Adil Əliyev: “Mehriban xanım Əliyevanın əməyi sayəsində Novruz bayramı dünya səviyyəsinə yüksəlib”

Novruz bayramı əsrlər boyu qeyd edilən qədim və adət-ənənələrlə dolu bir bayramdır. Buna baxmayaraq, Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği və qeyd edilməsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehribanın xanım Əliyevanın adı ilə sıx bağlıdır. Millət vəkili, Milli Məclisin sədr müavini Adil Əliyev bildirib ki, Mehriban Əliyevanın təşəbbüsü və ardıcıl səyləri nəticəsində UNESCO Novruz bayramını Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edib. Bu əlamətdar hadisə 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyası zamanı baş verib: "Eyni zamanda, həmin sessiyada qəbul edilən müvafiq qərara əsasən, Novruz bayramı qeyd edilən siyahıya çoxmillətli nominasiya kimi daxil edilib. Çoxmillətli dedikdə, Azərbaycanla yanaşı, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan kimi ölkələrdə də Novruz bayramının qeyd edildiyi nəzərdə tutulur.  Daha sonra isə 29 noyabr - 2 dekabr 2016-cı ildə Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.  Bu dövlətlərdən bir neçəsinin böyük ölkə və uzun müddətdən bəri müstəqil dövlət olmasına baxmayaraq, məhz Azərbaycanın və xüsusən də Mehriban xanım Əliyevanın təşəbbüskar səyləri sayəsində Novruz bayramı beynəlxalq səviyyədə tanınıb və 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü iclasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib. Başqa sözlə desək, Mehriban xanım Əliyeva Novruz bayramını milli hüdudlardan və folklor müstəvisindən dünya səviyyəsinə yüksəldib. Bu həm də o deməkdir ki, Novruz milli birlik və həmrəylik bayramı olmaqla bərabər, beynəlxalq birlik, sülh və həmrəylik rəmzinə çevrilib. Belə yanaşma isə Ulu öndər, Ümummilli lider, mərhum Heydər Əliyevin Novruz bayramı ilə bağlı dediyi aşağıdakı fikrə əsaslanır: "Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır". Novruz bayramı tarix boyu Azərbaycan xalqının mənəvi birliyini əks etdirən, onun ruhunu yaşadan, onu millət kimi formalaşdıran bir dəyər rolunda çıxış edib. Təsadüfi deyildir ki, 28 il ərzində Azərbaycan xalqının ən ülvi arzularından biri Novruz tonqalını Şuşada, Cıdır düzündə qalamaq və bayramı orada qeyd etmək olub. Bu arzu xalqımızın birliyinin torpaqlarımızın işğalı dövründə də qorunub saxlanmasına kömək edib. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində böyük Zəfərimizdən sonra bu arzumuz çin oldu. 2021-ci ildə Novruz bayramı günü Prezident İlham Əliyev Şuşa şəhərində Cıdır düzündə Novruz tonqalını qaladı.  Bu tonqal Azərbaycan xalqının heç bir çətinliyə baxmadan səbir, təmkin və mətanətlə gələcəyə doğru addımlamasının, bu yolda özünə inamının daha da yüksəlməsinin, onun milli-mənəvi birliyinin daha da möhkəmlənməsinin və Vətən sevgisinin rəmzi idi".

Millət vəkili Malik Həsənov qeyd edib ki, müstəqilliyimizin yenidən bərpasının 2020-ci ilə qədər olan dövründə qeyd etdiyimiz bayramlarda, o cümlədən Novruzda xalqımızın ən böyük istəyi, arzusu bu olurdu ki, işğal altında olan torpaqlarımız yağı düşməndən azad edilsin, bu torpaqlarda bayram tonqalları alovlansın. Xalqımız tam əmin idi ki, dövlətimizin uğurlu siyasəti nəticəsində artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişi  öz həllini tapacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağımız cənnət məkana çevriləcək.  2020-ci il tariximizə Qələbə ili kimi yazıldı: "Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyinin, həmrəyliyinin sayəsində 30 ilin işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, xalqımızın illərdir dilədiyi torpaqlarımıza qovuşmaq istəyi, arzusu reallaşdı. Ötən il dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ailə üzvləri Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızda Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Ölkə Prezidenti bu məkandan  müraciətində "Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: "Şuşa sən azadsan!", "Şuşa Azərbaycandır!", "Qarabağ Azərbaycandır!"  bəyan edərək  işğalçı Ermənistana və ona 30 ilə yaxın dövrdə  dəstək verən havadarlarına mesajlarını çatdırdı. Azərbaycan xalqının  məğrur, yenilməz xalq olduğunu  bir daha dünyaya təqdim edən  şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi. Son iki ildə xalqımız, birlik, həmrəylik, ruzi-bərəkət bayramı olan Novruzu xoş ovqatda qeyd edir, arzularımız yeniləri ilə əvəzlənərək soydaşlarımızın Böyük Qayıdışının gerçəkləşməsi fonunda Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın biri-birindən möhtəşəm uğurlara imza atacağına əminlik ifadə edilir". M.Həsənov qeyd edib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Novruz bayramında Cıdır düzündən müraciətində "Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm" bəyan edərək torpaqlarımızın  azad edilməsindən daha ümdə vəzifənin olmadığını,  hər gün qələbənin yaxınlaşdığını əsaslı şəkildə diqqətə çatdıraraq bu çağırışı da etdi ki, gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi qədim Azərbaycan torpağında dayanmışam və heç kim bundan sonra bizi buradan çıxara bilməz: "Bu gün xalqımız sevinclidir. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Novruz tonqalları alovlandırılır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarımız rahat nəfəs alır, yazın gəlişini duyur, sahibinə qovuşduğu üçün özünü qürurlu hiss edərək Novruzun bütün ənənələrini sevinclə qeyd edir" söyləyən Malik Həsənov bildirib ki, bu gün bu torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əminik ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab-havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, Böyük Qayıdışı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirərək Qarabağımızı beynəlxalq turizm məkanına  çevrəcəyik. Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır: "Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüzuz qazanıb. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan  milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstəyi təqdir edilərək 2019-cu ildə UNESCO-nun Ümumdünya  İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyimizə yol açdı. Təsadüfi deyil ki, "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti Mədəni Landşaftı" UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib". Malik Həsənov onu da əlavə edib ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Millət vəkili hər bir bayram tədbirinin bir hesabat xarakteri daşıdığını önə çəkərək son bir ildə Azərbaycanın tarixi Zəfərimizin reallıqlarının təsdiqi və qəbulu istiqamətində atdığı addımların, diplomatik uğurlarımızın sırasına etdiyi əlavələrin qürurverici olduğunu qeyd edib: "Dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətində olan Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmlənir, yeni əməkdaşlıq fomatlarının müəllifi kimi çıxış edir. Əldə etdiyi uğurlarla kifayətlənməyərək daim irəliyə baxan ölkəmizin qarşısında yeni imkanlar yaranır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31