EL-EL, OBA-OBA PARÇALANMIŞ VƏTƏNİ BÜTÖVLƏŞDİRƏN OĞULLAR!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti 


Vətən müharibəsi gös­tər­di ki, Azərbaycanda sağ­lam əxlaqlı, vətənini sevən, onun azad­lığı uğrunda canın­dan keçə bilən qəhrəman gənc nəsil yetişib. 44 günlük müha­ribədə hər gün xəritədə işğal­dan azad edilmiş ərazilərimiz yaşıl haşiyəyə alınırdı və bu haşiyə hər gün biraz böyü­yürdü. Gözümüzdə öləzimiş ümidimizi küllərindən alovlandırdılar. İllərdir yurdu­muza qara daşların yağışı başlamışdı, qaranlıqlar ələnmişdi alaca gözlü sabahlarımıza. Hər qarış torpaq 19-luqların alaca qanı ilə azad edilirdi, hər sabahımızı qanlarının rəngilə açdı Qara kimi oğullar. Axı nədir ki, 19 yaş?...
Dövlətçiliyimizin tarixinə qızıl hərflərlə yazılmış misli görünməmiş Qələbə sevinci yaşadan minlərlə ərənlərdən biridir Qara Kamal oğlu Əliyev. Vətən müharibəsi baş­layan gündən xidmət etdiyi hərbi hissənin tərkibində ko­man­dir və zabit heyəti, cənga­vər əsgər yoldaş­ları ilə çiyin-çiyinə şanlı döyüş yolu keçib. 
Gənc əsgər Qara qarşıda bizi gözləyən Qələ­bənin dadını, şirinliyini ilk dəfə düşmənin hərbi texnika və isteh­kamlarını məhv edər­kən və azad etdikləri torpaqlarımızın ətrindən hiss et­mişdi. 19 yaşı tamam olmasına cəmi 11 gün qalmış - oktyabrın 9-da Füzulinin azadlığı uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşaraq, şəhid adlı əbədiyaşarlıq çeşməsindən dil-dodağının təpiməsi keçə­­nəcən, yaralı ürəyinin yanğısı sönənəcən içib. Son nəfəsində 30 il düşmən işğalında inləyən, qan­ı, canı hesabına azad etdiyi torpaqla, əsgər yoldaşları, doğmaları ilə sanki vida­la­şır, halallıq istəyirmiş kimi göz qapaqlarını ağır-ağır açıb-yumaraq Tanrı cənnə­tinə qovuşub igid oğlumuz Qara. 
Rayonumuzun Cırdaxan kəndində 2001-ci il oktyabrın 20-də zəhmətkeş ailədə doğulub, boya-başa çatan Qara qardaşı Nurlan və bacısı Nuranədən sonra Əliyevlər ailəsinin sonbeşiyi idi. Orta məktəbi  bitir­diyi il atası Kamal kişi vəfat edir. Atasının ölümündən son­ra fərdi təsərrüfat işləri onun öhdəsinə düşüb. Daim anası Minayə xanıma yardımçı olub. Bir il sonra -2019-cu ilin oktyabrında həqiqi hərbi xidmətə yollanıb. Respublikanın şimal bölgəsindəki hərbi his­sədə hərbin sirlərinə, xüsusilə silah və sursatlardan istifadə etmək qaydalarına mükəmməl yiyələnməklə vəzifəsini ləyaqətlə yerinə yetirib. Arabir evlə telefon əlaqəsi saxlayar, anası Minayə xanımın əhvalı ilə maraq­lanar, təskinlik verər, əsgər həyatından maraqla danışarmış. Deyirmiş, narahat olma ana, güclü Milli Ordumuz var, müharibə başlasa, qısa vaxtda düşməni darmadağın edərik. 
Nəhayət, xain düşmənin azğınlığı, daha böyük ərazilərimizə iddiaları və terror hücumları 27 sentyabr sabahını qaçılmaz etdi. Müzəffər Ali Baş Komandan o sabah xalqımızın iradəsini ifadə edərək, azğınlaşmış düşmənə qarşı əks - hücum əməliyyatına başlamaq əmrini verdi. Qaranın xidmət etdiyi hərbi hissə də döyüşə girmək tapşırığı aldı. Oktyabrın 5-nə qədər evlə­rinə zəng edən Qara, cəbhə bölgəsində, döyüş meydanında olduğunu anasından gizli saxlayır. Anası deyir ki, arada şeir deyərdi mənə: 
 
Bilmirəm, yuxudu, nədi,
Bu dünya qırmızı geydi.
Saçlarıma bir əl dəydi,
Anamın əlindən əziz...
 
Bir adayam, qərib ada,
Doğmalarım döndü yada.
Daha mənə bu dünyada,
Nə qaldı ölümdən əziz.
 
Acığım tutardı, bu nə şeirdi ay bala, belə şeir demə, sənallah. Möh­kəm gülərdi Qara. Narahat olma ay ana, mən yazmamışam ha. Bu gözəl şeir hər kəsin sevdiyi Ramiz Rövşənindir. Və nəhayət "Dəmir yum­ruq əməliyyatı" adı ilə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi düşmənin xeyli canlı qüvvəsinin başlarının əzilməsi və ərazilərimizdən qovulması, sonda isə qeyd- şərtsiz təslim aktına qol çəkməsi ilə nəticələndi. Bu cahanşümul Qələbənin təmin olunmasına öz gənclik ömrünü fəda etməklə töhfə verən Qara Əliyev doğulduğu doğma kənddə dəfn olundu.
Kənd qəbristanlığının səssiz bir  guşəsində üstü tər gül-çiçəkli tək məzar var. Bu tək məzar Kamal kişinin, Minayə xanımın böyüdüb, boya-başa çat­dırdıqları şir ürəkli, polad iradəli övladı şə­hid Qaranın məzarıdır. Öz şücaəti ilə nəin­ki valideyn­lərinə, doğ­ma kəndinə, oxuduğu mək­təbə, rayonu­muza, bütöv Azər­baycana baş ucalığı gətirən Qara Əliyevin mə­za­rı­dır. Başını uca tut, Mi­na­yə ana! Qoy əzəmə­tin, vü­qa­rın hər yandan görün­sün. Sən şəhid oğu­lun qəh­rə­man anasısan!  
Artıq bir ildir ki, bu yazını qələmə almışam. Düz bir ildir ki, Cırdaxan kənd qəbristanlığında ürəyindən vurulmuş bir gənc uyuyur, 19 yaşı da yox idi hələ. Yurd dərdini əyninə kəfən biçdi, bəylik yerinə. Gələ­cəkdə xoşbəxt, ağac və güllərlə dolu baxçaslı evi, içində oynayan qayğısız uşaqları ola bilərdi. Amma kənd nəzar­lığının bir kənarında sakitcə yatmağı seçdi 19 yaşlı körpə. Orda yatdı ki, millətinin gələcəyi olan körpə­lər evlərində xoşbəxt yaşasın, ataları yanlarında olsun, güllü baxçaları, alaca gözlü yanan ocaqları olsun. Baş qoydu vətənin daş yollarına. Yaxınlarının ürəkləri ağrısa da, qamətləri əyilsə də "Vətən sağ olsun"- deyirlər. 
Şəhidin əmisi Famil kişi söhbətçil olmasa da bizi ondan maraqlandıran suallara cavab aldıq. Hər şey yerin­dədir, bircə qar­daşımın balası yoxdur- dedi. Ana­sı Minayə xanım onlara gös­tərilən qayğıya görə Ali Baş Ko­man­dandan, Meh­riban xanımdan, onun diliylə desək "yerli rəhbərlikdən" razılığını bildirdi. Nə çatışmırsa ediblər. Nəyə ehtiyacımız varsa, edəcəklər. Həyat yoldaşımı itir­mişəm, oğlumu itirmişəm. Amma tək deyiləm. Siz sağ olun, qonum-qonşu, qohum-əqraba, vətən sağ olsun, deyir.   
Əliyev Qara Kamal oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzu­linin azad olunmasına görə" və "Cəsur döyüşçü" me­dal­ları ilə təltif olunmuşdur. Qaranın uğrunda canın­dan keçdiyi Qarabağ Azərbaycandır!  


 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31