksə, bu sayın artaraq 10 və 10-dan çox olmasını istəyirdik.


Təşkilatımızın daha da tanınması üçün özümüzün Instagram səhifəmizi açdıq. Bizim əsas bir devizimiz var: " Dünyanı yaxşı insanlar xilas edəcək", yəni, istəyirik ki, daha çox insanlara yardım edək. Bu dəqiqə insanlar var ki, yardıma ehtiyacı olanlara kömək etmək istəyir, lakin bundan sui- istifadə edən fırıldaqçıları gördükdə inancları qırılır. Biz də məhz bunun üçün çalışırıq ki, yardıma həqiqətən ehtiyacı olan şəxslərə doğru və düzgün şəkildə kömək əlimizi uzadaq. Bir məsəl var: "Dama-dama göl olar." Biz də yavaş-yavaş təşkilatı daha da gücləndirdik ki, daha çox ailələrə yardım edək. Bizim etdiyimiz yardımlar tam şəffaf şəkildə həyata keçirilir. Bu günə qədər sosial şəbəkələrdə, hansı ailələrə yardım etmişiksə, onun qəbzinə kimi, hətta ailənin maddi durumunu çəkib paylaşırıq. Ümumiyyətlə deyərdim ki, indiyə qədər 6 min, 7 min ailəyə yardım etmişik. Hər ay da mütəmadi olaraq, öz yardımlarımızı edirik. Məsələn, elə ailələr var kirayəsini ödəməyə imkanları çatmır. Onun kirayəsini ödəyirik, yaşlı ailələr var ki, heç kimləri yoxdu, pensiya yaşına tam çatmayıblar, o ailələrə hər zaman kommunal və ərzaq yardımları edirik. Dərmanlarını alırıq və nəyə ehtiyacları varsa gücümüz çatan qədər yardım edirik. Bizim əsas həyat devizimiz, dünyaya yaxşı insan qazandırmaq olub. Biz o ailələri gedib görərkən elə hisslər yaşayırdıq ki, onu dillə anlatmaq olmur. Maddi vəziyyəti pis olduğu üçün günlərlə yemək yeyə bilməyən insanlar var. Sonuncu yardım etdiyimiz ailə haqqında danışdıqda çox qəribə hisslər keçirirəm. Xanımın həyat yoldaşı alkoqolik idi. Xanımını yandırmışdı. Xanım bizə müraciət edəndə çox pis vəziyyətdə idi. Bizə müraciət etdi və biz onu tam əməliyyat etdirdik. Təbii ki, bunların baş tutmasında bizə dəstəkçi olan insanlar da var ki, çox can yandırır və əllərindən gələni əsirgəmirlər. Bunlardan biri də Sevinc Abdullayevadır. Sevinc xanım bizə çox dəstək olur. Məhz onun sayəsində biz ailələrə hədsiz yardımlar edirik. Bəzən evi olmayan, uşağları xəstə olan, həyat yoldaşı xəstə olan ailəyə ev tikir. Bunu mütəmadi olaraq paylaşırıq. Sevinc xanımın bizə və yardıma ehtiyacı olan ailələlərə göstərdiyi dəstək əvəzsiz və danılmazdır. Hətta o, bir çox ailələri məişət əşyaları ilə təmin edir. Şəhid, qazi, əsgər ailələrinə və digər təbəqəyə aid olan ailələrə Sevinc xanım mütəmadi olaraq maddi yardımlar edir. O, xəstəlikdən əziyyət çəkən uşaqlara maddiyyat tələb edən əməliyyatlar etdirir. Özü bu qədər yardımlar etməsinə baxmayaraq, heç vaxt adının hallanmasını istəməyib. Amma biz istəyirik ki, hər kəs bilsin ki, belə insanlar var və dəstəklərini heç vaxt əsirgəmirlər. Bizim təşkilatımızda bir çox layihələrimiz var. Təbii ki, bunları da tək etmirik. "Unityclub" ailəsinin də bizə dəstəyi olub. Hər bayramda öz rekordlarımızı yeniləyirik. Orucluq ayında 100-200 ailəyə ərzaq yardımları edirik. Əvvəl öz gücümüzlə həftədə 2 ailəyə yardım edə bilirdiksə, indi isə aya 20-30 ailəyə yardım edə bilirik. Bu yardıma dəstək olan, orta imkanlı ailələr, yüksək rütbəli şəxslər də var. Qrupun təsisçisi mənəm. 22 nəfərdən ibarət bir komandamız var. Çalışırıq ki, hər daim kim ki, müraciət edir, onlara kömək edək. Hər zaman vurğulayıram ki, bizim dəstək olduğumuz ailələr əslində bizə kömək edir. Biz onlara yox. Düzgün insan kimi formalaşıb həm mənəviyyatimizi zənginləşdiririk, həm də əslində onlar bizim axirətimiz üçün bizə kömək edir. İstəyərdim ki, gələcəkdə bu təşkilatımızı daha da böyüdək, bir fonda çevirək. Gələcəkdə professional şəkildə daha çox insanlara xeyrimiz dəysin. Bizim məsələn bölgələrə yardım etmək üçün üzvlərimiz yoxdur. İstiyərdik ki, bölgələrə də daha çox dəstəyimiz dəysin. Bu təşkilatdan həqiqətən də ehtiyac sahibi insanların yararlanmasını çox istəyərdim. Doğrudu, bizim ölkədə yardım qrupları çoxdur, hətta təzəlikcə daha çoxları yaranıb. Amma, bəzi insanlar fürsətdən istifadə edib maddi cəhətdən yararlanmağa çalışırlar. Biz isə belə bir şey istəmirik. İstəyirik ki, həqiqətən ehtiyac sahibi ailələr bundan yararlansın. Bunu da qeyd edim ki, neçə nəfərin əməliyyat edilməsinə yardımçı olmuşuq. Müxtəlif layihələrimiz var. Onlardan biri də "Güldürməyə bir gül yetər" layihəsidir. 8 martda süpürgəçi xanımlara gül hədiyyə edirik, bir xanım toxuyur, ondan həmin toxuma alaraq digər xanıma maddi cəhətdən dəstək olmağa çalışırıq. "Sənə hədiyyəm var" layihəsi var, hər il ölkəmizin ən ucqar rayon və kəndlərinə gedib uşaqlara oyuncaqlar hədiyyələr edirik. Hətta bir çox səhifələrdə də paylaşım edirlər bu aksiylarla bağlı. 3 ildir ki, hər il sentyabrdə "Təhsilsiz uşaq qalmasın" devizi altında rayonlarda ,kəndlərdə, şəhərimizdə forma və ləvazımatları olmadığından uşaqları məktəb ləvazimatları ilə təmin edirik ki, şəxsiyyət kimi formalaşmamış uşaq qalmasın.İstəyirik ki, daha çox insanların üzlərində gülüş,qəlblərində sevinc yaradaq.