FHN videokonfrans formatında tədbir keçirilib
5 Mart 2022 12:12 SosialFövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində FHN Regional Mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi ilə birgə "Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı, həmçinin pandemiya şəraitində FHN Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinin təşkili" mövzusunda videokonfrans toplantı keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, tədbirdə FHN-in Aparatı və qurumlarının əməkdaşları, Bakı şəhərinin rayon Fövqəladə hallar üzrə komissiya sədrləri və üzvləri, Bakı şəhər Baş Polis İdarəsi, "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsi, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "Bakı Telefon Rabitəsi" MMC, "Azərişıq" ASC, "Azəriqaz" İstehsalat Birliyi, "Azərsu" ASC-nin "Bakı Sukanal" idarəsi, "Təmiz Şəhər" ASC-nin məsul əməkdaşları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Bakı Regional Mərkəzinin rəisi general-mayor Etibar İsmayılov Regional Mərkəzin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla hər il keçirilən birgə fəaliyyətin təşkilinə həsr olunmuş bu tədbirin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsindəki əhəmiyyətini diqqətə çatdırıb.Daha sonra Bakı Regional Mərkəzi rəisinin birinci müavini mayor Kənan Aşurov videokonfransın mövzusuna aid təqdimatla çıxış edib. Qeyd olunub ki, hələ də davam edən COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində həyata keçirilən proflaktik tədbirlər, eləcə də digər sahələrdə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyətin uğurla davam etdirilməsi vacibdir.
Mövzu ətrafında Bakı şəhəri RİH başçılarının 1-ci müavinləri - Fövqəladə hallar üzrə komissiya sədrləri tərəfindən 2021-ci ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, həmçinin pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində görülmüş işlər, qarşılıqlı fəaliyyətin təşkilinin hazırki vəziyyəti, bu sahədə mövcud problemlər və atılacaq addımlar barədə çıxışlar olub. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.