“Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində mütəmadi olaraq narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə şəxsi heyət arasında təbliğat-maarifləndirmə tədbirləri: metodiki vəsaitlərin, yaddaş kitabçalarının, bukletlərin, plakatların hazırlanması, şəxsi heyət arasında bu mövzuda iclas, müşavirə, "dəyirmi masa" ətrafında müzakirələrin keçirilməsi, videoçarxların, sənədli filmlərin nümayişləri, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin məsul işçiləri ilə görüşlərin təşkili həyata keçirilir. "Olaylar" xəbər verir ki, bu çərçivədə FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Sumqayıt Regional Mərkəzinin zabit, gizir və çavuş heyəti arasında "Bəşəriyyətin təhlükə mənbəyi-Narkomaniya" mövzusunda tədbir keçirilib.Tədbirdə Baş idarənin Qoşun və qüvvələrin hazırlığı idarəsinin rəisi polkovnik Davud Məmmədov ümumbəşəri bəla olan narkomaniyanın inkişaf sürətinin qarşısının alınması istiqamətində gənclərin potensial imkanlarının genişləndirilməsi, elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtlarının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında çıxış edib. Mülki müdafiə qoşunlarının Şəxsi heyətlə iş üzrə şöbəsinin Şəxsi heyətin mənəvi-psixoloji hazırlıq bölməsi rəisinin baş köməkçisi baş leytenant İlqar Abbasov narkotik asılılıq, fəsadları, insan sağlamlığına və mənəviyyatına vurduğu zərbə, ondan qorunma yolları barədə ətraflı məlumat verib. Tədbirdə mövzuyla bağlı fotoslayd və videoçarx nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31