Əlilliyin təyinatında insanların heysiyyatı ilə oynanılır

İmtina üçün reallığa sığmayan əsaslar gətirilir

Ölkədə əlilliyin təyin edilməsi prosesinin şəffaflaşdırılması istiqamətində atılan addımlar heç bir müsbət nəticə verməyib. Belə ki, bununla bağlı ölkədə elektron infrastrukturun yaradılmasına baxmayaraq, bürokratik amillər hələ də aradan qaldırılmayıb. Hələ də əlilliyin təyin edilməsi prosesində insanların heysiyyatı ilə oynanılır, süründürməçilik davam etdirilir. Vəziyyət o həddə çatıb ki, sağlamlığının 80-90 faizini itirrmiş qazilərimizə əlilliyin təyin olunmasında tərəddüd edilir, imtina üçün reallığa sığmayan əsaslar gətirilir. Hansı ki, həmin şəxslərin itirilmiş orqanlarının bərpası bir daha mümkün deyil. Vaxtilə əlilliyin təyinatı üçün elektron mexanizm tətbiq ediləndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəyan edurdi ki, tibbi-sosial ekspertiza sisteminin elektron infrastrukturunun  qurulması ilə məmur-vətəndaş təmasları  minimum endiriləcək. Lakin nazirlik heç bir halda təminat verməyib ki, yeni mexanizmin tətbiqi əlilliyin təyinatında şəffaflığı artıracaq, insanların narahatçılığı aradan qaldırılacaq. Elə bu səbəbdən də əlilliyin təyin edilməsi məqsədilə müraciət edən şəxslər məmurla təmasda olmasalar da onlara imtina üçün şablon cavablar gəlir.Vətəndaşlara hansı addımın atılması, çatışmayan  sənədlərin əlavə edilməsi barədə bilgi verilmir. Nəticədə insanlar illərlə qapılarda qalaraq öz hüquqlarından yaralana bilmirlər.  

xxx

Xatırladaq ki, Prezident İlham Əliyev vaxtilə Bakıda gözdən əlil insanlar üçün inşa olunmuş yeni yaşayış binasının açılış mərasimində əlilliyin təyin edilməsilə bağlı fikirlərini açıqlayıb. Döblət başçısı qeyd edib ki, bu sahədə ciddi nəzarət təmin edilməlidir: "Əvvəlki illərdə bəzi hallarda əlil olan insan gərək hər il gəlib sübut etməli idi ki, o əlildir. İndi aparılan islahatlar bu vəziyyəti köklü şəkildə dəyişir. Bununla bərabər bəzi hallarda əlil olmayan insanlar əlillik dərəcəsini almaq üçün müxtəlif işlərlə məşğul idilər. Bu əlbəttə ki, dözülməz bir haldır. Vətəndaşlar özləri məsuliyyətli olmalıdırlar. Burada dövlət məmurları da nalayiq işlərlə məşğul idilər. Ona görə də bu sahədə ciddi nəzarət olmalıdır. Qayda-qanun yaradılmalıdır. İctimai nəzarət də mütləq burada öz rolunu oynamalıdır". Həmçinin dövlət başçının "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında" 14 sentyabr 2015-ci il tarixli Fərmanı bu məqsədin reallaşdırılmasına, vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasında müasir informasiya texnologiyalarının geniş tətbiqi yolu ilə şəffaflığın artırılmasına əsaslı təminat verib". Lakin, göründüyü kimi Azərbaycanda tibbi-sosial ekspertiza sisteminə ciddi nəzarətin həyata keçirilməsi, bu sahədə müasir və şəffaf iş mexanizminin təmin olunması Prezident  İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında müəyyən olunan əsas vəzifələrdən biridir. Bu halda belə bir sual yaranır-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində həyata keçirilən islahat tədbiri əlillik müayinəsi sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması baxımından hansı təsirini göstərib?

Məlumat üçün qeyd edək ki, nazirlik əlillik təyinatlarına ciddi nəzarətin həyata keçirilməsinin müsbət nəticələri kimi respublikada ilkin əlilliyin dinamikasının azalmasını və  əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsinin artmasını göstərir. Məhz bunun nəticəsidir ki, ölkədə ilkin və təkrar əlillik təyin olunanların sayı ilbəil azalır. Məlumata görə, ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayında da  azalma özünü göstərir. Yeri gəlmişkən qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi köklü islahatlar adı altında əlilliyin qiymətləndirilməsinə dair yeni meyarları qanun şəklində cəmiyyətə sırımağa bacarıb. Belə ki, nazirlik tərəfindən guya ölkədə əlillik təyinatı sistemində ilk dəfə olaraq köklü dəyişikliklərin edilməsini, əlilliyin mütərəqqi dünya təcrübəsinə uyğun daha təkmil qiymətləndirilməsini hədəfləyən yeni "Əlilliyin müəyyən olunması meyarları" ilə əlaqədar hazırlanmış qanunvericilik layihələrinin paketi  Milli Məclisə təqdim edilib və yeni qanun parlament tərəfindən təsdiqlənib. Artıq yeni meyarlarla əlillik  3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunur. Yəni, I dərəcə - orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi,II dərəcə - orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi, III dərəcə - orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi kimi müəyyən edilir. Həmçinin sağlamlıq imkanları məhdudluq da bu əsasda təyin olunur. Əlilliyin qiymətləndirilməsi şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılır. Mütəxəssislərin qənaətinə görə, nazirlik tərəfindən əlilliyin qiymətləndirilməsi meyarlarının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinə ehtiyac var. Paralel olaraq, 18 yaşadək uşaqların sağlamlıq imkanlarının müəyyən edilməsi meyarlarının müasir tələblərə cavab verən yeni layihələrin reallaşdırılması gərəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidentinin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısı əlilliyi olan şəxslərin də maddi və mənəvi tələbatlarının ödənilməsi, onların çoxşaxəli reabilitasiya tədbirləri ilə əhatə olunması sahəsində işlərin ildən-ilə güclənməsinə şərait yaradıb. Nazirlik də dövlət başçısının həyata keçirdiyi sosial siyasətin reallaşmasında birbaşa iştirakçı və yardımçı olmalıdır.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31