Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  qeyri-peşəkar fəaliyyəti və bərbad vəziyyətə düşən yollarımız

Azərbaycanın yol təsərrüfatı və bu sahəyə cavabdeh olan qurumun  şəxslər  baxımından da bəxti gətirməyib desək yanılmarıq. Uzun illər sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun yaxın çevrəsi tərəfindən bərbad vəziyyətə salınan yollarımızda indi də Saleh Məmmədov və ətrafı at oynadır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin imzaladığı sərəncamlar əsasında paytaxt və respublika əhəmiyyətli yolların yenidən qurulması, yeni yolların çəkilməsinə hər il kifayət qədər vəsait ayrılsa da,   dövlət başçısının ayırdığı pullar heç də təyinatı üzrə xərclənmir.  Daha doğrusu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt və respublika əhəmiyyətli yolların yenidən qurulması və yeni yolların çəkilməsində çox ciddi yeyintiyə yol verir. Elə bu səbəbdəndir ki, dövlət başçısının iştirakı ilə açılışı edilən yeni yollar qısa müddətdən sonra bərbad vəziyyətə düşür və təmirə ehtiyac yaranır. Elə Bakı - Qazax magistral yolunda addımbaşı müşahidə edilən asfalt örtüyündə qabarma və çökmə halları, yolun Hacıqabul rayonunun ərazisindən keçən hissəsindəki xırda  çalarlar  deyilənləri təsdiqləyir. Elə respublikanın magistral yollarında  tez-tez qeydə alınan avtomobil qəzalarının  da mütləq əksəriyyəti məhz yolların bərbad vəziyyətdə olması ilə bağlıdır. Düzdür, qəzalara bir çox hallarda yüksək sürət də səbəb olur, ancaq bu sahənin ekspertləri də bildirirlər ki, yüksək sürətlə idarə olunan avtomobillər yolda xırda bir nöqsan, qabarma və ya çökmə olduğu halda dərhal idarəetməni itirir və qəzaya səbəb olur.

Uzun illər bu sahədə çalışmış şəxslərdən birinin dediyinə görə, yenidən qurulan  və ya yeni çəkilən  paytaxt və respublika əhəmiyyətli yolların qısa müddətdə sıradan çıxması, həmin yolların az sonra təmirə ehtiyacının yaranması yol çəkilişləri zamanı mühüm amillərin nəzərə alınmaması, lazım olan tikinti materiallarından normadan az istifadə edilməsidir. Mənbəmizin sözlərinə görə,  bir yolun təmiri və ya yenidən qurulmasına lazım olan vəsaitin  rəsmi sənədlərdə göstərildiyindən az miqdarı, bəzən isə hətta yarı faizi istifadə edilir. Yerdə qalan hissənin vəsaiti isə Agentlik rəhbərliyi və yaxın ətrafı tərəfindən mənimsənilir. Ona görə də yenidən qurulan və yeni çəkilən yollar qısa müddət sonra bərbad duruma düşür. Mənbəmiz onu da ehtimal edir ki, qısa müddətdən sonra Zəfər Yolunda da eyni aqibət yaşanacaq: "Paytaxt və respublika əhəmiyyətli yolların yenidən qurulması və çəkilişi zamanı eyni metodologiya və üsuldan, yəni mənimsəmədən istifadə olunur.  Bəyənmədiyimiz və haqlı olaraq tənqid etdiyimiz sovetlərin zamanında yollar bu cür qeyri-peşəkarlıq və başdan getdi şəkildə təmir edilmirdi. Adətən yola asfalt döşənmədən bir müddət əvvəl  yolun   torpaq və qum- çınqıl qatı yolun səthinə möhkəmcə nüfuz etdirilməlidir. Loru dildə desək preslənməlidir ki, asfalt örtüyü çəkilən zaman onunla torpaq, qum çınqıl qatı arasında boşluq yaranmasın. Bunun üçün 1 yolun asfalt örtüyünün çəkilməsinə qədərki müddətə qədər müəyyən zaman keçməlidir. Ancaq bizdə necə edirlər? Bu  gün yolun torpaq, qum - çınqıl örtüyü çəkilir, sabah isə asfalt döşənir. Nəticə etibarilə ən azı 3-5 aya hazır olmalı yolu cəmi 1 aya təhvil verirlər. Bu da nəticə etibarilə yeni çəkilmiş yolun ən azı 1 ildən sonra bərbad vəziyyətə düşməsinə gətirib çıxarır. Halbuki  təbii  fəlakətlər, torpaq sürüşməsi, sel daşqınları və s. kimi belə hallar olmadığı təqdirdə yeni çəkilmiş yolda ən azı 10 ildən tez təmirə ehtiyac olmamalıdır. Bizdə isə göründüyü kimi situasiya tamamilə fərqlidir. Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin yarıtmaz fəaliyyət və səriştəsizliyi səbəbindən hər il bu sahəyə milyonlarla manat xərclənir ki, bu da dövlət büdcəsinə ciddi ziyan vurur. Belə demək mümkünsə AAYDA rəhbərliyi sələflərinin  iş prinsipini davam etdirərək dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəyir. Bir sözlə AAYDA və onun rəhbərliyinin qeyri-peşəkar fəaliyyəti nəticəsində yoillarımız bərbad vəziyyətə düşür.

Elşən

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31