Sağlam cəmiyyətin təməlini sağlam ailə təşkil edir
10 Mart 2022 16:34 SosialGender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
Azərbaycanda həyatımızın bütün sahələrində müsbət dinamika, uğurlu fəaliyyət və nəticəyə hesablanmış nailiyyətlər özünü göstərir. Ölkədə təkcə siyasi, iqtisadi deyil, həmçinin mədəni humanitar, sosial sahələrdə də məqsədyönlü siyasət həyata keçirilir.
Günümüzdə ölkədə gender, ailə və demoqrafiya məsələləri də ən yüksək səviyyədə diqqət mərkəzindədir və zaman-zaman bu istiqamətdə daha mütərəqqi, gələcəyə hesablanmış addımlar atılır.
Azərbaycanda daim ailə institutu, ailə modelinə xüsusi həssaslıqla yanaşılıb, bu isntitutun sağlam təməllər üzərində qurulması bütün dövrlərdə prioritet təşkil edib. Ancaq onu da nəzərə almaq lazımdır ki, sağlam ailənin formalaşması eyni zamanda vətəndaşın özündə də çox asılıdır. Ona görə də ailə formalaşdırmadan, ailə institutu yaradılmadan əvvəl tərəflər onun sağlam, möhkəm təməllər üzərində qurulması üçün bütün imkanlarını səfərbər etməlidirlər.
Elə "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili də bu qənaətdədir.

Onun sözlərinə görə, sağlam cəmiyyətin təməlini sağlam ailə təşkil edir. İctimai Birlik rəsmisi qeyd edib ki, ailə kiçik dövlət formasıdır desək yanılmarıq: "Respublikamızda boşanmaların sayı ildən-ilə artır. Həmçinin, əhalinin sayı artsa da, bağlanan nikahların sayı azalır. Nikahların sayının azalmasına bütün dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda da yayılması səbəb oldu. Nikaha daxil olanların sayı 2020-ci ildə azalsa da karantin rejiminin yumşaldılması nəticəsində ötən il bu sayda bir qədər artım müşahidə olundu".
Emin Nəbili onu da vurğulayıb ki, ailə başçısı ailəsinin həm sağlamlığına, həm maddi vəziyyətinə, sosial durumuna, uşaqların normal qidalanmasına, həm də tibbi xidmət və təhsil almasına cavabdehdir: "Ona görə də hər bir şəxs ailə qurmazdan əvvəl bu məsuliyyəti çiyinlərində daşıyacağını hiss etdikdə bu qərarı verməli və hər nə olursa olsun sona qədər ailəsini qorumalıdır. Ailəni qorumaq dedikdə burada bəzi halları nəzərdə tuturam. Məsələn bəzən olur ki, maddi və sosial vəziyyətdən və ya kənar şəxslərin müdaxiləsi nəticəsində ailələr dağılır. Sosial şəbəkələrin də ailələrin dağılmasında mühüm rolu var. Ailə quracaq hər iki cütlüyün xarakterlərinin uyğun olması, eyni dünyagörüşə malik olmaları ən başlıca amildir. Bəzi hallarda isə valideynlər övladlarının sağlam olmadığını bilə-bilə qarşı tərəfdən bunu gizlədir, onu evləndirir. Dünyaya gələcək xəstə uşaq isə söz-söhbətə, ailədaxili mübahisələrə, ailənin dağılmasına səbəb olur. Ailə dağıldıqda onun əziyyətini uşaqlar çəkir". Emin Nəbilinin sözlərinə görə, mərhumiyyətlər içərisində böyüyən uşaqların cəmiyyət üçün faydalı olmasını təmin etmək mümkünsüzdür: "Ailəsindən travma almış uşağın isə gələcəkdə ideal ailə başçısı olması qaranlıqdır və növbəti ailə faciələrinə səbəb olur. Bu isə zəncirvari olaraq davam edir. Valideyn məsuliyyətsizliyinin bədəlini övlad ödəməməlidir. Ona görə atalarımız yaxşı deyib "yüz ölç, bir biç".
Emin Nəbili təmsil etdiyi "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sağlam ailə institutunun formalaşması istiqamətində zaman-zaman müxtəlif layihələr həyata keçirdiyini də diqqətə çatdırıb. İctimai birlik rəsmisi qeyd edib ki, "Leykozlu Uşalara Dəstək" ictimai birliyi olaraq layihələr həyata keçirərkən dağılmış ailələrlə rastlaşırıq: "Burada isə daha fərqli səbəbdən boşanmalara rast gəlirik. Bildiyimiz kimi 2015-ci ildən nikaha daxil olan cütlüklər tibbi müayinədən keçir. Nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinələrdən keçməsi olduqca əhəmiyyətlidir. Bu milli genofondumuzun qorunması üçün çox vacib bir prosedurdur. İrsi xəstəliklər vardır ki, onların gələcək nəsillərə ötürülməməsi üçün vaxtında atılmış bir addımdır. Biz də QHT olaraq bu işlərə dəstək məqsədi ilə regionlarda müxtəlif maarifləndirici layihələr həyata keçirir, mətbuatda maarifləndirici yazılarla çıxış edir, irsi qan xəstəlikləri barədə gənclərə məlumatlar çatdırırıq. Amma bütün bunlara baxmayaraq bəzi hallarda ailə qurmuş cütlüklərin irsi xəstəliyi olan uşaqları dünyaya gəlir. Xəstəlikdən asılı olaraq ailədə uşağın müalicəsi çətinliklər yaradır, maddi vəziyyətin daha da pisləşməsi, əsəblər gərilir, sonunda isə boşanmaya səbəb olur. Araşdırmalarımız zamanı belə hallara da rast gəlmişik. Təsəvvür edin ər və ya arvad bu gərginliyə davam gətirməyib ayrılır, yenə də məsuliyyətsiz valideyn səbəbindən xəstə uşaq ortada qalır. Həmin cütlüklərə nikaha daxil olarkən xəstə uşaq dünyaya gətirəcəyi deyilsə də onlar buna ciddi yanaşmır, daha doğrusu tibbi müayinədən keçənə qədər onlar bütün mərhələni (elçilik, nişan) keçiblər. Toya az müddətdə qaldıqda isə cütlüklərdən hansınınsa irsi xəstəliyi olduğu deyildikdə (tibbi müayinə zamanı) artıq gec olur, geriyə yol qalmır". Bütün bunları nəzərə alan "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyinin sədr müavini Emin Nəbili hesab edir ki, ona görə də əhalinin maarifləndirilməsinə ehtiyac var və sağlam cəmiyyətin qurulması üçün bu zəruri və vacibdir.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir