Vətəndaşların sosial hüquqlarını qorunması diqqət mərkəzində olub

"Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində iqtisadi, sosial sahələrdə cavab tədbirləri müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması infeksiyanın yayılmasının qarşısının alınmasına, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin yumşaldılmasına, insan sağlamlığının daha effektiv mühafizəsinə imkan yaradıb. Əmək haqlarının, pensiya və müavinətlərin, təqaüd və digər sosial ödənişlərin artırılması, aztəminatlı ailələrin və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi, şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər həyata keçirilib". "Olaylar" xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva parlamentdə illik hesabatınının təqdimatı zamanı deyib. Bildirib ki, əhalinin həssas qruplarının, o cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, ahılların, pensiya yaşına çatmaqda olan vətəndaşların, aztəminatlı və çoxuşaqlı ailələrin rifah halı, məşğulluq vəziyyəti və işsizlik hallarının həlli istiqamətində zəruri tədbirlər həyata keçirilib: "Həmçinin, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində şəhid olan mülki şəxslərin ailə üzvlərinin, evləri dağıdılmış vətəndaşların müraciətlərinə də xüsusi həssaslıqla yanaşılıb, məsələlərin həlli üzrə müvafiq tədbirlər görülüb". Koronavirus pandemiyası şəraitində əmək hüquqlarının müdafiəsinin, insanların işlə təmin olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyən ombudsman, aztəminatlı ailələrin gəlir əldə etməsi məqsədi ilə şəxsi təsərrüfatların yaradılmasına, kiçik biznesin qurulmasına dəstək verilməsi üzrə tədbirlərin, özünüməşğulluğun genişləndirilməsinin bu ailələrin yaşayış şəraitinin yaxşılaşmasında, dövlətin sosial yardımından asılılığın getdikcə aradan qaldırılmasında vacibliyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31