“İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”-mütəxəssis

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2002-ci ildən başlayaraq hər il martın 1-i Ümumdünya İmmunitet Günü kimi qeyd edilir. "Olaylar"ın məlumatına görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qeyd edib ki, immunitet və ya immun sistem orqanizmi xaricdən gələn bütün yad maddələrdən (viruslar, bakteriya, göbələklər və s.) qoruyan və həmçinin bədəndə olan fəaliyyətdən düşmüş və ya köhnəlmiş hüceyrələrin məhvinə nəzarət edən sistemdir, məsələn, immunitet bizi şiş hüceyrələrin əmələ gəlməsindən qoruyur. İmmun hüceyrələrin bədənin öz hüceyrələrini məhv etməməsi üçün immunoloji tolerantlıq mövcuddur:

"İmmunitetin çatışmazlığı müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu özünü ağır, təkrarlanan infeksiyalar kimi göstərir. Şiş əleyhinə immunitetin pozulması bəd xassəli törəmələrin inkişafına "dəstək" olur. Bəzən immun hüceyrələr bədəninin öz hüceyrələrini məhv etməyə başlayır, bunlar autoimmun xəstəliklərdir. İmmunitet sistemimiz bəzi maddələrə həddindən artıq reaksiya verdikdə, allergik xəstəliklər yaranır. Sağlam bir bədən immunitetin balanslaşdırılmış işləməsini təmin edir. Bir insanın immun sistemində hansısa qüsur müəyyən olunmayıbsa, təkrarlanan uzun müddətli bakterial, virus infeksiyaları və ya ağır yanaşı patologiyalar yoxdursa, onu məqsədyönlü şəkildə "gücləndirməyə" ehtiyac yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31