Xatirələrdə yaşayan insan
9 Mart 2022 19:55 Sosial(12 mart görkəmli dövlət xadimi Musa Məmmədovun anım günüdür)
Unudulmaz şəxsiyyətlər, dostlar haqqında xatirə yazmaq həm çətin, həm də kədərlidir. Hərənin öz izi, şirin, bəzən də acı xatirələri qalır. İnsan da təbiət kimidir, deyirlər dəyişir, bəhrə verir, əvvəlinə qayıdır. Lakin insanın təbiətdən fərqi budur ki, o bir daha baharına qayıda bilmir. Biz istəmədən doğuluruq, heyrətlə yaşayırıq, həsrətlə ölürük, çunki insan dünyaya gələn kimi boynundan görmədiyimiz ölüm hökmü asılır, sonra isə onun doğmalarının gözü önündə icra edilir...
Bütün bunları yazmaqda məqsədim haqqında xatirələr yazacağım gözəl insan , səmimi dost, böyük şəxsiyyət Musa Salam oğlu Məmmədovu itirdiyimizə görə təsəlli tapmaqdır. Musa Məmmədovla tanışlığımız 1954-cü ildən başlamışdır. O, Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aspiranturada oxuyur, mən də həmin institutun birinci kursuna daxil olub 1 nömrəli yataqxanada qalırdım. Yataqxanada aspirantlar üçün ayrılmış iki mərtəbəli binada yaşayan cavan aspirant Musa Məmmədovla demək olar ki, hər gün rastlaşır və nəhayət tanış olmuşuq. Sonralar o institutda müəllim işləyərkən də görüşüb söhbətləşirdik. Bir gün mənə çox maraqla baxaraq dedi ki, İmran, sənin haqqında müəllimlərdən çox müsbət fikirlər eşidirəm. Beləcə davam et, kim bilir, vaxt gələr, bəlkə də bir yerdə çalışacağıq və dostluğumuzu davam etdirəcəyik.
Biz sonralar mən ali məktəbi bitirəndən sonra uzun müddət görüşə bilmədik. Ancaq Musa müəllimin uğurları haqqında xəbərlər alırdım. Mən 1969-cu ildə Kənd Təsərrüfatı nazirinin maldarlıq məsələləri üzrə müavini təyin edildim. Nazirliyimiz Hökumət Evində yerləşirdi. Bir gün binadan çıxarkən Musa müəllimlə rastlaşdıq, görüşdük. Səmimi bir dost kimi məni təbrik etdi. Tale elə gətirdi ki, bir il sonra, 1970-ci ilin iyul ayında M.Məmmədovu da bizə nazir müavini təsdiq etdilər. İş otaqlarımız qonşu idi. Kabinetə gedib onu təbrik etdim. Gülə-gülə: "İmran, yadındamı, sənə vaxt gələr, bəlkə bir yerdə işlədik" - demişdim, bax o gün gəlib çatdı. Biz nazirlikdə 9 il işlədik, o əkinçilik sahələrini kurasiya edirdi. Onun sahəsi də il boyu rayonlara getmək, gərgin işləmək tələb edirdi. Kollegiya iclaslarında çox fəal idi və faydalı təkliflər verirdi. Nazirlikdə, rayonlarda, o vaxtki Mərkəzi Komitədə, Nazirlər Sovetində, mütəxəssislər arasında böyük hörmət qazandı. Respublikaya rəhbərlik edən Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti bizi də çox ruhlandırırdı. O, çox tələbkar idi, eyni zamanda bizə böyük qayğı göstərirdi. Ölkədə o vaxt pambıqçılıq, taxılçılıq, meyvə-tərəvəz, üzümçülük, maldarlıq və s. sahələrdə böyük nailiyyətlər qazanıldı. Bu işlərdə Musa Məmmədovun da əməyi layiqincə qiymətləndirildi. Ulu öndər H.Əliyev pambıqçılıq rayonlarına gedərkən Musa Məmmədov da mütləq gedir və orada lazımi məlumatları ona məruzə edirdi. Musa müəllim öz sahəsinin gözəl bilicisi, çalışqan və mahir təşkilatçısı idi. Onu bu qabiliyyətinə görə 1979-cu ildə "Azərkəndkimya" Elmi-İstehsalat Birliyinə sədr vəzifəsinə təyin etdilər. 1984-cü ildə isə onu Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini vəzifəsinə, sonra isə 1985-ci ildə Respublikada yeni yaradılmış Dövlət Aqrar Sənaye Komitəsi kimi ən iri təşkilata sədr təyin etdilər. O həm də bu vəzifədə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini kimi çox məsuliyyətli və çətin bir sahəyə rəhbərlik edirdi. Bu dövrdə mən onun rəhbərliyi altında Heyvandarlıq Baş idarəsində çalışırdım. Heyvandarlığa dair bütün məsələlərdə həmişə mənimlə məsləhətləşər və vəzifəsinin yüksək olmasına baxmayaraq, əvvəlki dostluq münasibətimizə zərrə qədər xələl gətirmədi.
Musa müəllimi bütün rayonlara, xüsusilə pambıqçılıq rayonlarına məsləhət vermək və lazımi köməklik göstərmək üçün dəvət edirdilər, o da onlara yerindəcə lazımi məsləhətlər verir və əməli köməklik göstərirdi.
Sonralar tale elə gətirdi ki, biz yenidən bir təşkilatda - Respublika Nazirlər Kabinetində birlikdə işləməli olduq. Burada demək olar ki, biz hər gün işlə əlaqədar görüşür və Baş nazirə məruzə üçün lazımi məlumatları hazırlayırdıq. O, çox savadlı, kənd təsərrüfatı sahəsində dərin biliklərə malik bir rəhbər işçi idi. İqtisad elmləri doktoru idi, gündəlik müxtəlif ədəbiyyatlarla tanış olur, öz üzərində çalışır, mütəxəssislərlə məsləhətləşir, hər bir işə böyük məsuliyyətlə yanaşırdı. Dostluqda çox sədaqətli, ədalətli, mərd, cəsarətli bir dövlət xadimi idi. Bu insan xalqına, dövlətinə, ölkəsinə ləyaqətlə xidmət etmək üçün yaranmışdı. Dağlıq Qarabağ hadisələri başlayarkən o, Baş Nazirin müavini olduğu halda, Ağdama gedərək Prezidentin nümayəndəsi vəzifəsini də icra edirdi.
Musa müəllimin əməyini Ulu öndər həmişə qiymətləndirirdi. Belə ki, o iki çağırış (X-XII) Azərbaycan SSR Ali Sovetinin, 1990-1995-ci illərdə isə Milli Məclisin deputatı seçilmişdir. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, Oktyabr İnqilabı, 2 dəfə Şərəf nişanı, Xalqlar dostluğu ordenlərinə və müxtəlif medallara layiq görülmüşdür. 2 dəfə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı, Elm və Texnika üzrə Dövlət mükafatı laureatı, Respublikanın Əməkdar aqronomu kimi şərəfli adla təltif olunmuşdur. Kənd təsərrüfatının və meşəçiliyin inkişafı ilə əlaqədar 40 elmi əsərin, monoqrafiya, kitab və ixtiraların müəllifidir.
Musa Məmmədovun əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilərək ona 24 iyun 2009-cu ildə Prezidentin fərdi təqaüdü təyin olunmuşdur.
Musa Məmmədov hər şeydən əvvəl gözəl və alicənab insan, səmimi və mehriban dost və gözəl ailə başçısı idi. İki övladını vaxtsız itirəndən sonra Musa müəllim heç vaxt özünə gəlmir və kədərini öz içində çəkirdi. Musa müəllim çox sevdiyi dünyanı və insanları üç ildir ki, tərk edib. Bir həqiqət də var ki, fiziki ölüm ömrün taleyini həll etmir. Ömrünün davamı ölümündən sonra başlayır, əziz insanlarını yada salıb təskinlik tapırlar. Belə insanlar heç vaxt ölmür, köç edir, lakin "ölüm" sözünü ona şamil edə bilmirik. Çünki dünyada əmanət qoyduğu əməlləri işıqlı təbiəti ilə sonrakı nəslin sanki yanında olub, "söhbətini davam etdirir". Çox təəssüf ki, indi biz Musa müəllim haqqında yoxluğu ilə üzbəüz dayanıb danışırıq. Ancaq onun davamçıları - əzizləri onu həmişə hörmətlə yad edəcək və onun ruhunu şad edəcəklər.
Azərbaycan Respublikasının Əməkdar Kənd təsərrüfatı işçisi,
İmran Əbilov