Azərbaycanda ailədaxili zorakılıq artıb
3 Mart 2022 15:19 SosialÖtən ildə qeydə alınmış 1499 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2020-ci ilin göstəricisindən 19,0 faiz çoxdur. "Olaylar" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məişət zorakılığı ilə bağlı cinayətlərin 220-si əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 62-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 22,9 faiz çox və 19,5 faiz azdır.
Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 88,6 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 6,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,0 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 0,5 faizi əzab vermə, 1,9 faizi isə digər cinayətlərə aiddir. 2021-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 24153 nəfərin 1536-sı və ya 6,4 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir.
Həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 18,2 faiz artıb ki, onların da 78,5 faizini qadınlar (22,1 faiz artmış), 0,7 faizini (1,5 dəfə azalmış) isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,5 faiz artaraq 64 nəfər (onlardan 46-sı qadınlar) olub.